“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, “Eurovision 2022” mahnı müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.
Şoular, biletlər və müsabiqə ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə və aylarda açıqlanacaq.
Qeyd edək ki, 2021-ci ildə 190 milyonadək izləyicinin istər televiziya ekranlarında, istərsə də onlayn formada izlədiyi dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi yarışdı.
“Eurovision” müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub.
İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Mənbə: https://azertag.az/