Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri
SİZİ
Verin dərdi dərd üstündən,
Gülüb yandıracam sizi,
Qanlı yaşı gözlərimdən
Silib yandıracam sizi.
Həm savab, həm suçum ilə,
Gedirəm qəm köçüm ilə,
Dərdimi öz içim ilə
Bölüb yandıracam sizi.
Şər işləri nə danmadız,
Nə pislikdən usanmadız,
Yaşadım, mənə yanmadız,
Ölüb yandıracam sizi.
QƏLƏMƏ DƏYMƏ
Təmiz qəlbin, saf niyyətin yoxdusa,
Zəhmətin az, umacağın çoxdusa,
Tamahın bol, nəfsin iti oxdusa,
Qələmə toxunma,
Qələmə dəymə!
Daşlı yollar, aşırımlar keçməmiş,
Yurd dərdini şərbət kimi içməmiş,
Bərəkətə, torpağa and içməmiş
Qələmə toxunma,
Qələmə dəymə!
Yolunda qıymasan öz ürəyini,
Nə incit, nə də ki üz ürəyini.
Didib-dağıtmırsa söz ürəyini,
Qələmə toxunma,
Qələmə dəymə!
XEYRİNƏ
Bir eşqin odundan əriməkdəyəm,
Yaşasam, fayda yox, ölsəm, xeyri nə?!
Əl götürdüm bu dünyanın varından,
Qəmi seçdim bir sevdanın xeyrinə.
Dünya körpü, gəlmisən ki, keçəsən,
İcazə yox taleyini seçəsən.
Köçəndə də şəhid kimi köçəsən,
Can verəsən min insanın xeyrinə.
Kimsə qalmaz dünya adlı daxılda,
Açılacaq bütün sirr də, paxır da,
Ay Namiq, ha çalış, vuruş, axırda
Bir-sıfırdı bu dünyanın xeyrinə.
ÜSTÜNDƏN
Yanına bir yol çəkirəm
Çəkdiyim ahın üstündən.
Yol gedirəm axşamların,
Min-min sabahın üstündən.
Ahdan qala hörə-hörə
Ruhum ucalır göylərə,
Adladım da sənə görə
Nəfsin, tamahın üstündən.
Enməzmisən bir yol mənə,
Həsrətinə şükür yenə.
Ucalmısan göy üzünə,
Savab günahın üstündən.
Sən kimsən, nəsənmiş, ey vah!
Əfv et məni, əfv et, Allah!
…Sənə gələ bilmərəm, ah,
Keçib Allahın üstündən…
TİKƏMİZİN DUZU YOX
Tikəmizin duzu yox,
Şitlikdən yorulmuruq.
Çalxalandıq yüz kərə,
Arınıb durulmuruq.
Ömür yolumuz ağ qar,
Həyatımız lal axar.
Döyməli başımız var,
Başımıza vurmuruq.
Namiq, söz demək artıq,
Söz kara gəlmir artıq.
Yatsaydıq, oyanardıq,
Ölmüşük ki, durmuruq.
ALLAH
Sən qurduğun dünyanı,
Bir kimsə yapmaz, Allah!
Sənin düz yaratdığın
Yolundan sapmaz, Allah!
Körpə durmaz qucaqda,
Bir gül bitməz torpaqda,
“Hə” deməsən, yarpaq da
Budaqdan qopmaz, Allah!
Namiq heç başa yetməz,
“Ol”! – desən, necə bitməz?!
Səni tapan itirməz,
İtirən tapmaz, Allah!
AYAQ ÜSTÜNDƏ
Nələr çəkdiyimi bir Tanrı bilir,
Durmuş başımızın oyaq üstündə.
Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
Dayanıb bircə cüt dayaq üstündə.
Mənliyi, qüruru qoru həyatda,
Əfəli, acizi sevmir həyat da.
Yad qızıl axtarır yurdumun altda,
Biz də günümüzü sayaq üstündə.
Ay Namiq, bu dünya gəlməz amana,
Meydan vermə, meydan oxu yamana.
Sürünə-sürünə gəldim cahana,
Ölümə gedirəm ayaq üstündə.
NƏ YAXŞI Kİ…
Nə yaxşı ki,
Gözə görünmürsən,
Nə yaxşı ki, “laməkan”san,
Əlçatmazsan, İlahi!
Yoxsa
Ayağından çəkərdi yaratdıqların.
YAĞIŞ
Yağış
Göylərin göz yaşıdır,
Bulud dənəsi deyil.
Göylər
Göz yaşı tökür
İnsanın sevinməsi naminə.