VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ

Vətən adlı günəş doğdu bir igidin gözlərində,
Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?
Görən varmı əvvəlkitək o taqəti dizlərində?
Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?

O pak eşqin beşiyində, vətəninin keşiyində,
Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.
İnsanlığa örnək verən məhəbbəti var igidin,
Vətən ilə anasına sığındığı qucaq birdir.

Gözlərini bu vətənə qurban verən qazilərin,
Sevincini itirdiyi gözlərinə qurban olum.
Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan,
Zərəf ilə addımlayan dizlərinə qurban olum.

İtirdiyi günəşini, hər işıqlı sabahını,
Mərd oğullar yerdə qoymaz igidimin bu ahını.
Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə,
Uca Allah, əksik etmə igidlərdən pənahını!
Uca Allah, əksik etmə igidlərdən pənahını!

Şəhid Əşrəf Məmmədliyə həsr (şeir)

Rahat uyu, igid əsgər,
Vətəninin torpağında.
Adın daim ucalacaq,
Büküldüyün bayrağında.

Rahat uyu, igid əsgər,
Qanın yerdə qalmadı, bil.
Sənin şücaətin varkən,
Bu vətən əzilən deyil!

Rahat uyu, igid əsgər,
Şəhidliyin məqamında.
Alnımızı ağ etdin sən!
Hər addım, intizamında.

Rahat uyu, igid əsgər,
Doğma vətən, bil, azaddır!
Düşmənlərdən pak etdiyin,
Hər qarışı bil, abaddır!

Rahat uyu, igid əsgər,
Bu xalq səni unutmazdır.
Öpüb sənin ayağından,
Təşəkkür etsək də azdır!

Rahat uyu, igid Əşrəf!…

Şəhid Baş Leytenant Ramil Bayramovun xatirəsinə

Mən Şəhidəm!
Çünki, mənim damarımda vətən axır qan yerinə!
Qeyrətimdə, namusumda, bədənimdə can yerinə!
Son nəfəsi vətənimçün vermişəm qurban yerinə!
Siz yaşadın bu vətəni!

Mən şəhidəm,
Vətənimin torpağında, ağacında, suyundayam,
Yüz illərdir azadlığın yazılmayan sayındayam,
Artıq varam, ruhum azad! Bu vətənin hayındayam,
Siz yaşadın bu vətəni!

Mən Şəhidəm!
Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir!
Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir.
Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir,
Siz yaşadın bu vətəni!

Mən şəhidəm!..
Mən cənnəti vətənimin azadlığında istərəm!
Bayrağı yüksələn yeri uçub səmada göstərəm.
Vətən üçün gərək isə ruhum ilə səfərbərəm,
Siz yaşadın bu vətəni!