Category: Azərbaycan ədəbiyyatı

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    DİVANİ

    Ürəyimdə yuva salıb Qarabağın həsrəti,
    Azalmayır bu sevginin dərdi-qəmi, möhnəti,
    Can evimdə qara yellər indi cövlan eyləyir,
    İstəmirəm belə ömrü, bu bəxti, bu qisməti.

    Qürbət eldə əllərimi üzmüşəm bu dünyadan,
    Hiyə bizi ağlar qoydu, axı bizi Yaradan,
    Vaxt ötüşür, zaman ötür, illər keçir aradan,
    El-obamın sındı beli, hədər getdi zəhməti.

    Qaçqın olduq, köçkün olduq doğma yurddan, obadan,
    Qan qoxusu çəkilməyib, hələ də bu havadan,
    Bəhrələndi qarı düşmən bu savaşdan, davadan,
    Başbilənlər hey uzadır danışığı, söhbəri.

    Satan satdı, alan aldı, selə döndü göz yaşı,
    Olmadı heç bu millətin nə dostu, nə qardaşı.
    Əldən verdik o cənnəti- o torpağı, o daşı.
    Dərin imiş düşmənlərin bizə olan nifrəti.

    Yumruq kimi birləşmədik , yağı aldı torpağı,
    Əsir düşdüı Cıdır düzü, Koroğlunun oylağı,
    Bayquşlara məskən oldu, bülbüllərin gül bağı,
    Əziz Musa bir nərə çək, oyat xalqı, milləti.

    GÖZƏLDİ

    Alım qadasını bu can alanın,
    Püstə dodaqları şəkərdi, baldı,
    Aləm camalına heyran olanın,
    Gözləri aladı, yanağı aldı.

    Könlümə od salıb ceyran baxışı,
    Günəşdi camalı, aydı o qaşı,
    Dünyanın ən gözəl, incə naxışı,
    Bir dəfə baxmaqla canımı aldı.

    Tanrım dərgahına alqış, min alqış,
    Sevgi nə yaş bilir, nə qar, nə yağış,
    İşvəsi, nazıyla bu canı yanmış,
    Qəlbimi, ruhumu odlara saldı.

    Nə gözəl yaradıb tanrı bu canı,
    Necə verməyəsən canana canı,
    Məcnuna döndərdi Əziz Musanı,
    Köçüb ürəyimdə əbədi qaldı.

  • Güldərən VƏLİYEVA

    Güldərən Vəliyeva 1959-cu ildə Göyçə mahalının Dərə kəndində anadan olub. Orta məktəbi 1977-ci ildə bitirib. Vətənin başı üstünü qara buludlar alan zaman Güldərən Vəliyeva da ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirib. Şeirləri ilk dəfə “Aşıq Pəri” məclisinin ilk toplusunda dərc olunub. Bundan sonra “Qartal məskəni”, “Sözün qala divarı” almanaxlarında, dövri mətbuatda müntəzəm çap olunur.

    Boynuma dolanan hicran qoluymuş

    Sənlə görüşümə gəlməz gümanım,
    Boynuma dolanan hicran qoluymuş.
    Vüsala yetməyə yoxdur gümanım,
    Eşqin-məhəbbətin sanki yoxuymuş.

    Qəmli könlüm ha alışa, ha yana,
    Arif odur hay eşidə, hay ana.
    Haçalandı ömrüm yolu hayana,
    Ayların, illərin həsrət yoluymuş.

    O keçən günlərim gəlməz yadına,
    Qıyarsanmı Güldərəni yad ana?
    Hicran günlərini yazdın adına,
    Sən adlı sevincim qəmlə yoğrulmuş.

    Qorxuram

    Qətrə-qətrə yığılmışam özümə,
    Damla-damla tökülməkdən qorxuram.
    Xana kimi toxunmuşam özümə,
    İlmələnib sökülməkdən qorxuram.

    Nəyi tutdu, nəyi andı ürəyim?
    Kimi atdı, kimə yandı ürəyim?
    Ögeyliyi nə tez qandı ürəyim?
    Ürəyimə təpinməkdən qorxuram.

    Sevdamızın əvvəlimi? Sonumu?
    İlk arzumuz dəyişdimi yolunu?
    Asanlıqla tapmamışam yolumu,
    Bu yolumdan çəkilməkdən qorxuram.

    Cənub həsrəti

    Sərhəd məftilləri göz damarımdır,
    Narahat gecəmdə qızarar, sancar.
    Araz ürəyimin qızıl qanıdır,
    Bir dəli həsrətdir, kükrəyər, coşar.

    Vətən məhəbbəti paydı, butadı,
    Arazmı o taya böldü bu dadı?
    Sərhəd məftilləri elə budadı,
    Baxdıqca baxışım çəkinər, qorxar.

    Sənsənmi qanlısı, ey Xan Arazım?
    Güldərən, günahı mən kimə yazım?
    Vətən həsrətiylə ötən bu sazım
    Sim-sim ötər, tel-tel yanar, odlanar.

    Dedim

    Göyçənin dağları cərgə-cərgədir,
    Dağları görməyim güman-bəlkədir.
    Əlac nəyə qalıb, ümid kimədir?
    “Əlvida” demədim, “Hələlik” dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Göyçənin dağları dağlardan göyçək,
    Yazda ətir saçır hər gül, hər çiçək.
    Sərin bulaqlardan doyunca içək,
    Şehli çəmənində itərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Cənnətdir Göyçənin hər bir bucağı,
    Şairlər yurdudur isti qucağı.
    Miskin Abdal, Seyid Bayram ocağı,
    Gedib ziyarətin edərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Susub Aşıq Alı, küsüb Ələsgər,
    İman geri dönməz, dirilməz Bəylər.
    Bizdən gileylidi nənəmiz Həcər,
    Dolanıb başına öpərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Ozanımız qərib oldu, dinmədi,
    Gümanımız itik düşdü, dönmədi.
    Ünvanımız nömrələnmiş döngədi,
    Laləli düzlərdə itərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Gavura qalıbdı doğma diyarım,
    “Koroğlu qayası”, “Qızlar bulağım”,
    Göyçə gölüm, o nərgizli yaylağım,
    Gedib o torpaqda ölərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Neçə ləqəb qoydu qaçqına zaman,
    Bu zülmə ağılar dedimi Bəhman?
    Güldərən, ürəkdən gülmədi Tərlan,
    Gedib göz yaşını silərik dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    ***
    Dünyanı seyr edən, ay vətən oğlu,
    Öz ana yurduna gəlsənə gedək.
    “Gədölən” dərədən çıxaq yuxarı,
    “Qatarqaya”dan da bu yana enək.

    “Mamalı yolu”ndan keç “Rusqırılan”a,
    “Zirnicli bulaq”dan qalxaq “Qısır”a.
    Oradan enəndə “Oruc oğlu”na,
    “Piyalə bulaq”dan doyunca içək.

    “Qısırın boynu”nda bir ayaq saxla,
    “İsgəndər ocağı”na bir nəzir bağla.
    Daşına üz sürtüb pirin qucaqla,
    Çöküb diz üstünə torpağın öpək.

    “Qaraçı yurdu”dur dağın ayağı,
    “Sudəyən qaya”dan bir az aşağı.
    Bax, “Bərə yeri”dir çayın qırağı,
    Doqquzdəni yeyək, çiyələk dərək.

    “Saqqızdı dərə”də gəzənlər hanı?
    “Tüklü təpə”dədir futbol meydanı.
    “Palıdlı meşə”si sorur halını,
    Gəzdəyin başını gedək bir görək.

    Elə ki, düşmüşük yolun ağına,
    Gəl qonaq olaq “Qızlar bulağı”na.
    Dodağını söykə buz dodağına,
    Göynəyə-göynəyə biz sərinləyək.

    “Danalıq” bəzəkli cehiz xalısı,
    “Qoç qoruğu” onun bəylik xonçası.
    “Nazlı bulağı”nda üzən sonası,
    “Lilparlı dərə”dən gəl bir də keçək.

    Dolama yollarda durmur ayağım,
    Nə gözəl qaynayır “Çoban bulağı”m.
    “Qara quzeyin başı” sərin yaylağım,
    Əl-ələ verək biz, ürəklə gəzək…

    “Ağ qaya”dan kəsə çıxa biləydim,
    “Koroğlu” qayasından baxa biləydim.
    “Gur bulaq” tək coşub axa biləydim,
    Dərəni, təpəni gəl bir-bir gəzək.

    “Gur bulaq”dan aşdı el “məntəqə”yə,
    Hərə bir tərəfdə qurubdu dəyə.
    Artıq ehtiyac yox, bir söz deməyə,
    Obada oturub duz-çörək kəsək.

    “Məntəqə”dən bəri, “Xınna”ya aşdım,
    Gördüm gözəlliyi, düzü, mən çaşdım.
    Elə bil sehrli qapılar açdım,
    Qırmızı lalədən donunu biçək.

    Xaşxaşı yeyirsən təzə bal kimi,
    Baxırsan bu yurda nitqi lal kimi.
    İstərəm başına atıb şal kimi,
    Laləyə qarışıb bu çöldə bitək.

    “Məntəqə” olubdur elin yaylağı,
    Çalxanır nehrəsi, tutulur yağı.
    Pendiri, motalı, təzə qaymağı,
    Köpüklü südündən gəl biz də içək.

    Şəlalə dərədə düşübdü səsə,
    Üzünə bir sərin dağ yeli əsə.
    Bu yerdə çiçəklər düşübdü bəhsə,
    “Solmaz çiçəyi”ni çəməndə seçək.

    Güldərən, xəyalın yolları aşdı,
    Fikrin ana yurdu yenə dolaşdı.
    Göyçəni tərk edib elləri, qaçdı,
    Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.

    Səsinə gələrəm

    O yovşan qoxulu çöllərdən ötrü,
    O qızıl saçaqlı sünbüldən ötrü,
    Bir ovuc torpağın ətrindən ötrü,
    Səsinə gələrəm, anam, gələrəm,
    Yuxuna girərəm, anam, gələrəm.

    Bir qumral, qaragöz əmlikdən ötrü,
    Qantəpər, kəkotu, yemlikdən ötrü.
    Marallar ürküdən gədikrən ötrü,
    Səsinə gələrəm, anam, gələrəm,
    Yuxuna girərəm, anam, gələrəm.

    O cütçü babanın “hoy”undan ötrü,
    Köhnə dəyirmanın noyundan ötrü,
    Dəmirçi oğlunun boyundan ötrü,
    Səsinə gələrəm, anam, gələrəm,
    Yuxuna girərəm, anam, gələrəm.

    Qala buxarına, hisli sacına,
    Qabarlı əlinə, əlçim saçına,
    Mən sənin məhəbbət ehtiyacınam,
    Səsinə gələrəm, anam, gələrəm,
    Yuxuna girərəm, anam, gələrəm.

    Bayatılar

    Əziziyəm, ha sarı,
    Aşmaq olmur hasarı.
    Yaramı yar qanadıb,
    Ha düyünlə, ha sarı…
    ***
    Əzizim, bilməyənin,
    Öyrənib bilməyənin.
    Dərdini mənə verin,
    Dərd çəkə bilməyənin.
    ***
    Əziziyəm, bilməzdim,
    Ağlayardım, gülməzdim.
    Səndə də vəfa yoxmuş,
    Mən ki, belə bilməzdim.
    ***
    Əziziyəm, gül balam,
    Çiçək balam, gül balam.
    Gecə-gündüz iylərəm,
    Mənim qızılgül balam.
    ***
    Əziziyəm, o damda,
    Kimlər yaşar o damda?
    Mənə atəş nə lazım?
    Atəşəm də, odam da!
    ***
    Əziziyəm, o damda,
    Gözüm qaldı odamda.
    Yarım elə yandırıb,
    Çınqıyam da, odam da!

    Gözəl

    Bir gözəl əyləşdi məclisimizdə,
    Duruşumu gözəl, özümü gözəl.
    Bülbülün cəh-cəhi var nəfəsimizdə,
    Dilimi gözəldi, sözümü gözəl?

    Elə bil ay doğdu on dörd gecəlik,
    Bənövşətək boynun bükdü, kövrəldik.
    Saçları dağıldı, ah, nə gözəllik,
    İlahi, telimi gözəldi, üzümü gözəl?

    Baxışından sezdim, qəlbi qubardı,
    Könlüm kabab kimi közə qalandı.
    Kirpiyi ox olub elə tuşlandı,
    Sandım nişan alıb gözümü gözəl.

    Gözəlliyə çəpər çəkəndi fələk,
    Zaman ömrümüzü ələyən ələk.
    “Olum”la-“ölüm”ün səddi bir çərək,
    Bəxtinə arzula dözümü, gözəl.

    Şükür, Yaradana qul oldum, Allah,
    Güldərən gözələ gül oldu, Allah.
    Alışdım, qovruldum, köz oldum, Allah,
    Kösövlə qurdala közümü, gözəl.

    Qocalırıq

    Xəyanət körpüsü, namərd gəmisi,
    Könülsüz-könülsüz sıralanırıq.
    Tağları qurumuş bostanlar kimi,
    Naşılar əlində uralanırıq.

    Sinəmi tuş aldı nadan qınağı,
    Əsdikcə payızın soyuq sazağı.
    Üfürə-üfürə sönmüş ocağı,
    Höyüş kösövlərə hey qalanırıq.

    Qəlbim kül altında inləyir köz-köz,
    İndən belə sızıltıya döz ki, döz.
    Xətrimizə dəyir hər kiçicik söz,
    Özcə kölgəmizdən qaralanırıq.

    Tanışdan-bilişdən uzaqlaşırıq,
    Nimdaş xatirəylə qucaqlaşırıq.
    Nəvələr yanında uşaqlaşırıq,
    Deyən yavaş-yavaş biz qocalırıq.

    Güldərənəm, gülüm çölün düzündə,
    Dağ aşıram qabar əlim dizimdə.
    Bircə pöhrə göyərərmi izimdə,
    Yarpaq-yarpaq ömürdən talanırıq.

    Görüm

    Dünyanın düz olmayan düz dərdini,
    Qızların bəxtə küsən duz dərdini,
    Ürəyimin üşütdürən buz dərdini
    Kövrəlib də çəkə bilsən, çək görüm.

    Saçımda ağ kağızın boz kölgəsi,
    Dərdim baxışımın toran döngəsi…
    Ömrə eşqim ömürdən də ötəsi,
    Dizlərinə çökə bilsən, çök görüm.

    Vaxtsız qonaq qocalıqmı?
    Gəldimi?
    Ufuldadan, sızıldadan dərddimi?
    Düşmənimə açılmayan dərdimi
    Dost ovcuna bükə bilsən, bük görüm.

    Elə yığdıq tərəziyə daş-başı,
    Qoyduq sələmlərə qalan daş-qaşı.
    Ətəyimdən bu inadkar “Beş daş”ı,
    İzlərimə tökə bilsən, tök görüm.

    Bəxt yazan bəxtimi aldatdı daha,
    Tökmə, qəm sandığım qat-qatdı daha.
    Qəlb evim şüşətək çat-çatdı daha,
    Sən Güldərən, tikə bilsən, tik görüm.

  • Rüfət AXUNDLU.Yeni şeirlər

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sevim Allah

    İmtahandır… dərdləri,
    Sərləri sən yaratdın.
    Minləri sən yaratdın,
    Birləri sən yaratdın.
    Sınaqlı ocaqları,
    Pirləri sən yaratdın.
    Bizlər üçün göyləri,
    Yerləri sən yaratdın.
    Yaratdığın yerini,
    Göyünü sevim Allah!

    Bəndələrin yolunu,
    Azır gedir, dərs olmur.
    Qardaş, qardaşa quyu,
    Qazır gedir, dərs olmur…
    Sol mələk dayanmadan,
    Yazır gedir, dərs olmur.
    Cəhənnəmə birbaşa,
    Hazır gedir, dərs olmur…
    De hansı nökərini,
    Bəyini sevim Allah?!

    Hətta ibadət əhlin,
    Fənadan əl götürmür.
    Dost qanına susayır,
    Xınadan əl götürmür.
    Fitrə, zəkat paylayır,
    Zinadan əl götürmür,
    İndi yox, taa əzəldən
    Binadan əl götürmür,
    Dilimizə bəndlənən,
    Düyünü sevim Allah?!

    Ürəyimin yükünü,
    Boşaltmırsa bu dünya!
    Gözümüzü sevincdən,
    Yaşartmırsa bu dünya!
    Dərd selinin önünə,
    Daş atmırsa bu dünya!
    Sənin hökmünlə məni,
    Yaşatmırsa bu dünya,
    Axı belə dünyanın,
    Nəyini sevim Allah?!

    21.03.2017

    DEDİLƏR

    Allah, sənə sığındım,
    Quru lafdır dedilər.
    Qaçdım, yenə sığındım,
    Necə safdır dedilər.

    Olmadım zərrə məyus,
    Qalmadım nəfsə məhbus.
    Adıma “qara kabus”,
    Nainsafdır dedilər.

    Bir-birinin bəhsinə,
    Susdular haqq səsinə.
    Şeytan vəsvəsəsinə,
    İnkişafdır dedilər.

    Demədilər öndəyəm,
    Sən olmuşam, səndəyəm…
    Dedim, “nankor bəndə”yəm,
    Etirafdır dedilər.

    24.02.2016

    ÜRƏYİMİN SAHİBİ VAR DEDİLƏR

    Başım üstə hər çalarlı buludlar,
    Sinəm üstə dağlarım var silsilə.
    Gözlərimdə donub qalan kadrlar,
    Baxışlarda sükunətli fasilə…

    Mənbəyi var ürəyimin yağından,
    Yanağımda ümman yatır, səs etmə…
    Dişlərimi saxlamışam keşikdə,
    Dil altında vulkan yatır, səs etmə…

    Qollarımda zaman adlı zəncirlər,
    Qulağımda öyüd adlı sırğalar…
    Damarımda “tarix” adlı sistemlər,
    İliyimdə “bu gün” adlı baltalar…

    Qədəmlərim gələcəyin tablosu,
    Ayaqlarım bu tablonun fırçası
    Dizlərimdə büdrəməyin qorxusu,
    Dabanımda hər günün bir parçası..

    Belə, sənə izah etdim, mən kiməm?!
    Bu izahın niyəsi var, qadası…
    Ürəyimi qeyd etmədim, səbəb, bu,
    Sahibi var, yiyəsi var, qadası!

    13.08.2015

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    NOVRUZ GƏLİR

    Əriyib gedir son qar,
    Hər tərəf olur gülzar,
    Gülümsəyir ilk bahar,
    Yurduma Novruz gəlir.

    Novruz bayram çiçəyi,
    Göy qurşağı ləçəyi,
    Bayramların göyçəyi,
    Yurduma Novruz gəlir.

    Şən nəğmədir bulaqlar,
    Gül-çiçəkdir uşaqlar,
    Durnalar qatar-qatar,
    Yurduma Novruz gəlir.

    Duman dağın yelkəni,
    Yağış yuyur çəməni,
    Nazlı qızdır səməni,
    Yurduma Novruz gəlir.

    Səma yolu çıraqban,
    Hər yan geyib al-əlvan,
    Sevin Dövran,gül dövran,
    Yurduma Novruz gəlir

    QƏDƏMİ MÜBARƏK

    Atıb üzərindən qışın qoxusun,
    Qaçırıb dağ- qaşın, çölün yuxusun.
    Gəlir könüllərə çələng toxusun,
    Qədəmi mübarək, olsun Novruzun!

    Gəlişin çiçəklər, güllər biləcək,
    Bənizlər,ürəklər, gözlər güləcək.
    Qübarı, qəhəri, qəmi siləcək,
    Qədəmi mübarək, olsun Novruzun!

    Xəbərin verəcək, öncə Qardələn,
    Dağ çayı olacaq, ilk qonaq gələn.
    Pişvaza çıxacaq eşidən, bilən,
    Qədəmi mübarək, olsun Novruzun!

    Səmamız üstündən atacaq tülü,
    Açacaq vətənin çəməni, gülü.
    Bülbül məst edəcək, xarı bülbülü,
    Qədəmi mübarək, olsun Novruzun!

    Həmd olsun, ey böyük- Uca Yaradan,
    Gör nəyə qadirsən, hər yan al- əlvan.
    Xilqətə, qüdrətə mat qalıb Dövran,
    Qədəmi mübarək, olsun Novruzun!

  • “Kəndimizdən gecə çıxdıq…” – şairə Güldərən Vəliyeva “Orda bir kənd var” layihəsində…

    Müsahibimiz şairə Güldərən Vəliyevadır. Şeirlə ovunan müsahibimiz 1959-cu ildə Göyçə mahalı Dərə kəndində dünyaya gəlib. Dağların qoynunda yerləşən, Göyçə gölünün ləpələrinin səsini layla kimi dinləyən Güldərən Vəliyeva “Aşıq Pəri” məclisinin ilk üzvlərindən olub… Gənclik illərindən fasilələrlə dövrü mətbuatda şeirləri və hekayələri dərc olunub… Və Göyçə yanğısını misralarına hopdurub şairə xanım…

    -Orda bir kənd vardı…Bir az o kənd haqqında danışardınız…

    -Səksəninci illərdə belə bir şeir əzbərləmişdim, müəllifini unutmuşam:

    Yadıma coşqun sular,
    Bir də ki, dəniz düşər…
    Qayalı sahildəki
    Kiçik kəndimiz düşər…

    Bizim kəndimiz Zodlu Səməd ağanın yaylaq yeri olub. Səməd ağa orda üç otaq tikdirib öz ailəsi üçün. 1988-ci ildə biz qaçqın düşəndə o otaqlar hələ də dururdu. Aşıq Ələsgər öz şeirlərinin birində Zodlu Səməd ağa haqqında deyir ki, “səxada Səmədə tay ola bilməz”… Həmin Səməd ağanın yaylaq yeri olub iki dağın arasında, dərədə. Səməd ağa qonşu Pəmbək kəndindən dörd ailə köçürüb gətirib mal-qarasına baxmağa. Həmin dörd ailənin qohumları da köçüb gəlib, kiçik bir kənd salıblar. Hamı o yerə Səməd ağanın dərəsi deyib. Get-gedə kəndin adı sadəcə Dərə qalıb, Dərə kəndi. Təxminən, ötən əsrin əvvəllərində Göyçə gölünün o tayından ermənilərin əlindən Hacımuğanlılar köçüb gəlib, çayın o tayında yurd salıblar. İndi o kənd uzaqda qalıb… İllərin o tərəfində…

    -Göyçə gölünü necə nağıl edərdiz?

    -Yuxudan ləpələrin səsinə oyanırdıq. Kəndimiz o qədər yaxın idi ki, dənizə. Biz Göyçə gölünə dəniz deyirdik. İndi də danışanda göl deməyə dilimiz gəlmir, dəniz deyirik. Dənizin qırağında iydə ağacları vardı, ətrindən doymurduq. Orda çox qiymətli balıqlar olurdu. Neçə illərdi nə qədər balıq yeyirəmsə o tamı vermir.

    -Kitablarınız qaçqın düşüb eşitmişik…

    -1988-ci il noyabrın 28-də gecə çıxdıq kəndimizdən. Səkkiz qutu kitabı yığıb lələmə tapşırdım ki, ən qiymətli əşyalardı, mütləq gətirərsən. Biz atamıza lələ deyirik. Hər qutu iyirmi kiloqram tuturdu. Lələm də evdən heç nə götürməyib, ən qiymətli deyə o qutuları gətirib. Gəncədə, Poçt qəsəbəsində qutuları açanda lələm az qaldı infarkt keçirsin. Dedi, insafın olsun, bunun yerinə un gətirərdim, kitab nədi?! Kitablarım da qaçqın düşdü… Hələ də o qaçqın kitablardan Göyçənin qoxusunu alıram.

    -Bəs özünüz necə gəlib çıxdınız?!…

    -Kəndimizdən gecə çıxdıq. Özüboşaldan dəmir maşının üstündə kilimlərdən çadır düzəltdik, körpələri qucağımıza aldıq, şaxtada-ayazda yol başladıq. Yolda maşınımız qırıldı. Yeddi dənə əsgər gəldi, bir dənə avtobusla, başımızın üstündə də vertolyot. O vertolyot irəli gedəndə ermənilər arxadan atəş açırdılar, arxaya qayıdanda öndən. Bir termos çay götürmüşdüm, on yeddi uşağa böldük yol boyunca, böyüklər su içməyə də qıymırdı ki, uşağa qalsın. Gəldik Gədəbəyin Saratovka kəndinə. Avtobus bizi kəndin kinoteatrına töküb qayıtdı. Sonra Qaramurad kəndinə getdik, Samaya xalanın evinə. Qonşular kimi çörək, kimi pendir gətirirdi bizə. Sonra Gəncədə səkkiz ay vaqonda yaşadıq. Nəhayət, Şəmkir rayonunun Ələsgərli kəndində məskunlaşdıq. On altı il də orda yaşadıq. İndi də Gəncədə yaşayırıq… Göyçəli günləri orda qoymuşuq, orda… Lap uzaqda…

    -O günləri yazmısınız. O xatirələrdən azad olmaq istəmisiniz, yoxsa olanları əbədiləşdirmək?

    -Əbədiləşdirmək… Axı, heç kim bilmir, biz necə əziyyətlərlə gəlmişik. İnsanın dişlədiyi alma əlindən düşəndə hayıfı gəlir, o boyda yurda əlimiz çatmır, dözmək asandımı?! Uşaqlığım, gəncliyim orda qalıb. Qaçqınlıq günlərində şaxtadan, ayazdan, aclıqdan, ölüm qorxusundan çox ayrılıq ağrısı varıydı ürəyimizdə. O ağrı onsuz da əbədidir. Mən sadəcə o ağrıları yazmışam…

    -O günlərdən danışmağa çətinlik çəkirsiniz… Amma, hamıya danışmaq istədiyiniz də nəsə olmalıdır axı…

    -Var. Üç aylıq körpə qızım bələkdə qucaqdaydı o qaçqınlıq günlərində. Günlərlə yük maşınında yol gəlmək, o soyuğa dözmək böyüklər üçün dözülməz idi. İndi təsəvvür edin ki, üç aylıq körpə bələkdə necə olardı? Heç vaxt unutmaram… Nəinki, unutmaq, yaşadığım hər gün hamıya, hamıya danışmaq istəyirəm onda yaşadığımı. Körpə bələkdə donmuşdu. Buz altından üzü də görünmürdü. Ta Gədəbəydə odun peçinin yanına qoyanacan onun donmasını elə də dərk etməmişdim. Amma, orda, isti evin içində daha dərindən hiss etdim ki, bu qucağımdakı buzdu, buzun içindəki də mənim qızımdı. Hamı əlini üzmüşdü uşaqdan, təkcə mən ümidimi üzməmişdim. Bələyin donu açıldıqca ürəyimdə ümidlər gah parıldayır, gah sönükləşirdi. Birdən kimsə dedi:

    -İlahi, möcüzəyə bax, uşaq sağdı ki!

    -Buz ərimişdi… Bələyin ətrafında su gölməçə kimi yavaş-yavaş dağılırdı… Üç aylıq körpənin rəngi gömgöy idi, göyərmiş dodaqları tərpənirdi… O andakı ümidi anlatmaq mümkündürmü? Ya sevinci nə ilə ifadə edim ki?! Sözlər yetməz!

    -O uşağa danışmış olarsınız bu hadisəni yəqin ki…

    -Əlbəttə! Danışmışam. Ağlı kəsəndən bu hadisəni təkrar-təkrar danışmışam ona. Unutmasın deyə. O da böyüdükcə bu ağrılı hissləri daha yaxşı dərk edib. Bir hekayə də yazıb bu haqda. Hələ də qızımın uğurlarına sevindikcə onun buzun altından çıxmış, göyərmiş dodaqları gözümün önünə gəlir. Düşünürəm ki, Allah bizim arxamızdadır. Kəndimizə dönəcəyik, qızım kəndimizdən də yazacaq. AMİN!

    -Kəndinizə dönsəniz ilk işiniz nə olar?

    -Nənəmin qəbrini ziyarət etmək. Deyərdim, ay nənə, bax, səni tək qoymuşdum, qayıtdım gəldim. Dağlarımızı, çəmənlərimizi gəzərdim… Gümanım çoxdu o günə!

    Söhbətləşdi: Şəfa Vəli

  • Şəfa VƏLİYEVA.”Gəlirsənsə, gəl, sevdiyim”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Gəlirsənsə, gəl, sevdiyim,
    Mənə yazığın gəlməsin…
    Cadudur səni sevməyim,
    Gözlərin ağrı görməsin…

    Pitik-pitik ayrılığı
    Dua-dua yaşayıram…
    Məndən böyük ayrılığı
    Sənə tərəf daşıyıram.

    Elə qırılıb ürəyim…
    Tilsim-möhür haya gəlmir…
    Yığılıb qalan illərim
    Getdiyin bir aya dəymir…

  • Şəfa VƏLİYEVA.”Saçım daraqdan küsüb”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Saçım daraqdan küsüb,
    Əllərim də saçımdan…
    Qorxum-gözümün süsü,
    Hüznüm yanaqlarımda…

    Yenə bir qadın ölür
    Qismətin sərt hökmündə…
    Qovulur namərd olur
    Bəxtim
    mərd körpüsündə…

    Xainəm…
    Asiyəm mən
    Dərdə boyun əymirəm.
    Yollaşmıram ömrümlə,
    Bu günümə dəymirəm…

    Hikkəmlə narıncıya
    Boyayıram alnımı…
    Tanrı, bacarsan, ağla,
    Ağart yazdıqlarını…

  • “Sabir Sarvanın ruhuna ehtiramla!

    Ahı dağları sarar,
    Kimə qəm-kədər yarsa,
    Bir özgə məkan arar,
    Kimə bu dünya darsa.
    Min-min insan içində
    Beş-üç haqq deyən varsa, –
    Biridi Sabir Sarvan!

    Çürük yox saxlancında,
    Hər sünbülü diri dən.
    Hər misrası bir aləm,
    Hər şeri qəlb kiridən,
    Ona öldü deməyin, –
    Ölsə də, çox diridən
    Diridi Sabir Sarvan!

    Göyü dumandı, sisdi,
    Çəndi Pirhəsənlinin.
    Gördüm əhvalı pisdi
    Kəndi Pirhəsənlinin.
    Dostlar, ağlamaq bəsdi, –
    İndi Pirhəsənlinin
    Piridı Sabir Sarvan!

    Ərşi-kürşü dolandı
    Müqəddəs söz atında.
    Yerlərlə işi yoxdu,
    Çapdı göylər qatında.
    “Əzəl başdan söz idi…” –
    Tanrının söz adında
    Sirridi Sabir Sarvan!

    Rafiq ODAY

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DÖVRANIN GƏLİR

    “Vətənimdir” – silsiləsindən

    Çatdı xeyir xəbər, xarı bülbülə,
    Dedilər muştuluq, cananın gəlir.
    Tezliklə qovuşar, yarı bülbülə,
    Dedilər halına, yananın gəlir.

    Neçə il qalmışdı həsrətdə, darda,
    Saralıb, solmuşdu, boranda, qarda.
    Bilmirdi sevdiyi, qalıbdır harda,
    Dedilər qaydına, qalanın gəlir.

    Düşmüşdü qaniçən, zalım əlinə,
    Nəğmə dəyməmişdi, bağlı dilinə.
    Dönmüşkən son bahar, xəzan gülünə,
    Dedilər dərdini, alanın gəlir.

    Düzəldi əyilmiş qəddi, qaməti,
    Oyandı don vurmuş iffət, isməti.
    Sən demə var imiş,vüsal qisməti,
    Dedilər xətrini, ananın gəlir.

    Çığladı dağ – daşın, düzün qulağı,
    Qalxdı “Cıdır düzü”, “İsa bulağı”.
    Sordular:- Şuşanın, kimdir qonağı?
    Dedilər qoynuna, Dövranın gəlir…

    SƏMƏD VURĞUNA

    Ayrılarmı könül candan,
    Azərbaycan, Azərbaycan.

    Dünya bilir, Sən Onunsan,
    Onun üçün doğulmusan.
    Sevən könül, can olmusan,
    Ayrılammaz könül candan,
    Səməd Vurğun, Azərbaycan.

    Vurğun oldun “yurd,yuvana”,
    Vətənini sandın “Ana”.
    Dedin ki, “bağlıyam Sana”,
    Necə- “uşaq Anasına”
    Ana- doğma balasına.

    Gəzdin ölkə, ulusları,
    Salamladın “dostu, yarı”.
    Düz ilqarı, etibarı,
    Tapdın Ana qucağında,
    Öz “yurdun”da, ocağında.

    Cənnət Muğan, Mil sənindir,
    Sıx meşələr qələmindir.
    Ilhamını dinlə, dindir,
    Kür, Arazın coşan qanın,
    Xoşbəxtisən Sən dünyanın.

    Söz qoşmusan dağ, daşına,
    Ceyranların göz yaşına.
    Tarixlərin yaddaşına,
    “Vaqif”, “Aygün”,”Dar ağacı”
    Silsilələr şirin, acı.

    Dilləndirib sazı, tarı,
    Əritmisən buzu, qarı.
    Bir “Zəncinin arzuları”,
    Qələminlə çiçək açıb,
    “Muğan” dönüb şəfəq saçıb.

    “Ceyran qaçar, cüyür mələr”,
    “Ürək açan mənzərələr”.
    Lalələrdir zər düymələr,
    Geyinmişik əynimizə,
    Əlimizdə qızıl kuzə.

    Qazax, Gəncə, Qarabağda,
    Qoşqar, Kəpəz, Haçadağda,
    Min qışlaqda, min yaylaqda,
    Ayağının izi vardır,
    “Dağlarının başı qardır”.

    Məftun idin telli saza,
    “Gəncləşirdin yaza-yaza.
    Indi yoxdur təqib, cəza,
    Yurdda hər yan əlvan çiçək,
    Arzuların olub gerçək.

    Ulu Öndər Günəş bizə,
    Şəfəq saçır ölkəmizə.
    Qartallarım süzə-süzə,
    Son qoyubdur “nəs illərə”,
    Biz örnəyik “nəsillərə”.

    Yaşa könül şad, firəvan,
    Müstəqildir Azərbaycan.
    Xoşbəxt Vurğun, xoşbəxt Dövran,
    Qucaq açıb xoş iqbala,
    Qovuşublar istiqlala!…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    Gəlirsənsə, gəl, sevdiyim,
    Mənə yazığın gəlməsin…
    Cadudur səni sevməyim,
    Gözlərin ağrı görməsin…

    Pitik-pitik ayrılığı
    Dua-dua yaşayıram…
    Məndən böyük ayrılığı
    Sənə tərəf daşıyıram.

    Elə qırılıb ürəyim…
    Tilsim-möhür haya gəlmir…
    Yığılıb qalan illərim
    Getdiyin bir aya dəymir…

    Poçtalyona məktub…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ…
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun…

    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər…

    Hirsini sənə tökəcək…
    Ayrılıqdan yaman qorxar…
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam…
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    ƏLVİDA,GÖZƏL,ƏLVİDA

    Qaşlarını çatıb getdin,
    Bir günəşdin, batıb getdin.
    Neçə ilin sevincini
    Qəm üstünə atıb getdin.
    Əlvida,gözəl,əlvida.

    Saçlarımda incə dənsən,
    İnciyən sən,incidən sən.
    Könül sevməz-hörsən belə
    Hər telini incidən sən.
    Əlvida,gözəl,əlvida.

    Ayrılığı göy də duyar,
    Ləpirini yağış yuyar.
    Gözümdəki göz izini
    Gün gələr gül baxış yuyar.
    Əlvida,gözəl, əlvida.

    Qəlb dağladar gözəl günlər,
    Söz-söz ağlar özəl günlər.
    Xatirəmdə yaşar,yalnız
    Sənlə keçən əzəl günlər.
    Əlvida,gözəl,əlvida.

    Bir gün sözüm yada düşər,
    Yaddaşında oda düşər.
    Armudun da ən yaxşısı
    Daş ürəkli yada düşər.
    Əlvida,gözəl,əlvida.

    Bir baharsan öz ömrünə,
    Ola bilməz söz ömrünə.
    Düşünmə ki, indən belə
    Ürək tutsun üz ömrünə…

    Sənli günlər nağıllaşır,
    Dəli könlüm ağıllaşır…
    Yollarımız haçalanır-
    Gəl, səninlə sağollaşım:
    Əlvida,gözəl,əlvida.

    Azərbaycan.Quba.

    TANRI GÖYDƏN DƏRD GÖNDƏRİB
    ABDULLA MƏMMƏD
    (DİDƏRGİN ŞƏRGİSİ, QAÇQIN HARAYI SİLSİLƏSİNDƏN)
    (Şeir)

    Haqqını danan adama
    Tanrı göydən dərd göndərib.
    Yurduna yanan adama
    Qədəri də sərt göndərib.

    Söz yarmır xofun bağrını,
    Xof başa çəkir oğrunu.
    Piyada qoyub doğrunu,
    Atı namərdə göndərib.

    Qurdu quzu, quzusu qurd,
    Qurusu yaş, yaşısa od…
    Çadırlaşan qurbətmi yurd,
    Qəribmi yurddaşım-qərib?!

    Baş ağardır ürəyi daş,
    Dərd üyüdür baxışı yaş.
    Günümüzü yeyən təlaş
    Yolumuza daş əndərib!

    Dağlar daşmı-yetmir ahım,
    Dünya boşmı-bitmir ahım.
    A yurdum, nədir günahın?
    Dərd üstünə sinə gərib?!

    Azərbaycan.Quba.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    XƏYALIM OLARMISAN

    “Könül dəftərim” – silsiləsindən

    Məni bəlaya atan,
    Qul kimi alan, satan.
    Zülmət qəlbimdə yatan,
    Məlalım olarmısan?!

    Hisslərimlə süstlənən,
    Hey dilimdə səslənən.
    Qəlb evimdə bəslənən,
    Bəlalım olarmısan?!

    Sevinc, gülüş çiləyən,
    Qəlbi eşqlə bələyən.
    Mələktək nur ələyən,
    Cəlalım olarmısan?!

    Ömür yükü bir şələ,
    Savaş açaq əcələ.
    Ölənəcən əl – ələ,
    Halalım olarmısan?!

    Ölməyincən itməyən,
    Göz önündən getməyən.
    Sevdasın tərk etməyən,
    Xəyalım olarmısan?!…

    XOŞ AVAZI

    “Vətənimdir” – silsiləsindən

    Vətənimə göz dikənlər, didişiblər uzun illər,
    O bədhiyyət fəsadlardan törəyibdir çox nisgillər.
    Torpağımı bölmək üçün mərz ediblər Xan Arazı,
    “Sülh”bağlayıb qəsbikarlar, “alan razı- satan razı”.

    Xan Arazın pıçıltısı qarışıbdır hay- haraya,
    Çevrilibdir köksümüzdə Araz boyda bir yaraya.
    Məsum Araz bu halıyla Haqq bilir ki, biçaradir,
    Yurdumuzun vücudunda sağalmayan bir yaradır.

    Üç yüz ildir bu yaradan su yerinə qanlar axır,
    Güney- Qüzey bir- birinə, həsrət ilə gendən baxır.
    Qoca dünya çox görübdür çeşid- çeşid həsrət, hicran,
    Lakin yoxdur bizim təkin,- “diri- diri bölünən can”…

    Zor- güc ilə qoparılıb ət- dırnaqdan, bədən- başdan,
    Pay- püşk olub səxavətlə, zalimlərə dağdan, daşdan.
    O zamandan Xudafərin,duymayıbdır ayaq səsi,
    Q tay- bu tay sayılıbdır, bir- birinə yad ölkəsi.

    Amma bunca qadağalar qırammayıb qan bağını,
    Hər iki tay gözəl bilir eyni qandan olmağını.
    Gün gələcək Xudafərin süslənəcək gül- çiçəklə,
    Yürüyəcək üzərindən, cüt qardaşlar xoş diləklə.

    Qoca tarıx düzəldəcək, üç əsrlik yanlışını,
    Qazanacaq ulu xalqdan, öz gecikmiş alqışını.
    Şair Dövran sevə- sevə, vəsf edəcək Xan Arazı,
    Həm Bakıda, həm Təbrizdə, səslənəcək xoş avazı…

  • “Vətənə borcunu şərəflə verdin”

    (2016-cı ilin aprel döyüşlərində şəhid olmuş
    33 nömrəli tam orta məktəbin məzunu
    Şulan Bayramovun məzarını ziyarət edərkən)

    Anan göz yaşını saxlaya bilmir,
    Atan dördgöz olub gör neçə vaxtdı.
    Torpağın uğrunda hər oğul ölmür,
    Səninsə al qanın torpağa axdı.

    Ölümün gözünə dik baxa-baxa,
    Bir addım geriyə dönmədin belə.
    Uca zirvələrə sən çıxa-çıxa,
    Qürur bəxş etmisən bu doğma elə.

    Sənin intiqamın alınacaqdır,
    Mənfur düşmənlərdən, əmin ol, əmin.
    Bir gün bayrağımız ucalacaqdır,
    Onda gül açacaq çölün, çəmənin.

    Bu vətən, bu doğma ellər sənindir,
    Sən igid oğlusan Azərbaycanın.
    Açılan çiçəklər, güllər sənindir,
    Yerdə qalmayacaq tökülən qanın.

    Üçrəngli bayraqla göyə ucaldın,
    Düşdün el-obanın şirin dilinə.
    O şərəfli adın, o şəhid adın,
    Yazıldı tarixin səhifələrinə.

    Zakir Zahir
    şair, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəllimi

  • Fidan ABBASOVA.”Məni bir gün axtaranda”

    Məni bir gün axtaranda
    Qəlbindəki sevgiyə sor
    yada unut əbədiyyən
    gözümdəki nifrətə sor.

    Ya yad bilib uzaq gəzən
    yada məni sevib əzən
    yada vaxtsız keçib gedən
    arxandaki xəyala sor.

    Çəməndəki sehə ,gülə
    dənizdəki coşqun selə
    havadakı o sərt mehə
    ya da yağana yağışa sor.

    Gülmək bəhanə deyilsə
    vicdan qarşında əyilsə
    bir vaxt günahsız deyilsə
    günahını bilənə sor.

    Demə harda səfdir etdim
    bir gün gəldim bir gün getdim
    məndə bir gün sonda bitdim
    bitirən o həsrətə sor.

    Fidan ümüd qapısına
    hər gün səssiz acısına
    o daxmanın bacasına
    söndürdüyün ocağa sor….

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GƏZƏCƏK MƏNİ

    “Könül dəftərim” – silsiləsindən
    Görünür sevdamız, bura qədərmiş,
    Bu eşqin nəsibi qüssə, kədərmiş.
    Yaşanmış bunca il, heçmiş, hədərmiş
    Nəfsin eyləsə də, hərcayi səni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Uydun mala, mülkə,vara, sərvətə,
    Meyl etdin sevgisiz, cahil şəhvətə.
    Vətəni dəyişdin, uzaq qürbətə
    Qəlbi üşüdəndə saçının dəni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Alnın toxunanda əhləd daşına,
    Onda dönəcəkdir, əqlin başına.
    Ümidin qalacaq, hey göz yaşına,
    Könlün istəyəcək könül həmdəmi,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Zülmətə dönəcək günün, gündüzün,
    Həsrət qalacaqdır gülüşə üzün.
    Dilində donacaq söhbətin, sözün
    Yanaqda qübarın şəbnəmi, nəmi,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Xəyallar dadına çatmayacaqdır,
    Hicran təlatümün yatmayacaqdır.
    Nəbzin də qüssədən, atmayacaqdır
    Kədər qəsb edəcək, dərdli sinəni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    Həsrətdən, nisgildən gələssən cana,
    Olacaq sızlayan, könlün qəmxana.
    Asi olmayaydın, kaş ki, Dövrana
    Dolaşıb dağları,çölü, çəməni,
    Gözlərin hər yerdə, gəzəcək məni.

    BAYRAM HARAMDIR

    “Vətənimdir” – silsiləsindən

    Döğma yurda qədəm qoyub ilk bahar,
    Vətənimdə bayram, şənlik, büsat var.
    Başımızdan sovuşmazkən boran, qar
    Hansı üzlə qucaq açım,- Novruza?
    Davam edir gavur zülmü oğuza.

    Hələ sisdə, dumandadır Qarabağ,
    Boynu bükük neçə yaylaq, neçə dağ.
    Necə gəzək alnı açıq, üzü ağ?
    Unudaqmı, Xocalının dəhşətin?
    Insanlığın ən sonuncu vəhşətin…

    Şuşa, Laçın, Kəlbəcər qan ağlayır,
    Füzulini düşmən girov saxlayır.
    Cəbrayılla, Ağdam ürək dağlayır
    Buxovdadır qoç Zəngilan, Qubadlı,
    Görünməyir igidləri “Bozat”lı.

    Yandırılıb, külə dönüb torpağı,
    Kənd, şəhərlər olub yağı tapdağı.
    Öpmək üçün ulu, üçrəng bayrağı
    Göz dikiblər ordumuzun yoluna,
    Bəlkə mənfur yağı islah oluna.

    Yetər, bunca saya aldıq dünyanı,
    Çox dinlədik sağı- solu, dörd yanı.
    “Cihad”- deyir şəhidlərin al qanı
    Yurd həsrəti irinləmiş yaramdı,
    Son zəfərsiz,- Dövran, bayram, haramdır…

  • Abdulla MƏMMƏD.”Səndən uzaqlarda”

    abdullamuellim

    Vüsalın sevinci-parlaq ulduzum,
    Ulduzu buludlar örtərmiş,gülüm.
    Səndən uzaqlarda sənə tamarzı,
    Günlərim həsrətlə ötərmiş,gülüm.

    Səndən uzaqlarda həsrətə yeməm,
    Köksüm paralanır hey dağım-dağım.
    Səndən uzaqlarda yüz yol sən demə,
    Məni öldürürmüş ayrılıq dağı.

    Səndən uzaqlarda iti həsrətim
    Gecələr bıçaq tək bağrımı dəlir.
    Gündüzlər zənn etmə itir həsrətim,
    Ahıma qoşulub göyə yüksəlir.

    Səndən uzaqlarda əlim üşüyür,
    Gözlərim üşüyür yol çəkə-çəkə.
    Ağzımda söz donur,dilim üşüyür,
    Ürəyim üşüyür dərd çəkə-çəkə.

    Səndən uzaqlarda yağışlar yağır,
    Sənli sənsizliyə yağır ox kimi.
    Sənsiz sənin üçün ürəyim axır,
    Nə qədər gözləyim gözü tox kimi?!

    Səndən uzaqlarda göz önümdə sən,
    Nə qədər danışım ürəklə,gözəl?!
    Göz dağı çəkdiyingöz önümdəsən,
    Məni sevməsən də ürəklə,gözəl.

    Səndən uzaqlarda qüssə hasarım,
    Səndən uzaqlarda möhnət dağımmış.
    Ahımla üz tutdum dağlara sarı,
    Sən demə dağlar da dağım-dağımmış.

    Səndən uzaqlarda sənə tamarzı,
    Günlərim həsrətlə ötərmiş,gülüm.
    Vüsalın sevinci-parlaq ulduzum,
    Ulduzu buludlar örtərmiş,gülüm.

    Azərbaycan.Quba.
    20.11.1989.

  • Abdulla MƏMMƏD.”Yaşaya bilmədi yaşatdıqlarım”

    abdullamuellim

    Yaşaya bilmədi yaşatdıqlarım,
    Yaşındı dünyanın yaş göynəyindən.
    Köksümdən çıxarıb yaş atdıqlarım,
    Yaşardı torpağın yaş köynəyində.

    Qurunun oduna yanmadı yaş da,
    Qəmli baxışımda yaşardı,qaldı.
    Fələk saydığımı saymır bu yaşda,
    Saydığım günlərdən yaşartı qaldı.

    Başa düşməsəm də başa düşdüm ki,
    Düz hərdən yol azıb başdan çıxarmış.
    Özüm haram yonan daşa düşdüm ki,
    Halal çörək elə daşdan çıxarmış.

    Başımda ağarıb yaş qalaq oldu,
    Yarın göz yaşında üşündü ürək.
    Daşım başa düşüb daş-qalaq oldu,
    Yalnız baş daşımı düşündü ürək.

    Yaşıl ümidlərim yaşıla çalmır,
    Günlər yarpaq-yarpaq saralır nədi.
    Nəğməm zildən düşür yaşıla çalmır,
    Payız havasına sarılır nədi.

    Yaşıma yaş gəlir, yaşanır ömrüm,
    Könlümün yaş adlı yaş gileyində.
    Bir yandan yaşınıb yaş anır ömrü,
    Bir yandan ömür də yaş gileyind

    Abdulla Memmed. Chichek Tagieva, Cabir Agaoglu, Saxavat Seyidmamedovvvvv, Rovsan Demirli, Ayten Axundova, Mehriban Ibrahimova, Elnur Uğur Abdiyev ilə

    Azərbaycan.Quba.

  • Vüsalə FİKRƏTQIZI.Yeni şeirlər

    (Rəhmətova Vüsalə Fikrət qızı)

    ÇARƏSİZ QADIN

    Onun hayqırtısıyla yer-göy titrədi bir an,
    Xəyanətə uğramış qadın idi hayqıran.
    Sanki hıçqırığıyla nələrsə söyləyirdi,
    Səbəbini heç kəsə anlada bilməyirdi.

    Baş-başaydı dərdiylə, yox idi bir kimsəsi,
    Dərdini söyləyərkən başa düşəcək kəsi.
    Ağlayaraq gözündən axan yaşa deyirdi:
    “Əlbət tutacaq onu tənha qadın naləsi.”

    Söyləyirdi özünə, hər şeyə dözməliyəm,
    Alın yazım beləymiş, nə edə bilərəm mən?
    Çarəsiz bu həyata eyləsəm də mən davam,
    Bu mənasız həyatla bitməyəcəkdir davam.

    NİGARANAM

    Gözlərim yığışmadı yoldan, oğlum, onu bil,
    Həsrət ilə gözlədim səni düz iyirmidörd il.
    Hey söylədim bəlkə də o soyuqdadır, qardadır,
    Nigaranam, görəsən igid balam hardadır?

    Fələk mənə qıymamış səni görmək istədim,
    Qismət olmadı amma, fəqət görə bilmədim.
    Neçə illərdi mənim qəlbim ahu-zardadır,
    Nigaranam, görəsən igid balam hardadır?

    Burda çox çarəsizəm, heç nə gəlmir əlimdən,
    Yəqin şad olar bir gün ruhum xoş xəbərindən.
    Ay ellər, soraq verin bəlkə də o, dardadır,
    Nigaranam, görəsən igid balam hardadır?

    GÖZLƏRDƏ CƏM OLUBDU…

    Pəncərədən baxırsan, hər yan parlayır sənə,
    Çox təşəkkür borclusan o gözəl gözlərinə.
    Onların işığıdır gecəni aydınladan,
    Onları bir möcüzə xəlq eyləyib yaradan.

    Gözlər aşkar edəcək ürəyin ağrıyan an,
    Gizlədəndə kədəri, sevinəndə yalandan.
    Özündə əks edəcək, yaşayacaq qəmini,
    Ətrafa göstərəcək xoşbəxt olmayan səni.

    Bəzən cəsarət edib söyləyə bilmədiyin,
    Bəzən arından bəyan eyləyə bilmədiyin.
    Hər şeyi yaxşı görür, seçir ağı, qaranı,
    Bir baxışla bildirir dilin yalanlarını.

    Gözlərdə cəm olubdu insan kini, nifrəti,
    Sevinci, qəm-kədəri, xəyanəti, qüdrəti.
    İtirməsin nurunu nə qədər ki, varıq biz,
    Qoy sevincdən parlasın o gözəl gözlərimiz.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İSTƏYİR

    “Mənim dünyam” – silsiləsindən

    Yenə gəlib bahar çağı,
    Insan işvə, naz istəyir.
    Dolandıqca bağça, bağı,
    Gördüm könül yaz istəyir.

    Açıbdı bahar gülləri,
    Cöşdurubdu bülbüləri.
    Titrəyir qəlbin telləri,
    Aşıq, qoşma, saz istəyir.

    Tər çiçəyə qonan arı,
    Qısqandırır dostu, yarı.
    Alqışlayir ilk baharı,
    Şirin, bal, avaz istəyir.

    Buludlardan gülab əmən,
    Səmənitək, yaşıl çəmən.
    Düymələyən, tər yasəmən,
    Baharı pişvaz istəyir.

    Məhəbbətlə qəlbi vuran,
    Istər yaşlı, istər cavan.
    Görcək səni, -sair Dövran,
    Yeni şeir, söz istəyir.

    İLAXIR ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

    İFASIDI BÜLBÜLLƏRİN

    Gözəl bahar, gözəl bahar,
    Açıbdı qönçə güllərin.
    Gülə sədağət, etibar,
    Cəfasıdı, bülbüllərin.

    Yola salıb qışı, qarı,
    Alqışlayır ilk baharı.
    Ağuşunda gültək yarı,
    Səfasıdı, bülbüllərin.

    Tutuşub eşqin oduna,
    Qolun salıbdı boynuna.
    Qonub gül, çiçək qoynuna,
    Şəfasıdı, bülbüllərin.

    Hər sınağı, səddi aşmaq,
    Məhəbbətlə əsib, coşmaq.
    Gülxarına nəğmə qoşmaq,
    Vəfasıdı, bülbüllərin.

    Kəlmələrin nəfis, dərin,
    Bənzəridi tər güllərin.
    Dövran,- gözəl şeirlərin,
    İfasıdı, bülbüllərin.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bakı -2

    İçimdə qərib təlaş,
    Yuvasız bir kövrəklik…
    Çökür səssizcə, yavaş,
    Gözlərimə qəmginlik…
    Yenə Bakı səfəri…
    Sənsizliyin zirvəsi…
    Yoxluğunun zəfəri,
    Darıxmağın həvəsi…
    Avtobus aynasından
    Görünən sarı çöllər
    Dönər İrəm bağına,
    Cücərər xatirələr…
    Bakı sənin şəhərin,
    Baxışların kimi yad…
    Mənim hər səfərimi
    Ağ-qara bir filmə qat…
    Səndən gizlin gəlirəm,
    Sən dolu şəhərinə…
    Xatirələrdi yüküm,
    Tökülür gözlərimdən…
    İçimdə qərib təlaş,
    Yuvasız bir kövrəklik…
    Çökür səssizcə, yavaş,
    Gözlərimə qəmginlik…

    ***
    Özünə oxşatdın rəngi-ruhumu
    Bu qara qızın da sevgisi sarı…
    Fələklə əlləşən min günahımın
    Beşinci ləçəyi, qönçəsi sarı…

    Qadınlar doğulmur sevinc adına
    Qoyulan bu adlar təsəllimizdi…
    Təsadüfən gəlib düşsəm yadına
    Bil ki, payızdayıq…bizim fəsildi…

    Bozarıb…saralıb…gözümdə dünya
    Fırçamı silirəm arzularıma…
    Bəlkə hər fəsildən bir ahəng ala…
    Bəlkə… ömrüm dönə göy qurşağına…

  • Rahilə DÖVRAN.”Çərşənbələr”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Qarşıdan ilaxır çərşənbəmiz dəlir…

    Gəlir bir muştuluq, şad xəbər kimi,
    Novruzun ,ilk Bahar müjdəsin yayan.
    Səslənir dillərdə, xoş əzbər kimi,
    Su,külək, od, torpaq, -adı daşıyan.

    Dörd gözəl ünsür ki,həyat mənbəyi,
    Oyadar hər qəlbdə arzu, diləyi.
    Gəlişi yurdumun könül istəyi,
    Su, külək,od, torpaq, -adı daşıyan.

    Onlardır can verən daşa, torpağa,
    Onlardır hay salan dosta, qonağa.
    Onlardır Rəbbimdən, bizə sadağa,
    Su, külək, od, torpaq, -adı daşıyan.

    Nəqşi, bəzəyidir onlar dünyanın,
    Ən xoş məqamıdır vaxtın, zamanın.
    Əziz qonağıdır,- şair Dövranın,
    Su, külək, od, torpaq adı daşıyan…

  • Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il)

    Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Gənc Ədiblər Məktəbi”nin müdavimidir. AYB və DGTYB üzvüdür.Prezident təqaüdçüsüdür.

    * * *

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Yalanla dolu bir məhəbbət üçün,
    Min hiylə, min dona girə bilmişik,
    Hələ söylənməyən həqiqət üçün,
    Nələri biz qurban verə bilmişik.

    Nələri itirib, nəyi tapmışıq?
    Bunu nə sən bilir, nə mən bilirəm.
    Yalan süstlüyündən ayılmamışıq,
    Hər yeni günümü dünən bilirəm.

    Bizə bu sevdadan nə pay düşdü ki?
    Ürəyin atəşi söndü günbəgün.
    Gözüm gözlərinə çox öyrəşdi ki,
    Əsl həqiqəti axtarmaq üçün.

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Görmədimi

    Tarixlərdən qopan eşqim,
    Yaddaşlara hopan eşqim,
    Varlığımı tapan eşqim,
    Məni məndə görmədimi?!

    Xəzan olmuş bağ kimiyəm,
    Haqq deyiləm, haqq kimiyəm,
    Əyilməyən dağ kimiyəm,
    Çəni məndə görmədimi?

    Yoxdu səndə qayda, qanun,
    Dayansam da bəzən susqun,
    Dəli deyib, dəli Məcnun,
    Ünü məndə görmədimi?

    Dərd əyləşib dərd üstündə,
    Dərdim tarix yeni gündə,
    Köhnə Fərhad külüngündə
    Yeni məndə, görmədimi?

    Demə, sənsiz azadmışam,
    Səni azad yaşatmışam,
    Mən məndə sən yaratmışam,
    Səni məndə görmədimi?

    Gizlənmişəm

    Bir yerdə bənd almayan,
    Köçümdə gizlənmişəm.
    Mən bu qamət, bu boyda,
    Biçimdə gizlənmişəm.

    Qaraya ağ demişəm,
    Nahaqqa haqq demişəm,
    Haqqa nahaqq demişəm,
    Suçumda gizlənmişəm.

    Özümdən geri qaçıb,
    Qırxımdan diri qaçıb,
    Yeddimdən bəri qaçıb,
    Üçümdə gizlənmişəm.

    Tarixi daşlaşdırıb,
    Ruhumu yadlaşdırıb,
    Genimi kodlaşdırıb,
    Saçımda gizlənmişəm.

    Çöl üzümdə biçim var,
    Aralıqda seçim var,
    “İki dünya” içim var,
    İçimdə gizlənmişəm.

    Gedirəm

    Taleyimdən söz açandan,
    Hər gün yeni iz açandan,
    Bu dünyaya göz açandan,
    Qoymadılar Tam olmağa.

    Yanır bağrım, yanır niyə?
    Ümid qalıb bu taleyə,
    Pərvanə yaşasın deyə,
    Ürək qaçır şam olmağa.

    Sözümdə haqq, dilimdə haqq,
    Nahaqlara zülümdü haqq,
    Əzəmətli ölümdü Haqq,
    Hazıram edam olmağa.

    Əcəl iş-gücünü atıb,
    Məni yaman dilə tutub,
    Vədə yetib, məqam çatıb,
    Gedirəm adam olmağa.

  • İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)

    539

    İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

    Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında “Çağdaş Azərbaycan poeziyası” seriyasından nəşr edilib.

    Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

    2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb.

    Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.

    Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru vəzifəsində çalışır.

    Kitabları

    “Hamı bir körpüdən keçir”, 1998-ci ildə “Ağrıdağ” nəşriyyatı
    “Mən bir söz bilirəm”, 2004-cü ildə “Adiloğlu” nəşriyyatı
    “Yuxuma söykənmiş adam”, Bakı, “Avrasiya Press”, 2011., 64 səh. Tiraj 1000. ISBN 978-9952-442-35-9

    SALAM-ƏLEYKÜM

    Ustad Molla Cumaya
    Salam sahibi haqqdı,
    Haqqa Salam-Əleyküm!
    Ədlü-Adil əyləşən
    Taxta Salam-Əleyküm!
    Küllü-aləm bir ola,
    Bir anı əylədəmməz,
    Vaxt bir Allah görküdü,
    Vaxta Salam-Əleyküm!

    Ötəridi hər nə var –
    Dərddi, məzədi, meydi,
    Onu bir bilən bilir-
    Nə yamandı, nə yeydi.
    Göz görür, ağıl kəsir,
    Baxt-yığval ayrı şeydi,
    Həm olan, həm olmayan
    Baxta Salam-Əleyküm!

    Yaz, İbrahim İlyaslı,
    Söylə sözün ilkini,
    Nə zamandı sinəndə
    Bir həqiqət silkini.
    Ustad, bir əməl yıxır
    Könüllərin mülkünü –
    Saxta Əleyküm-Salam,
    Saxta Salam-Əleyküm!

    İNDİ

    Çəkdim qəmini də, nəşəsini də,
    Tükətdim, dünyada bekaram indi.
    Nə qəlbim ağrıyır, nə könlüm gülür,
    Heç nəynən uyuşmur heç haram indi.

    Yamanı, yaxşısı qalsın özünə,
    Hərə qandığını təpsin gözünə.
    Bir də inanmaram adam sözünə,-
    Öz ali-Ağama nökərəm indi.

    Dərviş olamadım, dərvişmisalam,
    Ayıbıma koram, ağlıma lalam.
    Hörülüb hasarım, qurulub qalam,-
    Adım İbrahimə şikaram indi.

    NƏ BİLMİŞDİN…

    Nə baxarsan ağ varağa umudla –
    Görmürsənmi, ilham səndən qaçaqdı?
    Əlin saza, könlün sözə yatmırsa
    Şair qardaş, demək, ruhun naçaqdı.

    Demək, qəlbin qələminlə düz deyil,
    Deyəcəyin sağəməlli söz deyil…
    Görmürsənmi, göylər «hələ döz»- deyir,
    Qanmırsanmı, qara damın alçaqdı?!

    Niyyətini qat gözüyün yaşına,
    Sürt üzünü torpağına, daşına.
    Bir də dolan, beş də hərlən başına,
    Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

    BİLİRƏM

    Bilən dostlar bilir, mən də
    Bir para şeylər bilirəm.
    Nə tufan eləyir sazlar,
    Nə oxur neylər, bilirəm.

    Daşlara dirənir yolum,
    Tətikdədi sağım, solum.
    Sormayın, fədanız olum,-
    Daş dizə neylər, bilirəm.

    Ömürdən çəkdiyim ahdı,
    Nəfim nəfsimə padşahdı.
    Bilib dinməmək günahdı,
    Bilirəm, bəylər, bilirəm!

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.Qəzəllər (Azərbaycan dilində)

    images

    AZƏRBAYCAN

    Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
    Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

    Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…

    Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub mülki-İran, Azərbaycan!

    Bisütuni-inqilabda Şirin – vətən üçün Fərhad
    Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
    Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan.

    Qurtarmaqçün zalımların əlindən Rey şümşadını,
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

    Varəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
    Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

    İgidlərin İran üçün şəhid olub, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

    Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
    Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

    Bəsdir fəraq odlarından kül ələndi başımıza,
    Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

    Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
    Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

    İNTİZAR

    Bəxt ulduzum, nə oldu ki, eyvana gəlmədin,
    Ey məhvəşim, nədən şəbi-hicranə gəlmədin?

    Şəmim yanırdı ta ki, gülə, gül camalına,
    Pərvanə tək, gözəl, bu şəbistanə gəlmədin?!

    Məhbusun idim, aybənizim, söylə bir nədən,
    Bir an da olsa bu qara zindanə gəlmədin?

    Sevda hədisi tək gecəmiz catmadı sona,
    Qəm etdi aləmi mənə viranə, gəlmədin!

    Qoyma ki, qarət eyləyə milçək bu qəndimi,
    Tuti quşum ki, sən şəkəristanə gəlmədin.

    Şerim sənin dilinlə xoş ovlar könülləri,
    Əfsus, bülbülüm, bu gülüstanə gəlmədin.

    Bağrmı qan oldu, süfrənə düzdüm şəkər sənin,
    Nazlı qonaq, bu məclisi-cananə gəlmədin.

    Divani-Hafizim! Dəli-divanən olmuşam,
    Div ilə, ey pəri, yenə divanə gəlmədin

    Gördün ki, səbr qayığımı qərq edir eləm,
    Tapşırmayınca təxtimi tufanə, gəlmədin.

    Biçarə qəlbimin toyumı matəm eylədin,
    Döndərməyincə eyşimi ənzanə, gəlmədin.

    Ey Şəhriyar, sənin ki, təbi-baharın xəzan olub!
    Nur saçmağa bu sünbülü reyhanə, gəlmədin!

    NƏ ÇƏKMİŞƏM

    Eşqində bir ömür məni tutdu kədər, eləm,
    Aşiq də olmadın biləsən ki, nə çəkmişəm!

    Eşq ilə əql getmədilər heç zaman yola,
    Aşiq olarsa kimsə, daha əqldən nə qəm.

    Röyadə görmüşəm ki, dünən vəslə catmışam,
    Sübh oldu, görmüşəm yenə hicranla həmdəməm.

    Bir busə ilə könlümü qəmdən xilas elə,
    Bir böylə dərdilə sən özün olginən həkəm.

    Bir gün Səba saz ilə dedi: Şəhriyar, aman,
    Səndən nə yazmayıb mənə tale yazan qələm…

    PƏRVANƏN OLUBLAR

    Şəmlər sənin o çöhrənə pərvanən olublar,
    Hər əqli olan eşqdə divanən olublar.

    Ayla günəşi cəm eləyibdir sənə fələk,
    Onlar belə bir şövqilə peymanən olublar.

    Pirlər ki, məni mən eləyib gənclərə daim,
    Ancaq ki, sənin özləri məstanən olublar.

    Can gözlərini tikdi sənə, könlünü verdi,
    Can, göz və könül hər üçü cananən olublar.

    Gördüm o qara gözləri, ovsunladı yarəb,
    Əfsunilə onlar sənin əfsanən olublar.

    Biganə bilib sirlərini, aşnalıq etdi,
    Onlar ki, səni duymadı, biganən olublar.

    Qonşu dedi ki, Şəhriyarım, sübh açıldı,
    Qəmlər hələ fəryadilə həmxanən olublar.

    BİR GECƏ QƏMƏRLƏ

    Gözün kor olsun, ey göylər, bu gün nazlı Qəmər burda,
    Gecə ta sübhədək, bəh-bəh, xoşavazlı Qəmər burda.

    Dilimdən söyləyin siz tez fələk qoy arxayın olsun,
    Gəzib axtarmasın nahaq, qonaqdır ay, qəmər burda.

    O xoş səcli gözəl qumru, təbiət qumrusu, bəli,
    Tükənməz bir məhəbbətlə açıbdır balü-pər burda.

    Yanır xəlvətdə bir şəm tək üzündən nur saçır daim,
    Odunda yanmağa hazır durub pərvanələr burda.

    Demə tək mən bu məclisdə özümdən bixəbər oldum,
    Bütün aşiqlər olmuşlar özündən bixəbər burda.

    Üzün görməkçün evlərdən hücum çəkmiş qonum-qonşu,
    Divar üstdən durub bir-bir salırlar hey nəzər burda.

    Həyat bir dərdi-sərdirsə, bu gün ya ki, qara zindan,
    Bir anlıq da əgər olsa, keçir bir dərdi-sər burda.

    Qəmər məfruni, ey İyrəc, sən ey nakam böyük şair,
    Ayıl, dur gəl məzarından, maral gözlün gülər burda.

    Onun ay çöhrəsin daim tutardı halətək tellər,
    O tellər burdadır, burda tutulmuşdur Qəmər, burda.

    Səhər lazım deyil əsla, günəş, durma yatağından!
    Bu axşam ki, Qəmər burda, Qəmər burda, Qəmər burda!

  • Süleyman RÜSTƏM.Şeirlər

    116

    Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı

    OLMASAYDI

    Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,
    Günəş bayraqlı min-min səhərim olmasaydı,
    Çinar kimi qol-budaq atmazdım dörd bir yana,
    Bakıtək bir qəhrəman şəhərim olmasaydı.

    Çaşbaş olub qalardım mən yollar ayrıcında,
    Gözəl ana yurdumun torpağında, daşında.
    Qanım kimi qaynayan bulaqların başında,
    Açılan sufrələrdən xəbərim olmasaydı.

    Yaramı qara gündə mahnılarımla sardım,
    Dalğaları avartək bu əllərimlə yardım.
    Mən ürək sözlərimi hara, hara yazardım,
    Milyon-milyon ürəklər dəftərim olmasaydı!

    Könüllərdən silinib adım unudulardı.
    Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.
    Payız çiçəkləritək mahnılarım solardı,
    Zəhmətimin sonunda zəfərim olmasaydı.

    Gənclər sahil boyunca xəyala dalardımı?!
    Mənim şeirlərimdə bu ahəng olardımı?!
    Gözəllərin gözləri maviyə çalardımı
    Şəhərimin aynası Xəzərim olmasaydı?!

    Ürəyimdən keçəni açıq deyim sizə mən:
    Gəncliyimdən vurğunam günəşli gündüzə mən,
    Çıxmazdım el içinə, görünməzdim gözə mən,
    Beş-üç nəzərə çarpan əsərim olmasaydı!

    Çoxdandır bir vüsalın sevdası var başımda,
    Yaxşı bilir bu sirri dostum da, qardaşım da.
    Mən cavan görünərdim inanın bu yaşımda.
    Dərdli Arazla bağlı kədərim olmasaydı!

    Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.
    Eşqimdən yaratmışam bu gözəl həyatı mən.
    Mahnılarla bəzərdim bütün kainatı mən,
    Bir gün torpaq altına səfərim olmasaydı!

    CANLARA CANDIR QARABAĞ

    Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,
    Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

    Dostlarından eşidirsən bu sözü nəğmə kimi –
    “Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ”.

    Vaqifin, Natəvanın səndə ayaq izləri var,
    Məncə şairlər üçün başqa cahandır Qarabağ!

    Hər bahar fəsli bu könlümdə adın qönçələnir,
    Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

    San bilirsən ki, mənim təkcə cənub dərdim var,
    Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!

    Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,
    Deyirəm, car çəkirəm canlara candır Qarabağ.

    Sənə övlad kimi sadiq bu Süleymanını sən
    Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!

    YORULMAMIŞAM

    İlləri illərə calasam da mən
    Yurdumu gəzməkdən yorulmamışam.
    Cənub həsrətliyəm, vüsal eşqinə
    Hicrana dözməkdən yorulmamışam.
    İlk bahar nəfəsli tər çiçəklərin
    Ətrini çəkməkdən yorulmamışam.
    Cənublu bacımın, qan qardaşımın
    Dərdini çəkməkdən yorulmamışam.
    Ötən durnalardan yaxınlarımın
    Halını sormaqdan yorulmamışam.
    Hicran karvanının sarbanı olub
    Yolları yormaqdan yorulmamışam.
    Təzə nəsillərə candan, ürəkdən
    Bitməyib xidmətim, yorulmamışam.
    Dar gündə, ağ gündə vətən deməkdən,
    Bilir ki, millətim yorulmamışam.
    Dostluq dünyamızın şənliklərində
    Sevinib gülməkdən yorulmamışam.
    Başım ağarsa da, xoşbəxtliyimdən
    Sevib-sevilməkdən yorulmamışam!
    Bəzən nəfəsimi dərsəm də yolda
    Uğurlu səfərdən yorulmamışam.
    Gah tufan, gah boran görsəm də yolda,
    Soruşun Xəzərdən, yorulmamışam.
    Döyüş meydanının ön səngərində
    Özümü görməkdən yorulmamışam.
    Qara əməllərə, yad meyllərə
    Sinəmi gərməkdən yorulmamışam.
    Şerimi süngülək düşmənin, yadın
    Bağrına taxmaqdan yorulmamışam.
    Yurdumun nazənin gözəllərinə
    Şairtək baxmaqdan yorulmamışam.
    Bütün yer üzünün millətlərini
    Sülhə səsləməkdən yorulmamışam.
    Qəlbimdə düşmənə əbədi nifrət,
    Qisas bəsləməkdən, yorulmamışam.
    Yaxşıya hörmətdən, pisə nifrətdən
    Heç zaman, beç zaman yorulmamışam.
    Gənclərlə qaynayıb-qarışmağımdan
    Hələ mən Süleyman yorulmamışam.
    İlham dəryasına təzə söz üçün
    Hər gün tor atmaqdan yorulmamışam.
    Nə qələm qocalıb, nə də ki, qəlbim,
    Yazıb-yaratmaqdan yorulmamışam!

    AZƏRBAYCANA GƏLSİN

    Vətənimin seyrinə çağırıram elləri,
    Sərvət görmək istəyən Azərbaycana gəlsin!
    Bəzənib başdan-başa şəhərləri, kəndləri
    Cənnət görmək istəyən Azərbaycana gəlsin!

    Qanımızda dövr edən sədaqətdir, sədaqət,
    Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
    Dostuna, qardaşına təmənnasız məhəbbət,
    Hörmət görmək istəyən Azərbaycana gəlsin!

    Gözəlliklər Vətənə gözəllərindən gəlir,
    Dostluğun-qardaşlığın təməllərindən gəlir,
    Könüllərin nıüqəddəs əməllərindən gəlir,
    Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

    Saysız qəhrəmanların
    Qurub yaradanların,
    Qocasında, gəncində, bu sadə insanların
    Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

    Payızında, qışında, baharında, yazında
    Dinir dostluq nəğməsi konüllərin sazında.
    Sabaha addımlayan mərd oğlunda, qızında
    Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

    Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
    Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
    Al bayraqlar altında alnıaçıq, üzüağ,
    Millət görmək istəyən Azərbaycana gəlsin!

