ŞƏFA VƏLİ
Bir zamanlar şeir Tanrıçası mənim ruhuma da sığal çəkirdi… Qapıları bağlana bilər, həyat sıxıntılarla dola bilər, amma… ürəyimdəki, ruhumdakı yazmaq yanğısına heç nə heç vaxt qalib gələ bilməz…
VAMPİRİN ESSESİ

…Susamışdım. İçimdəki bu susuzluğu yatırmaq mümkünsüzlüyünün ənginliyindəydim. Sanki bütün dünyanın yanğınları boğazıma tıxanmışdı, gözlərimin giləsindən cadar-cadar olmuş torpağın qoxusu havaya çıxmağa can atırdı. Gecənin zülməti yavaş-yavaş gözlərimdə çəhrayılaşırdı. Qaranlığın içindən qarşıma gələn kiçik oğlan uşağını tanımırdım. Ha baxsam da, kiməsə oxşada bilmirdim. Axı bu kiçik kənddə hamı bir-birini tanıyırdı. Necə ola bilərdi ki, tanımadığım bu uşaq gecə vaxtı qarşıma çıxmışdı? Dizimin dibində dayanıb altdanyuxarı mənə baxan uşağı bir də diqqətlə süzdüm. Heyrətedici idi… Bu kənddə heç kimi xatırlatmırdı. Mənim ona baxdığımı görüncə oğlan da gözlərini bərəltdi. Genişlənən bəbəklərin dərinliyində su vardı… Anladım ki, bu oğlan susuzluğumu duyub, bəbəklərinə yığdığı qırmızı suyu mənimçün gətirib. Əyilib onun gözlərindən öpdüm… Öpdüm… Öpdüm… Doymaq bilmədən…

***
Səhərisi kənddə hamı danışırdı ki, traktorçu İzzətin altı yaşlı oğlunun gözlərini gecə yarasaları deşib. Anası uşağı pəyənin damına çıxarıbmış ki, quzuluğun bacasını örtüb üstünə daş qoysun. Yarım saat keçsə də, uşaqdan xəbər çıxmadığını görən ana özü dama çıxmış, uşağı yerdə, qan içində görərkən harayı kəndi başına almışdı. Qəribə bu idi ki, gözləri oyulan uşaqdan bir səs də çıxmamışdı. Yarımca saat içində qanaxmasından oğlan keçinmişdi. Bu, kənddə indiyədək görünməmiş hadisə idi. O gündən hamı axşamlar yarasa ovuna çıxır, tək-tük gözə dəyən ovucasığası yarasaları öldürürdülər. Lakin növbəti hadisə onları yarasaların “günahına girdiklərinə” peşman elədi…
***
…Acmışdım. Minilliyin o tayından mənə baxan qaval daşı kimi döyünürdü ürəyim. Dişlərimin lap uclarında gizilti vardı. Uşaqkən anamın qaz ətindən bişirdiyi dolmanı çömçədə görəndə bu gizilti elə xoşuma gəlirdi ki… Ağzıma yığılan suyu birnəfəsə uddum. Dodaqlarım da turşumuş dadırdı. Elə bil mən də min il bundan qabaq elə qaval daşının səsinə qulaq asa-asa nəsə yemişdim… Bu aclığın əlində halsız olmalıykən get-gedə bədənimə güc gəldiyini, əzələlərimin gərildiyini hiss edirdim. Sanki ayağımın altından torpaq məni yuxarı – havaya itələyirdi. Bir tullanışda zülmətin qoynuna atılmışdım. Qaranlıq yenə məni nazlandırmışdı; yerini bu dəfə tünd göy rəngə vermişdi. Hardansa yanan işıq da sarılığını itirib göyə bürünmüşdü. Elə o işığın ucundan tutub mənə tərəf gələn balaca qızcığazın əynində gecə paltarı vardı. Yaxasında sarı cücə şəkli olan köynək və ayağı büzməli şalvarda necə də dadlı görünürdü… Üzümə baxıb gülümsəyəndə onun kimə oxşadığını heç düşünmədim də. Sadəcə, yanaqlarından dişləmək keçdi ürəyimdən…
***
Bu, yarasaların əməli deyildi. Kənd sakinlərini mikroavtobusla rayon mərkəzinə aparan sürücü Fəxrəddinin beş yaşlı qızı Asiyanı sifəti parçalanmış vəziyyətdə yataq otağının yola baxan pəncərəsi önündə tapmışdılar. Yenə də uşağın səsi çıxmamışdı. Kənd mollası əlini uzun saqqalına aparıb salavat çəkmişdi, qaşlarını düyünləyib danışmağa başlamışdı: -Elə bil bu uşaqlar ölümə özləri gedir. Səsləri də çıxmır. Ayrı vaxt üstlərinə təpinsən qıyya çəkirlər amma. Şeytan əməlidir bu. Gərək kitab açam. Fəxrəddinin atası Vəlixan kişi onun sözlərinə fikir verməsə də, qeyri-ixtiyari salavat çevirdi, üzünü yuxarı tutdu: -Allaha təvəkkül! Hamı ürəyində onun bu sözləri niyə dediyini bilirdi. Həkimlər Fəxrəddinin arvadı Şəfəqin bir daha uşağı olmayacağını demişdilər. Asiya onların yeganə övladları idi…

