
XXI yüzilin beynəlxalq münasibətlər sistemi artıq klassik “Gündoğar–Günbatar” (“Şərq-Qərb”) qarşıdurması üzərində qurulmur. Yeni geosiyasi düzəndə dövlətlərin çəkisini onların hansı blokda dayanmasından daha çox, hansı körpünü qura bilməsi müəyyənləşdirir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Berlin görüşləri də bax, bu yeni geosiyasi fəlsəfənin növbəti təsdiqi kimi yadda qalır.
Bakı ilə Berlin arasında coğrafiya, tarix, siyasi təcrübə və s. fərqlidir; bununla belə hər iki ulusun dövlət bayrağında bir rəng ortaqdır, Hər ikisi üçzolaqlı olan bayraqlarımızda ortaq rəng olan qırmızı məhz ortada yerləşur. Bu rəng hər iki dövlət üçün qabaqcıllığı, fədakarlığı, dövlət iradəsini simvolizə edir. Bugünkü Bakı–Berlin dialoqunda həmin qırmızı strateji işbirliyinin rəngi olaraq qəbul görməyi haqq edir.
Azərbaycan ilə Almaniya arasında imzalanmış sənədlər ilk baxışda ikitərəfli münasibətlərin inkişafına xidmət edən hüquqi çərçivə təsiri bağışlasa da, əslində, daha geniş siyasi anlam daşıyır. Burada söhbət yalnız Bakı ilə Berlin arasında işbirliyindən getmir; söhbət Azərbaycanın Avropa ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olmasından gedir.
Bu səfərin ən önəmli nəticələrindən biri strateji dialoq mexanizminin zənginləşməsi, dərinləşməsidir. Bəli, diplomatiyada dialoq sadəcə görüşlərin sayı ilə ölçülmür; əsl strateji dialoq qarşılıqlı güvənin qurumsal (institusional) formaya çevrilməsidir. Azərbaycan öz xarici siyasətinin emosiyalar üzərində qurulmadığını, məhz milli çıxarlar, praqmatik işbirliyi prinsipləri üzərində qurulduğunu sübut edib. Berlin bunu bir daha təsdiqlədi.
Almaniya Avropa Birliyinin aparıcı iqtisadi və siyasi gücü olmaqla yanaşı, Avropanın sənaye və texnologiya mərkəzidir. Azərbaycanın isə son illərdə formalaşdırdığı yükdaşıma infrastrukturu, enerji imkanları və geostrateji mövqeyi bizi Avrasiyanın əsas bağlantı, körpü quran ölkələrindən birinə çevirib. Bu iki üstünlüyün bir nöqtədə qovuşması təsadüfi hadisə sayıla bilməz; bu, dəyişən dünyanın iqtisadi məntiqidir.
Enerji işbirliyi artıq öncəki illərin yalnız neft-qaz gündəliyi ilə sınırlı qalmır. Azərbaycan Almaniyaya təbii qaz göndərişinə başlamaqla Avropanın enerji təhlükəsizliyində rolunu daha da genişləndirir. Bununla yanaşı, yaşıl enerji layihələrinin gündəmə gəlməsi, Bakının gələcəyin enerji xəritəsində də öz yerini indidən bəlli etdiyini göstərir. Bu, resurs göndərən ölkədən enerji təhlükəsizliyi sisteminin qurucu tərəflərindən birinə çevrilmək deməkdir.
Səfərin digər önəmli yönü Orta Dəhliz və logistik məsələləridir. Dünyada tədarük zəncirlərinin yenidən qurulduğu, dəniz marşrutlarının təhlükəsizlik riskləri ilə üzləşdiyi bir vaxtda Azərbaycan qitələri birləşdirən güvənli quru körpüsü rolunu möhkəmləndirir. Almaniyanın sənaye və logistik təcrübəsi ilə Azərbaycanın tranzit imkanlarının uzlaşması Avrasiya iqtisadi məkanında yeni işbirliyi modelinin formalaşmasına xidmət edə bilər.
Berlin görüşlərinin diqqətçəkən cəhətlərindən biri də Güney Qafqazda formalaşan yeni siyasi gerçəkliklərin Avropa tərəfindən daha aydın qəbul edilməsidir. Azərbaycan artıq savaşsonrası mərhələsinin təşəbbüskar tərəfidir. Savaşdan sonra barış gündəliyini irəli sürən, bölgədə tıxanıqlı yolların, korlanmış bağlantıların (kommunikasiyaların) açılmasını dəstəkləyən, iqtisadi inteqrasiyanı təşviq edən Azərbaycan olub. Bu yanaşmanı Almaniya kimi nüfuzlu Avropa dövlətinin diqqətlə qarşılaması beynəlxalq mövqeyimizi daha da gücləndirir.
Əlbəttə, Avropa ilə münasibətlərdə romantik gözləntilər içində deyilik; söhbət daha realist işbirliyi üçün möhkəm zəminin yaranmasından gedir. Diplomatiyada tərəfdaşlıq ortaq çıxarlar üzərində qurulur – çağdaş diplomatiyada bu daha qabarıq görünür. Azərbaycanın enerji resursları, yükdaşıma imkanları və bölgəsəl sabitlik siyasəti Avropanın strateji ehtiyacları ilə üst-üstə düşür. Almaniyanın texnologiya, sənaye, innovasiya və yatırım potensialı isə Azərbaycanın iqtisadi çağdaşlaşma kursunu tamamlayır.
Bu baxımdan Berlin səfərinin sadəcə diplomatik protokol hadisəsi olmadığı aydındır. Prezidentin Berlin səfəri, Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun növbəti mərhələsini ifadə edir. Bakı nə Gündoğarla Günbatar arasında seçim edir, nə də geosiyasi rəqabətin tərəfinə çevrilir; Azərbaycan öz milli çıxarlarını əsas götürərək müxtəlif güc mərkəzləri arasında işbirliyi platformu yaradır.
Bax, buna görə də Almaniya səfərinin əsl siyasi nəticəsi imzalanmış sənədlərin sayından daha çox, formalaşan yeni strateji atmosferdə axtarılmalıdır. Bu atmosfer Azərbaycanın Avropadakı güvənli tərəfdaş imicini daha da gücləndirir və ölkəmizin gələcək onilliklər üçün qurduğu geosiyasi xəttin davamlılığını nümayiş etdirir.
XXI yüzildə dövlətlərin gücü artıq yalnız sərhədlərinin genişliyi ilə ölçülmür. Berlin bunu bir daha göstərdi. Güvənli tərəfdaş olmaq, körpü qurmaq, enerji və yükdaşıma təhlükəsizliyinin ayrılmaz halqasına çevrilmək, siyasi dialoqun güvəncəli ünvanı olmaq da çağdaş dövlətin strateji üstünlüklərindəndir. Azərbaycan isə bütün bunları sistemli dövlət siyasətinə çevirə bilən azsaylı ölkələrdən biri olduğunu bir daha nümayiş etdirdi.
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI
Mənbə: https://moderator.az/