Əlişad CƏFƏROV Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fəqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.
Xalq şairi Rəsul Rzaya
Bu ağır itkini varlığım danar,
Necə ki, ölməzlər ölümü danıb.
Aprelin birində bir dost aldanar,
Aprelin birində bir xalq aldanıb.
Uca zirvələri çən-çisək aldı,
Yamaca nə qaldı, yala nə qaldı?
Dünyaya gəlməyin həqiqət oldu,
Dünyadan getməyin yalana qaldı.
Nurlu misraların, odlu sənətin,
Könlümdən kədəri talan eylədi.
Vuruldum aprelin birinə, şair,
Gerçək ölümünü yalan eylədi.
1 aprel 1981-ci il.
Dördlüklər
Dünyanı çiyninə alıbdı qoca,-
Əsir yük altında zəif dizləri.
Sual işarəsi olubdu qoca,
Çoxlu nöqtələr tək ayaq izləri…
* * *
Dörd divar içində bəslənən hər gün
Qapqara bir daşdır, ürək deyildir.
Kim deyir, arabir tamaşa üçün
Bu güniş üfüqlıər gərək deyildir?
* * *
Qovaram qəlbimdən ağrılarımı,
Canımla, qanımla yaradaram mən.
Leysanda islanan misralarımı,
İsti şəfəqlərlə qurudaram mən.
Dünya bu gün
Yenə dinləyirəm son xəbərləri-
Fələstin övladı yurddan qaçaqdır.
Azadlıq altında gizlənənlərin
Arzusu, əməli işğlaçılıqdır.
Oğrunun, əyrinin inadına bax:
Başına tac qoyub xalqını soyur.
Bu dövrün, zamanın inadına bax,
Qara xəbərləri Ağ evlər yayır.
Əzmini, gücünü açıq duyanlar,
Ölkədən-ölkəyə qovğa ələyir.
Mənliyi, varlığı bur heç olanlar,
Yüksək kürsülərdən çıxış eyləyir.
Həyadan, abırdan qalmayıb əsər:
Çoxu öz-özünü öyən olubdur.
Üz-üzə gəlməkdən çəkinən kəslər,
Efirdə döşünə döyən olubdur.
Dalayır qəlbimi min fəğan, min ah,
Silah yarışları başlayır bu gün.
Xalqın əlləriylə düzələn silah,
Xalqın sinəsinə tuşlanır bu gün.
Arzu istəyimi daş belə anlar,
Bütün varlıqlara qəlbim həyandır.
“İnsan hüququ”ndan çox danışanlar,
İnsan hüququnu tapdalayandır.
Qısqanıram mən
Hələ vərəq-vərəq oxunmamışam,
Gedişin-gəlişin oxunur sənin.
Bəyaz əllərinə toxunmamışam,
Küləklər saçına toxunur sənin.
Otuzu adlayıb gözləmir yaşım,
Sonsuz həsrətindən usanıram mən.
Zülmət gecələrə necə tapşıram,
Səni gündüzlərə qsıqanıram mən?!
Quşlar yuva qurar
Quruyub qalmışam çölün düzündə,
Əsən küləklər də mənim yağımdı.
İki gün dustağam bu yer üzündə,
İkicə gün olur azadlığım da.
Aydındır hər kəlmən ay işığıtək,
Əsərəm yarpaqtək sözünün üstə.
Aralı düşərik iki günlüyə,-
Quşlar yuva qurar izinin üstə.
Bermut üçbucağı
Arzular, əməllər gülə bilməyir,
Dəhşətli fikirlə oyanır orda.
Əqrəblər yükünü çəkə bilməyir,
Deyirlər, zaman da dayanır orda.
Dünyaya bir ümman kədər ələdi,
İlan tək qıvrılıb çaldı dünyanı.
İnsan vəhşiliyi azlıq eylədi,
Qorxunc bir dəhşət də aldı dünyanı.
Qaranquş
Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir
Qayçı quyruq qaranquş
Ağın da var, qaran da
Niyə yoxdur sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş
Qismətin bahar olsun
Görməyəsən boran, qış
Yazdan mənə köynək biç,
Qayçı quyruq qaranquş.