
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Qəlbi əllərindən incə qızımın,
Gülüşü mənalı qönçə qızımın,
Təkəbbürlü bilib öncə qızımı,
Qınayan könüllər dönər başına..
Ağ teldən saçına çələnglər düzüb,
Əzəldən qarışıq gecə-gündüzü,
Dodağı dinməsə, danışar gözü,
Sükutu, sözləri məna qızımın..
Anlayar sükutun səssiz dilini,
Oxşayar dualar pambıq əlini,
Üzə yan tökəndə qara telini,
Qısqanır gecələr səma, qızımı..
Zülmətin içində nura inanır,
Çoxluğun içində azda dayanır,
Görkəmi buz kimi, ürəyi yanır..
Taleyi özütək təzad qızımın..
* * *
Qorxumun göz yaşları…
Qorxumun göz yaşları,
Taleyimə bulaşdı..
Bu yuxusuz gecələr,
Doğmalardan tanışdı..
Oyaq qalmaq ayrı dərd,
Yatdım yuxum qarışdı..
Gerçəyi yuxusundan,
Betər olur yoxluğun..
İki əlim yetmədi,
Göz yaşımı silməyə..
Ayaqlarım qurudu,
Məzarına getməyə..
Qara torpaqda nə var,
Gül-çiçəyi əkməyə..
Qəbrinin çiçəkləri,
Gözlərimdən su içir..
Tale gəldi gücümü,
Yaman yerdə sınadı..
Gördüm dəli oluram,
Güldüm, hər kəs qınadı..
Rahatlığım can verir,
Ruhum yara-yaradı..
Yoxluğunun dəhşəti,
Yox etməyə and içir..