Axşam, səhər seyrə çıxan, ay pəri,
Gülüstanda gülüzarım var mənim!
Gözüm yoxdur, gülşənində, gülündə,
Öz bağçamda öz nigarım var mənim!
Hicranda hər günüm keçdi il kimi,
Soldu rəngim xəzan vurmuş gül kimi,
Sədaqətə sadiq oldum qul kimi,
Etibara etibarım var mənim!
Əgər düşsə, oylağıma güzarı,
Silinməzmi bu könlümün qübarı?!
Gələr, deyə gecə-gündüz yolları,
Gözləyirəm, intizarım var mənim!
Saçlarına nə sığal ver, nə bəzən!
Eşq oduna alışmaram bir də mən,
Əhdi-peyman müqəddəsdir əzəldən.
Düz əhdinə düz ilqarım var mənim!
Öz elində, öz obanda gəz, dolan!
Bu yerlərdə nə qış, nə də yaz dolan!
Az işvələn, az cilələn, az dolan:
Naz eyləmə, nazlı yarım var mənim!
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.