Tag: Şəfa Vəli

  • Üçdöngəli yolun bələdçi kitabçası

    “Üçə qədər sayıram…”
    Qaçıb gizlənsin misralar…

    Bir…
    … “O Bir haqqı!” deyib əlini göyə uzadan qarı görməmisinizsə, nağılların niyə “biri var, biri yox”la başladığını anlayamazsınız. Hamı var olanı tanıyır öz vicdanınca, biz, Qulu Ağsəsin yazdığı kimi, “keçək yoxa…”
    Bizim şeirin alıcısı yoxdur. Şikayətçilərdən biri də mən…
    Cibran Xəlil Cibran yazırdı: “Böyük şair sükutumuzu dilə gətirməyi
    bacaran kəsdir”. Oxucu harda susdu/ susur ki, biz də onun sükutunu dilə gətirək?! Bizdən çox danışır oxucu…
    Fərid Hüseynin “Ulduz”dakı “Özüylə söhbəti…”ndə ( iyun, 2020) dediyi oxucu da elə yazandır-mənim kimi. Fərid deyir: “Çox zaman müəlliflərin nəzərdə tutmadığı mənaları belə, oxucular tapır”. Hə, Fərid, siz oxucu kimi məni və ya digər qələm həmkarlarınızı nəzərdə tutmurdunuz, amma mən tapdım bizi.
    Bu yazı da bir az vaxt tapıb özümlə dərdləşməyimdir elə… Ona görə quramaya oxşayır-hər rəngdən bir az, hər tikiş növündən bir sıra. Çoxdandır, analar qızlarına qurama öyrətmir…Anam bu yazını oxuyanda vatsapdan yığacaq ki:
    -İynə saplamağı öyrətsinlər hələ!
    Mən bəraətimi Qulu Ağsəsin “Bookline” podkastındakı fikirləri içərisindən seçim bəribaşdan: “ Ədəbiyyat bütövlükdə insanın özüylə söhbətidir… İnsanın özüylə söhbəti çox çətindir!” Hətta fikrim var, bu cümləni Feysbukumun alnına yazım.
    Bir olan, keç günahımdan, mən hara, yazqı yazmaq hara?! Şairliyimə ver… Yoxdan biri də şair ağlıdır…

    İki…
    …Yazıya başlamamış eşiyə boylanım bir, görüm, yağış kəsdimi?
    “Həyat problemləriylə gözəldir!”, bilirəm, bu gündən sabaha saxladığımız bütün yarımçıq işlər sabah da oyanmağa bəhanəmiz olsun deyə, həyat dəryasına atdığımız tilovlardır, bilirəm, amma yenə də, yazan olana bu mənzərə bir az dəyişsə, yaxşıdır.
    Yağışa baxmaq üçün yazı masamdan qalxmasaydım, yazını çoxdan bitirərdim.
    Başqa bir “Ulduz”da Aqşin Evrən “Özüylə söhbət…” edib (aprel, 2025). Deyib: “Əsrlərdir, sözü bıçaqlayırıq, lakin o, hələ də canlı, qüdrətli və əbədidir”. Hörmətli Aqşin, siz “əbədi” sözünü deməsəniz də, olardı, “Başlanğıcda SÖZ vardı” cümləsini bilməyən yazan olmaz. Hə, yenə o fikirdəyəm ki, müasir Azərbaycanda oxucu elə yazandır!
    Yazdıqlarımızın umduğumuz qədər oxunmadığının problem olmasını deyəndə isə, xahiş edirəm, “əbədi” sözünü qalın şriftlərlə və böyük hərflərlə yazın… Az yazmağın bir səbəbi də budur…
    “Həyatımdakı bütün problemlər bir anlıq da olsa, qurtarsın, artıq yazmamağa bəhanə qalmasın, yazım…”
    Bunu da Qulu Ağsəs deyir podkastda… Bir az keçir, klaviaturamızın boynunu bükür sözləriylə: “Həqiqi ədəbiyyatı yazmaq da çətindir, oxumaq da…” Eynəyimiz klaviaturamıza baxıb şeşələnir bu məqamda… Axı oxucu bizik-yazanlar…

    Üç…
    Yoruldum deməkdən: biz özümüzük yazan da, oxuyan da… Yazmaqdansa, çətin ki yorulam!
    …Həqiqət həmişə sondadır. Yoxsa onun haqqında danışanda da mənzilbaşına varmaq ifadəsindəki “varmaq” sözü işlədilməzdi. Demək, həqiqət yol da deyil, yoldaş da-yolun apardığı yerdir. Bu dünyadan ağlı bir şey kəsməyənlər elə bilir həqiqət o dünyadadır, hələ doğulmayanlar da bu dünyaya varmağa tələsir. Doğumdan ölümə yol gedənlər qeyri-həqiqətin çəpiyinə çəngi yallısı oynayanlardır… “Oynamaqdan utanmasan, nə var ki?!” deyib ulular… Burdakı utananlarsa, bizik-yazanlar… oxuyanlar…
    Eşikdə gün batıb… Düşüncəmdə günün bir boy qalxdığı vaxtdır… Klaviaturamın səsi küçədən də eşidilir yəqin… (Gümana bax, sevdiyim yazı!)
    “Düşüncə adamı daim yorğun olar… Axı onların xüsusi-müəyyən edilmiş iş vaxtı yoxdur…” –dedi bayaq Qulu Ağsəs… Məni deyirdi, səni deyirdi ay bunu oxuyan, Kafkanı deyirdi, Tolstoyun ən sevdiyim qəhrəmanı Levini deyirdi. Bir də, deyirdi ki, “Şəfa, sən dünyanın sahibi olanda da haqlısan, heç kim olanda da!” – Qulu Ağsəsin “Şeirdə dünyanın sahibi olmaq var, şeirdə heç kim olmamaq var…” sözlərini özümə belə tərcümə etdim!
    Uğurlu tərcümədir! Tərəkəmə qızı olaraq öz ana dilimi gözəl bilirəm! Babalarım, nənələrim bu dildə danışıb təbiətlə, Bir olanla, haqla, divanla və mənimlə!
    …Kafkanın “Çevrilmə”sini dünyəvi düşüncə sisteminin möhtəşəm zirvələrindən biri sayanlara pıçıldayıram: “Kafkanın bacısı Ottlaya yazdığı məktubları oxuyun, onda görəcəksiniz ki, “Çevrilmə” daha çox avtobioqrafik əsərdir”.
    “Şeir sirdi, adam, şeiri qışqırmazlar!” deyir ha Qulu Ağsəs, ona görə pıçıldayıram; səsim başına düşməsin şairin. Elə Kafka deyildimi gündəliyinə yazan: “Yazıçının individuallığı ondadır ki, hər kəs öz çatışmayan cəhətlərini özünəməxsus şəkildə gizləyir”?!
    …Bu yazıda nəyi gizlətdim, bir özüm bilirəm, bir də Bir olan… İnsandan Tanrıya yol üçdöngəlidir-düşünmək, hiss etmək, demək…
    Saydım…
    Bitdi…
    …Misralar sətirlərin arasında gizlənib, mən görməzdən gəlirəm, hərəyə birini siz tapın, ay bunu oxuyanlar!

    Şəfa Vəli (Şəki, aprel, 2026)

  • İki evin alın yazısına istinad edilən əsər

    (“Ünvanımı tapan kitablar” silsiləsindən)

    Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi…

    Hərdən olur, illər sonra  xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə sağdakı qapıya yönəlirik. Və görürük, xatirələrimiz bizə xəyanət edib; cırıldayan soldakı qapı imiş…

    Xatirələrin xəyanət səbəbini axtarmaq lazım deyil… Heç niyəsini də soruşmağa cəhd etməməliyik. Çünki əksər xatirələr arzuların diktəsindədir…

    …Evlərin də taleyi var… Alnına çoxdan-bünövrəsi qoyulandan yazılır sakinlərinin kim olacağı, kimin arzularının dalınca gedəcəyi, kimin sevdiyinə qovuşacağı və… Və də kimin şəhid olacağı!

    Şahanə Müşfiq “Əzəli, əbədi Azərbaycanam!” kitabını yazanda iki evin alın yazısındakı şifrələrə istinad edib: Natiq İsmayılovun doğulub-böyüdüyü ev və Natiq İsmayılovun 4 övladının böyüdüyü ev…

    Qəbələ rayonunun Bunud kəndindəki evin açılan şifrələrində “Oğul Vətən üçündür!” ideologiyası vardı. Və bu ideologiya sadəcə, hansısa utopistin təsəvvüründə deyildi-Azərbaycan xalqının qan yaddaşında, təfəkküründə, ruhunda idi! Vətənpərvərlik yeganə ideologiyadır ki, onun təbliği və ya yayılması üçün ideoloqlara ehtiyac yoxdur-o, candadır!

    Vətənçün doğulanlar özləri bilməsə də, gözləri önündə böyüdükləri onların ömür missiyalarını anlayır…. Və sonradan anladıqlarını xatirə xəritələrində işarələyirlər ki, gələcək nəsillərə miras etsinlər.

    Şahanə kitab boyunca iki evin arasında addımlayıb… Onun addım səslərinin əks-sədasında kədər də var, “elin göynək yeri” olan şəhid yoxluğunun sızısı da… Amma diqqətlə dinləyən oxucu bu əks-sədanın bətnində məğrurluğun və əminliyin olmasını da duyur…

    Bakıdakı evin divarları Natiqin övladları ilə söhbətlərini, atalarını görən uşaqların sevincli səslərini, Nigar xanımın nigaranlıqla süslənmiş qadın xoşbəxtliyinin zərrin anlarını əmanət bilib, zərrəsinə xəyanət etmədən saxlayıb. Və Şahanənin yazıçı qələmi bu əmanəti o divarlardan qudsal nəsnə kimi köçürüb…

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının adı da Natiqin Azərbaycan sevgisinə ithafən seçilib… Təqaüddə olmasına baxmayaraq, Vətən müharibəsinə könüllü yollanan, 23 illik hərbiçi təcrübəsini Vətənin qisas günündə cəbhədə tətbiq etməyin mahiyyətini dərk edən Natiq İsmayılov dilinə gətirməsə də, deməsə də, tanıyanların hamısı bilirdi ki, o, həm cismiylə, həm ruhuyla Azərbaycan idi! 

    Natiq və onun kimi Vətən uğrunda şəhadət şərbətini içənlərin saldıqları qudsal izlə addımlayanlar isə Xəlil Rza Ulutürkün bir öncəki misrasını aksioma etdilər: “Min yol öldürülən, yenə ölməyən, / Əzəli, əbədi Azərbaycanam!” 

    Azərbaycan xalqının minilliklərə sığışmayan tarixinə baxdıqca, Vətən məfhumunun havada asılı qalan, məna axtarışında olan təfəkkür illüziyası olmadığını görmək çətin deyil. Bu xalq üçün, bu millət üçün Vətən məfhumunun mənası həmişə diri olub-əllə tutulan, köksə sıxılan, kürək söykənilən, ömür etibar edilən olub! Və bu ömürdən böyük, həyatdan uca həqiqəti evlərin alın yazısından oxumağı bacarıb hər doğulan uşaq-hər düşmən çəpəri oğul, o oğula çiyindaş olan qız!

    Şahanə şəhid mayorun həyat hekayəsinin bədiiliyini qələmiylə rəsm edərkən, kitab boyunca boya kimi bu həqiqətin çalarlarını seçib. Çalarların hamısı ilkinliyindən su içdiyi tündlüyə ehtiramdadır… Bu da bir yazıçı qüdrətidir!  Oxucu ilk oxunuşdanca bu ehtiramı hiss edirsə, duyursa, yazıçı qələminin qüdrətini etiraf etməyə könül borcu var, demək…

    … Ömrünü Vətən naminə yaşamağı bacarmış, 4 övladının böyüməsi, cəmiyyətin gərəkli, layiqli üzvü olması ilə bağlı bütün arzularını “Vətən sağ olsun!” cümləsinin arxa fonu etmiş şəhid mayor Natiq İsmayılovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qələmə alınmış kitabın redaktoru olmağım bir yana, oxucu olaraq könül borcumu bir az azaltmaq istəyim yazdırdı bu yazını…

    …Redaktə prosesində keçirdiyim qürur hissi, onun tez-tez kədərə yenilmək cəhdi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” cümləsindən yapışan milli şüurumun qürurumu yenilməz etmək hünəri… Evimin divarları bütün bunların müşahididir!

    Ümid edirəm ki, nə vaxtsa,  mücərrəd gələcəyin mütləq indiyə çevrildiyi bir zaman kəsiyində evimin alın yazısında bu hisslərin qara karandaşla çizilmiş eskizləri yenə bir  qələm adamı tərəfindən görüləcək… Və ümid edirəm ki, Natiq İsmayılovun timsalında Azərbaycan naminə candan keçənlərin hamısının qətiyyət yağan baxışlarından yola çıxan Vətən sevdası bu torpaqlarda hər yeni doğulan körpənin bəbəklərində öz inikasını tapacaq…

    …Xatirələrin xəyanət etməyindən də yazmışdım axı əvvəldə… O xəyanətin öləziməyəcəyinə dair isə ümid etmirəm, əminəm! Əminliyimdən qorxmuram, yox… Bilirəm,  xainlik cırıldayan qapıların səmtini səhv salmaqdan o yana keçmir… O cırıltı səsi, o qapının açıldığı otaqdakı miras enerji elə həmənkidir xatirələrdə də, gerçəkdə də!

    Azərbaycanı şam bilib başına dönən pərvanələrin enerjiləri zaman-məkan tanımır, ömürlərin əvvəlində zehnə, mənliyə yoldaş olur, sonunda ruhu əbədiyyətə uğurlayır və növbəti ömürlə birgə cığıra düşür.  Azərbaycan xalqı bütövlükdə həm öz tarixinə, həm öz şanlı keçmişinə, bu şan, bu şərəf naminə canı Vətənə qurban demiş, bir mamırlı daşı, bir qarış torpağı belə, qurbangah bilmiş igid övladlarının xatirəsinə sadiqdir! Şahanə də bu qudsal əmanətin daşıyıcılarından biri olaraq qələmiylə Azərbaycanın tarixini, mədəniyyətini- acısıyla-şiriniylə,-yaşatmaq əqidəsinə sadiqdir!

    Şəfa Vəli (2026)

  • Qarabağın sirri-bəyanı-“Qarabağ” poeması

    (“Ünvanımı tapan kitablar” silsiləsindən)

    .

    Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd.

    Hə, yurd, daş və yurddaş olmaq da var axı. Ona görə də, başqa bir cümləmi “bəlkəsiz” yazacağam: “Daşlığımızı dərk etdiyimiz, haraya, hayana tərpənsək də, qayıdıb orada rahatlayacağımız, orada yerimizdə və mənamızda olacağımız yerdir Vətən!”

