Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Deməli, müzakirələr səngidi və bunu gözləyirdim ki, fikrimi yazım. Əslində müzakirə də deyildi, xalqın öz tarixinə sahib çıxması idi. Həqiqətən də halal olsun ki, heç mütəxəssislərin danışmasına imkan verməyən adi vətəndaşlar Şah İsmayılı layiqincə müdafiə etdilər.

Birinci olaraq bundan başlayım ki, bizim ölkəmizdə şiə və sünnu məsələləri bitmiş sayılır və çoxdan bitmiş sayılır. Yəqin ki, hər bir şiə ailəsində sünni gəlinlər var, hər bir sünni məzhəbini daşıyanların şiə dostları var və bu nüasns heç onların yadına düşmür. Çünki, böyük əhəmiyyət daşımır. Çünki, inkişaf edən dünyanın fonunda bu məsələ unudulur.

Keçək ikinci və daha vacib hissəyə. Şah İsmayıl Xətaini tariximizdən çıxarmaq, ümumiyyətlə uzaq əsrlərin tarixini bu günə gətirmək və onun siyasi fəaliyyətini faşizmlə müqayisə etmək çox absurddur. Keçmiş keçmişdə qalıb, əsas məsələ bu günün halıdır, vəziyyətidir və onun düzgün qiymətləndirilməsidir.

Amma keçmiş tarix dediyimiz də kifayət qədər şərəflidir. Bütün Şərq aləminin, hətta türk hökmdarlarının məktublarını ərəb-fars dilində yazdığı, saraydaxili qanunların yuxarıdakı dillərdə yazdığı dövrdə, Xətainin azərbaycan dilində yazdığı “ Dəhnamə” azərbaycan dilinin qorunmasında, xilasında və inkişafında mühüm rol oynadı və bunu heç kimi heç bir vaxt inkar edə bilməz. Çox ehtimal ki, dilimizin inkişafını uzun müddət hesabıyla irəli atdı.

Azərbaycan məsnəvi janrının ilk qiymətli nümunəsini yaradan adamı tarixdən silmək və adiləşdirmək uğursuz cəhddir və alınmayacaq. Xətai dövlət səviyyəsində ana dilinə qiymət verdi. “Dəhnamə” ni saf azərbaycan dilində yazdı, dilimizin nüfuzunu yüksəltdi. Əsərdə xalq danışıq dili ilə klassik poeziya birləşdirildi. Bu əsər yuxarıda qeyd etdiyim kimi, dilimizin leksik fondunun genişlənməsinə güclü təkan verdi.

Qaldı ki, digər məsələlərə, onda gərək dünya tarixində hər bir ölkənin daxilindəki parçalanmaları birləşdirmək üçün ortaya çıxan liderləri həmin ölkələrin müasir insanları da faşizmdə ittiham edə. Birləşdirmək üçün etirazçıların ölümü bəzən labüd olur, çünki həmin dövr və həmin şərait üçün bundan başqa yol qalmır.

Xətainin dövlət siyasətini isə mənim kimi tarixə sevgisi olan hər kəs yəqin ki bilir, amma bir daha bu günlər üçün xatırladım. O Azərbaycan torpaqlarını vahid mərkəzləşdirilmiş imperiya halında birləşdirdi və bu o dövr üçün çox çətin idi.

O dövlətçilik təfəkkürünü yaradandan sonra Avropa ölkələri bu yolu tutdu. Öz ana dilinə hüququ status qazandırdı, yazışmalarda, sənədlərdə və sarayda doğma dilin geniş istifadəsinə ciddi şəkildə əməl edilməsinə nail oldu.

O qızılbaş tayfalarının hərbi gücünə əsaslanan feodal dövləti yaratsa da, yerli hakimləri məhdudlaşdırdı və vahid idarəetmə sistemini gücləndirdi və bu dövlət üçün çox vacib idi.

Düzdür, o 12 imam şiəliyini əsas götürməklə dövlət məzhəbi yaratdı və imperiyanın ideoloji sütununu belə qurdu, xarici dövlətlərə qarşı müstəqil siyasət yürütdu.

Şəki isə muxtariyyət qurluşunda idi və tam təslim olmamışdı. Şah İsmayıl Şirvanşahları və digər qonşu dövlətləri asılı hala salmışdı. Bölgənin relyefi və yerli hakimlərin müqaviməti Şəkini tutmağa mane olurdu.

Detallarla ona görə yazdım ki, məqsəd vahid Azərbaycan dövlətini yaratmaq olub. Bu böyük ideyanı daşıyan və onu reallaşdıran tarixi şəxsiyyət pafosdan uzaq olaraq, bizim yaxşı tariximizdir.

Ayrıca M.Ə.Rəsulzadə Şah İsmayıl haqqında yüksək fikir söyləyib. Baxdığım bir videodan bu sözlər yadımda qalıb. Söhbətimi Rəsulzadənin həmin sözləri və gözəl “Dəhnamə” dən bir hissə ilə tamamlayıram.

“Avropalıların xalis İran sülaləsi kimi təqdim etdikləri Səfəvilər dövlətinin banisi həqiqətdə türk sufisi və azərbaycanlı şair idi, arxalandığı əsas qüvvə də tamamilə türk qüvvəti və türkman qəbilələri idi.”

Rəsulzadə Şah İsmayılın sarayını “akademik mərkəz” adlandırırdı.

Gəldi yenə bahari-fəravan,

Qıldı yenə aləmi gülsitan.

Bülbül oxudu həvayi-eşqə,

Saldu yenə canı dərdi-eşqə.