Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin mədəniyyət abidəsi sayılan Luçerna Sarayında baş tutan tədbirdə, Çexiya Xarici İşlər Nazirliyi və parlamentin nümayəndələri, bir sıra xarici ölkələrin Çexiyada akkreditə olunmuş səfirləri və diplomatları, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi böyük siyasi və iqtisadi uğurlardan bəhs edib. Eyni zamanda, A.Məmmədov regionda lider ölkəyə çevrilən Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rolu diqqətə çatdıraraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti barədə danışıb.
Azərbaycanda formalaşmış multikultural dəyərlərdən söz açan səfir, ölkəmizin özünün tolerantlıq modelini, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdırıb.
Həmçinin bildirilib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni salnaməsini yazmış Rəşadətli Ordumuzun sayəsində Azərbaycan xalqı, 30 ildən sonra bu bayramı tam fərqli şəkildə – ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Konsertdə Plzen Konservatoriyasında təhsil alan, bir sıra musiqi müsabiqələrinin qalibi, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli və çex pianoçu Roman Fedçukun ifasında Azərbaycan, Çexiya və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən nümunələr səslənib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Mənbə: https://azertag.az/