    Bizim onu necə və nə qədər tanımağımızdan asılı olmayaraq, Vətən öz insanlarını çox yaxşı tanıyır… Nəinki, xislətini, ruhundakı alov dilimlərini, arzularını da bilir hətta! Bunu da yaşadıq, bunu da gördük… Bunu bilmək bizə yurdumuzda bir daş olaraq heç də acizlik, tərəddüd duyğuları bəxş etmədi. Əksinə, Vətənimizin bizi bizdən, ətrafımızdakı insanlardan yaxşı tanıdığını bilmək qürurumuzu qatbaqat elədi, bizi qaldırdı buludlardan da yuxarıya-tarixin, coğrafiyanın daha aydın, daha dərk edilərək görüldüyü yerlərə…

    Ötən il “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) ortaq layihəsi kimi çap olunan “Qarabağ” poemasının yazarı Sayat Kamşıger də o yuxarıdan baxmış, türkün bütöv ruh dünyasına sızan tarix şüalarının qarşısında sayğıyla əyilmiş, Tanrının bəxş etdiyi istedadın və qardaş dərdini duymağın verdiyi kədərlə qələmə sarılmışdır.

    Azərbaycanın ürəyi,

    Qarabağ-yurdudur türkün!

    Qarabağ haqqında deyilənlər, yazılanlar, Qarabağın gözəlliyinin və ulu tarixinin yaşatdığı fəxarət, xalqın sərvətinə çevrilmiş Qarabağnamələr əvvəldən-axıra türk təfəkkürünün xanasıdır axı; Sayat Kamşıger bunu bir daha vurğulamağı özünə borc bilib. Bu xanada iç-içə keçmiş əriş-arğaclar, rənglərarası alamuncuqlar dövlət-dövlət, ölkə-ölkə bölünsə də, ruh birdir! Bunu 70 illik əsarətin bağrından əsl türk kimi sıyrılıb çıxmağa mənəviyyatı çatan Türk bir daha göstərdi! Bunu bizimlə birgə bir qərinə Qarabağ dərdi çəkən Türk bir daha göstərdi!

    “Qarabağ” poemasının müəllifi elə-belə “Qarabağ” demədi, Azərbaycanı sevdi, sevdiyini daha yaxından tanımaqçün onu vəsf edən ədəbi nümunələri oxumağa, dərk etməyə zaman həsr elədi. “Uca dağların başı qar olar” misalı başı cəfadan ayrılmayan, amma bütün dövrlərdə düşmənlərin qarşısına qeyrətindən əmin olduğu övladları ilə çıxan, şanına şan qatan Azərbaycanı Səməd Vurğunun Vətənə vurğunluğuyla əzizlədi:

    Başı qovğa, qeylü-qallı,

    Öz elindən ayrı qaldı.

    “Könüldən ayrılmayan can”,

    Ululuğa gedən yoldu.

    …Və elə burada-bir-birinin həm şehi, həm qırovu olmuş iki bədii nümunənin (“Qarabağ” poeması və “Azərbaycan” şeiri) bir yamacda durub Qafqaz dağlarının mistikliyini hər qarışınadək, hər vətəndaşının bütün duyğularınadək yaşadığı/yaşatdığı yerdə bir “ah” çıxır Azərbaycanın əli qələm tutanlarının dilindən… O göynəyin gözə görünməyən tüstüsündən dumanlanır, bəlkə də, gözü qaraya baxanların eynəyi…

    Sayat Kamşıgerin təbirincə, “hər daşı elə bil sirri-bəyan” olan Qarabağ haqqında nə yazıldısa həsrət dövründə, tam olmadı. Gözəlliyi vəsf edildi, nəsə çatmadı, ululuğuna işarə edildi, hansısa vərəqin qatı açılmamış kimi hiss olundu, könüllər sənət məbəditək adı qarşısında duaya durdu, duaların qanad səsi o dağlarda əks-səda vermədi… Adı üstündəydi zamanın öz təqvimində bu dövrün-həsrət dövrü… Amma unudulmadı bircə daşı da, bircə cığırı da… Qazax qardaşımız demiş, “Qarabağdır tarixlərin saxlancı!” Tarix də öz saxlancının qədrini bilir!

    Yaxın tariximizin ən xülyalı, eyni zamanda, ən qürurlu dövrüdür xanlıqlar dövrü. Hər xanı ayrı-ayrılıqda şəxsiyyət və Azərbaycan oğlu kimi tanımağa çalışanda müasir azərbaycanlı olaraq ürəyimiz dağa dönür. Hər biri dədə-baba yurdunun qətiyyətli təəssübkeşi, ululardan onlara qalan əmanətin mühafiçəzisi, maddi olduğu qədər, mənəvi mirasın da haqlı varisidir! Aşıq Ələsgərin “Narın üz” şeirinin izahındakı “ən dadlı narın üz” misalı, işğalçı rus da bir millətin qaymaqlarını silib-süpürməliydi ki, hökm edə bilsin… Elə bunu etdi də… Sayat Kamşıger poemasında o ağrılı dövrü də yada salır, rusların əliylə Qafqaza köçürülən ermənilərin doymazlığının belə, bu torpaqlara yad olduğunu şeir qüdrətiylə anladır:

    Torpaq qana doydu, düşmən doymadı… …

    I Qarabağ müharibəsi… Mənim taleyim bu müharibənin müqəddiməsinin bir abzasıdır. 1988-ci ilin noyabrında əslim-nəslim didərgin düşmüşdü Göyçədən. Canı götürüb gecəylə qarlı yollarda əzəli yurdlarından qaçmağa məcbur olmuş doğmalarımın hərəsinin o noyabr gecəsiylə bağlı ayrı xatirəsi var. Hərənin yaddaş kamerasındakı son kadr ayrıdır… Və mənim yazıçı qələmim hələ o gecənin bütün kadrlarını yan-yana düzə bilməyib. Anam Güldərən Vəlinin “O ulu Göyçəmə “əlvida” demədim, “hələlik” dedim” deyə üzü gecəyə oxuduğu misralar, “hər şeyim düşmənə qalırdı, amma Məmməd Arazın kitabını onlara qoyammazdım deyə, sinəmdə gətirdim” deyib həmin kitaba sığal çəkməyi hekayə olar, yoxsa roman, bilmirəm. Sığdıra bilmirəm bir ədəbi əsərin proloq-epiloq arasına…

    Amma Sayat bəyin misralarını ucadan oxuyaraq bütün susqunluğumun heyfini çıxa bilərəm taledən:

    Əhvalı-kədərli,

    Ürəyi-qəmli,

    Gözü nəmli…

    Bu böyük xalq

    taleyin sınağındaydı…

    2022-ci ildən bəri, “Vətən məcnunları” layihəsinin redaktoruyam. Hansı mətn “I Qarabağ müharibəsi qazisi” cümləsi ilə başlayırsa, ən azı, yarım saat təkcə bu cümləyə baxıram. Və düşünürəm: öz taleyini Vətənin taleyinə qatanlarla göz-gözə gəlmək necə çətin oldu illərlə… Nə onlar başını qaldırıb üzümüzə baxa bilirdi-“Bax, canımdan can qoydum da, arxalı düşməni qovammadım…” çəkincənliyi vardı duruşlarında belə… Nə biz ürəklə onların gözünə dikə bilirdik baxışlarımızı-“Sənin bizə ötürdüyün ruh yanğısında ürəyimiz qarsalansa da, hələ dünyanın ədalətindən mədəd umuruq, əmi, dayı, baba…” utancaqlığı vardı yaşamımızın hər anında…

    “I Qarabağ müharibəsi şəhidi” cümləsi isə xəcalətimiz idi, məncə… O qədər sürətli yaşadıq, o qədər irəliyə -Qarabağa qovuşacağımız günə tələsdik ki, onların hər birini yaxından tanıyammadıq, məzarlarını ürək dolusu oxşayammadıq, ailə üzvlərinin yanında olub təsəlli verəmmədik…

    Sayat Kamşıgerin Yerbolu xatırlaması da gecikmiş təsəllidir… 20 yaşlı bir oğlan SSRİ-nin tapdağı altında əzilməməyi bacarmış, cürtdəməyə cürəti çatmış iki Türk dövlətinin arasında həm qürur, həm də kədər körpüsü olmağı bacarmışdı onda… Və biz onu yaxından tanımağa da gecikdik… Amma tarix də, Türk dünyası da, Qarabağ da bu gecikməyimizə görə bizi bağışlayar… Tələsdiyimiz gecikdiyimizin əmanəti idi-Zəfər idi!

    Əsl igid diləkləri çin edər,

    Əsl igid saz saxlayar yarağı.

    ***

    Ah! Qarabağ axı nələr görmədi?!

    Böyük millət əyilmədi, sınmadı!

    ***

    Müharibə hər taleyə toxundu,

    Kədər necə unudular, kiriyər?!

    Nə kədərimiz kiridi, nə müharibənin toxunduğu talelər tam oldu, nə də yaraqlar paslandı! Bağrının başında yurd dağı göynəyən bir xalq intiqam alovunu nəfəs-nəfəs gurlaşdırdı ha, işğal edilmiş əraziləri xəritədən tanıyan-“xəritəyə gözü açılan cocuqlar” böyüdü ha, əmilərinin, bibilərinin adlarından qabaq “Qarabağ!” dedilər ha, Qulu Ağsəs burada ədəbiyyatın xidmətinin danılmaz olduğunu da deyir: “Qələmimiz Qarabağı “işğal edilməyə” qoymadı!” Qulu Ağsəs Azərbaycan yazıçısının, şairinin “Qarabağ bizimdir!” əminliyini həmişə diri saxladığına işarə edir bu cümləsiylə… Sayat Kamşıger isə Türkün daixilindəki el-elat təəssübkeşliyinin dəliqanlılığından yazır:

    Azadlığın eşqi ilə,

    Bayraq qalxar göy üzünə.

    El namusu deyiləndə

    Qorxular çökməz gözünə.

    Bir də ayıldıq ki, xəritəyə baxa-baxa Vətən tanıyan, “Əzizinəm, Qarabağ…” bayatıları ilə quzu haylayan, “Bu yol gedər Ağdama”, “Şuşaya elə bəndəm” zümzüməsiylə dərsə gedən uşaqlar böyüdü, Ali Baş Komandanımız İlham Əliyevin bircə əmriylə silah əlində düşmən üstünə yürüdü… İlqar Fəhminin “Balaca kişilər” dediyi bu igidlərin əzmli addım səslərindən diksindi torpaq…

    Qarabağın damarına qan gəldi,

    Qaytarıldı yurdlar, kəndlər, şəhərlər.

    Və biz nə gördük? Doğmalıq qudsal imiş! Və düşmənimiz özü də bilirmiş bu torpaqların doğması olmadığını… Yoxsa bəşərin qurub-yaratmaq missiyasını bu qədər eyninə almamaq, torpağa, yurd yerinə bu qədər biganə qalmaq o yana, qənim kəsilmək nəylə, necə izah edilər ki?! “Qarabağ” poemasının müəllifi çox güman, bu misranı yazanda bütün bəşəriyyətin halına yanıb: “Talandan, virandan həzz alıb düşmən”.

    Sayat Kamşıger poemasında şərəfli 44 günün hər birinə sözləri güzgü etməyi bacarıb-Gəncənin bombalanması, əsarətdən qurtulan hər yurd yerinin adının yaratdığı sevinc, hər şəhid xəbərinin yuxumuzu ərşə çəkən kədəri misra-misra, heca-heca hörülüb Türkün təfəkkür xanasına… Qazax qardaşımızın “Azərbaycan övladı, / Öz yurdundan güc aldı!” deməsi isə, Vətənimizin bizi yaxşı tanıması qədər bizim də Azərbaycanımızı təmənnasız, ölçüsüz sevdiyimizin növbəti təsdiqidir!

    Bəlkə də, kimsə bu poemanı 2-3 saata oxuyub bitirərdi… Mən 2 günə oxudum… Dünyanın döyüş tarixinə (tarixin döyüş səhifələri olmasaydı, “Yurdda sülh, cahanda sülh!” olsaydı, daha yaxşı olardı da…) şərəflə yazılan Şuşa döyüşləri də poemada öyülüb; elə Şuşa kimi:

    Şuşa ki var, həm kitabdır, həm qələm…

    Qəhrəmanlar Zəfər yolu çəkdilər.

    Başlarına güllə, mərmi ələndi,

    Dastan yazdı o kitaba igidlər.

    …Şuşa… “Bilmirsən qürbətin necə böyütdü /Bir xalqın sapsarı həsrət payını…” dediyim şəhər…“Bir şair könlünün saxlanc yerində / Kölgəyə çevrildi tüm sevgililər, / Bircə sən çıxmadın şair yadından…” deyə sevdiyim şəhər…

    Sayat Kamşıger Şuşanın azadlığından, Ali Baş Komandanın Azərbaycan xalqına müraciət edərək sevinc müjdəsi verməyindən, o gün-bu gündür, 8 noyabrın bir millətin ad gününə çevrilməsindən o qədər səmimiyyətlə və o qədər doğmalıqla bəhs edir ki, oxucu kimi, az qalıram, əllərimi Xəzərin bu tərəfindən o tərəfinə uzadıb Qazax ədəbiyyatının əllərini sıxım!

    Bir də, o günü xatırlayıram… O möhtəşəm Zəfər gününü! Həmin günü anlatmaq üçün dünyanın bütün dillərindən ən yaxşı, ən gözəl sözləri götürmək, səsin ən heyrətedici tonlarında dilə gətirmək istəyir insan… “Qarabağ” poemasının müəllifinə görə isə 8 noyabr Azərbaycan üçün ən qudsal rənglərin vəhdətidir:

    Hər tərəfdə mavi, qırmızı, yaşıl,

    Hər yan Azərbaycan bayrağı kimi!

    Bu sevgiylə, bu bağlılıqla qələmə alınmış “Qarabağ” poeması üçün müəllifə mütəşəkkirəm. Və oxucusuna mamırlamaq istəyini yenidən xatırladan poemanın diktəsilə yurdda daş olmağın hünər sayılmasının da qədim Türk düşüncə sistemində öz yeri olduğunu təkrarlayıram… Bizi bizdən yaxşı bilən Vətənimiz, ruhumuzdakı bütün gizlinləri oxucunun ovcuna qoyan qələmimiz, tarixin sandığında “ən qiymətli” etiketiylə saxlanan keçmişimiz var olsun! Hələ çox kitablar yazılacaq… Və də, oxunacaq!

    Şəfa Vəli (2026, aprel)

  • Nağıl uydurun, qadınlar!

    Nağılbilməz nənələr

    Duyğubilməz nəvələrə

    “Mən” öyrədir…

    Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan!

