Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm.
Siz ey vətən yolunda öz canından keçənlər,
Şəhidlik şərbətini fəxarətlə içənlər,
Bir yolluq xalqımızın ürəyinə köçənlər,
Yaddan çıxmaz heç zaman, unudulmaz adınız,
Əhsən, halaldır sizə, vətən adlı andınız!
Elə yol seçdiniz ki, hər addımı gülüstan,
Hünəriniz əfsanə, hünəriniz bir dastan,
Sizdəki cəsarətə aləm qalıbdır heyran,
Vətən şamına dönüb, pərvanə tək yandınız,
Əhsən, halaldır, sizə, vətən adlı andınız!
Nə danışsaq, nə desək, sizsiniz söhbətimiz,
Sizinlə gözəl olur mehrimiz, ülfətimiz,
Tükənməz bir ümmandır sizə məhəbbətimiz,
Vətəni doğma, əziz, pak ananız sandınız,
Əhsən, halaldır, sizə, vətən adlı andınız!
Həyatı Allah verir hər insana bir dəfə,
Elə yaşayasan ki, yol verməyəsən səhvə,
Vətənə şirin canı qəlbən etdiniz “töhfə”,
Kafirlərdən torpağı qanınızla aldınız,
Əhsən, halaldır, sizə, vətən adlı andınız!