Category: Azərbaycan ədəbiyyatı

  • Müzəffər MƏZAHİM.”Deyəm gərək”

    mm

    Əlimdədir əsrlərin cilovu,
    Boz ayğırlı Bamsı Beyrək mənəm, mən
    Öz qalam var, öz bərəm var, öz ovum,
    Dağda-düzdə əsən külək mənəm, mən.

    Özgə yerdə gəzməmişəm izimi,
    Yad payına dikməmişəm gözümü,
    Bu torpağa sürtə-sürtə üzümü,
    Sığal çəkən kövrək-kövrək mənəm, mən.

    Vətən dərdi Vətənləşdi sinəmdə,
    Vətən eşqi bir atəşdir sinəmdə,
    Alov düşdü, saflıq bişdi sinəmdə.
    Süfrəsi bol halal çörək mənəm, mən.

    Savalanın gədiyindən keçmişəm,
    Çeşmələrin bəbəyindən içmişəm,
    Yollar çoxdur, dönməzliyi seçmişəm,
    Zirvələrdə açan çiçək mənəm, mən.

    Tarix özü yollarımı azdırıb,
    Hələ öndə vüsal adlı yaz durub,
    Taleyimi öz alnıma yazdırıb,
    Var səsimlə deyəm gərək “Mənəm, mən”.

  • Nisə Qədirovanı doğum günü münasibətilə təbrik edirik! (30 avqust 1967-ci il)

    11153468_731421923638953_1561011028_o

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidmət

    İNANMIRAM

    Bu dünya fani dünyadı.
    Nəğməsinə inanmıram.
    Daha uşaq vaxtım deyil
    Hiyləsinə inanmıram.

    İnanmıram nağılına
    Şəkərinə, noğuluna.
    Nə qızına, oğuluna
    Nə özünə inanmıram.

    Daşıyıram, yüküm daşdı.
    Mən dözdükcə aşdı-daşdı.
    Cahil oldum könül açdım.
    Sevgisinə inanmıram.

    Sağım günah, solum günah,
    Yandırcaq məni bu ah.
    Tanrım olsun özü pənah,
    Bir kəsinə inanmıram!

    XƏYANƏT EDƏN QADINLAR

    Qurumuş ağac kimidi
    köksüz, barsız, kölgəsiz…
    Taxta parçasına bənzərdodaqları quruyar
    boyasız, bəzəksiz.
    Küt bıçaq kimi sancılar ürəklərə
    xəyanət edən qadınlar…

    Sahildəki daşlar kimi uğurlu bir iz,
    sulara baş vuran qağayılar kimi
    ov gözləyər anında.
    Heç kimin onu gözləmədiyini bilə-bilə
    Kimi isə gələcəkmiş kimi
    əyləşər namusunun kandarında
    xəyanət edən qadınlar…

    …Dəvətsiz qonaq kimi dönər geri,
    göz yaşları ovcunda səssiz-səmirsiz.
    Qolları bomboş asılqan,
    ayaqları dolaşar dörd yol ayrıcında kimsəsiz
    İşıqları sönər bu şəhərin,
    İynə ucu boyda işıq gəzər xəyallarda
    xəyanət edən qadınlar…

    Ölümündən o yana bağlanar qapılar
    Ardından hayqırar ölümün səsi.
    Addım-addım yaxınlaşar məzarına
    Bir ovuc suya həsrət kimi
    Parçalanmış vicdanına susayar.
    Özü də bilmədən tələsib,
    Nəfsinin dar ağacından asılar
    Xəyanət edən qadınlar

    GÖZLƏRİN

    Eşqi ilə dünya bildim qəfəsi.
    İndi mənə yaddan yaddı gözlərin…
    Köksümdəki min bir aha qarışıb
    Qürub etdi, söndü, batdı gözlərin…

    Yalan imiş işığı da, odu da,
    Hərarəti, məhəbbəti, andı da.
    Fərqi yoxmuş, doğmanı da, yadı da
    Ucuz aldı, baha satdı gözlərin…

    Nisə deyər, könlüm ağlar, uçulmaz,
    Nankor kəsdə sevgi olmaz, güc olmaz.
    Bəxt yazılıb, dəyişilməz, qaçılmaz…
    Düşünmə ki, kama çatdı gözlərin.

    SEVƏNLƏR KİMİ

    Dörd yol ayrıcında bir gün,
    Görüşdük sevənlər kimi.
    Aldanıb acı qisməti
    Bölüşdük sevənlər kimi…

    Nağıl dedi fələk bizə,
    Yuxu gəldi gözümüzə.
    Yatıb bir bəxt özümüzə-
    Görmüşdük sevənlər kimi…

    Biri yoxda, biri varda,
    Buz asılıb arzulardan.
    Ruhumuz kim bilir harda-
    Ölmüşdük …sevənlər kimi…

    SƏNSİZLİK

    Oturub gecənin bu vədəsində,
    Özümə bir nağıl danışım gərək.
    Dözümü gözümə sürmətək çəkib,
    Bu qərib bəxt ilə barışım gərək.

    Sükutun səsini səsimə qatım,
    Bu vaxt yuxulardan kimi oyadım?
    Sən mənim ayrılıq dolu bayatım-
    Bu səsiz haraya alışım gərək.

    Şirin nağıl kimi bitir ömür də,
    Çəkir karvanını səs də, səmir də.
    Sən məndlən xəbərsiz uzaq ellərdə,
    Mən də sənsizliklə barışım gərək

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Dağ çiçəkləri” ədəbi dərməyi, İsmayıllı yazarları, Ağsu yazarları ictimai ədəbi birlikləri və “İti qələm” Respublika ədəbi birliyinin üzvü.

    Çağdaş dövr Azərbaycan Ədəbiyyatının sütunu – Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirinə ithaf.

    İzin ver, öyrədim özümə səni

    Sən qəlbinin qapısını bağlama,
    İzin ver öyrədim özümə səni.
    Sonrasını burax mənim ağlıma,
    Öyrədəcəm dərdə, dözümə səni.
    İzin ver, öyrədim özümə səni.

    Sənin dərdlərinin ayaqları var,
    Mənim də ruhumun qonaqları var.
    Ayıra bilməzlər, nə haqları var?
    Tutmamış oduma, közümə səni,
    İzin ver, öyrədim özümə səni.

    Şair Namiq Dəlidağlının “Heç nəyi qalmadı getdi!” misrasına istinadən…

    Getdi

    Geri dön deməzlər özü gedənə,
    O mənim həmdəmim olmadı getdi.
    Gələndə bir dünya vermişdi mənə,
    Apardı, heç nəyi qalmadı, getdi.

    Düşünməzdim illər onu soyudar,
    Özgə laylasına rahat uyudar.
    Dedim məni yada salıb qayıdar,
    O isə yadına salmadı, getdi.

    Yaman incimişəm lal baxışından,
    Mürgülü, yuxulu, kal baxışından.
    Ögey, aciz, soyuqhal baxışından,
    İncimiş könlümü almadı, getdi.

    Pünhan sevgim

    Onu ruhun kimi sev, ona özün kimi bax,
    Onu qoru nəzərdən, ona gözün kimi bax,
    Yalan dolu dünyada ona düzün kimi bax,
    O təmiz hisslərimdir, eşqim, məhəbbətimdir,
    Yalanlara bir inad mənim həqiqətimdir.

    O ruhunun qonağı, qəlbinin müsafiri,
    Yalnız imanı sevər, gözdən salar kafiri.
    Batinindən nur alar, göz oxşayar zahiri,
    O mənim fəlsəfəmdir,varımdır, dövlətimdir,
    Yalndan pay almayan, pünhan məhəbbətimdir.

  • Çiçək Tağıyevanı doğum günü münasibətilə təbrik edirik! (29 avqust)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidmət

    Qardaş

    Dərin düşüncəyə dalanda qardaş,
    Dərdini ürəyə salandı bacı.
    Qardaş ayağına toxunanda daş,
    Kədərdən,qüssədən dolandı bacı.

    Dolanda gözləri yaz buludu tək,
    Bacının həyanı qardaşıdır tək,
    Köksünün altında döyünən ürək,
    Dilinin əzbəri olandı bacı.

    Dar gündə boylanıb qardaşın arar,
    Dərdinə.sərinə qardaşı yarar.
    Bacıdir qardaşa çiçəkli bahar,
    Qardaşın qeydinə qalandı bacı.

    Dağ tək vüqarlıdır hər an gözündə,
    Boyuna,özünə qurban sözündə.
    Qardaşsız bu dünya viran gözündə.
    Xəzan vuran gül tək solandı bacı.

    Gözünün nurudur Çiçəyin qardaş,
    VÜqarım,qürurum,ürəyim qardaş.
    Xoş gündə.dar gündə gərəyim qardaş,
    Qardaşın könlünü alandı bacı.
    4 misradan bir ara yarada bilmədim

    06.06.2016.

  • Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Şabran şəhər Xəqani adına Poeziya evinin direktoru, şairə Aybəniz Əliyarlının “Cənnətdən gələn məktublar” adlı kitabının təqdimatı keçirilib

    Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Şabran şəhər Xəqani adına Poeziya evinin direktoru, şairə Aybəniz Əliyarlının “Cənnətdən gələn məktublar” adlı kitabının təqdimatı keçirilib.
    Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı Aybəniz Əliyarlının yaradıcılığı haqqında məlumat verib.
    Daha sonra tədbirdə iştirak edən şairlər Əşrəf Şəfiyev, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ofelya Babayeva, Şahməmməd Dağlaroğlu, Əkbəır Qoşalı, Dəyanət Osmanlı, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək şairəni təbrik edib, xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıblar.
    Sonda Aybəniz Əliyarlı çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib, şeirlərini ifa edib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    XƏZAN GÜLÜ

    Payızda gəldin ömrümə,
    Payızda getmə, nə olur.
    Sənsizliyi taleyimə
    Xəzəltək tökmə, nə olur.

    Ağlasam, özüm oluram,
    Güldür, olum istədiyin.
    Ayrılsan, dözüm oluram,
    Getmə, yoluna küsdüyüm.

    Bu payızın gülüyəm mən,
    Rəngim sarı, qönçəm yarı.
    Yarpaqların diliyəm mən,
    Nəğməm yarı, ömrüm qarı.

    Sarı güllər ayrılığın
    Rəmziymiş, söylədin mənə.
    Payız yazdığım nağılın
    Özüymüş, söylədin mənə.

    Getdinsə, götür özünlə,
    Xatirən nəyimə gərək.
    Bu xəzanda sarı gülü
    Sevməyə bir ürək gərək.

    QAYTAR YUXUMU

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ADINI DEYIB GƏLMIŞƏM

    Bir qədəh sevinc icmişəm
    sağlığına… sağlığına…
    Utanmayıb oynamışam
    yoxluğuna… yoxluğuna…

    Adını deyib gəlmişəm,
    düşmüşəm yolun ağına…
    Adımı yaza bilmişəm
    çəkdiyin həsrət dağına…

    Bağışla… Ömrüm günahdı…
    Batırma eşqi günaha…
    Dilimdəki bu son “ah”dı…
    Badədir, sağlığına…

    FALÇI DEYIB GƏLIŞINI…

    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

    Unutmuşdum…Bu görüşə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən naşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Ayrılığı unutmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Gəncə

  • Abdulla MƏMMƏD.”Köksümdə ürəyim qərib kimidir”

    abdullamuellim

    Bu nece sevgidir,bu nece sevgi?
    Sənsiz günlerim də qəlib kimidir.
    Həsrətin biçilib əynimə, sanki
    Köksümdə ürəyim qərib kimidir.

    Getdin-tənhalığı bəxş edib mənə,
    Getdin şübhələrin axarında sən.
    Söylə, nə görürsən-bir yol desənə
    Getdiyin yolların axırında sən?

    Sənə “Getmə!”-dedim,sənə “Qal!”-dedim,
    Yalnız bircə dəfə çatılar ocaq.
    “Nəyinə gərəkdir qalmaqal?”-dedim,
    Nə sən bir uşaqsan,nə mən oyuncaq.

    Bəxtimə düşmüsən qara xal kimi,
    Ömrümə düşsən də mənə düşmədin.
    Qalıb xatirimdə xoş xəyal kimi,
    Yaxşı ki,mən düşən günə düşmədin!

    Getdin, həsrətini üstümə salıb,
    Didib parçalayır həsrətin məni.
    Dərdi yorğan edib üstümə salsam,
    Yenə də üşüdər qismətim məni.

    Sənsiz günlərimin üzü qaradır,
    İstisi sozalıb ,ayazı qalıb.
    Bu payız köçümün üzü qaradır,
    Alnıma yazılan son yazı qalıb.

    Dönüb göz dağına getdiyin bu yol,
    Bu gün də özümə gələ bilmirəm.
    Özünü ömrümdən silsəm də bir yol,
    Adını qəlbimdən silə bilmirəm…

    Bu necə sevgidir, bu necə sevgi?
    Sənsiz günlərim də qəlib kimidir.
    Həsrətin biçilib əynimə, sanki
    Köksümdə ürəyim qərib kimidir.

    Azərbaycan. Quba.

  • Abdulla MƏMMƏD.”Gerçək yuxu”

    abdullamuellim

    “DİDƏRGİN ŞƏRQİSİ, QAÇQIN HARAYI” SİLSİLƏSİNDƏN.
    İstedadlı şair, əziz müəllimim Hafiz Rəhimə ithaf edirəm.

    Gecə həmdəm olub qəhərə qədər,
    Əlini çəkmir heç qəm boğazımdan.
    Dərdi sirkələdim səhərə qədər,
    Yapışıb zülmətin daş yaxasından.

    Bu dərd əliyalın, ayağı yalın,
    Əridir sevinci talan qəıbləri.
    Boz üzlü dünyanın gönümü qalın?!
    Sükutu dağlayır yanan qəlbləri.

    Qapı cırıldayır, diksinir sükut,
    Qurd-quşa yem olan doğma ocaqda.
    Göydə doluxsunub sızlayır bulud,
    Torpaq da çat verir kimsəsiz bağda.

    Hörüb pərdəsini tordan hörümçək,
    Ayla müzgüləyir, günlə isinir.
    Payızda sevinci sovuran külək
    Yazda dağ çayının selində dinir…

    Yol çəkən gözlərin yaşartısından,
    Solğun yanaqlara süzülür ürək.
    Sübhün buludlanan işartısında
    Küləyin səsindən üzülür ürək.

    Qocaya cavana baxmır bir an da,
    Vədəsiz qırışır alında həsrət.
    Ümidin Vətənsiz öldüyü andan,
    Bilsən- necə gönü qalındı həsrət?!

    Didərgin başlarda ağarır dən-dən,
    Vətənsiz özümü göynədən içim.
    Bu gecə yuxumda ağladım, Vətən,
    Dərdini ağladım, hey için- için.

    Bu dərd Kəlbəcərdir, bu dərd Laçındır,
    Bu dərd Qubadlıdır, Şuşadır… bu dərd.
    Tanrı dərgahına əllərin açan
    Didərgin dilində duadır bu dərd!