              “Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan yeniyetmənin ona “Oğru Oral?!” deməsidir… 

              …Bayaq “Bənövşəli arzular və ya gül ömrü” essemin qəhrəmanı ilə votsaplaşdıq bir az… 5 ildir, görüşmürük, bu başından-ayağına, cəmi, 10 saatlıq maşın yolu olan gözəl ölkəmizdə… Mənə Əlincədən video atıb ki: “Elə bil buradasan!”

              Mənə “Buludu doğrayanda, Hal anası qaçır!”, “Teymurləngin oğluna “Maranşah”, yəni “İlanşah” deyirdi naxçıvanlılar”, “Biləndər toyuğu kəsməyə Allahsız yer tapmadı”  cümlələrini kitablardan əvvəl nağıl kimi danışmışdı anam. Mən bənövşənin də, nərgizin də, şanapipiyin də bir vaxtlar nazlı-həyalı gəlin olduğunu əfsanələrdən oxumuşdum…  İllərlə ruh sandığımda qat kəsmiş duyğuları arada “havaya verirəm”, baxıram, dönüb olub “Bənövşəli arzular və ya gül ömrü”, ya da “Vampirin essesi”, “Kirkirə”…

              Bəs o ruh sandığındakıları uşaq ağlımla, uşaq xülyamla necə yığa bilmişəm oraya bir qərinə əvvəl? Əlbəttə, anam Güldərən Vəlinin diliylə! Oxuduğu bədii əsərləri belə, nağılvari, əfsanə sehriylə danışırdı 4 balasına.  Hələ ömür karvanım Sədnik Paşanın müdriklik vahəsindən su götürməyə dayanmamışdı, hələ onun dilindən eşitməmişdim: “Əfsanələr və miflər nilufərlərdir!”, bilirdim “Düz qaya”dakı mağarada kiminsə “yaşadığını”-illər sonra yazıldı “Ruh quşu” hekayəm!

              …Bizə də “heyf bu uşaqlardan!” deyən oldumu, bilmirəm… Keşniş toxumu əkərkən dırnaqlarıma dolan torpağa baxıb “Bu nə qanır oxuyub-yazmağı?!” deyən oldu amma… Həmin adam indi “Google”də “Şəfa Vəli yeni yazı” deyə axtarış verirmiş; özü etiraf etdi. Üstəlik, az yazdığımdan da şikayətləndi hələ…

              Bu kiçik yazılı epizodların hansında gülümsədim? Əlbəttə, Əlincənin videosuna baxanda! O Əlincənin ki, anamın nağılvari söhbətlərində neçə dəfə gəzmişəm, neçə dəfə o ucalıqdan aşağıya-Miranşahın qız-gəlinin ömründə tozanağa döndüyü, Molla Nəsrəddinin gah məzəli, gah da kədərli söhbətləriylə oymağın ərk yeri olduğu ərazilərə boylanmışam…

              …İndi oturub kompüterimlə baxışıram: ya anam da, nənəm də nağılbilməz olsaydı? Nə qalardı uşaqlıqdan mənə ruh sandığımda? Nə tapardım bu gün ürəyimin içindən, duyğularımın qatqarışıqlığından? Yəqin, heç nə… Yox-yox! “Heç nə!” dedimsə, inanın, səmimi deyiləm… “Heç nə!”siz insan yoxdur; təbiətən, ruh sandığımızda həmişə nəsə olur/ olmalıdır! Yaxşı… Onda nə tapardım?

              Bu sualın cavabını düşünərək tapmalıydım, əslində, amma neynim, səmimi olacağıma söz verdim axı; instinktiv olaraq nə gəldisə ağlıma, onları yazım: həsəd, təkəbbür, özümü hamıdan “əkə-yekə” saymaq…  Bəs bunlarla neynərdim? Bunlarla yaşamaq olardımı ki?!

              …Feysbukda profil şəklim “bax, bu gün də oyandın!” yazısıdır. Hər oyandığımız günü qeyri-adi etmək ixtiyarını taleyimizə veririk ha, orada uduzuruq. Özümüz yazmalıyıq ömür təqvimimizə qırmızı günləri. “Tanrı, bacarsan, ağla, /Ağart yazdıqlarını!” deməyə nə var e? Bir şəhadət barmağıdır, bir küskün baxışdır göyə yönələn! Bəs biz?  Ahmet Ümit “Bəyoğlunun gözəl abisi” əsərində yazır ki, “qəzavü-qədər” sözünü hər olanın-bitənin üstünə yapışdırmaqla elə asan yaşanır! Biz görməsək də, Ahmet bəyin bu fikri cümlələrə etibar edərkən başını buladığına şübhəmiz yoxdur… Nevzat da cinayəti açdığı günlərdən nağıl düzəldir özünə axı; biz ondan danışmalıyıq… Nağılbilməzlik yıxır evimizi yoxsa…

              … Ali məktəblərə qəbul imtahanında 690 bal toplayan abituriyentdən müsahibə almışdı İlham. Süjeti də qəşəng hazırlamışdı. Təbrik  etdim gözəl süjetə görə, eyni açılmadı. Niyəsini soruşdum.

              -690 bal toplayan oğlan özünü düzgün şəkildə təqdim edə bilmir, iki cümləni ard-arda deyə bilmir.  Hər şeyi mexaniki olaraq öyrənir indiki uşaqlar… Danışa bilmirlər.

              -Gözəl müsahibə idi axı…

              -Vərəqə yazdım, əzbərlətdim, sonra mikrofonu uzatdım… –dedi və çiynini çəkdi.

              …Nağılbilməz bir uşaq daha… Danışmayan, danışılmayan bir uşaq daha… Və onların ruh sandığından keçir sababahımıza cığırlar. Bələdçisiz cığıra düşmək də yalnız nağıllarda qəhrəmanlıq olur!

              Heç kəs qəhrəman deyil kainat qarşısında! Amma hər kəs qəhrəmandır öz həyat nağılında… Əvvəlcə, öz nağılını tanımalı, onu danışmağı bacarmalıdır ki insan, sonra dönüb olsun o nağılın qəhrəmanı!

              …Rəngarəng düşüncələri bir yerə dəstələyib esse lentiylə bağlamağıma səbəb isə yenə ünvanımı tapan bir kitabdır. Aynur Yarovanın “Sehrli kimya dünyasına səyahət” kitabı… Kimya elminə könül bağlamış Aynur müəllim tədris etdiyi dərsi uşaqlara terminlərlə deyil, nağıllarla sevdirməyi qarşısına məqsəd qoyub. Əlyazmasını oxuyanda sevdim Aynur xanımı… Redaktə prosesində də, necə deyərlər, “qayçımı itiləmədim”; uşaqlar səmimiyyəti bizdən yaxşı tanıyır-hələ ondan uzaqlaşmayıblar zamanın əliylə!

              …Şəkinin Yuxarıbaş məhəlləsində-məhəlləmizdə keçirilir hər il bayram şənlikləri. Mənsə, bu parıltılı günlərdə həmişə yeni kitab seçirəm oxumağa… Yeni nəsə yazıram… Yazıçının bayramı ayrı nə cür olar?! Ən gözəl bayram hədiyyəsi isə, sözsüz, müzakirəsiz, KİTABdır!

              Bayram atəşfəşanlığının fonunda aldım kitabı Aynur xanımdan Karvansarayın pillələrində! Evə çatanacanan neçə nağıl xatırladım, neçə nağılın səpintiləri büküldü duyğularımda, neçəsinin rəngləri kəlağayı butasına döndü, qaçıb gizləndi “Cehizinə aşiq qızın itik düşmüş sandığında…” Bizim eləyəcəyəmiz (bəlkə də, nənələrimizə, analarımıza borcumuz) yeni nağıllar uydurmaq, həyatı, insanları nağıllarla tanıtmaqdır uşaqlara…

              Lütfən, bunu bacaraq! Lütfən, dünyanı nağıllaşdıraq uşaqların gözündə, əziz qadınlar! Günə olmasa da, həftəyə 1 nağıl uydurun… Uydurmaq, xəyal etmək, bəzəmək qadının ən möhtəşəm məziyyətlərindəndir axı!

              …Bir də, nağıl kitabları alın… Heç olmasa, ildə 2 dənə… Lütfən…

    Şəfa Vəli (mart, 2026)

  • Emma, sevimli Emma

    Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq… Feysbukda #yazmaqeşqdir,   #oxumaqvəfadır  həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.

              Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan Universitetinin tələbəsidir. Bu dəfə onunla romantik ədəbiyyatın şah obrazlarından saydığım Emmadan danışdıq.  Biləndə ki, Şəfiqə də Emmanı sevir, çox sevindim… Ceyn Eyrin kölgəsində qalmış Emma… Mükəmməl işlənmiş obraz… Əsl qadın obrazı…

              Ceyn Austen “Emma”nı yazanda nə düşünüb, yazı masasının baxdığı aynalardan eşikdə hansı kəpənək uçub, soyuyan çayı hansı fincanda olub, bunlarla maraqlanmağa ayaq yeri qoymur Emma. 1815-ci ildə nəşr olunan kitabın ilk oxucusunun kim olmağı mənimçün daha maraqlıdır. Və həmin oxucunun Emmanı mənim baxdığım yerdən görüb-görməməyi…

              Bəlkə də, elə bu maraq idi Emmanı sevən başqa bir oxucunu söylətməyimin səbəbi. Emma Vudhaus kimi bir obrazı yaratmaq yerinə, kiminsə romanında, lap elə hekayəsində  olsun, həmin obrazın özü olmaq necə möhtəşəm olardı!

    ***

              -Emma obrazını anlamaq çətindirmi?

    -Düşünürəm ki, Emma anlaşılması çətin obraz deyil, tam əksinə, onun daxili inkişafı realdır. Əsərin əvvəlində Emma təcrübəsiz, bir az da özündən razı kimi tanıdılır bizə.  Lakin əsərdə zaman irəlilədikcə, biz onun öz səhvlərindən nəticələr çıxardaraq “böyüdüyünü” görürük.

    -Bəlkə də, onun “böyüməyi” Ceyn bacının arzusu idi…

    -Məncə, bu əsərdə müəlliflə obraz arasında arzudan çox inam hiss olunur.  Bir gənc qadının özünütanıma prosesinin haradan başlayıb-haradan bitdiyini kimsə deyə bilməz. Amma bu prosesin qısamüddətli hissəsinə belə, şahidlik etmək, fikrimcə, bütün qadınlara lazımdır. Xüsusilə, gəncliyin yaşıl çəmənində hansı gülü ən çox sevdiyinə dair qəti qərar verə bilməyənlərçün Emma işıq gələn tərəf ola bilər.  Emmanı tanıdıqca, öz səhvlərimizi xatırlayırıq… Əlbəttə, bu xatırlama kifayət edir ki, deyək: “Emma, səni elə gözəl anlayıram…”

    -Harriet Smitə öz fikrincə etdiyi yaxşılıqlarla Emma kimə nəyi sübut etmək istəyirdi?

    -Emmanın  sübut etməyə çalışdığı sosial baxımdan ətrafdakılardan üstünlüyü, bir də, insanlar haqqında yetərincə məlumatlılığı idi. Və biz əsər boyunca görürük ki, onun bu cəhdləri boşuna imiş… Hayberidə hamı Emma Vudhausun sosial üstünlüyünü qəbul edir, ona ehtiram göstərir, hətta sevirlər.  Harrieti Robert Martinə layiq görməməsi Emmanın həyat və insanlar haqqındakı təcrübəsizliyinin göstəricisidir. Müəllif bunu hadisələrin və Harrietlə Emmanın söhbətlərinin fonunda elə gözəl anladır ki! Yəni insan taleyi üzərində eksperiment aparmaq olmaz…

    -Ümid vermək günahdır, yoxsa ümidi qırmaq?

    -Düşünürəm  ki, hər iki hal da pisdir. Hər nə qədər Nitsşe ümidi işgəncə sayırdısa da, ümidin insanların “yaşamağa dəyər” tutanağı olduğunu bilirik. Ümid öləndə  ruh da ölür… Ruhunda dirilik olmayan insan isə, artıq yoxdur. Ümid işıqdır.

    -Emmanın Harrietin ruhunda yandırdığı işıqları tale bir-bir söndürdü.

    -Burda yenə Ceyn Austen möhtəşəmliyini dilə gətirməliyik. Hərçənd, deyirlər ki, ədəbiyyatın cinsi yoxdur, amma bəzən mükəmməl qadın obrazları üçün mütəşəkkir olduqlarımızın elə qadın yazarlar olduğunu da görürük. Harriet obrazının hər şeyə razı təbiətinə onun doğulması və böyüməsinin təsirini Austen  oxuculara ustalıqla, elə obrazın öz diliylə anladır. Bir daha görürük ki, o dövrün İngiltərəsində sosial statuslar taleyin palitrasında da öz sözünü deyir.

    -Sosial statuslar həmişə olub, var və olacaq. Olmasa, dünya elə mifologiyadakı kimi, ya kiminsə çiyinlərində, ya da kiminsə sehrli güzgüsünün içində olardı… Bəlkə də, Emma həmdövrümüz olsaydı, o qız olmazdı.

    -Ailə mühitindən kənarda heç nə görməyən bir qızdır Emma Vudhaus. Müasirimiz olsaydı,  təhsil alardı, özünə karyera qurardı, həyata yalnız evlilikdən ibarətmiş kimi yanaşmazdı. Daxili baxımdan isə, fikrimcə, elə eyni qalardı; hamıya yol göstərməyə çalışan, hamı üçün ən yaxşısını arzulayan, öz sevgisinin və sevildiyinin fərqində olmayan Emma.

    -Amma Frenk Çörçill var…

    -Həm də, yoxdur. Emma üçün Frenk yenə sosial status baxımından ona uyğun olan adam idi, vəssalam! Daxilən isə o, heç vaxt Frenki öz duyğu aləminin mərkəzində tapmadı.

    -Axtardı…

    -Yenə qadın psixologiyası və yenə qadının sevilmək istəyi… Məncə, bu, instinktivdir. İnstinktivlik özünütənqidlə aşılmalıdır. Ceyn Austen bizə bunu əsərin sonlarına yaxın deyir.

    -Razıyam. Müəllif bu romanda öznütənqidin fərqli formalarını verir. Sizcə, müasir qızlar bu özünütənqidin hansı formasına möhtacdır?

    -Vacib olan forma başqaları ilə müqayisə etmədən özünü analiz etməkdir. Çağdaşlarımız  özlərini daim başqaları ilə ölçürlər.  Fizikən də, ruhən də yaralanır insan başqasından geri qaldığını görəndə.  Bir gənc, bir tələbə kimi həmişə özümdən soruşuram: “Dünənki Şəfiqədən nə öyrəndim?” Bu sualın cavabını özümüz tapdığımız kimi, hesabatımızı da özümüzə verməli, qərarlarımızın məsuliyyətini dərk etməliyik.

    -Emmanı sevməmək olarmı?

              -Emmanın Harrietin həyatında yandırıb-söndürdüyü ümidlər, Naytlinin öyüdlərinə və iradlarına etinasız yanaşması oxucuya çox da xoş gəlməyə bilər. Bununla belə, ilk oxunuşdan anlayırıq ki, o, qərəzsiz, səmimi və hər şeydə ədalət axtarandır. Təbii, burada onu da nəzərə almalıyıq ki, hər kəsin ədalət ölçüsü də fərqlidir, o ölçüyə uymaq metodları da… Emma insan kimi mükəmməl deyil. Ki, heç bir insana “o, mükəmməldir!” deyə bilmərik. Amma sizin də dediyiniz kimi, Emma mükəmməl ədəbi obrazdır! Ceyn Austen Emmanı sevib-sevməməyi belə, oxucunun öhdəliyinə buraxır. Bu, onun yazıçı manevridir. Və Emma bu gün hələ də sevilirsə, demək, uğurlu manevrdir.

              -Təşəkkürlər, Şəfiqə! Ədəbiyyatın  Ceyn Austen fəslində görüşdük bu dəfə də… Yolumuz bir də hansı ədəbi fəsildə, hansı obrazın ruh dənizində kəsişəcək, bilmirəm. 

              -Siz sağ olun! O fəsildə, o dənizdə yenidən görüşənədək!

              Şəfa Vəli (2026, mart)

  • Nə gözəl atmısan məni…

    Nə gözəl atmısan məni…

    Nə də gözəl unutmusan…

    Başımı qatmısan sənlə…

    Dərdimə ünvan olmusan…

    Yollar uzun…addımlar boz…

    Ümidim sənə tərəfdi…

    Kim dedi bu qisməti yoz?

    Bəxt yazan da bitərəfdi…

    Məni gözəl aldatmısan…

    Mən də gözəl incimişəm…

    Məni şeirinə qatmısan…

    Şeirindən də küsmüşəm…

    Şəfa Vəli (2015)

  • Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)

    Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu şəkildə bu öhdəliyi üzərinə götürmüşlərdən danışaq… Çox yox, bircə həftə əvvəl kimə baxırdın, meymun balasından paylaşım edirdi (Punch). Anası tərəfindən tərk edilmiş, digər meymunların yaxına qoymadıqları makaka meymunu… Dünya virtual “ağladı”, “dərdə düşdü” meymun balasına görə. O görüntülərə, həqiqətən, ağlayan biri oldumu? Məşhur markalardan biri meymunun sürüklədiyi, arada söykəndiyi meymun oyuncağına bənzəyən oyuncaqlar istehsal etdi. Adını da qoydu: “Punch`un anası”. Bayaqdan meymun balasına “ağlayan”lar o oyuncaqdan aldılar uşaqlarına… Qarşıma çıxan rəyləri də oxudum, paylaşımlara da göz atdım. Bircə ağıllı rəy vardı, onu da kişi yazmışdı: “Kapitalizm budur; sən anan üçün darıxarsan, kapitalizm sənin ananı satar”. Kişi deyiləm, (kişilərin qadınlara nəzərən daha məntiqli və hadisələri olduğu kimi dəyərləndirdiyi elmi olaraq sübut olunub, mübahisə mövzusu belə, deyil) amma həqiqəti də gizlətməyəcəyəm. Mənim gözlərim də dolmadı makak balasının görüntülərinə baxanda. Normal qarşıladım… Mən öz sinif yoldaşımın 13 yaşında ana olmağının şahidi olan insanam… Mən onun da öz qızını 13 yaşında ərə verdiyini, 28 yaşında nənə olmasıyla öyündüyünü, mənə sonsuz olduğuma görə tənə etdiyini həyati hadisə kimi qarşılamış insanam. Mən bir gecə səhərədək Tanrı Atayla, Təbiət Anayla qismətim (kiminə görə də, qismətsizliyim) üçün həsbihal edib, səhər sosial şəbəkədə asfalt üstünə atılmış çılpaq körpə şəkli görən qadınam… Bununla belə, makaka ağlamadım… Əksinə, düşündüm ki, anasının qoynunda əzizlənənlərdən daha güclü olacaq o! Daha əzmli, daha qüvvətli, çətinliklərə sinə gərmək məqamında daha cəsur olacaq o! Və kənardan müşahidə edincə, bu halı uşaqlarda da görürəm. İmitasiya edilmiş sevgilər uşaqları zəif edir… Hə, burda sizə məni qınamaq şansı verirəm! “Sən nə qanırsan uşaqla necə davranmaq lazımdır?!” sualı hazırdır zehninizdə, bilirəm. Lazım olan andaca dilinizdən eşiyə atılır bu sonundakı nida işarəsi əminlik bildirən cümlə… Unutmayın, immunitet təkcə fiziki bədəndə deyil, zehində də formalaşa bilir. Bu cümləyə qarşı antikorlar var düşüncələrimdə artıq… Məni qınaya bilərsiniz, hə! Amma Şahanə Müşfiqi “Rəqəmsal “analıq”” yazısına görə qınaya bilməzsiniz! Gücünüz çatdığını düşünə bilərsiniz, amma haqqınız çatmır buna! O, gözəl anadır! O, düşünən qadındır! O, həyata canı yanan insandır! O, mənsubu olduğu cəmiyyətin dəyişik düşən ilmələrinin fərqində olan, bu ilmələri yerbəyer etməyi arzulayan, buna çalışan vətəndaşdır! Yediyi yeməyin dadını çıxarmamış çəkib paylaşanları anlamaq istəyərəm. Ziyarət etdiyi tarixi, dini məkanın abu-havasını ruhundan süzdürməmiş şəkil, video çəkib paylaşanlara da güzəşt edə bilərəm. Amma əl boyda uşağın hər anını, həyatı öyrənmək cəhdlərini, yediyini-içdiyini, güldüyünü-ağladığını çəkib dəqiqəbaşı paylaşanları, ən yaxşı mənada, qınayıram. O videolara gələn rəylər, atılan emojilər, videonun artan paylaşım sayı uşağınızın eyninə də deyil, sizin “hamı məni bəyənsin” acgözlüyünüz və yarımçıqlığınızdır. Çünki camaatdan “ay nə gözəl valideynsən!” sözünü eşitmək istəyirsiniz. Halbuki, bu cümlənin ən səmimisini elə öz uşağınız, o da 30 yaşını keçəndən sonra deyəcək… Hə, qarşıdakı 30 il sizin valideynlik öhdəliyinizi necə yerinə yetirəcəyiniz barədə suallarla dolu olacaq. “Mən yaxşı valideyn olmuşam!” cümləsini özünüzə ancaq təsəlli mahiyyətində söyləyə bilərsiniz. O da, yenə, uşağınız 30 yaşını keçəndən sonra… İndi etdiyinizin –uşağınızı öz uşaq dünyasından qoparıb “sosial şəbəkə” adlı qaynar qazanın içinə atmağınızın ikinci adı da var biz göyçəlilərdə. Deyim, onu da öyrənin: görməmişlik! Və bu görməmişlik uşağı ehtiva etmir ha! Sizin həyatı görmədiyinizin, insan amilini tanımadığınızın, daim tərifə olan aclığınızın ölçü vahididir! Səmimiyyətimə kim nə qədər inanar, bilmirəm. Heç özümü kiməsə nəyləsə sübut etmək ehtiyacım da yoxdur. Amma hamının balasının xoşbəxt olmağını, bütün uşaqların uşaqlığı uşaq kimi yaşamağını istəyirəm. Və ali təhsilli pedaqoq, yazıçı kimi sizə bir məsləhət cümləsi yazıram, valideynlər: uşağınızı özünüzdən çox sevin, bunu bacarın! Bütün uşaqlar böyüyəndə çörək tapacaq, yatmağa bir çarpayısı olacaq, amma həyat göstərir ki, cəmiyyətin bütün fərdləri sevgini tanımır. Bunun günahını valideynlərdə görürəm! Xüsusən də, analarda… Məni qınamaqda sərbəstsiniz, analar! Doğmağı bacardığınızla öyünməkdənsə, ana olmağın təvazökarlığını yaşasanız, qınağınızda da sevgi sezilər! Mənim sizi qınadığım kimi…

    Şəfa Vəli (fevral, 2026)

  • Şahanə Müşfiqin şəhid haqqında yeni kitabı təqdim olunub

    Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib.

    Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılıq etdiyi tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Qeyd edilib ki, 30 illik torpaq həsrətimizin, Qarabağ dərdimizin sona yetdiyi Vətən müharibəsindəki Böyük Zəfərdə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimiz müstəsna pay sahibidir. Təqdimatı keçirilən kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı əks etdirir. Şəfa Vəlinin redaktoru olduğu bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.

    Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışında Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb. Şəhid Natiq İsmayılovla uzun illər birgə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: “Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub.

    Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.

    N.İsmayılovun xidmət yoldaşları – polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib.

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi – beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə təşəkkür edib.

    Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən həyat yoldaşı Nigar İsmayılova şəhid adının yaşadılması üçün addım atan hər kəsə təşəkkürünü bildirib.

    Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan “Vətənim Azərbaycan”, müğənni Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan “Gözəl Vətən” mahnılarını ifa ediblər.

    Əslən qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında “Azərbaycan Vətənim” mahnısı da maraqla qarşılanıb.

  • “Ölümlə qətl”də bizə ironiya edənlər

    “Ölümlə qətl”də bizə ironiya edənlər

    Detektiv janrı sevənlər Artur Konan Doylun ədəbiyyata atdığı (bəli, məhz ovcunu açıb bilərək atdığı!) “Moriarti sindromu”ndan xəbərdardırlar.  Şerlok hər hekayədə bir düşmənə qalib gəlir-cinayətkar detektivin şəxsi düşmənidir prinsipi ilə. Lakin Moriartinin uzaqdakı mövcudluğu Şerlokun xarakterini oxucuların gözündə ucaldır, onu əhəmiyyətli edir. Necə deyərlər, “sən məni də düşmənli gör!”

                   Aqata Kristidə isə fərdilik önə çəkildi-insan fərd olaraq dəyərləndirildi.  Qadın müəllif heç bir obrazına konkret olaraq “sən pissən!”, “sən yaxşısan!” demədi. Hətta Puaronu və Marplı belə, oxucuların öhdəsinə buraxdı;  zəifliklərini tapaq deyə… Ki, tapdılar da, tapdıq da…

                   Və sonra Hollivudda Şerloka da, Puaroya da, Marpla da ironiya edən bir nəfər tapıldı: Nil Simon (1927-2018). 1 ildə 4 əsərinin Brodveydə səhnələşdirilməsi ilə rekorda imza atan  Nil  həm də film ssenarisi yazıb. “Ölümlə qətl”  (“Murder by Death”) məhz onun ssenarisi əsasında 1976-cı ildə çəkilib. “Columbia Pictures” studiyalarında çəkilən filmin rejissoru öz dövrünün istedadlılarından sayılan Robert Mur  (1927-1984)  idi.

                   XX əsrin sevilən aktyorlarından Peter Falk, Alec Guinness, David Niven, Peter Sellers, James Cromwell, James Coco, Eileen Brennan, Elsa Lanchester və Nancy Walker “Ölümlə qətl”də gözəl oynayıblar. Maggie Smith sevdiyim aktrisadır deyə, onun performansı barədə bircə kəlmə deyə bilərəm: “Gözəldir!” Amma ən maraqlısı “O`Henri mükafatı” laureatı, “Başqa səslər, başqa otaqlar”  (“Other voices, other rooms”) əsərində dostu Harper Li`nin prototipini yaradan Truman Kapot`un (Truman Capote) da filmdə oynamasıdır…  Hətta yazıçı məhz bu filmdəki performansı ilə “Altın Kürə”yə namizəd göstərilib.

                   “Ölümlə qətl”in janrı komediya kimi təqdim olunur. Amma yox, komediya, həm də, ürəkdən güldürməlidir axı! Bu film güldürmür-nigaran bir kədər var hər epizodunda. Xüsusilə, “Puaro tərzi”nə-“Sonda içəridəkilərdən biri mütləq qatil olmalıdır!” əminliyinə ironiya o qədər incə üslubla tamaşaçıya ötürülür ki, filmin hər epizoduna, azı, 2 dəfə baxmaq istəyirsən.

                   Hə, “Moriarti sindromu”ndan sonra “Puaro tərzi”ndə düşünmək detektivsevərlər üçün “göydən düşən üç alma” oldu. Artıq hamımız bilirik ki,  Po`nun Düpeni də, Leblankın Lüpeni də, Doyl əminin Holmsı da, Aqata xalanın Puarosu da artıq keçmişdə qalıb… Onlar nostalgiyadır.  Amma 1976-cı ildə bu nostalgiyalar yenicə cücərməyə başlayırdı. 

    Nil Simon və Robert Mur  məhz bu cücərtilərə ironiya etdilər. Onlar  artıq “Moriarti sindromu”nun Hollivudun  damarlarında axdığını görürdülər-Hollivud  o dövrdə bunu etiraf etməsə də… Uzağa getməyin, bir “Sümüklər” (“Bones”, 2005-2017), bir də “Qara siyahı” (“The Blacklist”, 2013-2023) seriallarına  baxın; uzaqda həmişə və həmişə bir əsas düşmən var…   Uzaqdakı düşmənin varlığı ilə rahat yaşamaq olarmı? Təbii, yox. İndi deyə bilərsiniz ki, bu tryuk rejissorların tamaşaçını daim gərginlikdə saxlamaq cəhdidir. Mübahisə etməyəcəyəm… Amma gəlin etiraf edək ki, əsl tamaşaçı bu tələyə düşmür. Beləcə, nə alınır?

    “Ölümlə qətl”in janrı komediya olur, amma biz gülmürük…

    “Qara siyahı” kriminal triller janrındadır, biz Redin nəinki sözlərinə, hətta mimikalarına belə, gülürük…

    Bəli, “Ölümlə qətl”də ssenarist və rejissor, hətta aktyorlar da bizə ironiya edirlər. Bizə anlatmağa çalışırlar ki: “Hazır olun, bundan sonra incəsənət qəhrəman yaratmayacaq!”  Nəticədə, biz bu gün Puaronu şəfqətlə, Harri Holl`u (Co Nesbonun əyyaş detektivi) isə hərisliklə oxuyuruq…

    Sonda, nə deyim,  mütəşəkkirəm Nilə də, Robertə də… Filmin mövzusundan danışmayacağam, tapın, baxın, bir az da siz üzülün. Üzülün ki, qəhrəmanların öldüyünü ekrandan söyləyənlər də qəhrəman kimi deyil, ən adi insan kimi öldülər; səhvləriylə, günahlarıyla, peşmanlıqlarıyla… Üzülün ki, insan həmişə eynidir-səhvlərinin üstünü örtməyə çalışmağı, günahını etiraf etməməyi, peşmanlığını boynuna almamağıyla…

    Gələn filmlərədək…

    Şəfa Vəli (2025, may)