Sumqayıtdakı M.Ə.Sabir adına kitabxana-filialda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “Vətən fədaisi”, “Həsrət yanğısı”, “İkiyə bölünmüş dünyam” kitablarının müəllifi, şairə, nasir Rahilə Veysəllinin “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərini özündə birləşdirən “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxana-filialın müdiri Hafizə Əliqızı açaraq, tədbir iştirakçılarını salamlamış, tədbirin dedişinə uğurlar arzulamışdır.
Tədbirin aparıcısı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist, Əməkdar jurnalist Rafiq Oday Rahilə Veysəllinin həyat və yaradıcılığı haqqında oxuculara məlumat vermiş, kitabdakı povestlər haqqında mülahizələrini bölüşmüşdür.
Tədbirdə Rahilə Veysəllinin qələm dostları – şair Əşrəf Veysəlli, Asif Asiman, Elbrus Qayalı, Nisə Qədirova, Xatirə Fərəcli, Qaratel Azəri, Qərib Laçınlı, Əlhəddin Paşayev, BDU-nun tələbəsi Təranə Şirinova, ADNSU-nun tələbəsi Sevinc Zeynalova, kitabxananın oxucuları Kamilə və Badam Əliyevalar, Ülviyyə Qaraşova və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.
Tədbir boyu Rahilə Veysəllinin yaradıcılıq nümunələri bədii qiraət edilmiş, şeirləri muğam üstündə ifa olunmuşdur.
Rahilə Veysəlli tədbirdə iştirak edən qələm dostlarına və kitabxananın oxucularına təşəkkürünü bildirmiş, yaradılan şəraitə görə kitabxananın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Sonda müəlliflə xatirə şəkilləri çəkilmişdir.

Mərcan SABİRQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti