Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış broşür Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar – İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.
Nəşrdə 4 polyak memar tərəfindən ərsəyə gətirilən Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu (Tağıyevin Qızlar Məktəbi), AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev-Muzeyi, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Bakı Univermağı, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası, Yeni Avropa otelinin binası, Müqəddəs Məryəm Katolik Kilsəsi və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur.
Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir.
Burada, həmçinin 20-ci əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.
Polyak turistlərin ölkəmizə səfərini təşkil edən turizm agentlikləri üçün əlverişli vəsait olan ingilis dilində hazırlanmış broşürün onlayn versiyasını aşağıdakı keçiddən yükləmək mümkündür: https://tourismboard.az/az/publications
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılacaq. İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.
Konfrans çərçivəsində qonaqlar üçün mədəni proqram da nəzərdə tutulub. Onlar Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olacaqlar, “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.
Oktyabrın 22-də tədbir iştirakçıları Fəxri xiyabanda Xalq rəssamı Kamil Əliyevin məzarını ziyarət edəcəklər.
Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.
Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği məqsədilə 1991-ci ildə yaradılan Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən son illərdə böyük işlər görülüb. Mərkəz 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz MDB məkanında və Türk dünyasında bu quruma qəbul edilən ilk dövlətdir. Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib. Məhz bunun nəticəsidir ki, 1993-cü ildə Azərbaycanın milli komandası ilk dəfə Maltada keçirilən Dünya Kulinariya Çempionatına qoşulub və qızıl medalla Vətənə dönüb.
Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətini nümayiş etdirib. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalaraq onları mükafatlandırıblar.
Ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür. Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov həm də UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədridir.
Uşaqlar üçün yazılan “İki qardaş” poeması F.Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, “İki qardaş” uşaq poeması 1912-ci ildə lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə tanınan şair Abbas Ağa (Nazir) Qayıbzadə tərəfindən yazılıb. Poema iki qardaşdan (ağıllı və tənbəl) bəhs edir. Kitabın orijinalı 108 il sonra (2020-ci ildə) şairin nəslindən olan Rüstəm Nazir Qayıbov tərəfindən tapılıb.
Abbas Ağa (Nazir) Qayıbzadə, məşhur Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsi, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrünün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur.
Abbas ağa Nazir nəslinin davamçısı Rüstəm Nazir Qayıbov tərəfindən kitabxanaya hədiyyə olunan “İki qardaş” uşaq poeması kitabxananın daimi oxucularına çox dəyərli töhfə olmaqla yanaşı, həm də kitabxana fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıyacaq.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçirilir.
Sərginin ekspozisiyasında Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər də yer alacaq. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcək.
Xətai Sənət Mərkəzində açılacaq sərgi noyabrın 12-dək davam edəcəkdir.
Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur. Sərginin təşkilatçıları və münsiflərin qərarı ilə 40 müəllifin 46 əsəri sərgidə nümayiş olunmaq üçün seçilib.
Müəlliflər seçilmiş əsərlərini oktyabrın 30-dək “Xətai” Sənət Mərkəzinə təqdim etməlidir.
“Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən akademik İsa Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-lərdə, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib. Vurğulayıb ki, “akademiyanın müxbir üzvü Nüşabə Araslının hazırladığı kitab min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçirir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. İnstitutumuzun əməkdaşı Siracəddin Hacınının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, Nizami ilə bağlı kitabların meydana çıxması baxımından dünyada rekordsmendir. Heç kəsin Nizami Gəncəvi haqqında on cilddən ibarət şərhləri yoxdur. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, ukrayna və gürcü dillərində yazılar yer alıb.”.
Əlavə edib ki, Nizami Gəncəvinin yubileyinin qeyd olunması haqqında Sərəncamın imzalandığı 1939-cu ildən bu günə qədər onun haqqında bizim mətbuat orqanlarında minlərlə məqalə çap olunub. Azərbaycan dünya nizamişünaslığının mərkəzidir. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin Nizami Gəncəvi İli” 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə geməsi öz əksini tapıb. Bu qəzet vasitəsilə Nizami haqqında onun dövründən tutmuş bu günə qədər gedən inkişaf prosesini izləyə bilirik. 2021-ci ildə- Nizami Gəncəvi ilində Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyirsinizsə bu qəzet onu əks etdirə bilir. Bu buraxılışı Azərbaycan nizamişünaslığının tarixində yeni mühüm hadisə kimi dəyərləndirməyi özümə borc bilirəm. Bu iş, Azərbaycan Yazıçılar birliyinin və “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi ili”nə sanballı töhfəsi, xidmətidir. Həmçinin “Ulduz” jurnalı da bu layihəyə qoşulacaq, bu iş davam edəcək. Beləliklə, ölkəmizdə bir jurnal və bir qəzet bütünlüklə Nizmaiyə həsr olunmuş olur.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” məruzəsində prosesə tarixi aspektdən yanaşıb: “1930-cu illərin ikinci yarısında represiya dalğasının içərisində Azərbaycanda bir sevinc, bir bayram da yaşanırdı. Stalin Nizaminin Azərbaycan şairi olduğunu demişdı və bütün xalq bu fərəhlə yaşayırdı. Azərbaycan xalqının türk xalqının bir qolu olmadığı ideyası da Stalin tərəfindən gəldi, Azərbaycan alimləri bir dilemma qarşısında qaldılar. Nəhayət, biz dünyaya çıxarılan “İran şairi Nizami”ni gördük. Problem ideolji səbəblərlə bağlı idi. 1947-ci ildə Nizaminin yubileyi ərəfəsində çap olunan Azərbaycan SSR Yazıçılar İttifaqının Azərbaycan Elmlər Akademiyası ilə birgə nəşr etdiyi kitablarda Nizaminin Azərbaycan şairi olduğu deyilir. Azərbaycanlıların türk olmadığı ayrıca məqalələrlə qeyd edilir, eyni zamanda Səlcuqluların Azərbaycanı işğal etməsindən söhbət gedirdi və Nizami də bu mədəniyyətin içərisinə buraxılmırdı. Biz Nizamini özümüzə qaytarmaqla həm də Nizamidən, yəni türk insanından uzaqlaşdırıldıq. Nizaminin “türkdür, azərbaycanlıdır” – isbatına ehtiyacı yoxdur. Bertels deyir ki, Nizamini heç bir halda İran şairi hesab etmək olmaz”.
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspeklərdən toxunduğunu qeyd edərək bildirib ki, “bu bizim ən ağrılı yerimizdir, çünki mübahisəli məsələlər çoxdur. Nizami ilə bağlı elə şeylər var ki, bəzən gedib siyasətə söykənir. Bəzən güzəştə gedəsi yerlərimiz var, elmi dairələrdə bu məsələlər yüksək səviyyədə araşdırılır. Bu sayın unikallığını mən onda görürəm ki, sanki mini formada Nizami ensiklopediyasıdır”.
AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.
Xüsusi buraxılışın nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakusda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı, Səadət Şıxıyeva çıxışlarda buraxılışı mütərəqqi addım kimi dəyərləndiriblər və Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.
Açın mənim qəlbimi, oxuyun kitab kimi, Orda ilham adında cilvəli bir pəri var. Təkcə nazlanmaq deyil onun işi, peşəsi, Qayğıların içində min bir dərdi-səri var.
Duyğuların, hisslərin gah zilidi, gah pəsi, Çeşmələrin, çayların, bülbüllərin səsidi. İlham nə yaradırsa, Tanrı hədiyyəsidir, Qələm adlı qızılı, dəftər adlı zəri var.
Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə, Yuxusuz gecələrim ləzzət mənə, tam mənə. Mən ona can verməsəm, can verməz ilham mənə, Orda əlin qabarı, orda alnın təri var.
Söz qalxar qatar-qatar, söz gələr dəstə-dəstə, Hər qatarın ruhunda təzə səs, təzə bəstə. İlahi sovqatında, Allah verən nəfəsdə, Yerlərin ağırlığı, göylərin ləngəri var.
Boylan, başın üstə yüksəkliyə bax, insan, Əllərin çatmasa da, o uzaq səninkidir. Yeridiyin yerləri yerişinlə möhürlə, Ayağın altındakı bu torpaq səninkidir.
Doğan Günəş, yağan qar qismətədi, baxtadı, Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı. Beşiyində ağacdı, tabutunda taxtadı, Bu palıd səninkidir, o qovaq səninkidir.
Bir alın yazısı var hər kəsdə, hər adamda, Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda. İstər sarayda yaşa, istər daxmada, damda, Axırda məzar adlı dar otaq səninkidir.
Çətindir mənimlə birgə yaşamaq , Bəzən gözlərimdə dəyişir aləm . Mənimlə ömür – gün yoldaşı olmaq Bir az da çətindir , Başa düşürəm .
Nə duman çəkilir , başımdan nə çən ,Tufanlı boranlı dağam mən , nəyəm ?! Nə bilim , Dünyada mən öz əlimdən Bəlkə də birinci şikayətçiyəm .