***
…Üşümüşdüm. Canımı qoymağa, sığınmağa heç nə tapmırdım. Kürəyimin hər iki tərəfində, çiyinlərimdən üzüaşağı bir zolaq kimi ağrılar dillənir, sonra yavaşıyır, yenidən sümüklərimi gərirdilər. Bu ağrılar ürəyimə çatmağa can atırdılar. Ürəyim də qorxmuşdu. Səsini çıxarsa, ağrılar eşidəcəkmiş kimi, getdikcə daha yavaş vururdu. Əllərimi bir-birinə qovuşdurmağa gücüm qalmamışdı. Hərəsi bir dizimin üstündəcə getdikcə tündləşən qırmızıya bürünürdülər. Əvvəllər üşüyəndə dərimin rəngi maviylə çəhrayının qarışığından boyanırdı. İndi niyə qızarırdı, bilmirdim. Üşüdükcə kirpiklərimə də gücüm çatmırdı. Necə açılmışdılarsa eləcə də qalmışdılar, yumulmurdular. Qarşımda göz işlədikcə uzanan qırmızı torpaq sahəsi vardı. Deyirdilər, qırmızı torpaqda dəmir çox olur axı. Yoxsa mənim əllərim də dəmirə dönürdü? Düşünməyi də bacarmırdım. Qəfil qırmızı torpaq dümağ dumanın arxasında qaldı. İndi dumandan başqa önümdə heç nə yoxdu. Yanaqlarıma çökən çiskini hiss etdiyimə sevindim. Yanaqlarım soyuqdan daşlaşmış, bərkimişdi. Dumanın içindən gələn adamı tanıyırdım. Üç il bundan qabaq xərçəngdən dünyasını dəyişmiş tarix müəllimim idi. Qızı ilə yaxın rəfiqə olmuşdum. Müəllimim yaxına gəlib başımı sığalladı: -Məktəbimizin ən yaxşı şagirdi!-gülümsəyirdi. Gülümsəmək istədim. Bacarmadım. Amma mənə elə gəldi ki, müəllimim gördü ürəyimdəki təbəssümü. Çünki ürəyimə baxırdı. Sonra əlini başımdan çəkib sol əlimin üstünə qoydu. Dedi: -Səni başa düşürəm. Susamaq, acmaq, üşümək pisdi… Saçlarımın dibindən çıxırdı ürəyimin səsi: -Susamışdım… Acmışdım… Üşümüşdüm… Müəllimim başıyla uzaqları göstərirdi. Mənsə dumanın içində elə dumanın özündən başqa heç nə görmürdüm.
***
Kənd bu dəfə üçüncü məzarı qazırdı. Məktəbin ən yaxşı şagirdi, on altı yaşlı Gilan Mahmudqızı dünən gecə ölmüşdü. Həkimlərin dediklərinə görə, damarlarında qan donmuş, ürəyə çatmamışdı. İlk dəfədir ki, bu cür ölüm səbəbini eşidən kənd camaatı daha mollaya qulaq asanda dodaqlarının kənarındakı kinayəni qovurdular. Molla deyirdi ki: -Bu, üçüncüdür. Daha bu kənddə şeytani ölümlər olmayacaq. Şeytan cəmi üç ölü aparır. İki günahsız, bir günahkar. Kimsə cürət edib Gilanın hansı günahın sahibi olduğunu soruşmadı… Amma mollanın dediyi də doğru çıxdı; bir daha o kənddə şeytani ölümlər olmadı.
***
-Vampirin essesini dinlədim! O, mənə elə beləcə də dedi. Təəccübləndim. Axı bu yuxudan özüm bərk qorxmuşdum. Çox qorxmuşdum. Və daha belə yuxu görməyim deyə dua da etmişdim.