
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
Əgər gözəl bir yazı yazmaq istəsən və ürəyinin dərinliyində getmək istəyin yalnız özünə məlum olsa, yaza bilməyəcəksən. Axı gözəl yaz yağışına buludlar əvvəlcədən hazırlaşmırlar.
Bəlkə deyəcəyin son sözlərdən əvvəl sən uzun müddət susmusan, “Şindlerin siyahısı” filmindəki qırmızı paltarlı balaca qız kimi ətrafa baxmısan, ağlı-qaralı dünyada qırmızı paltoda olmağın səni hürküdüb.
Bəlkə də atasının diqqət etmədiyi və sevmədiyi evin böyük oğlu kimi canından keçməyə hazır olmusan ki, atan səni həyatında heç olmasa bir dəfə görsün. Ölümünlə onun gözünə özünü salmaq istəyini başa düşəcəkmi? Bu fikir səni həmişə narahat edib…
Nə bilmək olar, “Apokalipsis bu gün” dəki kimi cəngəlliklərin dəli olmuş polkovniki Kurtzuninin qəhrəmanı olmaq ağlından keçib…
Ya da adi və sadə bir söz deməyi üstün tutubsan. Həmin söz “The mother” dəki ananın yalanına bənzəyib. “Tütək səsi” ndəki Sayalının diliylə demədiyi, amma baxışlarında gəzdirdiyi sözlər kimi adamın ürəyinə sancılıb.
Bəzən də fikirləşmisən ki, görəsən hər kəsin dünyası varmı? Əslində cavabını bilmisən, amma bu sualın cavabını son sözünə yerləşdirmək istəməyibsən.
Bəlkə də, bütün bunları yazarkən Prustun o məşhur madlen peçenyesinin qoxusunda axtardığı o illər kimi, mən də zamanın qatlarında itirdiklərimi axtarıram. Arada canımı qorxu bürüyür,— axı itirdiklərimi geriyə qaytarmaq istəmirəm. Bəs onda niyə axtarıram ki?
Axı, insan öz keçmişini tamamilə itirmir. Keçmişimiz şüurumuzun dərinliklərində gizlənmiş, gözlənilməz bir dadın, bir ətrin və ya bir baxışın köməyi ilə gün üzünə çıxmağı gözləyən kölgələr yığınıdır. Gölgələr isə həmişə qorxunc olur və ya qorxulu görünür.
Mən o qırmızı paltarlı qızın ürkəkliyində və atanın baxışını axtaran oğulun acısında, itirilmiş zamanın künc-bucaqda toz basmış xatirələrini tapıram. Prustun dediyi kimi, bəlkə də həqiqi həyatımız, sonadək dərk etdiyimiz və göz önündə olan deyil, kölgədə qalan, zamanın axışında boğulan həyatımızdır?
Biz, öz keçmişimizin qurbanı olduğumuz qədər, həm də onu yenidən yaradan memarlarıyıq. Və o son söz, əslində heç bir cavab deyil. Sadəcə illərlə içimizdə daşıdığımız, amma heç kimə deyə bilmədiyimiz, özümüzə aid bir zaman parçasını gələcəyə ötürmək cəhdidir. Zaman haqqında düşünmək və son sözü yazmaq istəyi, cəhdi isə həmişə kədər doğurur. Hamıdan uzaqlaşmağın kədəri, öz dərinliyindən əziyyət çəkməyin kədəri, ağlı-qaralı dünyada balaca, qırmızı paltolu qızın ürkək kədəri…
Bir cavab yazın