
Əziz və dəyərli Sumqayıt qeydiyyatında olan AJB üzvləri!
Bildiyiniz kimi, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev ötən il noyabr ayının 11-də 61 yaşında qəfil ürəktutmasından dünyasını dəyişdi. Allah rəhmət eləsin. Çox dəyərli, səmimi və mehriban insan idi. AJB-nin bütün işləri onun çiynində idi. Biz – bölmə, şöbə və təşkilat sədrləri üzvlüyə qəbulla bağlı sənədləri ona təqdim edirdik, qəbul edilən üzvlərin vəsiqələrini də ondan götürür, üzvlük haqlarını da ora ödəyirdik. Ərizələr, təqdimatlar və digər müraciətlər Elçin müəllimin adına yazılsa da, orada oturan daimi nümayəndə kimi Şahin müəllimə təqdim olunurdu. Yubileyi olan, fərqlənən jurnalistlərin fəxri fərmanla, diplomla təltif olunması zamanı da üz tutduğumuz şəxs Şahin müəllim idi… Səmimi, mehriban, kübar, gözü-könlü tox, ləyaqətli Şahin Babayev…
Şahin Babayev dünyasını dəyişəndən sonra yaranan boşluğu doldurmaq, rayon, şəhər şöbələri, təşkilatları ilə əlaqələri davam etdirmək o qədər də asan olmadı. Çünki Şahin müəllimin yeri boş idi və bu boşluğu doldurmaq üçün yerinə kiminsə təyinatı 10 aya yaxın bir zaman aldı. Bu da o deməkdir ki, bu dövr ərzində üzvlük haqları yığılmadı, üzvlüyə qəbullar olmadı, təltiflər, təqdimatlar da həmçinin…
Artıq bu məsələ öz həllini tapıb və AJB-də Şahin müəllimin yerinə hörmətli Tural Məmmədov təyin olunub. Bu təyinatın müsbətyönümlü olacağına inam hissi ilə qaldığımız yerdən müəyyən yeniliklər və dəyişikliklərlə davam deyirik.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı gələcək planlar barədə məlumat verərkən bildirib ki, “Birliyin fəaliyyətinin daha da genişləndirilməsi, təkmilləşdirilməsi, müasir texnoloji tendensiyalara uyğunlaşdırılması, çevik və elektron mezanizmlərin yaradılması üçün planlar hazırlanır və qarşıdakı dövrdə həmin planlar mərhələli şəkildə həyata keçiriləcək”.
AJB-nin Sumqayıt təşkilatında qeydiyyatda olan üzvlərin nəzərinə:
- hər bir üzv haqqında məlumat bazası yaradılır. Bu məlumat bazası həm AJB-nin “ajb.az” səhifəsində, həm də AJB Sumqayıt (Abşeron-Xızı) Regional təşkilatının FB səhifəsində yerləşdiriləcək. Hər bir jurnalistin fəaliyyətindəki yeniliklərə uyğun olaraq rübdə bir dəfə düzəlişlər aparılacaq, yeniliklər əlavə olunacaq.
Hər bir Birlik üzvündən xahiş edirik ki, geniş tərcümeyi-hallarını bizə göndərsinlər. Yubileylər, tədbirlər, təqdimatlar, təltiflər zamanı bu tərcümeyi-hallara istinad olunacaq.
- məlum səbəb üzündən 2026-cı il üçün etibarlılıq müddəti bitmiş və vəsiqələri yenilənməyən həmkarlarımızdan xahiş edirik ki, vəsiqələrin yenilənməsi və 2026-2027-ci illər üçün üzvlük haqlarının ödənilməsi ilə bağlı qısa müddət ərzində bizə müraciət olunsun (Bakı ilə davamlı əlaqəsi olanlar həm üzvlük haqqı ödənişi, həm də vəsiqələrin yenilənməsi ilə bağlı bizim adımızdan birbaşa AJB-yə (Tural bəyə) də müraciət edə bilərlər).
Vəsiqəsinin etibarlılıq müddəti 2026-cı ilin sonunda birənlər 2027-ci il üçün üzvlük haqqı ödəyəcəklər.
- istər Sumqayıtda, istərsə də regional təşkilatın əhatə etdiyi rayonlarda yaşayan, jurnalistlik fəaliyyəti ilə məşğul olan, Birlik üzvü olmayıb, amma belə bir istəkdə bulunanlar, üzvlüyə qəbulla bağlı bizə müraciət edə bilərlər.
Hörmətlə, AJB Sumqayıt (Abşeron-Xızı) Regional təşkilatı
Əlaqə üçün: 050 343 11 34 (Sumqayıt – Rafiq Oday)
070 557 17 57 (Bakı, AJB – Tural bəy)