
“Yanımda adam olanda həmişə içmək istəyirdim”, – deyə bir vaxtlar Cek London etiraf etmişdi. “Ətrafda heç kim olmayanda isə təkbaşıma içirdim.”
Dünyaca məhşur alkoqol aludəçiləri ilə dolu ədəbiyyat aləmində “Ağ diş” və “Vəhşətin çağırışı” kimi ölməz macəra romanlarının müəllifi Cek London, bəlkə də, sərxoşların ən məşhuru idi.
Bəs o, həqiqətən nə dərəcədə alkoqolik idi?
Londonun alkoqolla münasibətini açıq şəkildə təsvir etdiyi “John Barleycorn” adlı avtobioqrafik əsər hətta “Adsız Alkoqoliklər” təşkilatının tövsiyə etdiyi kitablar siyahısına daxil edilib. Yazıçı fəxrlə danışırdı ki, içki ilə ilk tanışlığı hələ beş yaşında olub. Alkoqoldan asılı olan ögey atası onu vedrə ilə pivə almaq üçün meyxanaya göndərərdi. On dörd yaşına çatanda isə artıq böyüklər kimi içirdi.
Ən ağır dövründə London gündə təxminən bir litr viski qəbul edirdi. Bunun nəticəsində tez-tez qəzalara düşür, dava salır, küçələrdə avara gəzirdi. Bir dəfə o qədər sərxoş olmuşdu ki, büdrəyərək Ouklənd limanından San-Fransisko körfəzinə yuvarlandı. Onu təsadüfən yoldan keçən yunan balıqçılar xilas etdilər.
Yaponiyada olduğu illərdə isə sakeyə aludə olmuşdu. Kiçik yelkənli qayığı Yokohama limanında lövbərləyib bir həftə gecə-gündüz düyü şərabı içdi. Nəhayət, polis ona limanı tərk etməyi əmr etdi. London isə sərxoş vəziyyətdə suyun altında nəfəs ala biləcəyinə inanaraq polisdən qaçmaq üçün dənizə baş vurdu. Yapon məmurları onun boğulduğunu qeydə alsalar da, London müəmmalı şəkildə yenidən qayığına qayıda bildi.
Cek London təkcə böyük yazıçı deyildi. O, həm də Amerika ədəbiyyatında sərt, qorxmaz, içki düşkünü və macərapərəst yazıçı obrazının formalaşmasına ciddi təsir göstərən ilk simalardan biri idi.
London özü isə daha rahat və imtiyazlı uşaqlıq yaşamış yazıçılara həsəd aparardı. O, nikahdankənar doğulmuş, Ouklənd sahillərində yoxsulluq içində böyümüşdü. Uşaqlığı qanundan kənar həyat, ağır əmək və küçə macəraları ilə keçmişdi. Hətta bir müddət San-Fransisko körfəzindəki molyusk yataqlarından məhsul oğurlayan məşhur “molyusk quldurları”ndan biri kimi də tanınmışdı.
Ancaq bu sərt və üsyankar görünüşün arxasında həssas, düşüncəli bir qələm sahibi yaşayırdı. London özünü kitablarla yetişdirmişdi. O, əsl kitab vurğunu idi. Şəxsi kitabxanasında on beş mindən çox kitab vardı və onları sevə-sevə “sənətimin alətləri” adlandırırdı.
Məhz həmin “alətlər” ona böyük şöhrət və ciddi sərvət qazandırdı. Cek London XX əsrin ilk dünya şöhrətli yazıçılarından birinə çevrildi. Şöhrət və var-dövlət isə ona ən böyük ehtirasının – səyahət və macəraların ardınca getmək imkanı yaratdı. O, öz əlləri ilə düzəltdiyi “Snark” adlı yelkənli qayığı ilə okeanlara açılır, həyatın sərhədlərini yenidən kəşf etməyə çalışırdı.
Cek London yaradıcılığı boyunca dəfələrlə plagiatda ittiham olunmuşdu. Ona qarşı irəli sürülən əsas iddialardan biri qəzetlərdə dərc olunan real hadisələrdən və hekayələrdən parçaları əsərlərində istifadə etməsi idi. Həmin dövrdə bu, geniş yayılmış bir təcrübə sayılsa da, Londonun bu məsələdə həddi aşdığı düşünülürdü. O, bəzən maraqlı süjet və ideyalar üçün insanlara pul ödəyirdi. Deyilənlərə görə, yazıçı İrlandiyalı jurnalist Frenk Harrisdən və amerikalı romançı Frenk Norrisdən də bəzi süjet ideyalarını mənimsəmişdi.
London isə bütün ittihamları eyni arqumentlə cavablandırırdı: onunla iddiaçı müəlliflər sadəcə eyni mənbələrdən bəhrələnmişdilər. Görünür, bu müdafiə kifayət qədər inandırıcı olmuşdu. Çünki o, heç vaxt məhkəmə tərəfindən plagiatda təqsirli bilinmədi.
Cek London yazıları sayəsində bir milyon dollar qazanan ilk amerikalı yazıçı idi. Maraqlıdır ki, o, eyni zamanda özünü sosialist hesab edir və bu ziddiyyət müasirlərinin diqqətindən yayınmırdı. Məşhur yazıçı Mark Tven bir dəfə istehza ilə demişdi:
“Əgər hakimiyyət nə vaxtsa fəhlələrin əlinə keçsə, Cek Londonun işi çətin olacaq. Müəllif qonorarını ala bilmək üçün polisi köməyə çağırmalı olacaq”.
