
* * *
Nimdaş təsəllidi gəldiyimiz yol,
Sözlərim qəlbini, danış, neylədi…
Hərəmiz bir adla gəldik dünyaya,
Bizi taleyimiz tanış eylədi –
Niyə taleyimiz oxşardı belə…
Çəkib ruhumuzu səpələdilər,
Səni sevən oğlan, məni sevən qız.
Elə bir-birinə tuş gələydilər,
Bizimi görmüşdü o iki qansız –
Niyə taleyimiz oxşardı belə.
Yolüstü təsadüf, yolüstü pənah,
Bilmədik sevgimiz ölər, doğular.
Belə də həqiqət olarmı, allah…
Bəlkə əfsanəyə qohumluğu var –
Niyə taleyimiz oxşardı belə…
Hərəmiz bir adla gəldik dünyaya,
Bir adla köçərik, xatırlayarlar:
Oxşar talelilər yaşardı belə,
Onları taleyi tanış eylədi –
Niyə taleyimiz oxşardı belə…
* * *
Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinə, yazmışam.
Taledən yoluma çıxdığın günü,
Qismətə yazılan günə yazmışam.
Bu eşqin vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm.
Sən nəsən, sevgimi, bəlamı, bilməm…
Yazmaram demişəm, yenə yazmışam.
Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı,
Elə bilirəm ki, sənə yazmışam.