
Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulmuşdu.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülmüşdü.
Xalq şairi Nəriman Həsənzadənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetiriblər.
Vida mərasimində əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəniyyət naziri Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
S.Yusifova bildirib ki, böyük söz ustası olan Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsi vətənsevərlik, humanizm ideyalarından ibarətdir.
Qeyd olunub ki, şair ilk yaradıcılıq nümunələrindən başlayaraq oxucuların böyük rəğbətini qazanıb. Bu rəğbətin əsasında sözsüz ki, müəllif səmimiyyəti və insan talelərinə həssas münasibət dayanır. Nəriman Həsənzadənin şeirləri, poema və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir, kitabları ideya-bədii xüsusiyyətləri ilə aktuallığını qoruyub saxlayır.
Nəriman Həsənzadənin istedadlı şair olmaqla yanaşı, uzun illər ölkəmizin ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi də tanındığını deyən S.Yusifova onun Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, o, müxtəlif illərdə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə və “Heydər Əliyev” mükafatına layiq görülüb. Görkəmli ədib 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA prezidenti Akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz Xalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.
Natiqlər Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, 1950-ci illər ədəbi nəslinin tanınmış təmsilçisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, o, sovet ideoloji çərçivələrinin yumşaldılaraq ədəbiyyatın real ictimai həyata yaxınlaşmasında mühüm rol oynayıb, 1930-1940-cı illər ədəbi nəsli ilə 1960-cılar arasında mənəvi-ədəbi körpü yaradıb. Çıxışçılar bildiriblər ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına “Nəriman” və “Zümrüd quşu” əsərləri ilə dramatik poema janrını gətirib, “Atabəylər” dramı isə milli dövlətçilik tarixini əks etdirən ən dəyərli mənzum tarixi dram nümunələrindən biri kimi yüksək qiymətləndirilib. Onu,n həmçinin tarixiliyi və elmi yanaşmanı bədii əsərdə ustalıqla birləşdirən sənətkar və ədəbiyyatşünas kimi fəaliyyətindən də bəhs olunub.
Çıxışlarda Nəriman Həsənzadənin təkcə böyük şair və dramaturq deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, dövlətçilik və azərbaycançılıq ideallarına sədaqətlə xidmət edən ictimai xadim olduğu bildirilib. Onun Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri kimi fəal təşəbbüslərlə çıxış etdiyi, gənc yazıçı və şairlərə daim dəstək göstərdiyi, “Ədəbiyyat və incəsənət” qəzetinə rəhbərlik etdiyi dövrün milli mətbuat tarixində mühüm mərhələ təşkil etdiyi vurğulanıb. Natiqlər Nəriman Həsənzadənin nəzakəti, insanpərvərliyi və zəngin ədəbi irsi ilə xalqın yaddaşında əbədi yaşayacağını bildirərək, xatirəsini dərin ehtiramla anıblar.
Ailə üzvləri adından çıxış edən oğlu Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Xalq şairi Nəriman Həsənzadənin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq Fəxri xiyabana aparılıb.
Müxbir – Göyçək Mahmudlu
Fotoqraf – Tofiq Babayev
Videooperator – Namiq Abdullayev
Mənbə: https://azertag.az/