  • Rahilə DÖVRAN.”Nə deyim?!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ”Sevgilim, mən sənə canan deməyim,- bəs nə deyim”
    Süleyman Rüstəm.

    Gözəlim, mən sənə canan deməyim,- bəs nə deyim?
    Candan əhvalıma yanan deməyim,- bəs nə deyim?

    Ilk görüşdən ovsunladın, küskün, dəli könlümü,
    Sevdadan anlayan, qanan deməyim,- bəs nə deyim?

    Gəzərkən divanələrtək, bərri- biyabanları,
    Zülmət qəlbimdə doğan dan deməyim,- bəs nə deyim?

    Ala gözlərin can alır, kipriklərin hər biri ox,
    O tarım qaşlara kaman deməyim,- bəs nə deyim?

    Olmasam da hər gün gülüm, qənşəri- yavuğunda,
    Gecə- gündüz məni anan deməyim,- bəs nə deyim?

    O canüzən gözlərindən süzürkən dürr, incilər,
    Bu əhdə, peymana inan deməyim,- bəs nə deyim?

    Bədnəzərdən, bədniyyətdən uğrarsa dərdi- zaval,
    Kömək olsun sənə “Quran” deməyim,- bəs nə deyim?

    Yox özgə bir gül ki, gülüm, dərəm, taxam saçıma,
    Fəda olsun sənə Dövran deməyim,- bəs nə deyim?!

  • Rahilə DÖVRAN.”Gözəl bayramınız, mübarək olsun!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    8- MART
    Cəmi xanım FB – dostlarımın, sevimli kolleqalarımın, əziz ana- bacılarımızın 8-MART QADINLAR BAYRAMINI təbrik edirəm

    Səkkiz mart səhəri,günəş al, zərrin,
    Gözü aydın olsun qız, gəlinlərin.
    Bu gün bayramıdır, – gül sevənlərin,
    Analar, bacılar gülə tutulsun,
    Gözəl bayramınız, mübarək olsun!

    Hamının əlində çiçək var, gül var,
    Sevgi təlaşında ərlər, oğullar.
    Çox sevən edəcək, busədən nübar,
    Qoy qəlblər fərəhlə,sevinclə dolsun,
    Gözəl bayramınız,mübarək olsun!

    Dil açıb danışır, bü gün hər çiçək,
    Ana da, bacı da,bu gün tər çiçək.
    Sən də hədiyyə et, bu gün bir çiçək
    Sevən sevdiyindən gül- çiçək alsın,
    Gözəl bayramınız, mübarək olsun!

    Incəlik, zəriflik, duyğu bayramı,
    Necə nəşəlidir, xoşbəxtdir hamı.
    Gül açıb Dövranın çağlar ilhamı,
    Bu çələng hər kəsə hədiyyəm olsun,
    Gözəl bayramınız, mübarək olsun!…

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ÇARASI YOXDUR

    “Qəzəllərim ” – silsiləsindən

    Mübtəla olduğum dərdin, bilirəm, çarası yoxdur,
    Bu könül, qəlb dərdidir ki, bədəndə yarası yoxdur.

    Edib sərgərdan məni eşq, çəkilibdir ərşə yuxum,
    Qəm, kədər tüğyan eyləyir, heç ardı- arası yoxdur.

    Gur axan qoşa çeşmədir, qan ağlayan ala gözlər,
    Itiribdir öz nurunu, didəmin qarası yoxdur.

    Hər təbib yazdı bir nüxsə, eyləsinlər dərdə əlac,
    Hamıya agah oldu- hey, cibimim parası yoxdur.

    Vardır Dövrançün çox ünvan, gər dönərsə sevdasından,
    Onun üz tutub getməyə, görən “harası” yoxdur?…

    İSTƏYİR

    “Qəzəllərim” – silsiləsindən

    Yenə coşdu dəli könlüm, xoş kəlmə duymaq istəyir,
    Öz sevgisin, məhəbbətin, aləmə yaymaq istəyir.

    Eşqi, sevdası naminə, tutub bədbin yaxasından,
    Həsrətin, qəmin, kədərin, gözünü oymaq istəyir.

    Vermişdi zalım fələyə, hər fürsəti qəmli könül,
    Çatdı qisasın zamanı, xoş anın “saymaq” istəyir.

    Aqillər doğru söyləmiş, hər gecənin- gündüzü var,
    Hicran qəhri çəkmiş ürək, vüsaldan doymaq istəyir.

    Qoy dillərdə dastan olsun, məhəbbəti bu Dövranın,
    Öz əhdi- peymanı ilə, doğru iz qoymaq istəyir.

  • Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər Poeziya evində Estoniyada yaşayıb yaradan tanınmış Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib.
    Tədbirdə şairin yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilib, video-çarx nümayiş olunub, şeirləri dinlənilib, Aşıq Cahangirin və Elməddin Məmmədlinin ifasında saz havaları səslənib.
    Daha sonra ədəbiyyatşünas- alim, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, ustad şair Əlisəmid Kür, tanınmış teleaparıcı, şairə Çiçək Mahmudqızı, qocaman jurnalist Həmzəli İlyaslı, şairlər Nurafiz Hüseynli, Fərqanə Mehdi, Yağmur Xəzan və digərləri çıxış edib, Xaqani Qayıblı yaradıdıcılığının səciyyəvi xüsusiyyətləri, xalq ədəbiyyatı, aşıq-ozan sənəti baxımından dəyərindən bəhs edərək uğurlar arzulayıblar.
    Görüşün sonunda Xaqani Qayıblı tədbir iştirakçılarına təşəkkürünü bildirərək yeni şeirlərini təqdim edib.
    Qeyd edək ki, Xaqanı Qayıblı Avropada məşhur olan Tartu universitetinin əməkdaşı, Estoniya prezidentinin türk dilləri üzrə tərcüməçisidir. Uzun illərdir Estoniyada Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində əhəmiyyətli fəaliyyət göstərib, sanballı elmi tədqiqatlar aparıb. Bir sıra nüfuzlu elmi cəmiyyətlərin və yaradıcı qurumların üzvü olan X. Qayıblı Azərbaycanın görkəmli qələm adamlarının əsərlərini eston dilinə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan X. Qayıblının ana dilimizdə 3 şeir kitabı işıq üzü görüb.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Səxavət Ənvəroğlunu doğum günü münasibətilə təbrik edirik! (5 mart)

    Qocalıram

    Ömür ötür,mən yanıram,
    Hədər günə odlanıram.
    Dönüb geri boylanıram,
    Həqiqətdə qocalıram.

    İstəklərim daşdan keçib,
    Yaxşısını yaman seçib.
    Taleyimi güman biçib,
    Həqiqətdə qocalıram.

    Səpələnib ələnmişəm,
    Qayğılara bələnmişəm.
    Xoş gün nədir-bilməmişəm,
    Həqiqətdə qocalıram.

    Haray salıb səslənirəm,
    Qəlbi kövrək küsən də mən.
    Kölgə üstə əsən də mən,
    İnanmıram qocalıram.

    Yıxılana aman dedim,
    Sıxılana “canım” dedim.
    Sevənlərə canan dedim,
    İnanmıram qocalıram.

    Zaman ötür mən əliboş,
    Görən deyir ay dili xoş.
    Fani dünya ürəyi daş,
    Cavan qalsın ürəyim, kaş,
    İnanmıram qocalıram.

    Olmadın

    Əridim əllərin mənə dəyməmiş,
    Yagdım yollarına sulu qar kimi.
    Eşqin baxçasında qönçə çiçəkdin,
    Qəlbdə gül tək açdın, gülüm, yar kimi.

    Səndəki soyuqluq bezdirdi məni,
    Əllərim əlinə toxunmadı heç.
    Ürəyim illərlə gəzdirdi səni,
    Üzündə mərhəmət oxunmadı heç.

    Hər dəfə görəndə “siz” dedin mənə,
    Niyə baxışların buz oldu niyə?
    “Mən alov olanda sən buz olmadın”
    Eşqimiz yanmamış köz oldu niyə.

    Əbədi yanarmış hicranın odu,
    Daha olan oldu keçən də keçdi.
    Demə ki təzədən sevmək olarmış,
    Daha qəlbən sevib, sevilmək gecdir.

    “Sevgilim” demədim sənə bir kərə,
    Sən layiq bilmədin məni sevməyə.
    Ömrümə yarayan biri olmadın,
    Cürətim çatmadı gülüm deməyə.

    Əridim əllərin mənə dəyməmiş,
    Yağdım yollarına sulu qar kimi.
    Eşqin baxçasında qönçə çiçəkdin,
    Qəlbdə gül tək açdın, gülüm yar kimi.

    Dumyat (Misir)

    Dünya sənə inanmıram
    Allahım,yalan dünyanın,
    Vaxtsız gələn qonağıyam.
    Tale adlı bir romanın,
    Açılmayan varağıyam
    Dünya,sənə inanmıram.

    Acıların sorağıyam
    Heç səsimi duyan yoxdu.
    Arzuların qanadında,
    Saydığımı sayan yoxdur,
    Dünya,sənə inanmıram.

    Gözlərimde yaz yağışı,
    Ürəyimdə çovğun,boran.
    Qəm-kədərin darağıyam,
    Ağrılarım salıb üsyan.
    Bu dünyaya inanmıram.

    Küsənlərə arxa-dayaq,
    Ağlayana şərik oldum.
    Üz döndərən yar əlindən,
    Gül tək ləçək-ləçək soldum,
    Dünya,sənə inanmıram.

    Qədər üçün yaranmışam,
    Ürəyimdən talanmışam,
    Dərd alnıma yazılandan,
    Tonqal kimi qalanmışam.
    Dünya,sənə inanmıram.

    Camnaqar (Hindistan) , 2010

  • Rahilə DÖVRAN.”Anam AZƏRBAYCANIM!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Vətənimdir” – silsiləsindən

    Qürurdur, iftixardır, bu günüm, həm dünənim,
    Daş dövründən başlanır, vətən tarixim mənim.
    Adın atəşdən alıb, “Odlar Yurdu” vətənim
    Cahana sığışmayır, ünüm, şöhrətim, şanım,
    Canım, doğma vətənim, Anam,-Azərbaycanım!

    Qanlı cənglər, savaşlar, tüğyan edib başında,
    Qılınc, nizə, ox yeri, qayasında, daşında.
    Minlərlə şəhid, qazi, qanı var yaddaşında
    Bayrağı üzərində, şəhidlik rəmzi – qanım,
    Canım, doğma vətənim, Anam, – Azərbaycanım!

    Sipəridir vüqarlı, başı qarlı dağları,
    Dalğalı zəmiləri, tarlaları, bağları.
    “Qara qızıl”, “Ağ qızıl”, tükənməz yataqları
    Torpağıma, daşıma fədadır şirin canım,
    Canım, doğma vətənim, Anam, -Azərbaycanım!

    Bitməyir fitnələrin nə ardı, nə arası,
    Kürəyində müxənnət, qılıncının yarası.
    “Dağ çiçəyi, doğma süd”,yarasının çarası
    Rəbbim! Yurdsuz olmasın, bir dəqiqəm, bir anım,
    Canım, doğma vətənim, Anam, -Azərbaycanım!

    Günəş doğdu üzünə, şəfəq saçdı iqbala,
    Ulu Yurdum, şərəflə, qovuşdun istiqlala.
    Üçrəngli bayrağınla, oldun alınmaz qala
    Kürreyi- ərz üstündə, nur saçan parlaq danım,
    Canım, doğma vətənim, Anam,- Azərbaycanım!

    Bu təbi, bu ilhamı, Sən vermisən Dövrana,
    Qələmini süngüyə, çevrib Səndən yana.
    Hər məqamda, hər anda, bağlıdır qəlbdən Sana
    Ey sevincim, fərəhim, xoş hissim, həyəcanım,
    Canım, doğma vətənim, Anam, – Azərbaycanım!..

  • Əbülfəz ÜLVİ.Yeni şeirlər

    KÜSÜM

    Bu küsün gəlməzdi mənim ağlıma,
    Küsdün ki, dünyanın düzündən küsüm?
    Sən məndən inciyib, küsü bağlama,
    Mən sənin yerinə yüzündən küsüm.

    Məni də küsüyə təhrik eyləmə,
    Bu ağır suçuna şərik eyləmə,
    Hər sözü əlində çəlik eyləmə,
    Qoyma səhv saldığın izindən küsüm?

    Bilirəm qəlbində saf niyyət yatır,
    Küsü ovqatıma axı qəm qatır,
    Mehrin istisini bir az da artır,
    Əmr eylə, ocağın közündən küsüm.

    Özünün suçunu yelə yozursan,
    Bir damla göz suyun selə yozursan,
    Olmayan işləri elə yozursan,
    Vallah, az qalıram yozundan küsüm.

    Yer olub canımsan, gözüm demişəm,
    Nəzmimdə şah misram, sözüm demişəm,
    Mən sənə sən deyil, özüm demişəm,
    İndi mən dəliyəm, özümdən küsüm.

    23.01.2017.

    MƏN SƏNƏ BAXANDA…

    Gözümdə gözünə giley yaratma,
    Bu giley yaradar həsrət yarası.
    Amandır, qəm verib, qanı qaraltma,
    Bəxti də qaraldır qanın qarası.

    Gözün hikmətini qavramır şüur,
    Bəzən qəm, bəzən də sevinc əkirlər.
    Elə kirpiklərin farağat durur,
    Elə bil əsgəri xidmət keçirlər.

    Yağdırma üstümə yağışlarını,
    Yağışla bülbül də çəməndən qaçır.
    Elə bil qovan var baxışlarını,
    Mən ona baxıram, o, məndən qaçır.

    Elə bax, məhv eylə gözümün dağın,
    Dönsün məhəbbətə qınağın sənin.
    Güləndə gül kimi açır yanağın,
    Gül, elə gül qalsın yanağın sənin.

    Əksimi gözündə əzizlə, sıxma,
    Ürəyim tab etməz, üzülər axı.
    Mən sənə baxanda, sən yerə baxma,
    Salarsan əksimi əzilər axı.

    25.01.2017.

    GÖTÜR

    Sən də qoruyursan, mən də əhdimi,
    Nə olar başımı dizinə götür.
    Çalış əyilməyə qoyma qəddimi,
    Düzgün al canımı, düzünə götür.

    Mən səni qoruyum, sən məni qoru,
    Ağıldan qabağa çəkməyək zoru,
    Qoyma israf olsun sevgimin nuru,
    Onu üzdən salma, üzünə götür.

    Heç vaxt haqq yolundan haqsız sapmıram,
    Mən dağı ovuram, qaya çapmıram,
    Çoxdan axtarıram, bir iş tapmıram,
    Keşik çəkmək üçün nazına, götür.

    Yaşaram, söyləsən yaşa dumanda,
    Tərslik yaratmaram bir an imanda,
    Barı mən də səndən vüsal umanda,
    İki əlini də gözünə götür.

    Fəqət sev Ülvini, edincə dəli,
    İnsafla bölüşək gəl ömür ləli,
    Mən yüz il yaşayım, sən iki əlli,
    Hansını çox bilsən özünə götür.

    09.02.2014.

    MƏNİM

    (Yarızarafat)

    Demə, bu rastlsşma deyilmiş əbəs,
    Həkk oldu adıma, sanıma mənim.
    Ömrümdə bir dəfə görmədiyim kəs,
    Çevrildi bir anda canıma mənim.

    O, oldu pərvanə, mən döndüm şama,
    Kaş birgə yetərdik arzuya, kama,
    Hər qan düşməsə də qan qrupuma,
    Bu can özü hopdu qanıma mənim.

    Sanki xoş gəlirdi sözü günəşə,
    Baxıb göz vururdu gözü, günəşə,
    Bəlkə bənzədirdi üzün günəşə,
    Nur səpsin sökülən danıma mənim.

    Bu yoldan əl çəkməz daha inadım,
    Kiminə qınandım, kimi qınadım,
    Ələsgər babamtək sınıb qanadım,
    Kaş ki, düşməyəydi yanıma mənim.

    Ülviyəm, bu eşqlə açıram çiçək,
    Belə sevənləri aylrmaz fələk,
    Bir onu bilmirəm, nə söyləyəcək,
    Dilim evimdəki xanıma mənim.

    08.02.2017.

  • Əbülfəz ÜLVİ.Yeni şeirlər

    SEYİD PAKLIĞI

    O qədər şeirə sevgi var səndə,
    Sanma bu sevgiyə mən də pəl çəkim.
    Hansısa suçuma cəza verəndə,
    Deyirsən bir şeir söylə, əl çəkim.

    Necə qısqanmayım səni bu anda,
    Mənimlə təması az eyləyirsən.
    Qürurla durursan şeir qucanda,
    Mən qucaq açanda naz eyləyirsən.

    Təbimə o qədər xumar yayırsan,
    Hər sözdə, misrada olursan tənim.
    Yazanda sən elə ovsunlayırsan,
    Şeir mənim olur, ideya sənin.

    Mənim sənin kimi şeir, sözüm var,
    Qoyma səni görüb, söyələr mənə.
    Qorxuram hüsnünü görən adamlar,
    Bir gün plagiat deyələr mənə.

    Seyid paklığı var səndə, ay danım,
    Daha heç kimsəyə bu bir sirr deyil.
    Onunçün sən hopan şeirə, canım,
    Çoxu zarafatla Mir şeir deyir.

    18.01.2017.

    ANLAYA BİLMİRIM

    Deyəsən unutdun o vaxtlarını,
    Qar atdın saçıma, qarda otursun?
    Yüklədin çiynimə suç ahlarını,
    Bəs indi mələklər harda otursun?

    Bu hal bilirsənmi evini yıxıb?
    Başına naxələf tacı keçibdir.
    Sanki şirinliyin dadından çıxıb,
    Yerinə pul basıb, acı keçibdir.

    Bir anın içində kül etdin danı,
    Kim sənə öyrətdi bu xəyanəti.
    Necə yuyacaqsan günahlarıni,
    Yuya bilməyirsə su, xəyanəti.

    De görüm nə idi qəlbini əzən?
    Bu nəfis xoşbəxtlik gətirən deyil.
    Qanun tutduğunu ötürür bəzən,
    Tamah tutduğunu ötürən deyil.

    Bircə özün oldun məndən çıxılan,
    Bu da mənlik deyil, mənə bağlama.
    Ağlamaz deyiblər özü yıxılan,
    Bir az qürurlu ol, sən də ağlama.

    Bu baxış əzəlki baxışın deyil,
    Etdiyin xəyanət sökülür ordan.
    Bəlkə gözündəki göz yaşı deyil,
    Suçundur, su olub tökülür ordan.

    Get, daha saf hisslər oldu bir ləkə,
    Bu ovsun deyildir “açıl, sim” deyək.
    Anlaya bilmirəm, gəlmisən bəlkə,
    Ölmüş xoşbəxtliyə mərasim verək.

    18.01.2017.

    BELƏ DÜYÜNLƏNİR QAŞLARIN YOXSA…

    Nə olub, bu xislət səndə haradan?
    Tez-tez bulud örtür gözünü sənin.
    Məsləhət bilsəydi Ulu Yaradan,
    Bulud yaradardı özünü sənin.

    Nə üçün söykənmir ağıla, dərkə?
    Axı gətirməyib yel bu sevgini.
    Qəsdən yaradırsan buludu bəlkə,
    Ələsin, aparsın sel bu sevgini?

    Sonda qəlb sozalır bu sui-qəsdə,
    Özünə etsələr, tənə edərdin.
    Yaxşı ki, sinə var ürəyin üstə,
    Açıqda olsaydı gör nə edərdin.

    Əl saxla, neylərsən əlində solsa?
    Qıyarmı məhv edə heç əl, sevdanı?
    Sevgimiz bu qədər saçını yolsa,
    Kimə sırıyarsan keçəl sevdanı?

    Niyə yaradırdın beləydi əgər?
    Heç belə alçatmaz naşı peymanı.
    Əvvəllər deyirdin bədnəzər dəyər,
    Çəkil bir gizlinə qaşı peymanı.

    Gah qırış salırsan alnına, gahsa,
    Sıxırsan saf hisslər sıxılsın, arda.
    Belə düyünlənir qaşların yoxsa,
    Əhdimiz ilişib yıxılsın orda?

    21.01.2017.

    BAĞLIDIR

    Şeir istəyirsən məndən, ay çiçək,
    Onu ki, yazmağım sənə bağlıdır.
    Bu yükü birlikdə, birgə gəl çəkək,
    Sənə açıq sinəm kinə bağlıdır.

    Elə gül, mehrimi bələyim sənə,
    Təb ver misraları ələyim sənə,
    Mənim arzularım, diləyim sənə,
    Səninki imana, dinə bağlıdır.

    Şirinsiz dağ, qaya çapmaq çətindi,
    Şirinlə külüncdən qopmaq çətindir,
    Tənliksiz məchulu tapmaq, çətindir,
    Mənim söz tənliyim, tənə bağlıdır.

    Sanma şeir yazmaq, tək huşa bağlı,
    Qaş gözə bağlıdır, göz qaşa bağlı,
    Saçıma tökülən dən yaşa bağlı,
    Yaşım saçımdakı dənə bağlıdır.

    Daim sazımdasan, könül sazımda,
    Daim baş roldasan, hər bir yazımda,
    Deyirsən şeir yaz, yazdır, yazım da,
    Təkcə şeir yazmaq mənə bağlıdır?

    22.01.2017.

  • Əbülfəz ÜLVİ.Yeni şeirlər

    QORUYUN QIRMIZI RƏNGİ

    İnsanlar, qoruyun qırmızı rəngi,
    Şəhid qanlarının rəmzidir bu rəng.
    İnsanlar, qoruyun qırmızı rəngi,
    Qələbə, azadlıq əzmidir bu rəng.

    El anır sükutla şəhid hər kəsi,
    Sükutla şəhidə sevgi toxunur.
    Baxma eşidilmir sükutun səsi,
    Şəhid nəğmələri belə oxunur.

    Bu rəng cansızı da gətirir cana,
    Elə bu rənglə də vurur könüllər.
    Boş deyil, şəhidə hörmətdən yana
    Qırmızı açılır, qırmızı güllər.

    Onlar əziz tutdu şanı, şərəfi,
    Qoymadı arzumuz sına, çat verə.
    Günəş qürub etmir, axşam tərəfi,
    Gedir şəhidlərə salavat verə.

    Məni sevin deyir qırmızı, özü,
    Bu rəng başqa cürə daha yozulmaz.
    Bu rənglə yazılıb istiqlal sözü,
    Bu rənglə yazılan yazı pozulmaz.

    Gözlərin suyunda sirr yaşayır, sirr,
    Hər şey gözəl olur öz normasında,
    Bu yaş yaş deyildir, nisgilimizdir,
    Çıxır canımızdan su formasında.

    Şəhidin qanından haqq yaranır, haqq,
    Buna nail olur nahaqla cənglə.
    Sən hələ hikmətə, möcüzəyə bax.
    Ağ gün qazanılır, qırmızı rənglə.

    19.01.2017.

    XOCALIM

    Gəlirik üstündən məhv edək çəni,
    Yaşa, mərd dayandın yaşa, Xocalım.
    Əbədi edəcək boran tərk səni,
    Xalqım verməz yurdun qışa, Xocalım.

    Bilmirəm fikrimi söyləyim necə,
    Sənsiz olmamışıq bir gün, bir gecə,
    Qoymarıq bir qarış üstündən keçə,
    Nisgil dönsə belə quşa, Xocalım.

    Sanma əsirlikdə kiçilir adın,
    Sevən ürəklərə əkilir adın,
    Gör necə alisən, çəkilir adın,
    Vətən kəlməsiylə qoşa, Xocalım.

    Bilirəm gözün çox burnu dik görüb,
    Ürəyin intizar, çiynin yük görüb,
    Sanki insanlarda biveclik görüb,
    Etmisən gileyi daşa, Xocallm.

    Məqamdır mərd ordum özün tanıda,
    Qoymaz yerdə qala şəhid qanı da,
    Elə gün gələcək Yeravanı da,
    İrəvan verəcək xışa, Xocalım.

    Vaxt çatıb, müəmma çözüləcəkdir,
    Qəlb üzən, boynundan üzüləcəkdir,
    Xoşbəxtlik üzündən süzüləcəkdir,
    Dönüb sevinc adılı yaşa, Xocalım.

    Daha günəşinin zərrəsi sönməz,
    Sanma zirvə enən, zirvəyə dönməz,
    Başın bir qarış da aşağı enməz,
    Qalxmısan sən elə başa, Xocalım.

    24.02.2017.

    QAZANC

    Səni ən dəyərli qazanc sanıram,
    Sən mənim ömrümə gələndən bəri.
    Vüsalı özümə inanc sanıram,
    Həsrət göz qapayıb, öləndən bəri.

    Mənə həsr etdiyin sevda bədiyən,
    Hər kəs yeyəcəyi bir aş deyildir.
    Sən mənə verdiyin ömür hədiyyən,
    Əsil qazancımdır, daşbaş deyildir.

    Sənə bəsləyirəm sevgi barımı,
    Mehrim də mehrini sözünə çəkir.
    İşə bax, Tanrıdan aldıqlarımı,
    Tanrının bəndəsi özünə çəkir.

    Açdığın ağuşa nurumu saçdım,
    Bilmirəm layiqəm, layiq deyiləm?
    Eh, bütün sirrimi bilmədən açdım,
    Demə, o qədər də sayıq deyiləm

    O qədər danışdım qazancdan, canım,
    Birdən söz yaranar əhatədə də.
    Qorxuram səhv anıb vergi orqanı,
    Vergi tətbiq edə məhəbbətə də.

    13.01.2017.

    ZƏNN ETMƏ

    Sən mənə eşq dolu gözlə baxanda,
    Mən sənə yaşımı deyib, çəkildim.
    Yenə əl çəkmədin, bitib yaxamda,
    Söylədin, deyilmi eyib, çəkildin.

    Özümü apardım bir naşı kimi,
    Bilirsən mən niyə gözünə baxdım?
    Mən sənə baxanda başqası kimi,
    Sən yaşa baxmadın, üzümə baxdın.

    Çox dedim, düşməyək çıxılmaz hala,
    Bu yaşda sevgini şələ bilməyim.
    Ya da elə su səp mən gələn yola,
    Sürüşüb yıxılım, gələ bilməyim.

    Şər deyə bilmərəm etdiyin kama,
    Bu eşqdir, demirəm tovladın məni.
    Ovçu tüfəngiylə ov edir, amma,
    Sən öz baxışınla ovladın məni.

    Bir gün baxdın mənə, tanımaz kimi,
    Mən düşdüm hansı bir hala, bilmədin.
    Yoxsa çürük idi andının himi,
    O himin üstündə qala bilmədin?

    İndi nə düşünüm sənin barəndə,
    Özünü zirvədən düşürtdün belə.
    Yoxsa saçımdakı ağı görəndə,
    O ağı qar sanıb üşütdün belə.

    Zənn etmə, özünə olmadın qənim,
    Ya sənin cəzanı yazan qalmayıb.
    Bax yenə ürəyim yerində mənim,
    Səninsə bu adda əzan qalmayıb.

    14.01.2017.

    QURTARSIN

    Bəsdir başım dəydi məhək daşına,
    Ümid ver, ürəyim zordan qurtarsın.
    Qara taleyimi sürtmə qaşına,
    Yandır ocağımı, qordan qurtarsın.

    Öldür sarı simin sarısın, öldür,
    Demirəm yerimə ayrısın öldür,
    Tanrım, balıqçının qarısın öldür,
    Bəlkə qızıl balıq tordan qurtarsın.

    Könlüm çox yorulub, lütf eylə, dinc ver,
    Sınaqdan çıxmasam, dərdi nəhəng ver,
    Qəlbinin içində bir azca künc ver,
    Bir insan övladı gordan qurtarsın.

    Nə kindir könlündə lövbərin salıb,
    Görmürsən əllərim qoynumda qalıb?
    Çox şey istəmirəm, könlümü alıb,
    Qurtar əllərimi ordan, qurtarsın.

    Duman gətirirsən çən qurtarmamış,
    Dən vermə saçıma, dən qurtarmamış,
    Kim məni qurtarsın, sən qurtarmamış?
    Çağırım, Müsyo Jordan qurtarsın?

    16.01.2017.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MÜBARİZ DOĞULMUŞAM

    “Mənim dünyam” – silsiləsindən

    Yenə dərdlər qövr edir,
    Qüssə, kədər qəlb didir.
    Fərəh, sevinc gen gedir,
    Saralmışam, solmuşam.

    Qayda budur əzəldən,
    Qaçmaq olmaz əcəldən.
    Xoş günlər çıxıb əldən,
    Bulud kimi dolmuşam.

    Bəxt, tale qurub tuzaq,
    Düşmüşəm eldən uzaq.
    Zaman qanlı yalquzaq,
    Tənha, naçar qalmışam.

    Fələk meydan sulayır,
    Ac qurd kimi ulayır.
    Mən susmuşam o sayır,
    Hər cür zərbə almışam.

    Torpaq- Vətən, həm Anam,
    Ona layıq Dövranam.
    Gərək məğrur dayanam,
    Mübariz doğulmuşam…

    Ş A İ R

    “Mənim dünyam” – silsiləsindən

    Yaman dərdmiş qanan olmaq,
    Can, ürəyi, dolan şair.
    Hər bir dərdə yanan olmaq,
    Can, ey qəlbi, nalan şair.

    Gördüklərin yaxır səni,
    Artır başda, saçın dəni.
    Dərdlər sökür hey sinəni,
    Can, ey könlü, talan şair.

    Möhnət özü səni tapır,
    Xöş yuxuna haram qatır.
    Nizə kimi köksə batır,
    Can, ey nakam, qalan şair.

    Nə gecən var, nə gündüzün,
    Həmdəmindir təbin, sözün.
    Təbəssümə həsrət üzün,
    Can, bənizi, solan şair.

    Nə usanan, nə də qorxan,
    Xan Araztək sakit axan.
    Şan- şöhrətə gendən baxan,
    Can, bağrıqan, olan şair.
    ÖLƏNDƏ AD ALAN ŞAİR!

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ!

    Baxışlarım buludlanıb,
    Gözümün qanı qaralıb.
    Dərd üstümə qanadlanıb,
    Sözümün canı qaralıb.

    Yazımda selə dönməyən
    Gözləmə-gələ dünənin.
    Payızda gülə dönməyən,
    Gözündən ələ dünəni.

    Gəl,söyləmə nağıl mənə,
    Tərifləmə yağını,yar.
    Yağı verməz ağıl mənə,
    Dost çıxarsa ağını,yar.

    Yumruq boyda bir ürəkdə,
    İki sevgi necə sığar?..
    Nərgiz qoxulu çiçək də
    Həsrətinə gecə sıxar.

    Göz yaşı-payız yağışı
    Muncuqlar yar yanağında.
    Yol çəkər qəlbin baxışı
    Öpüb susqun dodağından.

    Qüssəyəm başdan ayağa,
    Gözüm tək bəxtim qaralıb.
    Yar verib məni ayağa,
    Güvən dağımı qar alıb.

    Hər çiçəkdə şeh ağlayar,
    Ləçək-ləçək gülər dərdim.
    Qapını gecə bağla,yar,
    Birdən qonaq gələr dərdim…

    Azərbaycan.Quba.
    17.01.2017.

    ATAMIN ƏLİNƏ BAXIRAM,GÜLÜM!

    (“Tələbəlik illəri” silsiləsindən)

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    İyirmi yaşımı haqlasam belə,
    Əl tuta bilmirəm ata-anama.
    Bacara bilmirım ürəyim ilə,
    Hələ tələbəyəm məni qınama.

    Mən ki bir ocağı qoyub gəlmişəm,
    Orda məndən həsrət gizləyənlər var.
    Demirəm-obamdan doyub gəlmişəm,
    Yolumu ümidlə gözləyənlər var.

    Hələ ki sevinci qüssə dalayır,
    Hələ ki arzular çeşmə-çeşmədir.
    Arzuya yön olan yollar dolayı,
    Ümidlə yaşanan ömrüm çeşmədir.

    Hələ bu cahandan tələblərim çox-
    Hələ ev tikməli,ad almalıyam.
    Səndəsə gözləmək hövsələsi yox…
    Görünür mən sənə yad olmalıyam.

    Çəkmə imtahana baxışla məni,
    Qınama ürəkdən gələn sözümü.
    Bağışla gözəlim,bağışla məni,
    Hələ ki,gəzirəm özüm-özümü.

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    Azərbaycan.Bakı.1984

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    Dərd olar

    Məqamı çatıbsa, niyə gizləyim,
    Qoy açıq söyləyim, yoxsa dərd olar:
    Mənim gözlərimə baxan gözlərin
    Bir an özgəsinə baxsa dərd olar.

    Kim deyər dərdini sinəndə saxla!
    Sən kükrə çay kimi, sel kimi çağla.
    Kürçaylı, gözlərin dolubsa. ağla,
    Göz yaşı ürəyə axsa dərd olar!

    İstərəm

    Mən sənin eşqinin asimanında
    Aya, ulduzlara çatmaq istərəm.
    Min-min səadəti boyunbağıtək
    Mən sənin boynuna atmaq istərəm.

    Bir sən, bir mən olum, bir uçuq kaha –
    Heç nə istəmirəm taledən daha.
    Bütün kədərini alıb çox baha,
    Sevinci havayı satmaq istərəm.

    Yaşayım yüz il də, milyon da, min də –
    Həyatım bitəcək;
    Həmin o gündə
    Sənin gözlərinin dərinliyində
    Boğulmaq istərəm, batmaq istərəm.

  • Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər

    Azərbaycanım

    Bu yerlə darıxıb gül əllər üçün,
    Yurdumu vəsf edən şən dillər üçün,
    Sözlə mülk ucaltdım bu ellər üçün,
    Güllü gülüstandır Azərbaycanım.

    Cənnət ocağıdır, cənnət bağları,
    Göylərə ucalır vətən dağları.
    Könülllər isidir pir ocaqları
    Güllü gülüstandır Azərbaycanım.

    Seyr edin Qubanı, uca Şahdağı,
    Tovuzu, Gəncəni, Mili, Muğanı,
    Belə el tapmazsan, gəzsən cahanı,
    Güllü gülüstandır Azərbaycanım.

    Ziyarət eyləyin buz bulaqları,
    Seyr edin zirvəli uca dağları,
    Göz oxşar, bəhrəli meyvə bağları,
    Güllü gülüstandır Azərbaycanım.

    Bir baxın dəyişən fəsillərinə,
    Vahidin şerinə, qəzəllərinə,
    Gələcək bəxş edən nəsillərinə,
    Güllü gülüstandır Azərbaycanım.

    Bu elin gəzməli qoruqları var,
    Xəzərdə şəhəri, buruqları var.
    Hər gündə minlərlə qonaqları var,
    Güllü gülüstandır Azərbaycanım.

    Bəxş edib verməyə torpağımız yox,
    Ayaqlar altında papağımız yox.
    Çörəyi verərik, Qarabağı yox,
    Güllü gülüstandır Azərbaycanım.

    Küləklər məskəni elimin adı,
    Azəri adlanır dilimin adı,
    Yurdum başdan-başa sirli dünyadı,
    Güllü gülüstandır Azərbaycanım.

    İzim qalıb

    Hər qarışı addım-addım,
    Günüm keçib gəzə-gəzə.
    Dənizləri üzə-üzə,
    Yad elllərdə izim qalıb.

    Kam almışam axşam-səhər,
    Xumar gözlü gözəllərdən.
    Tənhalığa dözənlərdən
    Yazılmamış sözüm qalıb.

    Neçə-neçə şəhərlədə,
    Gur limanlı ölkələrdə,
    Göz oxşayan meşələrdə,
    Guşələrdə gözüm qalıb.

    Haram işdə sayqılığa,
    Yalan sözdə vurğunluğa,
    Baxışlarda soyuqluğa,
    Baxan qəlbdə dözüm qalıb.

    Neçə liman, neççə körpü,
    Neçə dalan, neçə hörgü,
    Dünya başdan-başa sərgi,
    Şəkillərdə izim qalıb.

    Barmaq tutub saymasam da,
    Nöqtələri qoymasam da,
    Məskunlaşıb qalmasam da,
    Baxışlarda üzüm qalıb.

    Sel deyiləm, aşıb daşam,
    Ürək deyir-düzüb, qoşam.
    Uçub gedən qaranquşam,
    Ürəklərdə sözüm qalıb.

    İstanbul, Türkiyə Cümhurriyəti

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AY ÜRƏYİM

    “Mənim dünyam” – silsiləsindən

    Ey qəlb, niyə pozursan,
    Ritmini, ahəngini?
    Öz içində yozursan,
    Dünyanın cəfəngini.

    Məgər sənə qalıbdır,
    Bu aləmin dərd-səri?
    Qüssə səni sarıbdır,
    Nuş edirsən qəhəri.

    Ey qəlb, yetər ağladın,
    Qırıldı bağın, telin.
    Qüssə, kədər bağladın,
    Əydin vücudun belin.

    Necə zəif düşmüsən,
    Döyüntün də duyulmur.
    Yorulub, büzüşmüsən,
    Səni hiss etmək olmur.

    Ey qəlb, dön bax Dövrana,
    Ilham, təbb sənə bağlı.
    Yetər, zülm etdin ona,
    Qoyma sinəsin dağlı.

    GÖZ YAŞIMI SİLƏSƏN

    “Mənim dünyam” – silsiləsindən

    Payız gəldi gül yanağım saraldı,
    Sis- dumandan ala gözlər toraldı.
    Günü- gündən gün- güzəran qaraldı,
    Kaş gələsən, əhvalımı biləsən,
    Gözəl Anam, göz yaşımı siləsən.

    Ağlayanda tumarlardın telimi,
    Qurudardın gözdən axan selimi.
    Sən bilərdin dəcəl qızın dilini,
    Yenə gəlib güldürəsən- güləsən,
    Gözəl Anam, göz yaşımı siləsən.

    Bağçamız da həsrət qalıb mehrinə,
    Qızıl güllər soldu sənin qəhrinə.
    Sənsiz necə çıxım səfa sehrinə?
    Dağlar boyda dərd sərimi biləsən,
    Gözəl Anam, göz yaşımı siləsən.

    Nübar balan bilsən necə darıxmış,
    Həsrət- həsrət yollarına, hey baxmış.
    Həyat yormuş, hal-pərişan, karıxmış,
    Röyasında,xəyalında – yenə Sən,…
    Gözəl Anam, göz yaşımı siləsən.

    Həsrət, hicran dağ çəkibdi Dövrana,
    Döndəribdir onu mələr ceyrana.
    Mələksimam, səmagözlüm,- can Ana,
    Görüşümə hər röyamda gələsən,
    Gözəl Anam, göz yaşımı siləsən…

  • Abdulla MƏMMƏD.”Qarı nənə, ağı deyib ağlama!”

    abdullamuellim

    (“Didərgin şərqisi”,”Qaçqın harayı” silsiləsindən)

    Bu çöllərin durnaları didərgin,
    Bu torpağı parçalar kim,didər kim?
    Bu göylərin yaxasını didər kin,
    Qarı nənə,ağı deyib ağlama!

    Qarı nənə,göyün üzü qaradır,
    Astarı göy,əyan üzü qaradır.
    Qarı nənə,bu göy üzüqaradır,
    Qarı nənə,ağı deyib ağlama!

    Qara bulud qara gündür,qara gün,
    Qara teli ağ edəndir qara gün.
    Sən də,mən də qaragünük,qaragün,
    Qarı nənə,ağı deyib ağlama!

    İslanmışıq-qorxumuz yox yağışdan,
    Ya payızdan deyilik biz,ya qışdan.
    Ayağımız üzülübdü yoxuşdan,
    Qarı nənə,ağı deyib ağlama!

    Görən kimə göy üzü daş saxlayır?!
    Yurdu gedən bədəndə baş saxlayır.
    Hərə bir cür vətəndə baş saxlayır,
    Qarı nənə,ağı deyib ağlama!

    Gözümüzdə göz dağıdır Xocalı,
    Bu qüssədən,Allah,ürək qocalır!
    Vətən para deyil dərdi borc alım,
    Qarı nənə,ağı deyib ağlama!

    Yurdumuzda qərib olduq neçəmiz,
    Yadlaşdıqca Həkərimiz,Göyçəmiz.
    Gör kim idik,necə endik heçə biz,
    Qari nənə,ağı deyib ağlama!

    Azərbaycan.Quba.1996.

  • Rahilə DÖVRAN.”Mənim qismətim”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Vətən borcunu yerinə yetirərkən şəhid olmüş əsgər- Cəlil Ələsgər oğlunun xatirəsinə

    Ağlamayın ata, ana, sızlayar qəlbim,
    Əcəl məni harda tutar , necə biləydim?.
    Zalım fələk tora saldı, zavala gəldim,
    Bitdi Sizə, Vətənimə şanlı xidmətim-
    Şəhid əsgər olmaq imiş mənim qismətim.

    Bir qız sevdim, xalı vardı gül yanağında,
    Əhdi-peyman bağlamışdıq, gənclik çağında.
    Onun üçün gün sayırdım Soyuq dağında,
    Boynu bükük qaldı yarım, ilk məhəbbətim-
    Toyu yasa dönmək imiş mənim qismətim.

    Bu Allahın təqdiridir, nə etmək olar?,
    Hər bir kəsə ömür yazıb, vaxt gələr dolar.
    Bəzən güllər açılmamış, qönçəykən solar,
    Xəzan vurdu, tələf oldu sərvi-qamətim-
    Nakam, cavan getmək imiş mənim qismətim.

    Qəbrim üstə gül-çiçəklər, düzməyə gəlin,
    Nakam, cavan, daş şəklimi, süzməyə gəlin.
    Demirəm ki, özünüzü , üzməyə gəlin,
    Ruhum görsün yaşıyacaq xətir, hörmətim-
    Daim cavan qalmaq imiş, mənim qismətim.

    Mən şəhidəm Vətən, Ana, millət yolunda,
    Halal olsun torpağıma, canım, qanım da.
    Azərbaycan əsgərini siz salın yada,
    Yadda qalsın igidliyim, həm mətanətim-
    Vətən oğlu olmaq imiş, mənim qismətim.

  • Qiymət MƏHƏRRƏMLİ.”O gecə…”

    qm

    (1992-ci il fevral ayının 25-dən-26-na keçən gecə… Xocalı faciəsinin baş verdiyi o müdhiş gecədən 25 il ötür. Yaralarımız hər gün təzələnir, çünki müqəddəs şəhidlərimizin qanı yerdə qalıb. Bax, elə buna görə bizi bağışlamayın, şəhid ruhları!…)

    O gecə – ruhların qiyam gecəsi,
    O gecə – insanlıq ölən gecəydi.
    Bütün ümidləri ayaz vurmuşdu,
    Bütün əzablara şölən gecəydi.

    Sanki yerdən göyə od püskürürdü,
    Dalmışdı xəyala qulağı karlar.
    Gözləri korların qəlbi daş idi,
    Ölüm daşıyırdı bütün qatarlar.

    Xocalı dardaydı…
    kimdi duyan bəs –
    Bu yurda bir daha yaz gəlməyəcək?
    Ölümə hamilə, qana hamilə
    Gecənin bətnində boğulur mələk…

    Xocalı dünyanın qan çanağıydı,
    Körpə naləsiydi qəlbləri dələn.
    Tanrı nəzərindən salmışdı sanki…
    Sanki bir bəlaydı göylərdən gələn…

    Zamanın köksünə dağ çəkilirkən,
    Bəs niyə susurdu buna Yer üzü?
    Qəflət yuxusunda uyudulurdu,
    Bərk-bərk qapanmışdı dünyanın gözü.

    Hardaydı ədalət deyilən divan,
    Hardaydı dünyanın görən gözü bəs?
    Türküm qan gölündə boğulan gecə
    Tanrı qulağına çatmadı bu səs.

    Amandı, haray çək, susma, Xocalım,
    Danış, nələr gəldi başına sənin.
    O mənfur cəlladlar, o vəhşi düşmən
    Gör necə su qatdı aşına sənin.

    Oğlunun, qızının sinəsi dağlı,
    Param-parça olmuş bu yurd nədəndi?
    Körpə naləsindən titrədi dağlar,
    Bu başı itirən hansı bədəndi?

    Yan-yana döşənən cəsədlər deyir,
    Mən sənin iqbalsız balanam, Vətən!
    Xocalı deyilən bəxtsiz bir yurdun
    Huşsuz yaddaşında qalanam, Vətən!

    Xocalı adında şəhiddi bu yurd,
    Bir ana qəlbindən fışqıran ahdı.
    Bir ahıl qocanın nəvə fəryadı,
    Bir cavan ruhunda sönən sabahdı.

    Xocalım – mən sənə ağı demərəm,
    Hər gün çəkilərəm bu dərddən dara.
    Qaysağı qurumaz, gözü bitişməz,
    Sinəmə basılan közdü bu yara.

    Sən, ey insan qanı içib doymayan,
    Yurduma-yuvama göz dikən yağı,
    Bir gün sənin üçün məzar olacaq,
    İndi tapdadığın o türk torpağı!

    28.01.2017

  • Rahilə DÖVRAN.Xocalı soyqırımı ilə bağlı şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    QAN YADDAŞI

    Xocalı qətliyamına

    Heç nə yadına gəlmir,
    Onda varmış bir yaşı.
    Nələr yaşayıb, bilmir,
    Qan ağlayır yaddaşı.

    Öyrənibdi sonradan,
    Xocalıda doğulmuş.
    Yaddaş ölüm, qada, qan,
    Fərəh, sevinç, məhv olmuş.

    Cəsədlər toplananda,
    Çöldən, meşədən, dağdan.
    Səs duyublar son anda,
    Götürüblər qucaqdan.

    Ananın don cəcədi,
    Körpəsini qorumuş.
    Sanki bir əfsanədi,
    Arif üç gün uyumuş.

    Ata döyüşdə ölmüş.
    Qardaşından xəbər yox.
    Evləri qanlı gölmüş,
    Ailədən bir əsər yox.

    Körpə, ahıl, qocalı,
    Qan gölündə qərq olmuş.
    Həmin gecə Xocalı,
    Özü boyda, dərd olmuş.

    Neçə il ayırsa da,
    Arifi o gecədən.
    Ruhundakı qan – qada,
    Silinmir düşüncədən…

    ŞANDI XOCALI

    Zalimlər göz dikdi qonşü malına,
    Acıyan olmadı məzlum halına.
    Gəldi bir gecənin bəd zavalına,
    Talandı, odlandı, yandı Xocalı.

    Qarlı qış gecəsi, şaxta, qar, ayaz,
    Fələk insan biçdi, əlində dəryaz.
    Qar üstə lalələr, sanki gəlib yaz,
    Üfüqü boyayan, qandı Xocalı.

    Əcəl döymədiyi qapı qalmadı,
    Içdi xəlvər- xəlvər, qandan doymadı.
    Nəşlər tikə – parça, qıyma – qıymadı,
    Zamanın donduğu, andı Xocalı.

    Yağı ac qurd kimi qana uladı,
    Şimal ayısının qıçın yaladı.
    Özgə süngüsüylə, meydan suladı,
    Məhşər, qiyamətdi – sandı Xocalı.

    Dünya ucaltmadı etiraz səsin,
    Təklədi gavurlar Odlar ölkəsin.
    Kəsdi ulu yurddan sakin nəfəsin,
    Tək- tənha, sozalan, Dandı Xocalı.

    Keçmişdə qalıbdır, o vaxt, o zaman,
    Vardır Milli Ordum, cəsur, qəhrəman.
    Duysun yağı düşmən, – söyləyir Dövran:-
    Görəcək, həm şöhrət, şandı Xocalı.

  • Əliağa KÜRÇAYLI.”Macəra”

    O çıxdı qarşıma gülümsəyərək,
    Gözəl, yaraşıqlı, boylu, buxunlu,
    Məsumdu Sikstin madonnasıtək,
    Dedim, mən axtaran elə budur, bu…

    Bizim ilk tanışlıq mərasimimiz
    Çox uzun çəkmədi. (Nəyə gərəkdir.
    Dedim, əbədilik dost oluruq biz,
    Zaman hər bir şeyi göstərəcəkdir.)

    Bəli, bu tanışlıq çox asan oldu,
    Sandım ki, tapmışam gözəl bir inci.
    İlk görüş yerimiz restoran oldu,
    O təklif elədi bunu birinci.

    Gecə yarıyadək oturduq qoşa,
    Mənim göz qapağım artıq enirdi.
    Şampan şərabları hey daşa-daşa
    Büllur badələrdə köpüklənirdi.

    Hər şeyin öz vaxtı, öz vədəsi var.
    Gərəkdir hər şeyin qədəri olsun.
    Bəli, şərabın da öz nəşəsi var,
    Ancaq ağlın bundan xəbəri olsun.

    Çıxıb restorandan biz yola düşdük,
    Xoş bahar gecəsi artıq yarıydı.
    Sakit küçələrdə yüz yol öpüşdük,
    Şahid göy səmanın ulduzlarıydı.

    (Şair, süzmə məni gözlərində kin,
    Məni salacaqsan şeirə sal, nə qəm.
    “Müsbət qəhrəmanın” deyiləm sənin
    Ki, öpüş bilməyəm, şərab bilməyəm.)

    Biz onun evinə gəldik birbaşa
    Oturduq, danışdıq, güldük doyunca.
    Baxdım yorulmadan o gözə, qaşa
    Baxdım gözlərimə yuxu qonunca.

    Mən heç soruşmadım o qız təkmidir,
    Nəyi var qardaşdan, ata-anadan?
    Bu evə bir kimsə gələcəkmidir,
    Yoxsa o özüdür burda hökmran?

    Hisslər ağlımıza üstün gələndə
    Hər şey unudulur, deyim səmimi,
    Ömrümdə ilk dəfə özümü mən də
    Apardım onunla kişilər kimi…

    Nəşələr içində açdıq səhəri,
    Günəş boylananda oyandıq biz də.
    Dünənki o gözəl xatirələri
    Yenə canlandırdıq ürəyimizdə.

    Elə bilirdim ki, mənimdir aləm,
    Mənimdir o gözlər, boy, buxun, bədən…
    Qapının zəngini çaldılar bu dəm,
    O təlaş içində qalxdı yerindən.

    Baxdı gözlərimə, baxışlarından
    Mən aydın bildim ki, gələn əriydi.
    Demək dodağımda sübhədək yanan
    Ərli bir arvadın öpüşləriydi!

    O açdı qapını gülümsəyərək,
    Sarıldı ərinə bərk-bərk bir anda…
    Məsumdu Sikstin madonnasıtək,
    Yox! Yüz qat məsumdu madonnadan da!

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    “Xərclədim gəncliyi qara pul kimi”

    Xərclədim gəncliyi qara pul kimi
    Yerini bilmədən, əsirgəmədən.
    Vardan-yoxdan çıxan bir yoxsul kimi
    Onu axtarıram, axtarıram mən.

    Kefdəmi, nəşələr qucağındamı
    Getdi o illərim, getdi gəncliyim?
    Gözəl xanımların dodağındamı
    Soyuq öpüş kimi itdi gəncliyimi?!

    XATİRƏ

    Burda min şövq ilə biz
    Görüşərdik o zaman.
    Burda gənc qəlblərimiz
    Keçirib min həyəcan.

    Bu yaşıl kürsülərin
    Oturardıq üstə.
    Anıram mən,
    O sənin
    Tutduğun güldəstə —
    Toxunarkən üzümə
    Sən gülərdin ucadan.
    Burda gənc qəlblərimiz
    Keçirib min həyəcan.

    Yadımdadır yenə də
    O yaşıl yarpaqlar.
    Çox tanışdır sənə də
    O söyüdlər, o çinar.

    Onların gövdəsinə
    Yazardıq eşqimizi.
    Quşlar öz nəğməsinə
    Valeh etmişdi bizi.

    Burda idik hər yaz,
    Yay, payız – son ayacan,
    Burda gənc qəlblərimiz
    Keçirib min həyəcan.

    O gözəl günlər hanı?
    Hardasan indi de sən?
    Burda keçmiş bir anı
    Qaytaraydım geri mən!

    Qaytaraydım səni də;
    Elə gənc, sadə, gözəl!
    Və deyəydim: yenə də
    Bu yaşıl bağçaya gəl.

    Bağ həmin bağdır, inan,
    Necə görmüşdük biz.
    Burda bir sən yoxsan,
    Bir də ilk gəncliyimiz!

  • Rahilə DÖVRAN.”Hey sovürur, qoca dünya xırmanın”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Mənim dünyam” – silsiləsindən

    Nə don geysə, xeyir- şərdən seçilir,
    Günü- gündən haqqın boyu kiçilir.
    Insan qanı şərbət kimi içilir,
    Hey sovurur, qoca dünya xırmanın?

    Sındı sənək, içində su qalmadı,
    Çox sirrini dərk eləyən olmadı.
    “Gələn- getdi”, gözü, könlü doymadı,
    Hey sovürur, qoca dünya xırmanın?

    “Qara qoçu”, “ağ qoçu” var dünyanın,
    Çox xətası, çox suçu var dünyanın.
    Əbədisi, həm puçu var dünyanın,
    Hey sovurur, qoca dünya xırmanın?

    Bəsirətlə pərdələrsən gözləri,
    Gərdişinin qanla dolu izləri.
    Dəryazın hey, biçdi doğru, düzləri,
    Hey sovurur, qoca dünya xırmanın?

    Nədir səni həris edən al qana?
    Bicə anda, qiyarsan sən, min cana.
    Dur cavab ver, bu şairə Dövrana,
    Hey sovurur, qoca dünya xırmanın?…

  • Debüt: Ömər NURLAN

    “Gənc istedadlara yaşıl işıq” layihəsi çərçivəsində

    Canım qardaşım

    Şeirlərim həsr olunur sənə, əziz qardaşım,
    Yoxdur mənim də artıq mənə sadiq yoldaşım.
    Kaş olaydın yanımda əziz dostum, sirdaşım,
    Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

    Gəzdiyimiz o yerlər mənə necə, əzizdi,
    Uşaqliğın illəri caf su kimi təmizdi,
    Günəş kimi, ay kimi ömür də əvəzsizdi,
    Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

    Nisgilindən qəm çökdü günlərimə, qayıt gəl,
    Ayrılığın zindandı illərimə, qayıt gəl.
    Özün itir bu dərdi, özün ovut, qayıt gəl,
    Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

    Gün gələr

    Son sözün fikrini bəyan eylədi,
    Yazırsan həyatım bir başqasıdı.
    Gedirsən, könlündə bilmirəm kim var,
    Mənim könlümdəki eşq yarasıdı.

    Sevgimi qatıram bil sətirlərə,
    Sənə həsrətimi qələm anladar.
    Mənim intizarla yol gözlədiyim,
    Gün gələr səni də kimsə aldadar.

    İtib sənsizliyin dalğalarında,
    Çırpındım, can atdım sahilə sarı.
    Sən isə boğuldun yalanlarında,
    Sındı buz sevginin buz qanadları…

    Nifrətim

    Şəklini çəkirəm xatirələrdə,
    Nifrətim bir rəngi seçır sadəcə.
    Eybəcər görünür çəkdiyim şəkil,
    Yaman üzülürəm səni görüncə.

    Amansız küləklər səni soldurub,
    Can verə bilmərəm istəsəm belə.
    Bu qədər vəfasız olardınmı sən,
    Məni niyə saldın dillərdən dilə?

    Nifrətim oxşayır ipək telini,
    Qara rəng nə yaman yaraşır sənə.
    Sənli günlərimdən, sənli dünyamdan,
    Bir şəkil yadigar qalacaq mənə.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    ETİRAF

    Bilirəm səhvimi, günahlarımı,
    Demirəm onları bağışla mənə.
    Günahsız deyildir həyatda hamı,
    Baxma töhmət dolu baxışla mənə.

    Bəzən sürüşübdür ayaqlarım da,
    Mən əyri yolu da doğru sanmışam.
    Yalan da dolaşıb dodaqlarımda,
    Özüm də yalana çox inanmışam.

    Bəzən gülə-gülə ağlamışam mən,
    Aydın görünməmiş əsil sifətim.
    Ağlaya-ağlaya gülmüşəm bəzən,
    Özümə sirr olub öz təbiətim.

    Bunlar əzab verir onsuz da mənə,
    İti neştər olub batır gözümə.
    Bilirəm səhvimi… təzədən yenə
    Sən allah, onları vurma üzümə.

    RÜŞVƏT

    Nə vəzifəm, nə rütbəm, nə hökmüm, nə fərmanım,
    Əzəl gündən kağıza, qələmədir gümanım.
    Kim mənə rüşvət verər?
    Nəyə görə?
    Nə üçün?
    Ancaq dostum, qınama, rüşvət yemişəm bu gün.
    Rüşvət rəngli kürüdən çəkdim çörəyimə mən,
    Rüşvət bud qurtarmadı canını dişlərimdən.
    Mən çolpadan əmliyə, baldan qaymağa keçdim,
    Yedim rüşvət tikəni üstündən su da içdim.
    Lətifə danışdılar gülə-gülə yedim mən,
    Rüşvət nazu-neməti bilə-bilə yedim mən.
    Ev sahibi bunları özü qazanmış kimi
    Qürurla seyr edirdi kəsdiyim hər tikəmi.
    İndi sinəm Vezuvi vulkanını andırır,
    Hər tikə qızmar dəmir – içərimi yandırır.
    Bu gün çörək yemişəm rüşvətxor süfrəsində,
    Mən də bir rüşvətxoram həqiqətin səsində.
    Rüşvət tikə yemişəm, rüşvətxoram şübhəsiz,
    Boğazıma salmağa mənə lələk verin siz!

    1975

  • Rahilə DÖVRAN.”Sən öyrətmisən” (Şəkilli şeir)

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

  • Şəfa VƏLİYEVA.”Bayram payı göndərmisən…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Baxışına qəmi yığıb
    Bayram payı göndərmisən…
    Hardan biləsən axı,
    Məni məndən döndərmisən…
    Bu quruca şəkil deyil,
    Mənsizliyin portretidi…
    “Gəlləm” -deyib əl eyləyir,
    Ümid də müvəqqətidi…
    Bəs mən sənə nə göndərim?
    Nə ağırdı qəm payından?
    Qorxuram, vüsal vədindən,
    Hər şey tez çıxır yadımdan…
    Kəniziyəm ayrılığın…
    Nə bilim…
    Bəxtə nə deyim…
    Sənin xoş gün axtardığın
    Bu ömür
    O ömür deyil…

  • Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”

    1902788_614529541965133_896121757_n

    XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

    Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
    Böyük şairi YUNUS, sənə salamlar olsun!
    ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
    MÖVLANA məclisində HAQQı deyən söz olan.
    Çəkib həsrətin yenə çiçəklər kimi solan,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
    SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
    “ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
    HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
    Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQ dastanla yağının qəlbini dələn zaman,
    KONYAda mədrəsəni bitirib gələn zaman.
    Bir nur olub sufinin qəlbinə ələn, zaman,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    Qoşma, gəraylılarda yağının gözün oyan,
    Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
    “RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
    Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!

  • Xalq şairi Cabir NOVRUZ

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • Xalq şairi Nəbi XƏZRİ

    Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) — şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).

    Həyatı

    Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

    Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

    Yaradıcılığı

    Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

    Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

    Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.

    Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

    Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

    “İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.

    Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.

    Mükafatları

    SSRİ dövlət mükafatı
    Ümumittifaq Lenin komsomolu mükafatı
    Azərbaycan SSR dövlət mükafatı
    “Lenin” ordeni
    “Qırmızı Əmək Bayrağı” ordeni — 1975[1]
    Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979[2]
    “Şöhrət” ordeni — 17.12.1993[3]
    “İstiqlal” ordeni
    Bolqarıstanın Kiril Metodi ordeni

    Şeirlərinə yazılmış mahnılar

    Şövkət Ələkbərova – Dərələr – musiqi: Emin Sabitoğlu
    Elmira Rəhimli – Mavidir – musiqi: Emin Sabitoğlu
    Zeynəb Xanlarova – Gələrmi, gəlməzmi? – musiqi: Zeynəb Xanlarova
    Anatollu Qəniyev – Pəncərəmə qondu çiçək – musiqi: Tofiq Quliyev
    “Qaya” vokal kvarteti – Sən danışanda (Səsini eşidirəm) – musiqi: Tofiq Babayev
    Brilliant Dadaşova – Güllərim musiqi: Arif Məlikov

    Filmoqrafiya
    10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) (Aztv)
    Çiçəklənən Abşeron (film, 1967) (televiziya filmi) – ssenari müəllifi
    Zirvə buludu (film, 1972)
    Şeir mənim üçün bir kainatdır (film, 1984)
    Nəbi Xəzri (film, 1987)
    Şeirin xəzrisi (film, 2000)
    Sahil bağı (film, 1967) – ssenari müəllifi
    Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-əsər müəllifi, ssenari müəllifi

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GÖZ YAŞLARINA

    “Mənim dünyam” – silsiləsindən

    Dövran dönür, zaman keçir, vaxt təzələnir,
    Ömrə, günə acı-şirin anlar ələnir.
    Kimi gülür, kimi bədbin, kimi şellənir,
    Bu gün kimsə güvənməsin sərvət, varına-
    Fani dünya acımayır göz yaşlarına.

    Haramxorlar, haqq yeyənlər eşitsin, duysun,
    Bərk tutduğu dünya malın , əl çirki saysın.
    Bəsirətdən xilas olsun, qalxsın, ayılsın,
    Yığdıqları axirətdə gəlməz karına-
    Fani dünya inanmayır göz yaşlarına.

    Çox Səddamlar, Qəddafilər görüb bu dünya,
    Mübarəkin ehramları çatırdı aya.
    Taxt-tac üçün bu gün Əsəd , asi Tanrıya,
    Çeviribdir yazıq xalqı öz şikarına-
    Fani dünya acımayır göz yaşlarına.

    Tazı təkin arxalanıb öz yiyəsinə,
    Düşmən bizə caynaq atıb vəhşicəsinə.
    Bilərəkdən göz yumulur Haqqın səsinə,
    Həsrətdədir yurdda bülbül halal xarına-
    Fani dünya acımayır göz yaşlarına.

    Qış fəslinin yaraşığı dumandır, qardır,
    Dumanın da, boranın da bir sonu vardır.
    Sevin Dövran , qarşımızda, öndə bahardır,
    Qovuşacaq şikəstəmiz qaval, tarına-
    Son qoyacaq el-obamız göz yaşlarına.

    QURBAN OLDUĞUM

    “Könül dəftərim” – silsiləsindən

    Könül səni seçib, səni sevmişəm,
    Eşqinin gücündən ilham aldığım.
    Canımı- canına qurban demişəm,
    Sevdalı canına, qurban olduğum.

    Sarılam boynuna güllə, çiçəklə,
    Saçını oxşayam həzin küləklə.
    Vəsf edəm boyunu nəğmə, çələnglə,
    Sevdalı canına, qurban olduğum.

    Eşqinə, sevginə layiq olasan,
    Duyğusal qəlbimin qəhrin alasan.
    Ömürlük qanıma hopub qalasan,
    Sevdalı canına, qurban olduğum.

    Simruğun olaram, qanad çalaram,
    Ölüncən əhdimə sadiq qalaram.
    Gündə yüz yol gülüm, qadan alaram,
    Sevdalı canına , qurban olduğum.

    Gecə- gündüz deməm, hər an yoxlaram,
    Yarımı göz üstə, gültək saxlaram.
    Bir ömür telini öpüb, qoxlaram,
    Sevdalı canına, qurban olduğum.

    Əfsunun hökm etdi ürkək ceyrana,
    Siyarət eylədin ruha, həm cana.
    Oldun Allah lütfü, şair Dövrana,
    Sevdalı canına, qurban olduğum…

  • Əliağa KÜRÇAYLI.Şeirlər


    SƏNƏTİN QÜDRƏTİ

    Məşhur rus rəssamı K.P.Brüllovun
    “Türk qızı” şəklinə baxarkən

    O türk qızı başım üstə
    Dirsəklənib yatağına,
    Qara saçı halə kimi
    Dövrə vurub qulağına.

    Zər vaftalı qara donu,
    Allah, necə tutur onu!
    Əyilibdir yana boynu,
    Kölgə düşüb buxağına.

    Qaşlar – qara, göz – badamı,
    Dəli elər hər adamı.
    Bürünübdür gül əndamı
    Tirmə şalın saçağına.

    Çırtma vursan – yanağından
    Axacaqdır sanki al qan.
    Təbəssümdür, ya həyəcan
    Qonub onun dodağına?

    Seyr edirəm bu şəkli mən,
    Danışacaq sanki birdən.
    Türk gözəli, xoş gəlmisən
    Kürçaylının otağına.

    Moskva, 1950

    “Sevgidən danışan şeirlərimi”

    Sevgidən danışan şeirlərimi
    Siz əsla yazmayın mənim adıma.
    Yox, yox, sevməmişəm mən sizin kimi,
    Gizli görüşlər də gəlmir yadıma.

    Məhəbbət yaşına girdiyim ildə,
    Eşqin nəğməsini mərmilər dedi.
    Məhəbbət təşnəsi dodaq da, dil də
    “El-oba yasdadır, kim sevər?!” – dedi.

    O qız da…
    O qız da qaldı uzaqda,
    Bəlkə ölən eşqə yas saxlayır o?
    Kim bilir, bəlkə də məhəbbət haqda
    Yazılmış bir roman varaqlayır o?!

    Oxuyur özgənin macərasını,
    Gizli görüşləri, vüsal dəmini.
    Kitabla unudur könül yasını.
    Unudur ömrünün dərdi-qəmini?!

    Mən də özgələrin məhəbbətinə,
    Bəxtiyar eşqinə şeir yazıram.
    Oxuyan “bəxtəvər” söyləyir mənə,
    Qəlbimi yandırır, yaxır öz yaram.

    Bir şeir kitabım, qəflətən əgər,
    O qızın əlinə keçərsə bir gün,
    Yəqin o da mənə “bəxtəvər” deyər
    Sevgidən danışan şeirlər üçün.

    Yox, yox sevməmişəm mən sizin kimi,
    Gizli görüşlər də gəlmir yadıma.
    Sevgidən danışan şeirlərimi
    Siz əsla yazmayın mənim adıma.

    Ordakı hər sözə siz fikir verin,
    Hər xətdə bir tale, bir ünvan gəzin.
    Məhəbbət nəql edən o şeirlərin
    Bədbini mənimdir,
    nikbini sizin.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    TURAC

    Çıxdı Kürün qırağında
    Qarşıma bir bala turac.
    Yada düşdü keçən günlər,
    Kaş o dəmlər ola, turac!

    Ürkək gözəl təkdi, keçdi,
    Kolluqlarda səkdi keçdi.
    Sinəmə dağ çəkdi keçdi,
    Getmə bir an, qal, a turac!

    A Muğanın gözəl qızı,
    Unutdunmu andımızı?
    At işvəni, burax nazı,
    Qon yamaca, yala, turac!

    Gəl səninlə səhər-səhər
    Seyrə çıxaq biz bir qədər.
    Ömrümüzdən keçən günlər
    Bir də dönmür dala, turac.

    Çöllər yanar Kür olmasa,
    Qəlb boş qalar sirr olmasa,
    İki ürək bir olmasa
    Dostlar getməz yola, turac.

    Kürçaylı adlanan kəsin
    Dərmanıdır sənin səsin.
    Sən oxu, o şeir desin,
    Qıyma əhli-hala, turac!

    1956

    HƏYAT

    Kiminə laləli seyrəngah olmuş,
    Kiminə quyudur, tələdir həyat.
    İnsanı üyüdür dəyirman kimi,
    Sonra da ələkdə ələdir həyat.

    Yolları gah nurlu, gah da dumandır,
    Gah bəla gətirən, gah qəm alandır.
    Kiminə dalğalı bir okeandır,
    Kiminə damcıdır, gilədir həyat.

    Kiminə şeş qoşa, kiminə dübir,
    Kimini şah edir, kimi vəzir.
    Kiminin gözündə kefdir, nəşədir,
    Kiminə ağır bir şələdir həyat.

    Gah qurur, yaradır, gah da sökdürür,
    Gözü gah güldürür, gah yaş tökdürür.
    Quzuya şir kimi nərə çəkdirir,
    Şiri quzu kimi mələdir həyat.

    Qəmə sevinc qatır, sevincə kədər,
    Verdiyi nəşə də əzabdan betər.
    Kürçaylı, bu giley, şikayət yetər,
    Əzəldən belədir, belədir həyat!

    1976

  • “Temirlan” (“Əmir Teymur”) “Həmrəylik” qazandırdı

    Ötən il sentyabrın 9-da Moskvada keçirilən ” Müstəqil Dövlətlər Birliyinin XIII Beynəlxalq Həmrəylik Müsabiqəsi”nə yekun vurulldu.Müsabiqə çərçivəsində Qırğızıstanın Uluu Тооlоr nəşriyyatı tarixi əsərlər müəllifi Yunus Oğuzun “Əmir Teymur” ( Тemirlan) iki cildliyinin keyfiyyətli nəşrinə görə mükafatlandırılıb.
    Qeyd edək ki, nəşriyyat “Həmrəylik” nominasiyası üzrə II dərəcəli diplom alıb.Məlumata görə tədbirdə 9-10 ölkənin nümayəndələri iştirak edirdi .Ermənistan kitabın qalib olmasına əngəl törətmək istəsə də məqsədinə çata bilməyib.
    Xatırladaq ki, kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilib.

    Mənbə: http://www.olaylar.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ

    Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), “İlin şairi” makafatı laureatı (2010).

    Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır.
    1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur.
    1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
    1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
    1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur.
    1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[1] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
    Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
    “Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

    Kitabları

    1.Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
    2.Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
    3.Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
    4.Qaraca Çobanın hekayəti. Bakı: 1960
    5.Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
    6.Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
    7.Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
    8.Nəriman. Bakı: Azərnəşr, 1968
    9.Niyə demədiniz. Bakı: Gənclik, 1970
    10.Zümrüd quşu. Bakı: Gənclik, 1973
    11.Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
    12.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
    13.Zümrüd quşu. Bakı: Gənclik, 1976
    14.Nəriman. Bakı: Yazıçı, 1978
    15.Sən bağışladın. Bakı: 1979
    16.Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
    17.Fikir eləmə. Bakı: Gənclik, 1982
    18.Kimin sualı var. Bakı: Gənclik, 1984
    19.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
    20.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
    21.Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
    22.Bütün millətlərə. Bakı: Yazıçı, 1991
    23.Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
    24.Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
    25.Pompeyin yürüşü. Bakı: “Azərbaycan ensiklopediyası”, 1995
    26.Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
    27.Poylu beşiyim mənim. Bakı: 2007
    28.Nəriman. Bakı: 2009
    29.Seçilmiş əsərləri. Bakı: 2010
    30.Nuru Paşa. Bakı: 2010

    Poemaları

    1.Nəriman
    2.Zümrüd quşu
    3.Kimin sualı var?
    4.Atabəylər
    5.Pompeyin Qafqaza yürüşü
    6.Midiya sarayı
    7.Bəyanət
    8.Həsrət
    9.Vətənsiz
    10.Heybədə gəzən şeir
    11.Şahid ol, günəş
    12.Rəsul Həmzətova məktub
    13.Şəhid atası Şərif qağaya məktub
    14.Qafqaz
    15.Cavid
    16.Qaçaq Kərəm
    17.Səfirə
    18.Xarı bülbül

    Povesti

    Nabat xalanın çörəyi

    Filmoqrafiya

    1.Nəriman Həsənzadə (film, 2006)
    2.Qəmbər Hüseynli (film, 2007)
    3.Mən Hüseyn Arifəm… (film, 2010)

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ

    240px-Bəxtiyar_Vahabzadə

    Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

    Həyatı

    Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur.
    Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
    Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.
    B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
    2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

    Xatirəsi

    Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyi var.
    Əsərləri[redaktə]1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
    2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
    3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
    4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
    5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
    6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
    7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
    8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
    9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
    10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
    11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
    12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
    13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
    14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
    15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
    16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
    17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
    18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
    19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
    20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
    21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
    22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
    23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
    24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
    25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
    26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
    27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
    28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
    29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
    30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
    31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
    32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
    33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
    34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
    35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
    36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
    37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
    38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
    39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
    40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
    41.Vətəndaş. Bakı: Gənclik, 1994,
    42.Fəryad. Bakı: Azərbaycan, 1995,
    43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
    44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
    45.İstiqlal. Bakı: Gənclik, 1999,
    46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
    47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
    48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
    49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
    50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
    51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
    52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh.

    Filmoqrafiya[redaktə]1. Akademik Yusif Məmmədəliyev (film, 2005)
    2. Azərbaycan naminə (film, 2005)
    3. Bakı bağları. Buzovna (film, 2007)
    4. Bəxtiyar Vahabzadə (film, 1987)
    5. Bəxtiyar Vahabzadə (film, 2003)
    6. Bizim qəribə taleyimiz (film, 2005)
    7. Böyük ömrün anları (film, 2006)
    8. Dünya şöhrətli məzun (film, 2003)
    9. Habil Kaman (film, 1984)
    10.İstiqlal şairi (film, 1996)
    11.Kamil (film, 1997) 12.Qəmbər Hüseynli (film, 2007)
    13.Qisas (film, 1991)
    14.Qızlar (film, 2007)
    15.Liderlik missiyası. 1-ci hissə (film, 2008)
    16.Mətbuat fədaisi (film, 2007)
    17.Mirzə Babayev (film, 2001)
    18.Muğam (film, 1995)
    19.Muğamat var olan yerdə… (film, 2009)
    20.Toğrul Nərimanbəyov (film, 1966)
    21.Zirvəyə doğru (film, 2007)g