
“Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza istedadlı şair Dəhnəli Məmməd Hacızadə tərəfindən göndərilib. Həmin şeirləri oxuculara təqdim edirik.
Sən darıxma, olurmu?!
Zəng də edə bilmirəm
bir səsini eşidəm.
Bir cavab almadıqda
dərindən ah çəkəsən,
nəfəsini eşıdəm.
Köksümə o çəkdiyin
ahlı nəfəsin dola,
Qoymaya könlümdəki
sənlə açan gül sola.
O, ah dolu nəfəsin,
məndə meh olub əsə.
Könlümün bülbülləri,
yenə verə səs-səsə.
Bircə nəfəsin ilə
ürəyimə yaz gələr.
Səssizliyin qor olub,
bağrımı ovar,dələr.
Danışa bilməsək də,
halını bilim yetər.
Nə dərdim var ki mənim,
darıxmağımdan betər.
Sən də,darıxan zaman
gözün yaşla dolurmu?
Üzülmənə dözmərəm,
sən darıxma,olurmu?
☆☆☆
İllərdir oğrun-oğrun,
gizli-gizli baxışdıq.
Baxışlarla dərdləşib,
baxışlarla danışdıq.
Beləcə baxışmaqla
ömür keçir,gün keçir,
Dünyadan tay-tuşumuz,
yaşıdlarımız köçür.
Birdən ölüb eləsəm,
gələndə məzarlığa,
ölülər hiss etməsin,
qoy özünü korluğa.
Eşidəcəm onsuz da,
ürəyinin səsini.
Dərindən ah çəkərsən,
alacam nəfəsini.
Ölsəm də sənə olan,
bu sevgim ölməyəcək.
İkimizdən başqası,
Bu sirri bilməyəcək.
☆☆☆
Gülüşün dar ağacı
çəkir ruhumu telə.
Onsuzda ruhlar ölmür,
ümidsiz olma belə.
Paklaşır sənlə içim,
bulaqtək duruluram.
Səndən qeyri yox seçim,
mən sənlə var oluram.
Olunca sən güzarım,
sanırdım yüz yaşım var.
Hardasa bir məzarım,
hardasa baş daşım var.
Bambaşqadır son bahar,
sevgi təravətlidir.
Qəlbin tək məramı var,
sevilmək niyyətlidir.
Qıraqmı bu tilsimi?
Daşan səbrimiz olsun.
Gözəl gözlərin kimi
bir cüt qəbrimiz olsun.
☆☆☆
Kaşkilər
Nə qədər kaşkılər olarmış Allah,
Ömrümüz, günümüz kaşkiylə dolu.
Kaşki var, təsəlli tapır hardasa,
Kaşki var, bağlanıb büsbütün yolu.
Kaşki var, ah çəkib danışırsan da,
Dolan gözlərinin yaşını silib.
Hardasa onunla barışırsan da,
Həyatın amansız qanunu bilib.
Kaşki var, ürəkdə qalır bir ömür,
Dosta-sirdaşa da deyə bilmirsən.
Kaşkilər ürəkdə qor olan kömür,
Gülsən də ürəkdən, qəlbdən gülmürsən.
Ürək çəkə bilmir kaşki yükünü,
Kaşkilər ürəyə meydan oxuyur.
Cəm edə bilmədik bir cüt kaşkini,
Kaşkilər ayrılıq, həsrət qoxuyur.
Yaxşı ki səndədir kaşkimin biri,
İkisi birləşsə yas quracaqdır.
Düşək ayaq ilə gedək bu ömrü,
Düşək bu xəyaldan son duracaqdır.
☆☆☆
Sən heç dəyişməmisən,
Sən əvvəlki kimisən.
Daim başımın tacı,
Könlümün hakimisən.
Ancaq mən dəyişmişəm,
Yolun azmış bəndənəm.
Palçıqdan yoğurduğun
Acımayan kündənəm.
☆☆☆
Duyuram uzaqlardan
susmağının səsini.
Susqun-susqun döyünən
qəlbini, nəfəsini.
Duyuram istəyini,
arzunu,xəyalını.
Cavabı içimizi
qovuran sualını.
Doldurur susqunluğun
könlümə qəm-kədəri.
Yaşamağa məhkumuq
bu taleyi,qədəri.
Hərdən susqunluğuna
bir az gülüş,sevinc qat.
Sənin gülüşün ilə
gözəlləşir kainat.
Susqun-susqun buzları
qoy əritsin yaz-bahar.
O susqun baxışını,
ürəyini sevən var .
☆☆☆
Həmişə danışıram
ürəyimdəki sənlə,
Elə xoş oluram sən,
deyib güləndə mənlə.
Sənlə deyib güləndə,
könlümdə güllər açır.
Sən həmişə gül belə,
Gülüşün ətir saçır.
Unutdurursan mənə
bütün dərdi,səri sən.
Sən mənim ürəyimin
gül qoxuyan yerisən.
☆☆☆
Yaşadıq(qəzəl)
Ayrı düşməklə bu dünyada kədər-qəm yaşadıq,
Bağrımız ahla dolu gözlərimiz nəm yaşadıq.
Qovruldu qəlblərimiz qalandı hicran oduna,
Biz bu dünyanı cəhənnəmsə cəhənnəm yaşadıq.
Nə qədər olsa da çox zülmü bu həsrət yükünün,
Bu eşqin bal dadını bərabər hər dəm yaşadıq.
Acı həsrət əzabı dursa da hey qəsdimizə,
Həm ölüb,həm dirilib,həm sevilib,həm yaşadıq.
Sənlə var olmaq olub Dəhnəlinin təsəllisi,
Ruhumuz bir, uzaq olsaq da xatircəm yaşadıq.