Kövrəldikcə öz içimdən qopuram,
Damcı-damcı torpağına hopuram
Sənsiz səni dualarda tapıram,
Məzarının başında…
Qərib-qərib gül üzünə baxıram,
Yanağımı daş köksünə sıxıram,
Leysan olub ürəyinə axıram,
Məzarının başında…
Çiçək təki sinənə baş qoyuram,
Ümidimi nəfəsindən duyuram,
Için-için həsrətimi yuyuram,
Məzarının başında…
Ana,sənsiz ovunmuram bircə an,
Qəm fələyi can evimdən aldı can,
Xatirəndən yoxdu özgə bir
güman,
Məzarının başında…
Qıymıram ki, baxam o buz baxışa,
Kədərimə həmdəm olan bu daşa,
Hicranınla qaldım yenə baş başa,
Məzarının başında…
Xalidə Nuray.21.04.2021