* * *
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
M.Füzuli
Məni ömrüm boyu çək imtahana,
Mənə ömrüm boyu zülm elə, nolar.
Görüm nə çəkibdi dəli-divana,
Görüm eşq əhlinə zülm ilə nolar.
Təsəlli umduqca kəs umudumu,
Görüm necə olur candan usanmaq.
Tutuşub odlara, deyim – budumu
Füzulidə yanmaq, Vaqifi qanmaq!
Yaşıl ağac olam, qara daş olam
Yolların üstündə bitməyə qoyma.
Sərgərdan ruh olam, kəsik baş olam
Qoyma vüsalına yetməyə, qoyma.
Zülmət gecələrdə ağca şam kimi,
Əriyim rəngində bu qara baxtın.
Görüm aşiqliyin nədi tilsimi,
Görüm şahı kimdi bu qannı taxtın.
Məni ömrüm boyu çək imtahana,
Mənə ömrüm boyu zülm elə, nolar.
Görüm nə çəkibdi dəli-divana,
Görüm eşq əhlinə zülm ilə nolar.
SƏNDƏN ÖTƏRI
Səni görən divanədi,
Bilirəm, səndən ötəri.
Göz yaşımla dağı-daşı,
Dəlirəm səndən ötəri.
Uydurmadım daha nələr?…
Tükənibdi bəhanələr.
Qonşunuza axşam-səhər,
Gəlirəm səndən ötəri.
İbrahiməm, için-için
Göynəyirəm, gedir köçün.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri!