Şəlalə ADİLQIZI.Yeni şeirlər


Narıncı donlu günəş
Dənizlə sevişəndə gəl…
Küləklər ehtirasını
Yağışla söndürəndə gəl…
Dünyanın elə vaxtı,
Elə günündə gəl ki,
Kəpənəklər rəqs eləsin
Nəğməsiylə sevdanın…
…Elə gəl ki,
ortaq olsun inancımız:
mavi rəngli məhəbbətin
qucağında uyuyarkən
Ay olacaq balıncımız…


Ləçək-ləçək ayırdığım
Çobanyastığı sevindi;
Gəldiyin yollara səpdim…
Qolumun üstə düzdüyüm
Qərənfillər qəhərləndi;
Getdiyin yollara səpdim…
Unutduğun adım olsa,
Unut…
…Dərdinə dönməyim…
Bircə onu unutma ki,
Gözümün bəxtinə düşüb
Çiçəklərə su verməyim…


Ayrıldıq…
Dərd tapıldı
Canımda sən adında…
Bax, sənsiz “bəxtiyar” oldum;
Dərmanlara “yar” oldum…
…”Xərçənglər gözəl sevir” –
çıxdı bu gün bürc falım…
Mən səni çox sevdim,
Xərçəng həzin halımı…
…Ovuc-ovuc içdiyim
Dərmanlar da utancaq
Ağrımı kəsmir deyə…
Ayrıldıq…
Adın yazılı qaldı
Cibimdəki “kimliyə”…


Gəldin…
Sevdim…
Getdin…
Qırıldı ürəyim, çilikləri izlərinə səpildi…
Ağlım yüz dəfə ürəyimə:
“Unut!”-deyə təpindi…
Getdin…
Sevdim…
Sevdim yenə,
Həsrət əkdim ömür-günə…
Sevmədin…
“Sevdim!”-demədin bir kərə…
Barı, xatırla, unutma,
Bir şair sevdi səni;
Duyğuları bakirə…


Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə…
…Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış…
Bunları öyrəndim…
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də…
Niyə filmlər və kitablar
Sənə mənə danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!