Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şəhid zabit Tural Yadulla oğlu Eyyubovun ölməz xatirəsinə ithaf edirəm!
Sevirdi bu vətəni, sevirdi bu torpağı,
Hər bir zaman gəlirdi, xoş səsi, xoş sorağı,
Öpüb aylı-ulduzlu, o üç rəngli bayrağı,
Yollandı döyüşlərə, yollandı hünər ilə,
İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Hamı bilir o, necə, mərd idi, igid idi,
Bacarıqlı komandir, cəsur bir zabit idi,
Qorxmayırdı ölümdən, mələklər şahid idi,
Taleyinə düşmüşdü, döyüş-fitnə, şər ilə,
İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Çox qəhrəman yetirib doğulduğu Mollakənd,
İşğalda qala bilməz nə bir şəhər, nə bir kənd,
Keçdi neçə dağ-dərə, aşdı yamac, bərə, bənd,
Adını tarixlərə yazdı bu səfər ilə,
İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Bu yurdu, bu torpağı suvararaq qanıyla,
Torpağı vətən edir qəhrəmanlar canıyla,
Azərbaycan tanındı şöhrətiylə, şanıyla,
Millət yenilməz olur, ərən ilə, ər ilə,
İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Yağıları məhv etdi rəşadətli ordumuz,
Tural, səni unutmaz, bil, müqəddəs yurdumuz,
Artıq həyata keçib neçə illik arzumuz,
Xalqımız fəxr eyləyir səntək hünərvər ilə,
Müharibə qurtardı, şanlı bir zəfər ilə!