198978_130040980400368_2795681_n

* * *

Titrəşən yarpaqların səsi qədər
kövrək, mülayim
Öpüşən ləpənin busəsi qədər
Şirin, tələsik
Gülüşən çiçəyin xəndanı qədər
şaqraq, sevimli
dünyam!
Payızım ol!
Sevim səni
Səhər – axşam
Yağış damcısında
eşq damcısında
Xəzəl üstə, xəzan üstə
Addım – addım
Daban qoyum izin üstə
Izim sevsin izini
Üzüm sevsin üzünü
Yağış altda
Rəqsə dalaq
Sarı – narınc yarpaqların
palitrasında
Bir simfoniya yaradaq:
Əbədi payız simfoniyası
Əbədi eşq simfoniyası…

* * *

Kipriyindən, baxışından od damır
Dama – dama
Ürəyimə, könlümə
Nur etmisən təpə – dırnaq məni sən!
əsir deyim, qul deyim?
Kölə deyim? Yox!
Qoy deyim
Deyə – deyə
Nağıl edib söz etmisən məni sən
Bir cüt görən göz etmisən məni sən
Axan çaysan
Axa – axa durulan
Uca dağsan
Zirvələrdən boylanan
Sən mənasan
Məzmununda doğulan
Ucalıban var etmisən məni sən
Varlığına yar etmisən məni sən!
Sən mənimsən! –
Səma mənim, göy mənim.
Sən mənimsən! –
Dəniz mənim, göl mənim.
Sən mənimsən! –
Səda mənim, çöl mənim
Bir döyünən qəlb etmisən məni sən!
Tək özünə cəlb etmisən məni sən!
Sənə günəş deyim?
Yox, bu çox azdır!
Sənə həyat deyim?
Bu yarısıdır…
Sənə dünya deyim?
Bu harasıdır…
Öz eşqinə şam etmisən məni sən!
Ruhum olub tam etmisən məni sən!