    Bu dərd əliyalın, ayağı yalın,
    Əridir sevinci talan qəıbləri.
    Boz üzlü dünyanın gönümü qalın?!
    Sükutu dağlayır yanan qəlbləri!

    Azerbaycan. Quba.
    08.06.2015

  • Rahilə DÖVRAN.”Məni axtaracaqsan”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Fələk səni yoranda,
    Bəxtin üzə duranda.
    Qəlbin yavaş vuranda,
    Məni axtaracaqsan.

    Al Günəşin sönəndə,
    Çərxin tərsə dönəndə.
    Durub qəbrim önündə,
    Məni axtaracaqsan.

    Əlin, qolun qöynunda,
    Qara, matəm donunda.
    Bitmiş yolun sonunda,
    Məni axtaracaqsan.

    Yaz Günəşi saçanda,
    Lalə, nərgiz açanda.
    Kəpənəklər uçanda,
    Məni axtaracaqsan.

    Hər təamda, töhfədə,
    Hər açılan süfrədə.
    Hər kitabda, səhifədə,
    Məni axtaracaqsan.

    Sənə arxa, həyanı,
    Səni sevib, sayanı,
    Sən, Rahilə Dövranı,
    Məni axtaracaqsan…

  • Rahilə DÖVRAN.”Ay Ana!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Anam düşdü yadıma…

    Yoxluğuna alışammır ürəyim,
    Hər müşküldə, səm olardın gərəyim.
    Zəhər olub sənsiz duzum, çörəyim,
    Həyatımın mənasıydın, ay Ana!

    Aylar, illər ötüb, zaman daralıb,
    Sənsiz balan, zəfərantək saralıb.
    Yoxluğunla ömrüm, günüm qaralıb,
    Könlümün nur ziyasıydın , ay Ana!

    Ocaq sönüb, yoxa çıxıb çal- çağır,
    Ömrə qübar, qüssə, kədər, qəm yağır.
    Zalım fələk edib məni qan- bağır,
    Dilimin tək, duasıydın, ay Ana!

    Sən açardın bəsirətin pərdəsin,
    Haqlı idi hər bir zaman haqq səsin.
    Açıqlardın batınini hər kəsin,
    Həqiqətin aynasıydın, ay Ana!

    Qibləm idin, heç çəkməzdim gözümü,
    Minbər idin,hey sürtərdim üzümü.
    Təbb, ilhamdın,Sən verərdin sözümü,
    Dövranın söz dünyasıydın, ay Ana!…

  • Mais TƏMKİN.”Heyif, o qız bir də dəyməz gözümə”

    10646868_273655359498567_6620189188081019440_n

    Hələ bir əl dəyməmişdi əlinə,
    Yanağı bənzərdi cənnət gülünə.
    Bal nəydi ki, çata şirin dilinə,
    Tamarzıyam söhbətinə, sözünə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Haqqın dərgahına pərvazlanırdı,
    Gözəllikdə mələkləri danırdı.
    Qanad çala-çala o, nazlanırdı,
    Ruhum mat qalmışdı günəş üzünə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Ömrü xəzan olmuş gülə dönmüşəm,
    İnləyən, sızlayan telə dönmüşəm,
    Kərəm tək alışıb külə dönmüşəm,
    Dəyməyin kül altda qalan közümə,
    Heyif, o qız bir də dəyməz gözümə.

    Baxdım nur üzünə, susub lal oldum,
    Qamətim əyildi, qəddi dal oldum.
    Taqətim kəsildi, lap bihal oldum,
    O gedəndən gələmmirəm özümə,
    Heyif, o qız bir də dəyməz gözümə!

    Ləblərindən kim eyləyər görən nuş?
    Bu səbəbdən könlüm olub dərdə tuş.
    Mais Təmkin, ələ düşməz uçan quş,
    Yüz seyr eylə, boylan göyün üzünə,
    Heyif, o qız bir də dəyməz gözünə!

  • Mais TƏMKİN.”Daşa mesaj yazıb, zəng eyləsəydim”

    10646868_273655359498567_6620189188081019440_n

    Daşa mesaj yazıb, zəng eyləsəydim,
    İnan ki, səsimə səs verərdi daş.
    Nə cavab yazırsan, nə səsin gəlir,
    Bircə bu sirrindən heç açmıram baş?

    Baxıram sönübdür, işığın yanmır,
    Burda da üzümə qaranlıq çökür.
    Elə bil fələk də qoşulub sənə,
    Dərd-qəmi üstümə ələyib tökür.

    Cavabsız mesajlar, cavabsız zənglər,
    Sarsıtdı cismimi əməllibaşlı.
    Səninlə aramda tək bircə fərq var:
    Sən qəlbidaşlısan, mən başıdaşlı!

    28.08. 2016

  • Müzəffər MƏZAHİM.”Ay işığında”

    mm

    Söykənib fikrimə, düşüncəmə mən,
    Bu həzin gecəni seyrə dalmışam.
    Xəyalım quş kimi çıxıb əlimdən,
    Xatirə bağına uçur bu axşam.

    Gecə başdan-başa məhəbbət idi,
    Yağırdı torpağa ulduz yağışı.
    Bu gecə yatmaq da qəbahət idi,
    Tutardı adamı ayın qarğışi.

    Açdım əllərimi ay işığına,
    Süzüldü ovcuma nuru göylərin.
    Göylər bənzəyirdi meyvə bağına,
    Ulduzlar yetişmiş barı göylərin.

    O qədər tutmuşdu məni bu sehr,
    Hissimi, duyğumu yazmadı qələm.
    Qəlbim lal olmuşdu, gözlərim əsir,
    Səssiz bir ovçuydu sanki bu aləm.

    İnsanlar, oyanın, çimin sübhədək,
    Bu ay işığında,- bu nur selində.
    Yuyulsun qəlbiniz,- günühlarınız,
    Gecənin bu şəffaf, büllür selində.

    Gecə başdan-başa bir məhəbbətdir,
    Hey yağır torpağa ulduz yağışı.
    Bu gecə yatmaq da bir qəbahətdir,
    Tutmazmı adamı ayın qarğışı?

  • Müzəffər MƏZAHİM.”Yenə bəxtimi ələnir?”

    mm

    Gəl ələmə ələnmişi,
    Təmizliyə güvənmişi,
    Gördüyün bu gülən kişi,
    Dərdini dişinə sıxıb.

    Üz-üzədir baxtı ilə,
    Bir ömürlük vaxtı ilə,
    Arzuları sıxdır hələ,
    Üzünə Allahı baxıb.

    Həmdərd gəzir ovutmağa,
    Hər gileyi unutmağa…
    Söykəndiyi inam – dağa,
    Kimlər bu yalanı yıxıb?

    İnanmır, gəldiyi haqqın,
    Yolunda öldüyü haqqın,
    Axar su bildiyi haqqın,
    Üstünə çirkablar axıb.

    Gözündə qəm gilələnir, —
    Yenə bəxtimi ələnir?!
    Bu kişi düzlük dilənir,
    Zəmanəsi xəsis çıxıb.

  • Şairə Reydanə Xurşudun “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri

    NİYƏ AYIRDI

    Tale səni də çox gördü mənə,
    Bir gün səni məndən alıb apardı.
    Həyatın nə yaman sərt üzü varmış,
    Sevən iki qəlbi niyə ayırdı?

    Doyunca gülmədik, danışmadıq heç,
    Bircə yol əlinə dəymədi əlim.
    Hicransa gör nə tez kəsdi qapını,
    Nə qədər ağırmış hökmü fələyin.

    BİLİRSƏNMİ

    Bilirsənmi, nə çəkirəm əlindən?
    Ömrümü, günümü alt-üst etmisən.
    Rahatlığımı almısan əlimdən,
    Yuxularımı ərşə çəkmisən.

    Bilirsənmi, nə çəkirəm əlindən?
    Baxışınla qəlbimə üsyan etmisən.
    Yer tapmıram özümə səni görən gündən,
    Özümü – özümdən alıb getmisən.

    “Almaz”ım evimin şuşəkəsəni
    Цvlad tohfəsi

    “Qızım, ata sözü həmişə gərək,
    Mən sənə vermişəm təhsilli çörək,
    Adını həmişə zirvədə görək,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Ata sevgisinə qalmadın həsrət,
    Mən övlad böyütdüm, etmədim işrət,
    Zəkalı ağlınla dünyanı titrət,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Ata eşqi ilə böyüyən bala,
    Həmişə əlində gərək saz çala,
    Zəngin bilik alıb o, yaşa dola,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Qızım mənim üçün ətirli çiçək,
    Ailə qurarsa, o, açar ləçək,
    Toyuna atlasdan gəlinlik ölçək,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Yoldaşı boyuna biz uyğun seçək,
    Bəylik pencəyini əyninə biçək,
    Qızıma ər olan bağlamaz ləçək,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Övladı düzəldər qızıldan dibçək,
    Nənə olanda da qalacaq göyçək,
    Şərəfli ad-şanı dilinə dilçək,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Qəlbində sən saxla xoş arzu, dilək,
    Toyun çalınanda qəbirdən gələk,
    “Gül” nəvələrinə doyunca gülək,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Atam yoxdur! – deyib saçını yolma,
    Qəbir daşlarına başını vurma,
    Ata yoxluğuna həyatda sınma,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    “Atan sənə alıb qırmızı bələk,
    Durub gözyaşını qəbirdən silək,
    Şair Reydanəsən, ağlatmaz fələk,”
    “Almaz”ım evimin şüşəkəsəni!

    Şeirimin dili

    Hər misra mənimçün qızıldan baha,
    Misralar önündə susmuşam daha,
    Anadan doğuldum bir alim, düha,
    Şeirimin dililə nur saçacağam!

    Mənim taleyimi danışır şeirim,
    Axır damcı-damcı alnımda tərim,
    Misraya düzülür qızılım, zərim,
    Şeirimin dililə nur saçacağam!

    Dolur ağ vərəqlər, boşalır ürək,
    Əlimdə həmişə bil qələm gərək,
    Sözlər misralara bir sütun, dirək,
    Şeirimin dililə nur saçacağam!

    Köçür vərəqlərə hər arzum, hissim,
    Şeirimin dilində yamanım, pisim,
    Kəlmələr mənimçün dəmirim, misim,
    Şeirimin dililə nur saçacağam!

    Hər şeirim gətirir daxili qürur,
    Burda görünürəm olduqca məğrur,
    Şeirimdə dil açır təfəkkür, şüur,
    Şeirimin dililə nur saçacağam!

    Bu yerdə hər arzum keçər həyata,
    Şeirimin saf dili dönər Qırata,
    O, düşmənlərlə başlayar cihada,
    Şeirimin dililə nur saçacağam!

    Şeirimdə xoşbəxtəm qəlbən ürəkdən,
    Ayrı bilmirəm arzu, diləkdən,
    Misralarım uzaq hiylə, kələkdən,
    Şeirimin dililə nur saçacağam!

    Daha danışmağa ehtiyac yoxdur,
    Kəlmələr bolluca, sözlərim çoxdur,
    Hər misram yayından çıxan bir oxdur,
    Şeirimin dililə nur saçacağam!

    Sözlərdən hörürəm al-əlvan çələng,
    Sənət meydanında yerimərəm ləng,
    Şair Reydanəyəm, olmuşam pələng,
    Şeirimin dililə nur saçacağam!

    Natavan gozəldir…

    Hərbi doyuşcuyə – general-mayora
    yar olan Natavanın məğrur
    sevgisinə ithaf edirəm.

    Xan Xasayı sevdi görən gözləri,
    Dolaşdı dilində ürək sözləri,
    Sevib evləndilər bir gün özləri,
    Natavan gözəldir igid sevəndə!

    Əmrə müntəzirdir ev kənizləri,
    Bağında fəvvarə su kəhrizləri,
    Sarayda açılır gen dəhlizləri,
    Natavan gözəldir igid sevəndə!

    Körpələr yatırtdı qadın dizləri,
    Yol açdı Xasayın ayaq izləri,
    Sevgisilə sevindirdi bizləri,
    Natavan gözəldir igid sevəndə!

    Könlünü oxşadı uşaq səsləri,
    Başına yığıldı sevən kəsləri,
    Daha da çoxaldı xan nəsilləri,
    Natavan gözəldir igid sevəndə!

    Xasaya göstərdi böyük sədaqət,
    Mayoru sevməyə tapdı cəsarət,
    Döyüşçü sevgisi istər şücaət,
    Natavan gözəldir igid sevəndə!

    Döyüşə gedəndə dilədi uğur,
    Xan qızı qəlbində arzular doğur,
    Kündəni yapmaqçün xəmiri yoğur,
    Natavan gözəldir igid sevəndə!

    Ocağı gur yandı, çoxaldı işıq,
    O incə belinə Xasay yaraşıq,
    Uşaqlar boynuna oldu sarmaşıq,
    Natavan gözəldir igid sevəndə!

    Alqışa layiqdir Banu sevgisi,
    Sarayda açıldı şeir sərgisi,
    Şair Reydanəyə bəsdir bilgisi,
    Natavan gözəldir igid sevəndə!

  • Şair Rafiq Dağkəsəmənlinin “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri

    “Sarıtel”

    (saz havası)

    Sənanda çalındın, Urmiyə çatdın,
    Millətin içində sevda oyatdın.
    Kərəm alışanda sən qəmə batdın,
    Ağı dedi mizrab telə, “Sarıtel”!

    Kökləndi ruhuma sazın pərdəsi,
    Məni ovsunladı sehirli səsi.
    Saldı tilsiminə duyan hər kəsi,
    Ömrümü vermədim yelə “Sarıtel”!

    Bir zaman ürəkdən çaldı Kamandar,
    Düşmənin başına dünya oldu dar.
    Güldü Qarayazı, sevindi Eldar,
    Təbrizdə də düşdün dilə, “Sarıtel”!

    Ruhumu oyatdı Savalan yeli,
    Dağıtdı üzümə pərişan teli.
    Təbriz ləhcəsilə Azəri dili,
    Sədan gəzdi eldən-elə, “Sarıtel”!

    Xoya əlim çatmır, xeyli uzaqdı,
    Kəndim Dağkəsəmən, elim Qazaxdı.
    Rafiqəm, odluyam, içim sazaqdı,
    Dönməm vətən üçün külə, “Sarıtel”!

    14 aprel 2016-cı il, Sumqayıt

    Eşqin ümmanında batasıyam

    Doğma torpağıma sinə gərmişəm,
    Bu yolda şəm kimi hey ərimişəm,
    Ana vətənimə qurban vermişəm,
    O şəhid Qabilin atasıyam mən!

    Canımla, qanımla yurda bağlıyam,
    Vətən işğaldadır qolu bağlıyam,
    İstərəm zirvəylə ülfət bağlayam,
    Qucub torpağında yatasıyam mən!

    Vətən torpağının ilıq nəfəsi,
    Doğma övlad kimi qucar hər kəsi,
    Ulu dağımızın Heydər zirvəsi,
    O uca zirvəyə çatasıyam mən!

    Bizlərdən vətənin üzü dönməsin,
    İlahidən yanan çıraq sönməsin,
    Qartal zirvələrdən düzə enməsin,
    Qanımı torpağa qatasıyam mən!

    Bəşəri həyatda pak edən sudur,
    Rafiqin sevdası safdır, durudur,
    Ulu yaradandan təvəqqəm budur,
    Eşqin ümmanında batasıyam mən!

    15 yanvar 2016-cı il

    Sən bir dönüb can demədin

    Kədər çökdü lap sinəmə,
    Mən kökləndim dərdə, qəmə.
    Ürəyimi deşdi qəmə,
    Sən bir dönüb can demədin!

    Haqqın özü dərdi bölmüş,
    İti xəncər sapı gümüş.
    Nələr çəkdi şair ölmüş,
    Sən bir dönüb can demədin!

    Hicran qəmi həlak etdi,
    Ucbatından abrım getdi.
    Rafiq qüssə, qəmlə bitdi,
    Sən bir dönüb can demədin!

    13 may 2015-ci il

    Qara rəng lalədə xal olsun deyə

    Buludlar səmada xeymə tikdilər,
    Bağbanlar bağçada güllər əkdilər.
    Nəvaziş göstərib, nazın çəkdilər,
    Zəmburun ağzında bal olsun deyə!

    Qönçələr düyülüb tər gülə döndü,
    Qızıl ləçəkləri bir gülə döndü.
    Bülbül gülə-gülə pak gülə döndü,
    Lalənin yanağı al olsun deyə!

    Rafiqin Vətənə yazdığı sətri,
    Nə xoşdur nərgizin, sünbülün ətri.
    Gözəldir toxunmuş güllərin çətri,
    Qara rəng lalədə xal olsun deyə!

    20 iyun 2016-cı il,Sumqayıt
    Ölərəm qoynunda yatırsan məni

    Vuruldum hüsnünə, yar, aşıq oldum,
    Sığındım köksünə yaraşıq oldum,
    Sarıldım boynuna sarmaşıq oldum,
    Yenə də qul edib satırsan məni!

    Dağda tülə bənzər çəni sevmişəm,
    Pərişan zülfündə dəni sevmişəm,
    Bütün varlığımla səni sevmişəm,
    Fürsət tapan kimi atırsan məni!

    Rafiqəm, bəhridə batan deyiləm,
    Sevdamı hər kəsə satan deyiləm,
    Özgə laylasına yatan deyiləm,
    Ölərəm qoynunda yatırsan məni!

    2 iyul 2015-ci il

  • Mais TƏMKİN.Yeni şeirlər

    10646868_273655359498567_6620189188081019440_n

    Dərdimin

    Nəşəm qəmdən aşağıdır,
    Üzümdəki yaş, ağıdır.
    Gözlərimdən yaş axıdır,
    Yoxdur həyası- dərdimin.

    Tükənməyir, yetmir sona,
    Vərdiş edib, qəlbə qona.
    Gündə girir dondan-dona,
    Mindi boyası,-dərdimin.

    Hay verən yoxdur səsimə,
    Nə zilimə, nə pəsimə.
    Necə qıyım özgəsinə,
    Özüm geyəsi dərdimi?

    Pəl qatır, xoş diləyimə,
    Hopub qana, iliyimə.
    Neştər olub ürəyimə
    Batır tiyəsi dərdimin.

    Könül sızlar, hər gün, hər ay,
    Bir kimsədən gəlməz haray.
    Ürəklərdə qurub saray,
    Üzdə dəyəsi*- dərdimin.

    Andıra qalmış birdimi?
    Dərdim açılmaz sirdimi?
    Mən belə dərd istəmirəm,
    Gəlib aparsın dərdini,
    Kimdi yiyəsi- DƏRDİMin!!!

    26.02.2015

    Yoxdur

    Bu həyatda ürəyincə,
    Bir üzünə gülən yoxdur.
    Ürəyindən keçənləri
    Duyan yoxdur, bilən yoxdur.

    Büdrəyəsən, yıxılasan,
    Ağrılardan ,,yuxulasan,”
    Yalqızlıqdan sıxılasan,
    Yoluxmağa gələn yoxdur.

    Könül haldan-hala düşür,
    Üzündə qəmlər gülüşür.
    Yetən sənnən dərd bölüşür,
    Sevincini bölən yoxdur.

    Ürək yanır, gözün dolur,
    Üz qırışır, rəngin solur.
    Hamı sənə qurban olur,
    Səndən ötrü ölən yoxdur.

    24.01.2015

  • Mais TƏMKİN.Yeni şeirlər

    10646868_273655359498567_6620189188081019440_n

    Məhəbbət bir sirli dərin dəryadı

    Bir donda qalmayır şairin təbi,
    Könlündə sevinc də, qəhər də olur.
    Təbiət şairi dağlar qoynunda,
    Məhəbbət şairi şəhərdə olur.

    Dağın dağ yeri var, şəhərin şəhər,
    Hər yerin xoş keçən öz dəmi vardır.
    Dağlarda nə qədər gözəllik olsa,
    Şəhərin bir özgə aləmi vardır.

    Şəhərdə olanda çox darıxırsan,
    Dağı düşünürsən, düzü anırsan.
    Dağlarda dağları vəsf eyləyirsən,
    Şəhərdə şəhərə ,,yaltaqlanırsan*”.

    …Bütün yorğunluğun çıxır yadından,
    Xəstə olsan belə, şəfalanırsan.
    Gözəllər dövrəyə aldıqca səni,
    Ağlın başdan çıxır havalanırsan.

    Hamsı bir-birindən gözəl gözəllər,
    Hansını sevəsən, çaşıb qalırsan.
    Birisi inciyib, tez küsür səndən.
    Elə ki birinin könlün alırsan.

    Məhəbbət bir sirli dərin dəryadı,
    Sevgisi ən dərin qatından çıxır.
    Görəndə can alan şux mələkləri,
    Evdəki xanımın ,,yadından çıxır.”

    Bütün sevənlərin ürəyi belə,
    Mənim ürəyim tək köz-köz olurlar.
    Sonra da adama irad tuturlar,
    Deyirlər, şairlər şorgöz olurlar.

    Nə deyim ? Bilmirlər sevgidən yazmaq,
    Şairdə ilhamdı, təbdi, həvəsdi.
    Mən belə deyərdim, sevməyənlərə,
    Şairlər şorgöz yox, gözəlpərəstdi.

    Bir donda qalmayır şairin təbi,
    Könlündə sevinc də, qəhər də olur.
    Təbiət şairi dağlar qoynunda,
    Məhəbbət şairi şəhərdə olur.

    ***
    Ər igidlər, qəhrəmanlar,
    Elin dərdinə yananlar,
    Əbədiyyət qazananlar,
    Bu dünyada ölməz olur.

    Şəhid olub köçənlərim,
    Yağıları biçənlərim,
    Vətən andı içənlərim,
    Öz əhdindən dönməz olur.

    Torpaq udub çox ərləri,
    At oynadan ərənləri.
    Ülviyyətin şölələri,
    Daim yanar, sönməz olur!

    Vətən üçün töküb qanlar,
    Vətənləşdi qəhrəmanlar.
    Şan-şöhrətə ucalanlar,
    Zirvələrdən enməz olur!

  • Müzəffər MƏZAHİM.”Görünmür”

    mm

    Dərd verdikcə cavanlaşır,
    Dünya heç ulu görünmür.
    Ömür adlı bu dalandan,
    Bir çıxış yolu görünmür.

    Üzə geydiyim ümidin,
    Sevib öydüyüm ümidin,
    Ərklə döydüyüm ümidin,
    O tayı dolu görünmür.

    Insan tanrı nəfindədir,
    Doğulandan kəfəndədir.
    Dünya hələ kefindədir,
    Dərdlərdən halı görünmür.

  • Müzəffər MƏZAHİM.”Ruhunu”

    mm

    Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə,
    O böyük gün üçün bəslə ruhunu
    Daim oyaq saxla, ayaqda saxla,
    Tarixin dibindən səslə ruhunu.

    Bu yurddur tükənməz dövlətin-varın,
    Kişilik simvolun, namusun, arın,
    Hər cür sünilikdən, çirkabdan arın,
    Köklə nəcabətə, əslə ruhunu.

    Sarıl, qol-boyun ol məmləkətinlə,
    Öyün bu yenilməz əmanətinlə,
    Daim cilalansın qoy qeyrətinlə,
    Saf ötür gələcək nəslə ruhunu.

  • Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

    ud

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidmət

    Allahım sən alma bu gözəlliyi..

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gözlərindən həsrət yağır

    Gözlərindən həsrət yağır,
    Ay yağışa düşən bəndə.
    Vaxtsız gəlib yer üzünə,
    Təktənha yetişən bəndə.

    Götür ürkək baxışları,
    Söykə dünyanın dizinə.
    Saxla düşən ulduzları,
    Yapışdır göyün üzünə

    Bir gün için çıxıb çölə,
    Çatacaq göyün üzünə.
    Aldadıb ömür də səni,
    Atacaq göyün üzünə.

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

    Qocalır atam…

    Baharı yaşayıb yetişir qışa,
    İndi tellərinə qar alır atam.
    Elə yaşadığı əzab içində,
    Qocalır İlhai, qocalır atam.

    Baxışı çıraqdı, Odu çıraqdı,
    Müqəddəs bir sevgi qəlbinə axdı.
    Bu da bir, alnıma yazdığın baxtdı,
    Qocalır, İlahi qocalır atam.

    İllər yarpaq-yarpaq uçur ömründən,
    Şaxtalar, sazaqlar keçir ömründən.
    Zaman öz qanını içir ömründən,
    Qocalır, İlahi qocalır atam.

    Sənin ömüründə qurulan həyat,
    İsti baxışında axtarır nicat.
    Əlləri gör necə oloubdur, çat-çat,
    Qocalır, İlahi, qocalır atam.

    Hələ, sabahlara çəkir yaşını,
    Görür həyatında bəxt savaşını.
    Haqlayır günbəgün ömrün qışını,
    Qocalır, İlahi, qocalır atam.

  • Kənan AYDINOĞLU.”Demədim ki, apar məni”

    Photo Kenan

    Könül dünyamdan ayırıb,
    Demədim ki, apar məni.
    Qonsam güllərin üstünə,
    Sən oradan qopar məni.

    Fəqət boyun əyməm yada,
    Bilirəm ki, o qan-qada,
    Fani olan bu dünyada,
    Hey, istəsə tapar məni.

    Dağ başından qar atmasa,
    Ay görüb, günəş batmasa,
    Allah köməyə çatmasa,
    Yalqız bir it qapar məni.

  • Kənan AYDINOĞLU.”Ay Heyran xanım”

    Photo Kenan

    “Təbriz zəlzələsi” harada qaldı,-
    Cavab ver suala, ay Heyran xanım.
    Cavn görünəndə sən bu yaşında,
    Çatasan vüsala, ay Heyran xanım.

    Səslənmir uzaqdan dağların ünü,
    Çox şükür, görmüşəm mən də bu günü.
    Qıymaram millətin toyu, düyünü,
    Çevrilib yas ola, ay Heyran xanım.

    Qədrini bil görək, türkün bayrağın,
    Bəlkə də qısadı ömrün yarpağı?!
    Razı olmaram ki, ana torpağın,
    Çiçəyi də sola, ay Heyran xanım.

  • Mais TƏMKİN.”Yayanam indi”

    10646868_273655359498567_6620189188081019440_n

    Bir zamanlar gizlədirdim eşqimi,
    Car çəkib dünyaya yayanam indi.
    Ya gərək yar mənim odumu ala,
    Mən onsuz alışıb, ya yanam- indi.

    Ürəyini gözlərindən oxudum,
    Tanrının da ilk kəlamı ,,oxu”du.
    Kipriklər bağrımı yaran oxudu,
    Qaşların düşünüb, yay anam indi.

    Qəm əlindən canım dağa sər alıb,
    Qartal gedib, bu dağları sar alıb.
    Ömrümün baharı solub-saralıb,
    Qışı buz bağlayıb, yayı nəm indi.

    İtirmişəm çəməndəki ahunu,
    Qəm çəkməzdim, kaş tapaydım, ah, onu!
    Sərgərdan oğulun qəmli ahını,
    Car çəkib, dağlara yay, anam, indi.

    Mais, yarın gündə əyir qəddi -min,
    Əyən zaman əyilməzmi qədd, de, min?
    Əyilib qamati çinar qəddimin,
    Ya gərək yandıram, ya yonam indi.

  • Mais TƏMKİN.”Ömür-gün yoldaşıma…”

    10646868_273655359498567_6620189188081019440_n

    Canındakı ağrılardan,
    Cana doyub bezən qadın.
    Can verməyə Əzrayılı
    Gecə-gündüz gəzən qadın.

    Gözündəki nə yağışdı?
    Bu nə çöhrə, nə baxışdı?
    Duan özünə qarğışdı.
    Ay könlümü üzən Qadın!

    Bir görmədim üzün gülə,
    Ağı qondu dodaq, dilə.
    Ağrılara ildən-ilə
    Tab gətirib, dözən qadın!

    Zalım ağrı bütün günü,
    Kəsib doğrayır ömrünü.
    Əlim gəlməz ki, ölmünü,
    Nəzmə çəkib yazam, Qadın!!

  • Müzəffər MƏZAHİM.”Ömür”

    mm

    Ən uca budaqdan düşdü o yarpaq,
    Onda təbiətin bahar çağıydı.
    Bu qəfil gəlişdən diksindi torpaq,
    Günəşin buluddan doğar çağıydı.

    Üşəndim alnımda buz kimi tərdən,-
    Ölüm yaranmışın sonuncu borcu.
    Qaldırdım bu yarpaq “nəşini” yerdən,
    Yarpaq tabutuna döndü ovucum.

    Gücümdən ağırmış qəlbimdəki yük,
    Çiynimin üstünə qalxmadı əlim.
    Gördüm ki, qeyrəti özündən böyük,
    Qara qarışqalar köməyə gəlib.

    Yarpaq “ölüsü”nü ovcumdan alıb,
    Apardı dəfn edə səhər yelləri.
    Hələ ağırlığı çiyinlərimdə,
    Hələ soyuqluğu ovcumda qalıb,
    Əsir ürəyimdə qəhər yelləri.

  • Müzəffər MƏZAHİM.”Darıxa-darıxa”

    mm

    Yaşayır xülya içində,
    Çırpınır röya içində,
    Qalıb bu dünya içində,
    Adam darıxa-darıxa.

    Dərd, kədər hopub içimə,
    Öyrəşmişəm bu biçimə,
    Öz didərgin sevincimə,
    Yadam darıxa-darıxa.

    Ruh bədənə düşən şehdir,
    Ömür ötüb keçən mehdir,
    Nədir bu yaşamaq cəhdi,
    Matam, darıxa-darıxa.

    Olacaqlar olacaqdır,
    Qəlb boşalıb dolacaqdır,
    Çox arzular qalacaqdır,
    Müdam darıxa-darıxa.

    Olmamışam sənə asi,
    Şükürdür ruhun xilası,
    Çəkirəm qismətim yası,
    Xudam, darıxa-darıxa.

    Yaxam illər minnətində,
    Tənhayam qəm möhnətində,
    Qalıb mehman həsrətində,
    Odam darıxa-darıxa.

    Tanrı bir gün salar yada,
    Deyər: -Oyan bu röyadan,
    Bəsdir qaldın bu dünyada,
    Qadam, darıxa-darıxa.

  • Rahilə DÖVRAN.”Ustad Vəlinin qızı”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Vaxtı, zamanı qovan,
    Təbi, ilhamı rəvan.
    Heyrandır, həm Natəvan,
    Ustad Vəlinin qızı.

    Mütəvazi görkəmi,
    Sevincindən, çox qəmi.
    Qələminin həmdəmi,
    Ustad Vəlinin qızı.

    İlhamından don geyir,
    Yaratdığı hər şeir.
    Sevənlər əhsən deyir,
    Ustad Vəlinin qızı.

    Hər kəlməsi dürr, inci
    Heyranların sevinci.
    Hey öndədir,- birinci,
    Ustad Vəlinin qızı.

    Heç zaman öyməz özün,
    Qələmlə söylər sözün.
    Oyar əyrinin gözün ,
    Ustad Vəlinin qızı.

    Söz karvandır, O, sərban,
    Qəlbi hər zaman cavan.
    Çağdaş şairə,- Dövran,
    Ustad Vəlinin qızı…

  • Rahilə DÖVRAN.”Sahilsiz ada”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    O nə əda idi, necə naz idi?
    Səni sevən qəlbi, xar eylədin sən.
    O nə baxış idi, necə üz idi?
    Dünyanı başıma dar eylədin sən.

    Baxmadın o ülvi əhdi – peymana,
    Sanki biz deyildik, o and içənlər.
    Çevrildin gah sisə, gah da dumana,
    Durna sürbəsiymiş, olub keçənlər.

    Son bahar sellər də, döyüşkən olar,
    Xəzəllər tutsa da, selin özünü.
    Payızda havalar dəyişkən olar,
    Amansız şimşəklər, öyər özünü.

    Arzumu saçıntək hördüyüm anda,
    Ümid can atırdı, sənli sabaha.
    Səni özgəsiylə gördüyüm anda,
    Bu eşqə inamım qalmadı daha.

    Atdın sən Dövranı, atəsə, oda,
    Onun nə gündüzü, gecəsi vardır.
    Kimsəsiz, tək otaq, sahilsiz ada,
    Bu dərdə vəsilə, vəfasız yardır…

  • Abdulla MƏMMƏD.”Barı bir yol gəl özünə”

    abdullamuellim

    Od baxışlar od götürməz,
    Kişi olan od götürməz.
    Mərd üstündən ad götürməz,
    Sonra da vurmaz dizinə.

    Qaraya ağ, ağa qara-
    Qara yaxar qəlbiqara…
    Dərd gəzər qarabaqara,
    Dar günün düşər izinə.

    Tox gözü götürməz acı,
    Gülmə aca acı-acı!
    Bir gün olar şirin acı,
    Döyər dizinə-dizinə.

    Kimi xərclər ömrü hədər.
    Kimini də udar qədər.
    Məndən ötən sənə dəyər,
    Barı, bir yol gəl özünə!

    Od alışmaz buz içində,
    Ot göyərməz toz içində,
    Gor çatlasa bez içində,
    Çevrilər astar üzünə!

    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Gəl ummayaq”

    abdullamuellim

    Yaz həsrətli payızım qəm ələdər,
    Hara getsək ümid qəmə əl edər.
    Yaxşını da,yamanı da əl edər,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Yol verməyək qəlbimizdə gileyə,
    Baş əyməyək hər ötəri küləyə.
    Yetişməsək qüzeylərdən güneyə,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Daş atdıqca bəndə qara daşına,
    Əməlindən çətin qara daşınar.
    Əl tutmursa qardaş din qardaşına,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Ölçüsü dörd barmaq haqla nahaqqın,
    HAQQ işinə qarışmağa nə haqqım!
    Göz görmürsə nə yalanı,nə haqqı,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Ürək duymaz pərdələnsə qulaq,göz,
    Barı, dərdə indən belə olaq göz.
    Çöl özgəyə,iç özünə olsa köz,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Baş ağardar ağıllaşan dünyada,
    Yuxusu kal noğullaşar dünyada…
    Gerçəyi fal nağıllaşan dünyada,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Gəl yaşayaq bu günləri təzədən,
    Qoy düşməsin saçımıza təzə dən.
    Diləyimiz gül açmasa təzə,tər,
    Gəl ummayaq,uman yerdən küsməyək.

    Abdullayam,eşqim ALLAH-ürəkdə,
    Nur Quranım,Rəsulullah ürəkdə.
    Üz döndərsə könlün,gülüm, ürəkdən,
    Gəl ummayaq,uman yerdən küsməyək!

    07.08.2016.
    Azərbaycan.Quba.

  • Qazax rayon Ədəbiyyat Muzeyində “VAQİF POEZİYA GÜNÜ” keçiriləcəkdir

    mpv

    24 avqust 2016-cı il tarixində saat 09:30-da Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının təşkilatçılığı ilə Qazax rayon Ədəbiyyat Muzeyində növbəti dəfə yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri ilə olan ictimai-siyasi xadim, görkəmli şair Molla Pənah Vaqifə həsr olunmuş “VAQİF POEZİYA GÜNÜ” keçiriləcəkdir.Düzələnəcək möhtəşəm tədbirdə media təmsilçilərinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən Gəncbəbasar bölgəsinin yazarlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Rüfət AXUNDLU,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Gəncəbasar bölgəsinin xüsusi müxbiri,
    Qazax rayonu

  • Müzəffər MƏZAHİM.”Girinc qalıb”

    mm

    Haqqı vermişdilər bizə əmanət,
    Aldı əlimizdən yalan, xəyanət,
    Hanı bu dünyada insaf, ədalət,
    Namərdin əlində mərd girinc qalıb.

    Cah-cəlal uğrunda çabalaşırıq,
    Xeyrimiz tapdansa qabalaşırıq,
    Xırmana çatmamış yabalaşırıq,
    Şumda kəsdiyimiz şərt girinc qalıb.

    Hər gün tikə-tikə çalınır Vətən,
    Dərdmi içimizi doğrayıb didən?
    Torpağı tapdanan, namusu itən,
    Millət “Yallı” gerdir, dərd girinc qalıb.

  • Müzəffər MƏZAHİM.”Öyrənirəm”

    mm

    Dünya mənim yaşıdımdır,
    Mən dünyanın uşağıyam.
    Ömür məndən yuxarıdır,
    Mən ölümdan aşağıyam.

    Bu dünyanı seyr edirəm,
    Tale adlı pəncərədən.
    Fələk ölü hazırlayır,
    Mənim kimi biçarədən.

    Ömrü ömrüm qədərdirsə,
    Qədər nədən qədir bilmir.
    İnsafını Allah kəsib,
    Möhlət, aman nədir bilmir.

    Bu dünya tək mənzillidir,
    Rahat ömür sürən yoxdur.
    Qapısında bir giriş var,
    Çıxışını görən yoxdur.

    Yaşamağı hamı blir,
    Yaşanmağı öyrənirəm.
    Çox daşıdım, son mənzilə
    Daşınmağı öyrənirəm.

  • Mais TƏMKİN.”Məndən sonra….”

    10646868_273655359498567_6620189188081019440_n

    Sagkən qara olan bəxtim,
    Ağ olacaq məndən sonra.
    Daşlara tuş gələn canım,
    Dağ olacaq məndən sonra.

    Görün, nələr deyir səbrim:
    -Döz, bilinər bir gün- qədrin!
    Güllərə qərq olan qəbrin,
    Bağ olacaq – səndən sonra…

    Qulağıma gəlir səslər:
    Nədəndir bu bəhsəbəslər?..
    Demə məni sevən kəslər
    Doğulacaq- məndən sonra.

  • Mais TƏMKİN.”Yazıram”

    10646868_273655359498567_6620189188081019440_n

    Səslər məni, gəlib-gedən;
    Nədir, məni vadar edən?
    Sual eylər, yoldan ötən:
    – Nəyin üzündən?.. Yazıram.

    -Bağda gülün, dağda qarın,
    Əhdə dönük çıxan yarın,
    Ruhumu ağladan tarın;
    Neyin üzündən yazıram.

    Edən kimi günəş, qürub,
    Könlümdə söz mülkü qurub,
    Mən yerin üstündə durub;
    Göyün üzündən yazıram!

  • Şəfa VƏLİYEVA.”Biz deyə bilmədik” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    – Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim…

    – Çox şişirdirsən, əzizim. Bu, heç də sən düşündüyün kimi romantik görüş olmayıb axı.

    -Hə, əlbəttə! Mən heç də görüşümüzün romantik olmasını iddia etmək istəmirəm. Sadəcə, o anlarda özümün nə düşündüyümü anladıram. O, evli qadın… Mənsə, onun keçmişindən qalan sevgi dolu bir kölgə.

    -Anlatmırsan, anlatmağa çalışırsan.

    -Bağışla, amma deyəsən, bizim sözümüz bir-birimizə xoş gəlmir. Üz-üzə oturub özümüzü guya rahatca söhbət edirmiş kimi göstərməyə məcbur deyilik.-Cavan oğlan likör dolu qədəhi birnəfəsə başına çəkdi.

    Onlar şəhərin mərkəzindəki məhşur kafenin xüsusi hücrəsində oturmuşdular. Baxışından hiyləgərlik tökülən, bəstəboy, saçları çallaşmış, ortayaşlı bank işçisi və hələ də bəbəklərində dünyaya olan inamını qoruyub saxlamağa çalışan ucaboy, sıx qara saçlı, otuz yaşlarında kompyuter mütəxəssisinin bu gün görüşməsinin səbəbi də sadə idi. Gənc oğlan bank işçisinin qeyri-qanuni nikahdan olan oğlu idi. Görünüşə görə, bank işçisi oğluna nə isə vacib söz demək istəyirdi. Söhbəti oğlunun sevdiyi qızdan başlamaqla onun az da olsa kövrəkləşdiyi anı tutmaq istəyirdi. Lakin gəncin öz sevdasını bu qədər romantik sözlərlə anlatmasını dinləməyə hövsələsi çatmırdı. Sözün dağ olunduğu yerə tez çatmaq istəyi ilə dilləndi:

    -Akif, oğul bala, incimə. Mənim sevda yaşım çoxdan keçib. İndi mənim həyatım ancaq puldan asılıdır.

    Oğlan əlində oynatdığı qədəhi masaya qoyub kinayəli gülümsündü:

    -Bilirəm. Səni puldan başqa nə düşündürür, bax, onu da bilirəm. -Barmaqlarıyla “iki” işarəsi verib əsnədi.-Yuxum gəlir, qısa kəs, qalxaq.

    -Mənə oxşayan tək bu “qısa kəs” deməyindi. Heçdən bu yaxşıdır ki! Buna da şükür!

    Kişi əllərini qoşalayıb salavat çevirdi. Oğlan səsini ucaltdı:

    -Bu da növbəti debüt. Likör iç, salavat çevir! Əhsən, Baxış müəllim!

    -Məni dolama, küçük! Bayaqdan hövsələmi basıram, bəlkə, yadına düşər ki, qarşındakı atandı. Amma yox, görürəm! Görürəm, anan səni mənə olan nifrətində necə qaynadıb bişirib! Dur, rədd ol!

    Akif onun bağırtısından halını da pozmadı. Əllərini çarpazlayıb başını irəli əydi:

    -Çıxışınız bitdisə, bir kadr geriyə qayıdaq, Baxış müəllim. Mənə puldan danışırdız.

    Kişinin üzündəki ifadə bu sözlərin ahənginə uyğun olaraq dəyişdi. Kənardan baxan bir rəssam özünü Klod Monenin sərgisində hiss edərdi. Sanki gün ərzində dəqiqədən-dəqiqəyə dəyişən işığı rəsmdə əbədiləşdirən Monenin fırçası Baxış müəllimin alnından başlayıb çənəsinədək xəfif bir sığal çəkdi.

    -Bax, qısa kəsirəm, mənə pul lazımdı. Cəmi beşcə min dollar. Gedib maraqlanmışam, banklar ancaq bircə şərtlə kredit verir. Gərək, kiçik biznesin olsun.

    -Bilirəm, devalvasiyadan bəri bütün kreditlər dollar olub.

    -Hə də, yaman çətinləşib. Dollar da ki, bir gün yuxudan durursan bir manat əlli qəpik, o biri gün gözünü açırsan, iki manata bir addım qalıb. Nəysə, elnən gələn toy-bayramdı. Yaşamalıyıq.

    Akif hələ də gözlərini atasının əllərindən çəkmirdi. Bu əllərin hər bir hərəkəti onda anlaşılmaz duyğular oyadırdı. Elə bilirdi, hardasa bu əllərin hərəkətinə uyğun bir musiqi çalınır, o musiqinin sədaları altında da sevdiyi qız başını ərinin sinəsinə söykəyib gülümsəyir. Xoşbəxtcəsinə…

    -Hə, nə deyirsən? Sabah neçədə gələcəksən Cavadxan küçəsindəki banka? -Nəhayət, kişi əllərini masaya söykəyib gözlərini hərisliklə Akifin üzünə dikdi.

    Düzdü, Akif, onun son sözlərinə qulaq asmırdı, amma atası “kiçik biznes lazımdı”-deyən kimi söhbətin onun üstünə “Kompyuter təmiri və proqram təminatı” yazılan birotaqlı “ofisindən” getdiyini anlamışdı. Baxış müəllim ondan əl çəkəsi deyildi. Odur ki, razılaşmaqdan başqa çarəsi yox idi.

    -Saat on üçün sənədlər əlimdə ordayam. Qalxa bilərik!

    Kişi şəstlə ayağa qalxıb qədəhlərin böyrünə bükülü on manatlıq qoydu, əliylə ofisianta işarə edib dedi:

    -Xırdası lazım deyil!

    Ata-bala qapının ağzında elə mehribancasına sağollaşdılar ki, onları izləyən rəssam bu dəfə özünü SSRİ-nin beynəlmiləl vətəndaşı hesab edərdi.

    Akif evə gələnədək bütün yolboyu bayaq beynində qurduğu mənzərəni görürdü: sevdiyi qız ərinin sinəsinə söykənib xoşbəxtcəsinə gülümsəyir. Bu kiçik kadrdan bir addım irəli-geri düşünə bilmirdi. Elə bilirdi ki, təkcə bu kadr onu həyata bağlaya bilər, təkcə bu beynində qurduğu bir ömrün bir neçə dəqiqəsi ona həyatında yeni bir cığır seçib irəliləməyə stimul verəcək. Hələ o qızın üzündəki xoşbəxt ifadə! Akif bu xoşbəxtliyə sevinə bilmirdi. Ona elə gəlirdi ki, bu xoşbəxtlik də o qızın özü kimi “həyasız”dı. Hə, “hə-ya-sız”! Öz çarpayısına uzananda da hələ “həyasız xoşbəxtlik” beyninin içində həzin-həzin yellənirdi. Əlini atıb beyninin içindəki bu yelləncəyi dayandırmaq imkanı olsaydı… Sadəcə yatmaq istəyirdi. Yatmaq.

    -Akif, yatmamısan ki? -Anası hüznlü baxışlarını onun açıq pəncərəsində süzdürdü. Bu baxışlar Akifə yönələndə artıq hüznə məzəmmət də qarışmışdı. -Bu pəncərəni örtmək, siyirməsini çəkmək cəmi iki dəqiqənin işidi.-Yaxınlaşıb pəncərəni bağladı. Otaqdan çıxhaçıxda isə laqeydcəsinə dedi.-Sevilyadan məktub var ev telefonunun yaddaşında.

    Akif əvvəlcə dondu. İllər əvvəl, Sevilya ərə getməzdən bir neçə ay öncə ev telefonlarının nömrəsini ona vermişdi. Hər axşam işdən evə gəlincə anası laqeydcəsinə eyni kəlmələri deyirdi: “Sevilyadan məktub var ev telefonunun yaddaşında”. Və bir gün Sevilya ərə getdi. O gündən Akif bir daha ev telefonlarının nömrəsini heç bir qıza, qadına vermədi. Sevilyadan gələn məktubları isə onun toyunun səhəri günü yaddaşdan təmizləmişdi. Və indi, anası həmin laqeyd ifadə ilə həmin sözləri demişdi.

    Yüyürərək ev telefonunu sinəsinə sıxdı, diktofonun düyməsini basıb stulda oturdu. Diktofondan gələn səs beynindəki yelləncəyi dayandırmış, onu həyata bağlayacağına ümid etdiyi kadrı bəd rənglərlə boyamağa başlamışdı:

    -Akif… Günahın hamısı səndədi, bilirsənmi? Bilirəm ki, səsimi eşidib ağlayacaqsan. Nolar ki, ağla. Hətta, ağlayaq. Gəl bir yerdə ağlayaq. Göz yaşlarının da təkliyinə qıymıram. Unutmamısan məni. Bilirdim unudulmayacağımı. Əlimi sənə tərəf uzatmağım buna görəydi. Sənin əllərimə sadəcə bir baxış göndərib getmən daha gözəl tabloydu. İmza yerində adım vardı. Hələ də var. Akif, bilirsənmi?! Bir ömür yaşaya bilərdik. Günləri bölə bilərdik məsələn: mənim çay dəmləməyimə, fincanlarımızın qoşa duruşuna, güzgü önündəki darağa eyni anda əl uzatmağımıza.Dalaşa bilərdik məsələn: sən analitik verilişə, mən tarixi filmə baxmaq istəyərdim. Amma olmadı. Sənin cəsarətsizliyin buna imkan vermədi. İndi də oturub həyasızcasına xoşbəxtliyinimi yaşayırsan? Yox! Bilirəm ki, yox! Çünki unudulmamışam! Varam və olacağam! Akif, biz bu dünyada hamıya, hər şeyə “hə” dedik. “Ailəmiz”-dedik, “cəmiyyətimiz”-dedik, “iş yoldaşlarımız”, “küçəlilərimiz”, “uzaq-yaxın qohumlarımız”-dedik… Təkləndik, “mən”-dedik, “sən”-dedik, ancaq “biz”-deyə bilmədik. Biz deyə bilmədik…

    Akif telefon aparatı qucağında stuldaca oturub ağlayırdı. Anası isə onun kiçik biznesinə aid olan sənədlər əlində qarşısında dayanmışdı.

    -Akif, sabah saat doqquzda Atatürk prospektindəki banka gedib sənin adına pul götürəcəyəm. Daha bu işi uzatmaq olmaz. Səidə müəllimənin qızı Nigara nişan aparmaq, havalar soyumamış toyu eləmək üçün beşcə min dollar pul lazımdı. Daha evlənməlisən, camaat nə deyər?!

    Akif başını ağır-ağır qaldırdı:

    -Hə, ana. Camaat çox söz deyər… Çoox… Hamı deyər, hamı! Təkcə… Təkcə, biz deyə bilmədik… Biz…

    Gəncə

  • Şəfa VƏLİYEVA.”Ölü doğulan şeir” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Tələsirdi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat tərzinə çevrilmişdi. Yolda rast gəldiyi tanışlardan kimsə təngnəfəsliyinə irad tutanda bircə kəlməylə hər şeyin izahını verirdi:

    -Yüyürürəm!

    Hə, o yüyürürdü. Həyatın bu başından o başına yüyürürdü. Tanrının ovuclarında ona uzadılan ömür payından hərdən bircə barmaq dadırdı; bu “hərdən” adlı zamanın saçından ayırdığı üç tel üçcə an çəkirdi, bir şeir doğulurdu ürək sancısından. O sancını çəkmək vaxtı da fərqli ölçü-biçidəydi; bir il, beş ay, səkkiz gün, bircə an. Bir dəfə şeir doğulan anda “ürəyindən salıb çilikləmək” istəmədi, yüyürüb kiçik dolabın üstündəki boz qeyd dəftərini açdı, dəftərin bir tərəfinə söykənmiş qırmızı qələmi əlinə götürüb misraları kağıza əmanət etmək istədi. Açdığı vərəqdə bir neçə cümlə yazılmışdı: “Həyatım anamın hər təzə iş yeri tapanda sevinməsiylə keçdi. O sevinirdi…Mənsə, için-için ağlayırdım.” O gün şeiri ölü doğulmuşdu…

    Təzə iş yerinin qapısına çatmışdı. İçəri keçib çantasını yumşaq kresloya qoyanda fikrindən keçənlərə gülümsündü:

    -Çantam məndən urvatlıdı, gah çiynimdə nazlanır, gah kreslolarda xumarlanır. Mənim bu kresloda oturmağa da vaxtım çatmır.

    Aynasiləni götürmək üçün içəri otağa keçəndə gözünə ilk dəyən döşəmə üstünə qoyulmuş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı oldu. Qeyri-ixtiyari aşağı əyildi, əlləri kitaba uzandı. İncə, ağ barmaqlar onun qabarlı əllərini qabaqladı, kimsə kitabı açdı. Yalnız indi belini dikəldib otağa nəzər saldı. İki gənc qadın üzbəüz oturub kitabı araya qoymuşdular. Biri kitabı açıb pıçıltı ilə oxuyurdu, o birisi isə doluxsunmuş halda sanki ürək əməliyyatından çıxmış sevgilisini gözləyirdi; onun ürəyində özünə qarşı bir hissin qalıb-qalmamağını yerişindən bilmək istəyirmiş kimi. Kitabı oxuyan başını qaldırıb əminliklə danışmağa başladı:

    -Sənin bir sinif yoldaşın qız olub, o sənə yalan danışmağı öyrədib. Bir oğlan səni sevirmiş, ona ümid verib, aldatmısan. O oğlanın nəfsi var səndə. Evdə ananla mübahisəniz tez-tez düşür adamlarla bağlı, o deyir filankəslə danışma, sən bildiyini eliyirsən. Xülasə, ağıllı ol! Kitab belə deyir.

    Daha burda dayanmaq istəmədi. Əlləri, ayaqları titrəyirdi, onun nəzərində kitab böhtan atılaraq günahsızca məhbəsə salınana bənzəyirdi. Aynasiləni götürüb cəld otaqdan çıxdı. Heç iyirmi dəqiqə çəkmədi ki, köhnə iş yerinin qapısı ağzındaydı, ordakı küskün “Sirlər xəzinəsi”ndən fərqli olaraq burdakı nazlı, işvəli kitabları sığallaya bilir, ürəklə qucaqlayır, ürəyi istədiyini evə aparıb axşamlar on-on beş dəqiqə vərəqləyə bilirdi; oxumağa vaxtı çatmırdı.

    Burdakı işini də bitirib bazarın yolunu tutdu. Gedə-gedə də fərəhlənirdi, qızına əvəlik almağa pulu vardı. Havalar bir az soyuyan kimi, oktyabrdan başlayaraq ayda bir dəfə qızına əvəlik alıb göndərirdi. Bir dəfə bazarda əvəlik satan tanışı demişdi:

    -Qızın rayonda olur axı, orda bu əvəliyi özü yığa bilmirmi ki, sən şəhərdən alıb göndərirsən?

    Öncə sual ona qəribə gəlmişdi, tanışı düz deyirdi, lakin tezcə də doğruluğuna heç bir şübhəsi olmayan sözləri dilinə gətirmişdi:

    -Qızım istəyir ki, əvəliyi ona anası alıb göndərsin!

    İndi də bir “təkərək” əvəliklə qızına bir ürək sevgi, bir nəfəs istilik, bir əl qabarı halallıq göndərəcəkdi, həmişəki kimi. Birdən qulağına tanış səs gəldi:

    -Deyir ki, nə çox gülürsən? Deyirəm ki, magistr oxumağa cəhd eləmişəm, alınmayıb. Deyir ki, çox gülmə! Deyirəm ki, ingilis dilini mükəmməl öyrənərəm ha!!! Kiriyib getdi. Ha-ha-ha…

    Duruxdu. Bu səs, bu intonasiya, həyasızcasına çəkilən şaqqanaqdan ürpəndi. Dönüb səs gələn səmtə baxdı, zənnində yanılmamışdı. İki əliylə çantasını eşən, telefonu sağ çiyninə qoyub başını üstünə əyən qızı illərdi ki, tanıyırdı. Lakin illər əvvəl bu qız onun nəzərində ən saf, utancaq, güləndə dişləri görünməyən, yolun ortasında səsini yüksəltməyən, saçları palıdı, dırnaqları boyasız bir gözəl idi. Onda hələ kompüter kursuna oxumağa gələr, həyalı-həyalı barmaqlarını klaviaturaya toxundurar, kirpiklərini ürkək baxışlarının üstündən pərdə kimi asardı. Sonra bu qızı daha görmədi. Bir neçə ay öncə həmin kursun müəlliminə rast gəlmişdi. Müəllim kursun bağlandığından, işsiz qaldığından, iş axtarsa da tapa bilmədiyindən danışdı. Bir az dövrandan, zamandan, hətta insanların yadlaşmasından da bir-birinə giley etdilər. Sözarası yaddaşında kövrəklik rəmzi kimi qalan qızı da soruşmuşdu. Ona elə gəlmişdi ki, müəllim bu sualı eşidəndən sonra boyu kiçilmiş, gözlərinin ətrafında qırış çoxalmışdı. Müəllim təəssüf dolu səslə dillənmişdi:

    -O yazıq da… Anası rəhmətə getdi, atası ikinci dəfə evləndi, analıq da qızı çöllərə saldı. O tində-bu tində iş axtarır. Görsən, tanımazsan… Yaxşısı budur, görmə heç… Görmə.

    Onda müəllimin dediyi bu sözlərə fikir verməmişdi, əksinə, o qızı görmək istəmişdi. Bu gün, bu an isə bir heykəlin qarşısında donmuş kimi ayaqları yerə mıxlanmışdı. Matdım-matdım hələ də çantasını eşən qıza baxırdı; sarı saçlar, boyalı dırnaqlar, saxta, nəyinsə intiqamını alırmış kimi sinəparçalayan gülüş, yuxarı qatlanmış kirpiklər ona heç də tanış deyildi. Təkcə o cingiltili səsi tanıyırdı. O səs də ona çox uzaqdan əl sallayır, vida edirdi…Lap uzaqdan.. İllərin ömür-ömür yığaraq saxlanc etməyə apardığı xatirə faytonunun zınqırovlu atlarının ayaqlarından qalxan tozun içindən…

    Nəhayət, başını aşağı salıb ağır-ağır bazara tərəf addımladı. Bir neçə dəqiqədən sonra bazarın qapısına çatanda Tanrının ovuclarındakı ömür payından bir barmaq da dadmışdı…

    Gəncə

  • Şəfa VƏLİYEVA.”Bir gün yataqda” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bilirəm, bu adla yazdığımı heç hara qəbul edib çapa verməyəcək. Amma, yazmalıydım. Hə… Özümü haqlı çıxarmağın bir yolu olmalıdır, ya yox?! Təsəvvür edin ki, bu cümləni deyib sizə çoxbilmişcəsinə bir göz də vururam. Axı, mən uydurmaçının yekəsiyəm. Özü də zarafatcılam, çox zarafatcıl. Uşaqlıqda da belə olmuşam. Onda mənim cəmi on üç yaşım vardı və qonşumuzdakı qızlarla bağa alma yığmağa getməyi çox sevərdim. Onlara deyərdim ki, “siz çıxın ağaca, almaları atın, mənsə tutum”. Əla alınırdı! Bir sirr açım? Hə… Bunu pıçıltıyla deyirəm, çalışın eşidəsiniz: “Onlar həmişə rəngli donlar geyirdilər”. Mən bax, belə, dəcəl oğlan olmuşam. İndi mənim etdiklərimə dəcəllik yox, “narahatlıq” deyirlər. Guya, hansısa filosof, yazıçı, nə bilim kimsə deyib ki, “narahatamsa, deməli yaşayıram”. İndi mən də hamı üçün “yaşamağı bacaran”, “vuran-tutan”, yeri gələndə “yeyib-içən” oğlanam.
    Gəlin, tanış olaq, adım Vüqardı. Böyük şəhərin böyük restoranlar şəbəkəsinin sahibiyəm. Daha doğrusu, “vurub-tutaraq” əvvəlcə kiçik bir kafe açdım. Hamının necə bişirildiyini əzbərlədiyi yeməklərin adını menyuya yerləşdirdim. Müştərilər dolmadan tutmuş plovadək hamısının evlərindəki kimi hazırlandığını deyirdilər. Dovğa və çoban salatı isə əsl onların istədiyi kimi idi. Düz beş il hamının bildiyi yeməkləri bişirə-bişirə o balaca, xudmani kafenin həm sahibkarı, həm baş aşpazı, həm də işlər müdiri olaraq keçirdim. İlk dəfə kafenin qapısını açıb ürəklə içinə boylandığım zaman gələcəkdə daha böyük işlərə imza atacağımı düşünmüşdüm, nələr, nələr arzu etmişdim. Amma, “üç bacı” dolmasının reyhanını doğraya-doğraya, dovğanın yarpızını artlaya-artlaya beş ili yola salmışdım. Böyüyən arzularımın qarşısında imkanlarım da, kafem də çox kiçik idi. Bundan sonra daha nəsə edə biləcəyimə ümidimin bitdiyi gün isə evlənməyə qərar verdim. Anamın danlağı hər axşam içəridən bağladığım yataq otağımın qapısına tərəf tolazladığı şəpitləri kimi havada süzür, sonra tappıltıyla hara gəldi-döşəməyə, divanın üstünə, atamın oturduğu stulun yanına düşürdü. Bir gün o danlaqları yerə salmadım, anama evlənməyə razı olduğumu dedim. Yalnız indi problemin böyüklüyü anlaşılırdı:
    -Kimlə evlənməli?
    Ali məktəbi bitirən gündən “iş və iş” barəsində o qədər düşünmüşdüm ki, həyatımda haqqında danışacaq bir qadınım olmamışdı. Və indi də həyatıma daxil olacaq qadını dəvət etməyi anamın boynuna qoyub yataq otağımın qapısını içəridən bağlamışdım. O axşam anamın şəpiti pərvazlanmamışdı.
    Həmin günün səhəri anam “toy əməliyyatına” start vermiş, finişə doğru uğurla irəliləməyə başlamışdı. Heç iki-üç gün keçmədi ki, bir axşam qolumdan tutub məni kompyuterin qarşısında əyləşdirdi:
    -Aç interneti! Aç, aç! Yaz ora, yaz! Gül və Səma. Yoox, ingilis şriftləri ilə yox, Azərbaycan şriftləri ilə! Gül və Səma. Ay sağol! Bax!
    Anamın “bax” dediyi yerdə-monitorda sarışın bir qız gülümsəyirdi. Ağ köynəyin yaxasından əlvan bir lent sallamışdı, baxışlarında məsumluq vardı. Başımı arxaya atınca anamla göz-gözə gəldik. Qərar verilmişdi; Gül və Səma adlı bu yazıçı qız anamın gəlini olacaqdı. Gülümsəyərək başımı razılıqla tərpətdim, otağımın qapısına çatanda yadıma düşdü ki, toy günü üçün kafedəki yardımçı aşpazlara göstərişlər cədvəli hazırlayıb qoymalıyam. Bacardığım qədər ucadan soruşdum:
    -Toy nə vaxtdı?
    Atam əvvəlcə mənə, sonra da anama matdım-matdım baxdı. Anamsa məğrurluğun zirvəsində dayanıb iki kişinin üzərindəki hökmranlığının dadını çıxarırdı:
    -Gələn həftənin bu günü!
    Qapını içəridən bağlayaraq şkafa tərəf addımlayırdım ki, eşikdən nə isə zərblə qapıya dəydi. Yalnız yerə düşəndə çıxan tappıltı səsindən bunun “möhtərəm şəpit” olduğunu anladım. Anam eşitsin deyə var səsimlə bağırdım:
    -Əla vuruş idi! Qapıya bir qol!!!
    Bir həftə sonra evləndim. Nigah qeydiyyatı zamanı yazıçı xanımımın əsl adını vərəqdən oxudum: Sadəgül. Pis ad deyildi, amma bir az nimdaş hisslər yaradırdı adamda. Daha bu qızın özünü yazıçı kimi niyə “Gül və Səma” adıyla tanıtdığını anlayırdım. Nimdaşlıqdan yaxasını qurtarırdı.
    Evliliyimiz ideal ailənin bütün etik və estetik normalarına uyğun davam edirdi. Lakin, zamanın davamedici forması da hərdən mənim uşaqlıqda etdiyim kimi dəcəllik etməkdən çəkinmir. Bizdə də elə oldu. Evliliyimizin ikinci ayında hər şey bir xörək qaşığı ilə dəyişdi. Həmin gün mənim üçün ideal tarix idi: 27 aprel! İlahi!
    Həyəcanlandım… O günü təkrar yaşamaq imkanı olsaydı-deyəcək qədər romantik deyiləm, bilirəm, amma, üzümdəki sevimli təbəssümü də sizdən gizlətmək fikrim yoxdu. Hələ də sevimli arvadımın divardakı qaş-qabaqlı şəklinə baxıb ürəklə və arxayınçılıqla gülümsəyirəm.
    Həmin gün kafedə yalnız pomidor-yumurta və Bağmansayağı toyuq çığırtması sifarişini almışdım. Hər ikisi də sevimli yeməyim olmadığından axşam evə ac gəlmişdim. Özümü mətbəxə salıb anamı haraylamışdım:
    -Ana, nə bişirmisən?
    Anamın şəpiti havada süzüb mətbəx qapısının astanasında özünü yerə çırpmışdı. Aldığım cavab sadə idi:
    -Yeməyi gəlin bişirir, ay nadinc! Ta mən qazanı da, qaşığı da ona təhvil-təslim eləmişəm!
    Qaz plitəsinin üstündəki iri qazanın qapağını qaldırmaq istəyirdim ki, başqa bir səs məni utandırdı:
    -Əzizim, qazandan yeməzlər. Sən ki, baş aşpazsan, bilirsən. Otur stulda, indi masanı hazır edərəm.
    Mehribanlıqla gülümsəyib stulda oturdum. Sadəgül masanın üstünə çörəkqabını, kağız dəsmalı, sarımsaqlı qatığın kasasını, qaşığı və su dolu fincanı elə ehmalca düzdü ki, beynimə gələn ani fikirdən paxıllandım. Mənim kafemdə beş ildə ən az ayda bir dəfə ofisiant dəyişikliyi baş vermişdi. Hələ belə səliqəli və cəld ofisianta rast gəlməmişdim. Xörək boşqabda buğlanaraq qarşıma qoyulanda Sadəgülün üzünə baxdım.
    -Pomidor şorbasıdı-dedi.
    İlk dəfə bu adı eşidirdim. Qaşığı əlimə alıb xörəyə batırdım. Boşqabın o biri sahilindən isə bir qaşıq sarımsaqlı qatıq xörəyimə əlavə olundu. Və o sehrli gün sehrli xörək qaşığı ağzıma qonaq gəlincə səhərisi gün nəyi necə edəcəyimi anladım. Arzularımın bircə addımlığındaydım. O bircə addımı atmaqda mənə kömək üçün Tanrı Sadəgülü göndərmişdi.
    Günü səhərdən kafenin menyusunu dəyişdim. Bütün gecə yatmayıb Sadəgüldən bişirə bildiyi yeməklərin hazırlanma qaydasını, tərkibinə nələrin əlavə olunduğunu yazıb götürmüşdüm. Obaşdan yolumu mərkəzi bazardan salıb kafeyə yüyürmüşdüm, qollarımı çırmalayıb işə başlamışdım. Kafenin üstündəki reklam lövhəsində isə bu sözləri markerlə əlavə etmişdim:
    -Ən ağlagəlməz dadlar!
    Hə, ağlagəlməz dadlardaydı Sadəgülün yeməkləri. O, kələm qızartmasına kəvər doğrayırdı, yarpaq dolmasının içliyinə əzilmiş suxarı qatırdı, yarım stəkan süd əlavə etməklə olladi xəmirini ikiqat artıra bilirdi, ən qəribəsi isə, kartof püresinə əzilmiş pomidor qatır, onu da sarımsaqlı qatıqla yeyirdi. Və mən aprelin iyirmi səkkizi günü kafedə hər şeyi məhz bu cür bişirməyə başlamışdım. Əla alınırdı!
    Mayın ortalarında artıq kafenin ərazisini genişləndirməyin labüdlüyü göz önündəydi. Dolma və plov, ən kreativ halda bozartma, yaxud çığırtma yeməkdən bezmiş insanlar kafedə bir-birinə görüş təyin edir, bank işçiləri noutbuklarını qoltuqlarına vurub bura gəlir, tələbələr imtahan həyəcanıyla burda uca səslə müzakirələr aparırdılar. Sevinirdim. İyunda artıq şəhərdə sevimli məkana çevrilmiş gözəl bir restoranın sahibiydim. Evliliyimizin ilk ildönümünü üç restoranın sahibi olaraq qeyd etmişdim.
    İndi, artıq dörd il səkkiz aydır ki, evli kişiyəm. Böyük restoranlar şəbəkəsinin sahibi olaraq arzularıma çatmışam. Bundan sonrakı arzum Sadəgülün illərdi üstündə işlədiyi romanının çapını görməkdi. Səhər-səhər məndən əlyazmasını oxumağı xahiş etdi. Müavinimə zəng vurub bu günü evdə keçirəcəyimi dedim. Və əlimdə Sadəgülün netbuku bütün gün yataqda uzanıb qaldım. Nahar vaxtı Sadəgül qapını azacıq aralayanda əlimlə netbuka işarə edib səssiz olması gərəkdiyini başa saldım. Saatlardır qapıya heç kim, heç anamın şəpiti də yaxınlaşmayıb. Sadəgülün romanının əlyazmasını oxumağa başlamaq istəsəm də, alınmadı. Oxumaqdan daha çox bu gün mənə yazmaq üçün lazım idi. Odur ki, bunları yazdım. Adı qəribə olsa da, bu yazını nəşriyyatlara göndərmək fikrim var. Çap etməsələr belə, mənim həyat yoldaşımın-bu məhşur yazıçının mətbəxdəki əvəzolunmazlığı müasir ədəbiyyat saytları üçün göydəndüşmə xəbər olacaq. Üstəlik, roman nəşr olunmazdan əvvəl “Gül və Səma” adı tənqidçiləri cəlb edəcək. Fərz edin ki, söhbətin bu yerində sizinlə sağollaşmağa bir söz axtarıram. Üzrlü sayın, sağollaşmadan mətbəxə qaçası olacağam, deyəsən. Burnuma qızardılmış göyərti qoxusu gəlir. Çox sadə hazırlanma qaydası var; soğança hazır olduqda yuyulub-doğranmış göyərtini əlavə edirsiniz, tam bişirirsiniz, duz, istiot, sarıkök, zövqə görə də yumurta əlavə edirsiniz, hazırdı. Yeyərkən boşqabınıza sarımsaqlı qatıq əlavə etməyi unutmayın. Bu, Sadəgülün sevimli yeməyi, mənimsə uğur kitabımın növbəti səhifəsidir. Axı, bildiyim və əzbərlədiyim bütün yeməklərə belə Sadəgül öz zövqünə görə nəsə əlavə etməyi və məni heyrətləndirməyi bacarır.
    Bir də, necə demişdilər? Hə… “Kişinin qəlbinə yol…” Mən qaçdım! Bu andan etibarən yataqda keçən bir gün zamanın davamedici formasında məkan üstünlüyünü mətbəxə həvalə edir…

  • Rahilə DÖVRAN.”Vətənimdir”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Qəzəllərim – silsiləsindən

    Sevin, gül, fəxr et könül, vardır şöhrət, şanım mənim,
    Var Odlar Yurdu kimi, dövrü-qədim bir Vətənim.

    Dostuna-dost olubdur, düşmənini edib zəlil,
    Həm daşı, həm torpağı xainlərə olub qənim.

    Ərləri, ərənləri at belində, əldə qılınc,
    Tarixi hünər dolu, həm bu günüm, həm dünənim.

    Ucaldıb bayrağını beş qitənin üstə bu gün,
    Xalqları, ölkələri valeh edir şux gülşənim.

    Dillərdə dastan olub ehtişamı, əzəməti,
    Qurbanam qeyrətinə, qeyri hara mən güvənim?…

    Dövrana fəxarətdir olmaq ona “vətən daşı”,
    Haqqımdır cənnətməkan, vətənimlə qürrələnim.

  • Rahilə DÖVRAN.”Naxçıvanım”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Qəzəllərim – silsiləsindən

    Geyib bayram libasını nə müddətdir Naxçıvanım,
    Azərbaycan dünyasına fəxarətdir Naxçıvanım.

    Sanki bu məmləkətə Rəbb özü tumarın çəkir,
    Dağı, daşı, torpağı bərəkətdir Naxçıvanım.

    Torpağından güc alır, ərşə ucalır binalar,
    İstiqlalın təməli güc, qüdrətdir Naxçıvanım.

    Atabəylər tarixə öz adın qılıncla yazıb,
    Hər anı qəhrəmanlıq, şan şöhrətdir Naxçıvanım.

    Əshabi-Kəhf, Nuh eli, ulu Tanrı ərməğanı,
    Möcüzələr diyarı sirr, heyrətdir Naxçıvanım.

    Bu qədər gözəlliyinlə, səninlə öyünməmək,
    Rahilə Dövran üçün qəbahətdir, Naxçıvanım.

  • Rahilə DÖVRAN.”Azərbaycan”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Vətənimdir” – silsiləsindən

    Əvəzsiz bir dürr, incisən,
    Sən Dövranın sevincisən.
    Könüllərdə birincisən,
    Ürək dolu hiss,həyacan-
    Əziz, doğma, Azərbaycan!

    Şanlı , qədim tarixin var,
    Daş dövrünə gedib çatar.
    Günəş səndə çıxar,batar,
    Alovlara qucaq açan-
    Əziz, doğma, Azərbaycan!

    Buxovları qırıb atdın,
    Şöhrətinə-şöhrət qatdın.
    Ay-ulduzu sən ucaltdın,
    Hünəriylə zəfər saçan-
    Əziz, doğma, Azərbaycan!

    Zaman yüyrək bir kəhərdir,
    Övladların igid ərdir.
    Milli Ordun səfərbərdir,
    Alınacaq qanına -qan-
    Əziz, doğma, Azərbaycan!

    Qarabağtək dərin yaram,
    Onsuz bizə yuxu haram.
    Cihadına mən də varam,
    Mücahidin şair Dövran,
    Əziz, doğma, Azərbaycan…

  • Abdulla MƏMMƏD.”ALLAHINA şükür elə”

    abdullamuellim

    İl ildən bəd gəlir,bala,
    Daşa tutur hər il bizi.
    Qəlbi dərd dəlir az qala,
    Başa çəkdikcə iblisi.

    Dünən-bu gün,bu gün-dünən,
    Sabah da bu günün tayı.
    Ağzından vurulub dinən,
    “Hop”demə keçməmiş çayı.

    Dil yalana,əl harama,
    Göz də talana alışır.
    Söz məlhəm olmur yarama,
    Gözdə qalana alışır.

    Saydığını sayma belə,
    Yerində saydığın yetər.
    ALLAHINA şükür elə,
    Hələ gün var bundan bətər!

    Gəl,mənimlə dil-dil ötmə,
    Get-özünə bir gün ağla.
    Dünyaçın özündən getmə,
    Yox olan gününə ağla.

    Nə bu dünya sənin deyil,
    Nə sən dünyanın,qadası.
    RƏBBİNİN önündə əyil,
    Olma şeytanın qidası!

    09.05.2001.
    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Sözdən sallana-sallana!”

    abdullamuellim

    Şair Məhəmməd Hadiyə.

    Yaxşı-yaman,yaman-yaxşı,
    Haram-hiylə,halal-naşı.
    Dünyanın itibmi başı,
    Bəmdə hallana-hallana?

    Ürəkdən gəlməyən sözü
    Yazanın ağ olmaz üzü.
    İkiliyə necə dözüm,
    Bütöv hallana-hallana?

    Haram mənim yarım deyil,
    Bütöv qəmdir,yarım deyil.
    Harın:”Mənə yarın!”-deyir,
    Qızıb yallana-yallana.

    Şeiri dərdə satan bilər,
    Alan bilməz,atan bilər…
    Nə çəkirəm-batan bilər,
    Sözdən sallana-sallana!

    12.01.2001.
    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”Qərib gəldin,qərib getdin”

    abdullamuellim

    Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə.

    Bu daş ağaran daş deyil,
    Yusa da yağış,qar daşı.
    Bu daşda əcəl göyərib,
    Bir də göylərin qarğışı.

    Qan damır daşın gözündən,
    Ağarır başım sözümdən…
    Cavandır yaşım özümdən,
    Cavandır hələ göz yaşım.

    Bu daş əzəldən ölçülüb,
    Dərdi boyuma biçilib,
    Gözümdə Dünya kiçilir,
    Heç olur sənsiz,qardaşım.

    Daşdan keçən sözün yaşdır,
    Ocağında közün yaşdır.
    Qara geyən dözüm yaşdır,
    Yaşdır ağaran baş daşın.

    Nəyin vardı-verib getdin,
    Söz dünyana varıb getdin.
    Qərib gəldin,qərib getdin,
    Sən öz yurdundan,yurddaşım.

    Bu daş düşmür daş başlara,
    Baş ağardan yad daşlara…
    Sən də köçdün yaddaşlara,
    Vay halına qara daşın!

    Azərbaycan.Quba.
    04.04.1999.
    P.S.”Ulduz” jurnalında 12.2000. tarixində dərc olunub.

  • Şəfaqət Cavaşirzadəni doğum günü münasibətilə təbrik edirik! (19 avqust 1987-ci il)

    sefaqetxanim

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının redaksiya heyətinin üzvünü, “Ədəbiyyat” bölməsinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidmət

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    BU HƏYAT YOLUNDA

    Neçə ürəkləri varaqlamışam,
    Neçə çəmənləri oraqlamışam.
    Neçə sevənləri soraqlamışam.
    Heç demə naşıyam, ruhum bir incim,
    Dünya sevncimdən olub bir əlçim.
    Mən sevən biriyəm, sözə bağlıyam,
    Cüt qoşa qanada, gözə bağlıyam,
    Kədəri, qüssəni atmağa nə var,
    Ürəyi sevgiylə vuran insanın,
    Ruhuna bulaqtək axmağa nə var?!
    Qəlbini bir sözlə almağa nə var?!
    Yurdumun bu ilıq, od nəfəsindən,
    Mən ilham alaraq cilalanmışam,
    Qəlbi bədxahların daş qəfəsindən,
    Kədərdən ələmdən uzaqlaşmışam.
    Çəməndə çiçəklə, aranda güllə,
    Meşədə kəkliklə, bağda bülbüllə,
    Dərələr keçmişəm, dağlar aşmışam,
    Qayada bulaqla dodaqlaşmışam.
    Uzaq səfərlərdə yaraqlaşmışam.
    Bu həyat yolunda bulaqlaşmışam.
    Kədəri, qüssəni atmağa nə var,
    Ürəyi sevgiylə vuran insanın,
    Ruhuna bulaqtək axmağa nə var?!
    Qəlbini bir sözlə almağa nə var?!

    BƏLKƏ BİR YAY AXŞAMI…

    Bəlkə, bir yay axşamı,
    Ruhumu oxşayasan,
    Sınsın həsrətin əli.
    Yenə də söyləyəsən,
    “Ey gözəllər gözəli”
    Bəlkə bir yay axşamı,
    Qadasını aldığım,
    Bakı bağlarındaca,
    Könlümü oxşayasan…
    Baxasan varaq-varaq,
    Qumaş qumlu sahildə,
    Tufanda birgə olsaq,
    İnan təsir eləməz,
    Mənə nə qar, nə sazaq.
    …Bəlkə bir yay axşamı,
    Ləpələrin döydüyü,
    Sahildə qoşa gəzək,
    Sevgini nuş eyləyib,
    Həsrətin izin əzək!
    Gecə ay işığında,
    Qumaş qumlar üstündə,
    Həsrəti pərən salaq,
    Pisləri edək yasaq.
    …Bəlkə bir yay axşamı,
    Qadasını aldığım,
    Bakı bağlarındaca,
    Deyək şeiri, qəzəli,
    Unudasan özünü,
    İxtiyarsız deyəsən,
    “Nə yaxşı ki, sən varsan,
    Ey gözəllər, gözəli”!

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    AZƏRBAYCAN UĞRUNDA

    Əsgərlərimin himni ədalət nəğməsidi,
    Səngərlərin igidlər, ərənlər nənnisidi.
    Mübarizin, Ramilin əməli haqq səsidi,
    Bir kəlmə şüarı var, dilində dodağında,
    Hamımız çalışırıq Azərbaycan uğrunda!..

    Millətimin şöhrəti dastanlar yaradıbdı,
    Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı,
    Yağılara ölümlük nifrəti yağdırıbdı,
    Şairə ilham gəlir qələbə sorağında,
    Yazırıq, yaradırıq Azərbaycan uğrunda!

    Bulağının suyunda, dərəsində, dağında,
    Laləzar təbiəti, çəmənində bağında.
    Məhəbbəti gözümün qarasında-ağında.
    Babəklərin dayanıb zamanın cığırında,
    Yanırıq alışırıq Azərbaycan uğrunda!..

    Yenə gələcək inan, firavan çağlarımız,
    Bərəkətli, nemətli Qarabağ bağlarımız!
    Babalardan əmanət vüqarlı dağlarımız,
    Müqəddəs Qibləgahdı üçrəngli bayrağın da,
    Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!..

    SƏHƏRİMİZ XEYRƏ AÇILSIN

    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Zülmətdən günəşin gələn vaxtıdır,
    Dünyanın sevilib gülən vaxtıdır,
    Süsənlər bağların bar-baharıdır,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Boz küləklər saçlarımı yolubdu,
    İncə ruhum yanar məşəl olubdu,
    Hərdən sinəm şeir, sözlə dolubdu,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Xeyirxahlıq ruhun öz bəhrəsidir,
    Sevən könüllərin söz töhfəsidir,
    Hüriyyət saflığın pak nəfəsifdir,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

  • Mais TƏMKİN.”Ölüm”

    10646868_273655359498567_6620189188081019440_n

    Canım zülümdən qurtulur,
    Ötüb çagla dil-dil, ölüm.
    Sevincimdən aglayıram,
    Sen də mənə bax, gül, ölüm!

    Üstümə ağ kəfən sərib,
    Dostunu çox sanma qərib.
    Mübarək əlinlə dərib,
    Başım üstə səp – gül, ölüm…

    Düşünmə ki, yerim dardır,
    Tanrım hər vaxt mənə yardir.
    Gözüm üstə yerin vardır,
    Nə vaxt gəlirsən, gəl, Ölüm!

  • Mais TƏMKİN.”Olmadı”

    10646868_273655359498567_6620189188081019440_n

    Mərdi ocaqda qaladı,
    Yurdunu çapdı, taladı.
    Namərd haqqı tapdaladı,
    Ona söz deyən olmadı.

    Qəmə tuş görüb anımı,
    Dişimə çəkdim canımı.
    Həqiqətin ünvanını
    Sordum, düz deyən olmadı.

    Yatmışıq, şirin röyadan
    Yoxdu bizi bir oyadan.
    Çıxıb gedək bu dünyadan,
    Dünya biz deyən olmadı.

  • Müzəffər MƏZAHİM.”Vardır”

    mm

    Dünyanı yaradan, nizam saxlayan,
    Yaxşını, yamanı seçəni vardır.
    Ölüm kövşənində şələ bağlayan,
    Ömür zəmisini biçəni vardır.

    Sevincə dərd hörür öz hanasında,
    Ümid parıldayır zər tanasında.
    Həyat mənzilinin astanasında,
    Qapısı vardırsa keçəni vardır.

    Sevinc təsəllidir, qəm yaşanandır,
    Ürəyi incidən kəm yaşanandır,
    Həyat həm ümiddir, həm yaşanandır,
    Dərdi sevinc bilib içəni vardır.

    Müzəffər, uzaq dur bal pətəyindən,
    Arif ol, məhşəri duy tütəyindən,
    Tanrı bələdçindir, tut ətəyindən,
    Ömrün həm zülməti, həm çəni vardır.

  • Müzəffər MƏZAHİM.”Bu yazıq bəndəni…”

    mm

    Cəzamı verməyə gətirdin, Allah,
    Bu yazıq bəndəni bu şər dünyaya?
    Yoxsa doğulmamış etdimi günah,
    Götürüb tulladın bəşər dünyaya?

    Daddırdın həyatı bal, nobat kimi,
    Sonsuz arzu verdin amanat kimi,
    Ömrünə, bəxtinə mükafat kimi,
    Gətirdin qəlbində qəhər dünyaya,

    Verdin ədaləti, səmimiyyəti,
    İnsafı, mürvəti, gözəl niyyəti.
    Fəqət əsirgədin səlahiyyəti,
    Etdin bu yazığı yəhər dünyaya.

    Başından əsgilmir qovğa, qalma-qal,
    Zərbəni vurduqca vurdun dalba-dal,
    Dərddən, ehtiyacdan tapdımı macal,
    Verə sevincini nəmər dünyaya?

    Ruhunu, cismini cəbrə bağladın,
    Bütün ümidini səbrə bağladın,
    Ömür örkənini qəbrə bağladın,
    Keçdi doğanaqdan kədər dünyaya.

  • Şair-jurnalist Xasay Cahangirovun “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri

    Ərdoğana

    Bu yaxınlarda Türkiyənin hava
    sərhəddini pozan rus təyyarəsinin
    vurulması ilə bağlı rusların hədəqorxusuna
    Türkiyənin prezidenti
    Rəcəb Təyyub Ərdoğanın sərt
    bəyanatı məndə qürur hissi oyatdı.

    Əhsən sənə, əzəmətli Ərdoğan!
    Böhtan boğan, şeytan boğan, şər boğan.
    Qartallara neyləyibdir, neyləyər
    Kor yapalaq, ala qarğa, sağsağan?!

    Şər-şeytanı zalım fələk doğubdur,
    Səni huri, səni mələk doğubdur,
    Bəlkə aslan, bəlkə pələng doğubdur,
    Aslan doğmur, pələng doğmur hər doğan.

    Türküm vurmaz düz yollarla qaçanı,
    Vursa, vurar göydə əyri uçanı,
    Haqdan kənar haqsız qapı açanı
    Haqsız yerə vurmayıbdır nər boğan.

    Bir cənnətdə cəhənnəmi yaratsa,
    Bir çəməndə gül-çiçəyi saraltsa,
    Bir ölkədə çıraqları qaraltsa,
    Qaranlıqda özü qalar nur boğan.

    Urus pozub sərhəddində havanı,
    Özü salıb aralığa davanı,
    Çox dağıdıb abad yurdu-yuvanı,
    Şər atıbdır çoxlarına şər doğan.

    Haqsızlara sərt cavabın haqlıdır,
    Sərt cavablar el gücünə bağlıdır,
    Əyilməzlər xalqın əsil oğludur,
    Kaş mərdlərin onun doğa bir doğan.

    Ulu Heydər öyünübdür, öyübdür,
    İki dövlət, bir millətik deyibdir.
    Nə zaman ki, tale bizdən əyibdir,
    Hər türkümüz dönüb olub şir boğan.

    Öz taxtında oyaqlardan oyaqsan,
    Yurdu talan yurdsuzlara dayaqsan,
    Azanlara yol göstərən mayaksan,
    Ulu türkün ər oğlusan, Ərdoğan!

    Yanımdasan gen gündə də, darda da,
    Yanındayam boranda da, qarda da,
    Bu dostluğu qoruyarıq gorda da,
    Yenilməyib heç bir zaman nər doğan,
    Ulu türkün ər oğlusan, Ərdoğan!

    12 yanvar 2016

    SOYUQ KÜLƏKLƏR

    Şair Rafiq Odaya dost gileyi

    Harda yubanmısan, ay Rafiq Oday,
    Ürəyim təşnədir şeirdən ötrü.
    Gözlədim, bağıma gəlmədin bu yay,
    Sən ki darıxardın bu yerdən ötrü.

    Həsrətdən saraldı heyva sovqatın,
    Pərt olub budaqda nar da qızardı.
    Təzəcə göyərən bahar sovqatın,
    Payız sazağında soldu, bozardı.

    Çatdır gileyimi Zirəddinə də,
    Vəfasız olmayın bu dövran kimi.
    Yaman narahatam Cabir Cəlildən,
    Fuad itkin düşüb Qəhrəman kimi.

    Ürəyim istəyir həkim Cəfəri,
    Sirrimi özgəyə deyə bilmirəm.
    Tofiqi görmürəm nə vaxtdan bəri,
    Əsəd məndən küsüb, niyə bilmirəm.

    Fərqinə varmaram varın-yoxluğun,
    Dostu yad eyləmək imkana baxmır,
    Bircə səbəbi var bu soyuqluğun:
    Ürək yanmayanda gözdən yaş axmır.

    Tənha yol gedirəm mən neçə ildir,
    Qarşımda keçilməz dağ qalır hələ.
    Sizə bəslədiyim ümidlər öldü,
    Amma hörmətiniz sağ qalır hələ.

    Gözümdən düşübdür vəfasız həyat,
    Ümidim üzülüb, gümanım itib.
    Kim mənə göstərər bir də iltifat?!
    Dövranım devrilib, zamanım bitib.

    Bir vaxt tanışlarım, dostlarım mənim
    O qədər çox idi…, saysız, hesabsız.
    Elə ki büdrədi şöhrət köhlənim,
    Verdiyim salamlar qaldı cavabsız.

    Ömrün payızında sovuldu barım,
    Qışında vəzifəm, postum olmadı.
    Köçdü bu dünyadan ən yaxınlarım,
    Təsəlli verməyə dostum olmadı.

    Gül əkdim, yerində ot-ələf oldu,
    Çəkdim ağrısını öz içimdə mən.
    Kimə dost demişdim, naxələf oldu,
    Həmişə yanıldım dost seçəndə mən.

    Ey dost, qınamıram dönük dostları,
    Payızda başlayır soyuq küləklər.
    Gəlməz çəmənlərə bal arıları,
    Saralıb-solanda güllər, çiçəklər…
    Payızda başlayır soyuq küləklər.

    Bu gecə sən hardan
    yuxuma gəldin?

    Ümidi üzülüb qırılan eşqim,
    Taleyin hökmünə boyun əyirdi,
    Arxanca sürünüb yorulan eşqim,
    Təzəcə-təzəcə mürgüləyirdi,
    Bu gecə sən hardan yuxuma gəldin?

    Yenə alovlandı dəli istəyim,

    Sönmüş xatirələr közərdi bir-bir,
    Quş kimi çırpındı təşnə ürəyim,
    Qaçdı gözlərimi ovudan çimir,
    Bu gecə sən hardan yuxuma gəldin!

    Əhdinə, andına arxa çevirib,
    Aciz qul eylədin qula özünü.
    Zirvədən bir alçaq təpəyə enib,
    Duman yuxu kimi tutub gözünü,
    Bu gecə sən hardan yuxuma gəldin?

    İtmiş xatirələr ayaz ömrümə
    Düşdü şaxta kimi, yağdı qar kimi,
    Yaz təki gəlmişdin payız ömrümə,
    Getdin taleyimdən son bahar kimi,
    Bu gecə sən hardan yuxuma gəldin?

    Soyuq baxışların donub üzümdə,
    Eh, nəyim qalıbdır daha sevməli?!
    Əllərin əlimdə, gözün gözümdə
    Sən ki itirmisən məni, ay dəli…
    Bu gecə sən hardan yuxuma gəldin?

    Təsəllin qəlbimin indi əzabı,
    Ziyası ömrümə saçılmaz daha,
    Taleyin əliylə bağlanan qapı
    Vüsalın əliylə açılmaz daha..
    Bu gecə sən hardan yuxuma gəldin?

    1983

    Dünya

    Uyma bu dünyanın etibarına,
    Əvvəli,axırı yalan dünyadı.
    Güvənmə heç zaman onun varına,
    Bir gün, verdiyini alan dünyadı.

    Heç kimin yolunda dönmə əngələ,
    Keçər ayağına,qurduğun tələ.
    Çapma köhlənini belədən-belə,
    Atlını atından salan dünyadı.

    Xoşbəxtlik, səadət ən uca taxtdı,
    Kimə qismət ola o baxta-baxtdı.
    Cəhd etmə çarığın yırtılacaqdı,
    Özü yaxşısını bilən dünyadı.

    Qismət bölgüsünü aparar səssiz,
    Kimi şən yaşayar, kimi fərəhsiz.
    Fağıra zalımdır, yoxsula xəsis,
    Varlıya həmişə kalan dünyadı.

    Kimini saxlayar gözünün üstə,
    Kimini yandırar közünün üstə,
    Heç vaxt durmayıbdır sözünün üstə,
    Gündə min xəyala dalan dünyadı.

    Bəzən bir qocanı, o gənc eyləyib,
    Cavanı qocaldıb iyrənc eyləyib,
    Ən kamil adamı gülünc eyləyib
    Dalınca min hava çalan dünyadı.

    Ucalda-ucalda qaldırıb bizi,
    Məqamda-macalda soldurub bizi,
    Qocalda-qocalda öldürüb bizi,
    Gəncləşə-gəncləşə qalan dünyadı.

    Qəbir yaman bahadır

    Həyat ömür şahmatı,
    Haqq haqsıza uduzdu.
    Yaşamaq od qiyməti,
    Ölüm yaman ucuzdur.
    Ölən ölmək istəmir,
    Qəbir yaman bahadır.

    Haqqa ölüm gəzənlər,
    At oynadır aləmdə.
    Bu dünyadan bezənlər
    Əlac gəzir ölümdə.
    Yalnız ölüm istəyir,
    Qəbir yaman bahadır.

    Şair gördüm, dərdi nə,
    Elə yazır ölümdən.
    Əlac tapmır dərdinə,
    Bir iş gəlmir əlindən.
    Ucuz ölüm axtarır,
    Qəbir yaman bahadır.

    Daşa dəyib qisməti
    Öz ağlının ucundan.
    Ləkələnib isməti,
    Özün asıb saçından.
    Bir qız ölüm istəyir,
    Qəbir yaman bahadır.

    Yaxşı bilir bilənlər,
    Bizdın əvvəl ölənlər,
    Sakit-sakit yatırlar.
    İndi ölmək çətindir.
    Bir qəbirlik daşı da,
    Torpağı da satırlar,
    Qəbir yaman bahadır.

    Tükənirəm büsbütün,
    Üfürsələr keçərəm.
    Haqqa qovuşmaq üçün,
    Haqq dünyaya köçərəm.
    Necə köçüm, ay Allah,
    Qəbir yaman bahadır.

    2015

    Xəyal
    Qarşımda bir uca dağ,
    Yol çətin, mənzil uzaq…
    Fəqət arzum, amalım
    Zirvəyə qalxmaq olub.
    Heyhat…
    Təkcə xəyalım
    Yoluma mayak olub,-
    Dərə keçir, dağ aşır,
    Buludları dolaşır.
    Günəşdən boylanır o,
    Ulduzlara yanır o.
    Eh, xəyala nə var ki,
    Məskənidir zirvələr.
    Kaş xəyal zirvəsinə
    Qalxa biləydi hünər?

    Ağlasın

    Nə ağlarsan, ölən xəstə,
    Halına gülən ağlasın.
    Dərdini de son nəfəsdə,
    Dərdini bölən ağlasın.

    Nə gözləyir sabah bizi,
    Dünya etməz agah bizi,
    Özü boyda sirdir özü,
    Sirrini bilən ağlasın.

    Bir qarın ac, bir qarın tox,
    Qəm yaşadın ömürdın çox,
    Ağlamalı günahın yox,
    Günahı olan ağlasın.

    Dünya cənnət, dünya tələ,
    Yaşayırıq ölə-ölə,
    Ölənlər var, sağdır hələ,
    Sağ ikən ölən ağlasın.

    Bu ağıllı, gic dünyadan,
    Barındınmı heç dünyadan?
    Gülə-gülə köç dünyadan,
    Dünyaya gələn ağlasın.

    Gəzər

    Elə yara, eldən barın,
    Azalmasın etibarın.
    Eldən yazan sənətkarın
    Söz-söhbəti eldə gəzər.

    Nurlu əməl-yaraşığın,
    Sozalmasın gur işığın.
    Ürək çalan hər aşığın
    Ürəyi də teldə gəzər.

    Ötdü ömrün tən yarısı,
    Saçlarımın dən yarısı.
    Nə xoşbəxtdir bal arısı
    Ömrü boyu güldə gəzər.

    Bu torpağı, bu yurdu gəz,
    El deyəni heç kim deməz.
    Gördüklərin sözə gəlməz,
    Yazdıqların əldə gəzər.

    Xasay, yazın yazı olsa,
    Qışı olsa, yazı olsa,
    Ürəyinin sazı olsa,
    Hər ürəkdə, dildə gəzər.

    Çətin gündə

    Deyirsən ki, tərifləyib qartalı,
    Sən bu qədər vəsf edirsən – nədəndir?
    Məgər hələ bilməyirsən zavallı
    Bizim ellər haqqı-sayı güdəndir?

    Nə yarpağı, nə çiçəyi, nə barı
    Axıradək budaqlarda görmədim.
    Qonaq gəlib, qonaq gedən quşları,
    Qışa kimi bu dağlarda görmədim.

    Kim bilmir ki, yaxşı günün dostları,
    Yaman günün əzabına dözməyir.
    Söylə, necə vəsf etməyim qartalı,
    Tufanda da dağdan ayrı gəzməyir.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    XOCALI

    Səndən sonra, yuxularım acılı,
    Körpələri odda yanan Xocalı…
    Əzrayıl gətirdi vaxtsız əcəli,
    Solub çəmənləri, solubdu bağlar,
    O cənnətməkana ürəyim ağlar.

    Yetişmədi arzuların toxumu,
    Aparmısan gözlərimdən yuxumu.
    Ömür bitdi, qalıb azmı-çoxumu,
    Xocalım gedibdi, kimsəsiz dağlar,
    O yerlərçün gözüm, ürəyim ağlar…

    Xocalım, gözəllik əzəl canında,
    Laləzar güllərin rəngi qanında,
    Gəzmişik çiçəkli yaşıl donunda,
    İzləri dağlarda əmanət saxlar,
    O cənnətməkana ürəyim ağlar.

    Yandı bu yoxluğa, həm qurum, yaşım,
    Xocalımda getdi igidim, naşım.
    Elə bu dərdlərə ağardı başım!!
    Bəlkə də, qayıtmaz getdi o çağlar,
    O yerlərçün gözüm, ürəyim ağlar…

    MƏNƏ SEVGİDƏN DANIŞ

    Baxma mənə şübhəli,
    Sənsən sevgi telləri,
    Qovuşmaqçun sevgilim,
    Hey sayıram günləri,
    Sənsiz hər kəlməm yağış,
    Gözlərimə qonar qış.
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!

    Gözlərini görəndən,
    Qəm, kədəri atmışam,
    Sənə qovuşmaq üçün,
    Nələrə qatlaşmışam,
    Haqsızlığa inciyib,
    Küsmüşəm, ağlamışam,
    Gəl keçək bu sədləri,
    Sən də mənim tək alış!
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!

    Firtinalar qovlayıb,
    Zaman məni yıxıbdı,
    Titrəyərək qalxmışam,
    İldırımlar çaxıbdı.
    Sevgi haraylamışam,
    Gözdən leysan axıbdı,
    İnandığım, tək sənsən!!
    Taleyimə gəl qarış,
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!

    Gözəllik aşiqisən,
    Baxışını sezmişəm,
    Bilirsən ki, qısqancam,
    Özümdən də bezmişəm,
    Neçə yaman dilləri,
    Nankorları əzmişəm,
    Gəzdiyin hər döngəni,
    İzlərəm qarış-qarış,
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!!

    Susuz səhralar kimi,
    Leysan yağış istərəm.
    Tanrıdan bir möcüzə,
    Xoşbəxt naxış istərəm,
    Məni sevən kimsədən,
    Yalnız alqış istərəm,
    Taleyin yazısıyla fikirləşmə,
    Gəl barış!!
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    YURDUMUN

    Cavanşirlər yetiribdi, bu torpaq,
    Mübarizdi hər döyüşdə, üzüağ,
    Öndərlərin yolu bizə bir çıraq,
    Gəlin, bu yollarda, birlikdə olaq.
    Yüksəlir sədası hər gün ordumun,
    Həzisi var, Mehdisi var yurdumun!!

    Dərəsinə, dağına qəlb aşıqdı,
    Cizgiləri zəngindi, qarışıqdı,
    Əcəmisi, Səttarı yaraşıqdı,
    Könlüm bu gözəlliyə sarmaşıqdı,
    Məhsətidi pak amalı arzumun,
    Natavanı, Nigarı var yurdumun!!

    Düşmənlərin ağlın lərzəyə salan,
    Xalqın yaddaşında şərəflə qalan,
    Sinəsində Vətənə sevgi yanan,
    Ölümdən qorxmayıb, torpağın anan,
    Ürəyimdə ən imanlı andımın,
    Mübarizi, Ramini var, yurdumun!!

    İrəvan, Göyçədi, ümid yerimdi,
    Dəmirqapı Dərbənd öz Vətənimdi,
    Təbriz, Borçalıdı, doğma elimdi,
    Bakı, Naxçıvandı, qaşı yurdumun,
    Ucalıb göylərə başı yurdumun,
    Qızıldı, yaqutdu daşı yurdumun!!

    SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

    Nələr gəldi sevgimizin başına,
    Leysan yağdı, kipriyinə, qaşına,
    Yol gedirəm, bir işığın tuşuna,
    Harayımı sənə yetirmək üçün,
    Səni sevməmişdim, itirmək üçün!

    Sənsən sevgi dünyam, belə deyirdin,
    Gümanıma, bir aydınlıq gətirdin,
    Hardan sən özünü mənə yetirdin?!
    Qızılgül bəslərəm, bitirmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    İndi ki, belədir, unut beləcə,
    Gözləyəcəm sınıq bəxtim gülüncə,
    Bir sevgi istərəm, gəlsin gizlicə,
    Nisgili aradan götürmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

  • Mais TƏMKİN.”Bu dünyada ölməz olur”

    10646868_273655359498567_6620189188081019440_n

    Ər igidlər, qəhrəmanlar,
    Elin dərdinə yananlar,
    Əbədiyyət qazananlar,
    Bu dünyada ölməz olur.

    Şəhid olub köçənlərim,
    Yağıları biçənlərim,
    Vətən andı içənlərim,
    Öz əhdindən dönməz olur.

    Torpaq udub çox ərləri,
    At oynadan ərənləri.
    Ülviyyətin şölələri,
    Daim yanar, sönməz olur!

    Vətən üçün töküb qanlar,
    Vətənləşdi qəhrəmanlar.
    Şan-şöhrətə ucalanlar,
    Zirvələrdən enməz olur!

  • Mais TƏMKİN.”Məhəbbət bir sirli dərin dəryadı”

    10646868_273655359498567_6620189188081019440_n

    Bir donda qalmayır şairin təbi,
    Könlündə sevinc də, qəhər də olur.
    Təbiət şairi dağlar qoynunda,
    Məhəbbət şairi şəhərdə olur.

    Dağın dağ yeri var, şəhərin şəhər,
    Hər yerin xoş keçən öz dəmi vardır.
    Dağlarda nə qədər gözəllik olsa,
    Şəhərin bir özgə aləmi vardır.

    Şəhərdə olanda çox darıxırsan,
    Dağı düşünürsən, düzü anırsan.
    Dağlarda dağları vəsf eyləyirsən,
    Şəhərdə şəhərə ,,yaltaqlanırsan*”.

    …Bütün yorğunluğun çıxır yadından,
    Xəstə olsan belə, şəfalanırsan.
    Gözəllər dövrəyə aldıqca səni,
    Ağlın başdan çıxır havalanırsan.

    Hamsı bir-birindən gözəl gözəllər,
    Hansını sevəsən, çaşıb qalırsan.
    Birisi inciyib, tez küsür səndən.
    Elə ki birinin könlün alırsan.

    Məhəbbət bir sirli dərin dəryadı,
    Sevgisi ən dərin qatından çıxır.
    Görəndə can alan şux mələkləri,
    Evdəki xanımın ,,yadından çıxır.”

    Bütün sevənlərin ürəyi belə,
    Mənim ürəyim tək köz-köz olurlar.
    Sonra da adama irad tuturlar,
    Deyirlər, şairlər şorgöz olurlar.

    Nə deyim ? Bilmirlər sevgidən yazmaq,
    Şairdə ilhamdı, təbdi, həvəsdi.
    Mən belə deyərdim, sevməyənlərə,
    Şairlər şorgöz yox, gözəlpərəstdi.

    Bir donda qalmayır şairin təbi,
    Könlündə sevinc də, qəhər də olur.
    Təbiət şairi dağlar qoynunda,
    Məhəbbət şairi şəhərdə olur.

  • Müzəffər MƏZAHİM.”Ruhunu”

    mm

    Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə,
    O böyük gün üçün bəslə ruhunu.
    Daim oyaq saxla, ayaqda saxla,
    Tarixin dibindən səslə ruhunu.

    Bu yurddur tükənməz dövlətin-varın,
    Kişilik simvolun, namusun, arın,
    Hər cür sünilikdən, çirkabdan arın,
    Köklə nəcabətə, əslə ruhunu.

    Sarıl, qol-boyun ol məmləkətinlə,
    Öyün bu yenilməz əmanətinlə,
    Daim cilalansın qoy qeyrətinlə,
    Saf ötür gələcək nəslə ruhunu.

  • Müzəffər MƏZAHİM.”Hələ”

    mm

    Mən öz məsləkimin, öz amalımın,
    Bir arzu qanadlı quşuyam hələ.
    Gərək sədlər aşan xoş xəyalımın,
    Şirin dünyasında yaşayam hələ.

    Kürə pıçıldayır dərdini Araz,
    Həsrət payımıza çox düşüb”bir az”,
    Qəlbimi didsə də yetişmiş muraz,
    Gərək ürəyimdə daşıyam hələ.

    Fikir üyüdürəm, söz ələyirəm,
    Sönmüş ocaqları çözələyirəm,
    Vətənin dərdini təzələyirəm.
    Yara bağlamaqda naşıyam hələ.

    Yolum hamar oldu yamana kimi,
    Haqqım büdrəmədi yalana kimi,
    Buludlar qaralar dolana kimi,
    Mən ömrün bəmbəyaz qışıyam hələ.

    Dünya başdan-başa müəmma, təzad,
    Fikirlər dolaşıq, xəyallar azad,
    Məslək yollarında bələdçim həyat,
    Bu yolda bir ümid daşıyam hələ.