Polad Sabirli

OL

Ürəyimdə dağ olan kəs,
Kürəyimdə gəlib dağ ol.
Ay üzümə ağ olan kəs ,
El içində üzü ağ ol.

Daş-kəsək atma önümə,
Yetiş dada ,çat ünümə,
Şərik oldun xoş günümə,
Pis günümə gəl ortaq ol.

Deyə-deyə yalan palan,
Keçən keçdi oldu olan,
Mənəm yanan,qeydə qalan,
Yaxşı saydın məni sağ ol.

Mən incidim,sən incimə,
Baxıb sevin dürr incimə,
Polad,qoşul sevincimə,
Xoşbəxt yaşa, min budaq ol.

27.05.2015.

Ürəyim

O qədər dərd uddu , əzab yedi ki,
Qorxuram dözməyə dərdə, ürəyim.
Ürək sındırmadı, könül qırmadı,
Saxladı arada pərdə, ürəyim.

Haqqı , ədaləti böyük saydı o,
Əyrini pislədi, düzü yaydı o,
Könül ovundurdu, qəlb oxşadı o,
Həmişə xeyirdə,şərdə,ürəyim.

Duyğusu yerində, qılıncdan iti,
Həm zarafatı var , həm də nifrəti,
Pisə də , pisliyin etmədi qəti,
Özünü həsr etdi mərdə , ürəyim.

Sösbazdan gen durdu,sözdə atmadı,
Sözü duymayana, sözün satmadı,
Halal mayasına, haram qatmadı,
Ruhum göydə gəzdi , yerdə , ürəyim.

Polad qayğı biçdi, yaxşılıq əkdi ,
Həyatın şələsi çiynində yükdü ,
Qırılıb , bitişmiş, nazik bir tükdü ,
Sən demə , sevərmiş bir də , ürəyim.

14.12.2014.