Bağışlayın, yorğunam,

Bağışlayın, yorğunam,
baş qaldırıb
baxa bilmirəm sizə, buludlar.
Ağınızı, qaranızı
salamlaya bilmirəm bu gün.
Bu gün içimdə sükut var.
Kor.
Kar.
Şikəst bir sükut qoynundayam.
Nə göydə, nə yerdə,
tamam başqa yandayam,
hayandayam buludlar?

Üzüm-gözüm quma batıb

Üzüm-gözüm quma batıb,
Başım hara düşüb yatıb?
Ayaqlarım göylə gedir,
İzim buludlarda itir…

Əllərim at yalı hörür,
Gözlərim zülmətdə görür!
Bu bir şeytan əməlimi?
Son məzilin təməlimi?

Qaqa, göylərə uçmuşdum,
İki ağ qanad açmışdım,
Biri dəydi baş daşına,
Düşdüm dolanım başına…