Sual yağışı
Darıxmağın bir adı var-sənsizlik
darıxmaq-səni itirmək qorxusu,
səni unuda bilməmək,
sənsiz qalmağın əzabı deməkdir.
Ürək ağrıyar,
beyin yorular düşünməkdən,
Suallar yağış kimi səpələnər üstünə:
Necə oldu, hara getdi, niyə getdi?
Sual yağışı torpağı yaşıla bürüyüb, ona can da verə bilər
belə anlarda
Otlar göyərər,
güllər, çiçəklər açar,
O, qayıdar,
Unudarsan darıxmağı,
Yağış
Bir az yağıb yorula da bilər
Sən darıxmaqdan yorulduğun kimi…

Sabahım

Çək əlini əllərimdən get daha
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha
Sonra da nə mən ağlayım, nə də sən…

Hər sabahım bir gecədə boğulur-
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.

Yenə günüm göy əskiyə bükülü,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir-
Yaralansam, göydən duz da yağacaq.

Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır…