
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
Kim deyir ki, qəmli gözlə,
Kim deyir göz yaşların
ağappaq mirvarı olub yollara düzülməlidir?
Bəlkə nakam eşqlərə üsyan olsun,
bu dəfə tamam, tamam fərqli,
sədəf kimi gizli sevgi,
günəş kimi hər gün yenidən doğulan,
təbəssümlə gözlənilən,
gələndə milyon çiçəklə qarşılanan sevgi olsun?!
Məsələn, ağlamasaq,
kədər nədir bilməsək,
özümüz kimi dərin sevsək,
bu sevgidə elə hey gülsək,
bahar kimi gözləsək…
Sən gələndə, səni duyğuların ən zərifinə bürüsəm,
Susaraq üzünə baxsam,
Ayrılığın misralarını pıçıldasam,—
Min bir gecə…
İndiyədək mənsiz dözürdün necə?
Sevgimizi doya-doya yaşasaq,
danlaqlar, bəddualar olmadan,
narazılıqları, şikayətləri əskik olsa bu sevginin…!
Məsələn, yağış olsa,
çətiri sən tutsan,
mən rəqs eləsəm…
tamam fəqrli bir sevgi yaşasaq…
Şəhərin ortasında,
Fəvvarələr meydanında və ya Sahil bağında otursaq,
Mənə yaşım qədər qızılgüllər gətirsən,
Nə bilim, sənin üçün nəsə etsəm,
məsələn, şarf toxusam…
Ən görünməyən yerində,
yalnız sənin bildiyin tərəfində baş hərfini yazsam…
Hər payız sənə rənglərdən ilmə- ilmə sevgi hörsəm,
Sən də mənə gitarada ən gözəl musiqini ifa etsən…
bəlkə qəzəl söyləsən,
bəlkə də mənasız və şit zarafatlar etsək…
Ya da siyasətdən danışsaq,
Yağan yağış mübarizə yolunun tozlarını yatırsa.
Bu sevginin davam etdiyi müddətdə
onun böyüklüyü
xəyanəti yerin ən dərin qatına batırsa!
Tamam, tamam fəqrli bir sevgi olsa,
kədərə həsrət qatsa,
daimi gülümsəsə, ikimizə oxşasa,
özümüz kimi ümidli olsa…
Nisgili olmasa bu sevginin,
ayrılıqdan qübar etməsə,
yaralanmasa,
inciklikdən qaysaq bağlamasa…
Şeir kimi olsa,
misra- misra artsa,
kamilləşsə, böyüsə
ağıllı olsa, müdrik olsa,
üzüyola, sözəbaxan olsa!
Arada tərslik etsə də,
Ömürlük olsa, vəfaya yoldaş olsa…
Hər ayrılıqda bir- birimizə desək:
- Hər uzaqlıqda sənə tərəf addım- addım gəlirəm, sevdiyim…
Ümid kimi,
təbəssüm kimi,
ehtiras kimi,
tanqo kimi, vals kimi,
payız kimi, üfüq kimi,
günəş kimi
nəhayətsiz səma kimi!
əllərimizdəki son ayrılığımizdaki istilik kimi…
Tamam, tamam fəqrli bir sevgi olsa ,
elə hey gülümsəsə,
işıq dolsa qəmzələrinə.
Heç vaxt deməsə,— olan oldu, mənə nə!
Əzaba üsyan etsə,
indiyədək bütün sevənlərə gözdağı olsa,
sübüt etsə, sevginin kədərlə cüt olmadığını,
göz yaşına həmdəm olmadığını.
Söyləməkdən yorulmasa bu sözləri,—
Səni gülümsəyərək sevirəm!
Məni azadlıqla sevirsən!
Gülümsəyərək azadlığı qucaqlayırıq.