Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Darıxmışam sənin üçün elə bil,
Baxışımdan can çəkişir pəncərəm.
Bu ürəkdir döyüş meydanı deyil,
Darmadağın edib gedə hər gələn.
Darıxmışam sənin üçün elə bil,
Möhkəm olur ayrılığın yaddaşı.
Yollarına hönkürən leysan deyil,
Həsrətimin göz yaşıdır, göz yaşı.
Darıxmışam sənin üçün, amma mən
Unutdurdum zənglərimə nömrəni.
Ola bilər köks alanda kədərdən,
Döyəcləyər darıxmağım sinəni.
Ola bilər darıxmağım qəm olar,
Payız olar, xəzəl olar yolunda.
Ola bilər darıxmağım yorular,
Gözü yaşlı yuxulayar qolunda.
Ola bilər olmazları yenərik,
Yolsuzluqda yol açarıq, kim bilir.
Ola bilər ölənədək sevərik,
Ölənədək darıxarıq elə bil…