Əslində isə Londonun radikal baxışları daha çox simvolik xarakter daşıyırdı. O, ziyafətlərə nümayişkaranə şəkildə fəhlə köynəyi geyinərək gedirdi. Ancaq həmin köynək o qədər səliqə ilə yuyulub ütülənirdi ki, yaratmaq istədiyi təsir demək olar ki, itib gedirdi.
Məktublarını adətən “İnqilab arzusu ilə…” sözləri ilə bitirirdi. Lakin həmin inqilabı həyata keçirmək üçün ciddi siyasi fəaliyyət göstərmirdi. London iki dəfə Sosialist Partiyasının namizədi kimi Ouklənd merliyinə seçkilərə qatıldı. 1901-ci ildə cəmi 245 səs topladı. Dörd il sonra bu rəqəmi 981 səsə yüksəldə bildi. Bundan sonra isə siyasətdən tamamilə uzaqlaşdı.
Sinfi mübarizə və sosial ədalət barədə gurultulu çıxışlarına baxmayaraq, Cek Londonun dünyagörüşünün ən qaranlıq tərəflərindən biri onun irqçi baxışları idi. Xüsusilə Asiya xalqlarına münasibətdə o, açıq şəkildə ayrı-seçkilik nümayiş etdirirdi.
1904-cü ildə Hearst qəzetləri üçün Rus–Yapon müharibəsini işıqlandırmaq məqsədilə Yaponiyaya səfəri zamanı London həmkarlarından birinə demişdi:
“Bəli, yaponlar cəsur ola bilərlər. Amma sürü halında hücum edən Cənubi Amerika vəhşi donuzları da cəsurdur”.
Koreyalılar haqqında isə onların “tam yararsız və dəyərsiz bir xalq” olduğunu yazmışdı.
Çinlilərə münasibəti nisbətən yumşaq idi. Onların zəhmətkeşliyini və qorxaq olmamalarını təqdir etsə də, bu, Londonun irqçi düşüncələrini dəyişmirdi. O, 1904-cü ildə qələmə aldığı “Sarı Təhlükə” adlı məqaləsində “qəhvəyi” yaponlarla “sarı” çinlilərin bir gün birləşərək dünyada böyük təhlükə yarada biləcəyi barədə həyəcan təbili çalırdı. Bu yazı həmin dövrün Qərbdə geniş yayılmış irqçi stereotiplərinin və qorxularının bariz nümunələrindən biri hesab olunur.
Bəs Cek London bu cür irqçi baxışları müdafiə etdiyi sosialist ideyalarla necə uzlaşdırırdı?
1904-cü ildə yazdığı məqalələrin birində o, belə xəbərdarlıq edirdi ki, əgər “qəhvəyi insanlar” hakimiyyəti ələ keçirsələr, onların arxasında dayanan dörd yüz milyon “sarı insan” Qərb dünyası üçün ciddi təhlükəyə çevriləcək. London yazırdı:
“Qərb dünyasının qarşısındakı əsas təhlükə kiçik qəhvəyi adam deyil.”
Bu məsələ Londonun öz partiya yoldaşları ilə də kəskin mübahisələrə səbəb olurdu. Sosialist Partiyasından olan silahdaşlarından biri ona Karl Marksın bütün millətlərdən olan fəhlələri birləşdirəcək beynəlmiləl inqilab ideyasını xatırladanda, London əsəbiləşərək sərt cavab vermişdi:
“Mən hər şeydən əvvəl ağdəriliyəm, ondan sonra sosialist!”
Bu cümlə onun siyasi baxışlarındakı ən böyük ziddiyyəti açıq şəkildə ortaya qoyurdu.
Tanrı qorxusu ilə böyümüş demək olar ki, hər bir uşaq Cek Londonu “Vəhşətin Çağırışı” romanının müəllifi kimi tanıyır. Lakin maraqlıdır ki, satanist dairələrdə onun adı daha çox heç vaxt yazmadığı bir kitabla hallanır.
Anton LaVeyin yaratdığı Şeytan Kilsəsi uzun illər iddia edirdi ki, 1896-cı ildə çap olunmuş “Might Is Right” (“Güc haqlıdır”) kitabının müəllifi “Ragnar Redbeard” təxəllüsü arxasında əslində Cek London gizlənir.
Darvinin təkamül nəzəriyyəsi ilə Fridrix Nitsşenin “fövqəlinsan” ideyasını qəribə şəkildə birləşdirən bu kitab Londonun siyasi baxışlarını tanıyan hər kəs üçün inandırıcı görünmürdü. Əsərdə belə fikirlər səsləndirilirdi:
“Güclü həmişə zəifi amansız və ibtidai qanunla idarə etməlidir” və “Dünya xalqlarının sonsuz xırmanında mülayim insanlar döyülmüş saman kimidir.”
Təəccüblü deyil ki, bu kitab sonralar radikal anarxistlərin, satanistlərin, ağdərili üstünlüyünü müdafiə edən qrupların, stalinistlərin və ümumiyyətlə, güclünün zəif üzərində hökmranlığını haqq qazandıran müxtəlif ideoloji cərəyanların sevimli mətnlərindən birinə çevrildi.
Londonun Asiya xalqlarına münasibəti qərəzli olsa da, “Güc Haqlıdır” kitabında müdafiə olunan bu ifrat ideyalar onun düşüncələrini əks etdirmirdi. Ragnar Redbeard təxəllüsünün arxasında kimin dayandığı heç vaxt tam sübuta yetirilməsə də, bu gün əksər tədqiqatçılar həmin müəllifin Yeni Zelandiyalı radikal yazıçı, siyasi fəal və həqiqətən də qızılı saqqalı ilə tanınan Artur Desmond olduğu qənaətindədirlər…
Mənbə: “Secret lives of great authors”