Məndə bir ” mən ” də var …. Məndən bixəbər , Nə eşidər məni , nə sayar məni . Yer var ki o məni hörmətsiz eylər , Yer də var şöhrətə çatdırar məni .
Bir qəmi bir ürək gəzdirə bilər , Yüz ürək qəmi var bu bir sinəmdə . Mən yerdən göylərə baxsam da əgər , Göy ürəyimdədir…. Yer ürəyimdə .
Bir insan olsaydım nə idi dərdim , Yaşardım hər fəsil bir paltar geyib , Evimdə çay içib , Çörək də yeyib Bir insan qəmini çəkə bilərdim .
Sinəmdə xalqların bədbəxt taleyi , Bəzən bir aldanmış qadın gileyi , Bəzən bir torpağın batan çeşməsi , Bəzən bir üzsüzün üzə düşməsi , Könlümün yayını çəkib qırırlar , Səndən diqqətimi yayındırırlar .
Elə ki , tutuldum , gözlə bir qədər , Bir az qayğıkeş ol sən ana kimi . Yağış yağan kimi açılır göylər , Mən də yağmalıyam ….. Yağana kimi .
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, müstəqilliyin bərpası günündə həmin günün ideallarına tamamailə cavab verən bir əsərin müzakirəsini keçiririk. Bu bizim görkəmli şairimiz Zahid Xəlilin “Dəmir yumruq dastanı”dır. Adından da göründüyü kimi “Dəmir yumruq dastanı” Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Qarabağda baş verən hadisələr, nəhayət, ölkəmizin Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağda erməni işğalçıları üzərində tarixi zəfərin qazanılmasına həsr olunub. Bu kitab ideyası və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf etdirilməsinə, bugünkü günün ideallarına tamamilə cavab verir. Zahid Xəlil Azərbaycanda uşaq ədəbiyyatının yaranması və inkişaf etdirilməsində böyük xidmətləri olan şairdir. Zahid Xəlil sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycanda uşaq ədəbiyyatının inkişaf etdirilməsinə böyük töhfələr vermişdir. Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının digər istiqamətləri ilə yanaşı, uşaq ədəbiyyatı sovet dövründə daha az siyasiləşmiş, idealogiyaya daha az yönəlmiş bir ədəbiyyat kimi formalaşmışdır. Uşaq ədəbiyyatı sahəsində on görkəmli şairimizin içərisində Zahid Xəlil də Azərbaycanda uşaq ədəbiyyatını formalaşdıran, inkişaf etdirən, zənginləşdirən, irəli aparan sənətkarlarımızdandır.
Zahid Xəlil əsasən şeir yaradıcılığı ilə məşğul olur, lakin onun uşaqlar üçün yazdığı nağılvari süjetləri əks etdirən nəsr əsərləri də özünəməxsus dilə, üsluba, orijinal bədii keyfiyyətlərə malikdir. Onun tərcümə və uşaq ədəbiyyatının tədqiqi sahəsində də xidmətləri var. Yəni uşaq ədəbiyyatı anlayışını əhatə edən atributların bütün istiqamətində Zahid Xəlilin böyük əməyi, ciddi fəaliyyəti və uğurları vardır. Uşaq ədəbiyyatına həsr edilmiş ömür uşaqlara həsr edilmiş ömürdür. Uşaqlara həsr edilmiş ömür isə ölkənin gələcəyinə həsr edilmiş ömürdür.
“Dəmir yumruq dastanı” Qarabağ savaşında – Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərə həsr olunmuşdur. Dəmir yumruq ümumiləşmiş şəkildə ölkə Prezidenti cənab İlham Əliyevin obrazıdır. Əsər “Dəmir yumruq dastanı” adlandığı üçün dastan poetikasının prinsiplərinə əsasən şeirlə nəsrin növbələşməsindən yaranmışdır. Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin bərpası günü bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin.
Sonra filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Şöhrət Məmmədova “Zahid Xəlilin yaradıcılığı”, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Dəmir yumruq” əsəri vətən müharibəsinin bədii salnaməsi kimi”, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Dəmir yumruq” haqqında dastan – uşaqlara zəfər töhfəsi”, Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə “Dəmir yumruq dastanı”nda folklor motivləri mövzularında məruzə ediblər.
Digər iştirakçılardan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu, professor Rafiq Yusifoğlu çıxış edərək, müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.
“Warner Bros. Pictures” şirkəti ilk dəfə superqəhrəmanı canlandıran Robert Pattinsonun iştirakı ilə “Yarasa adam” filminin treylerini yayımlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, şirkət treyleri öz sosial şəbəkələrdəki hesablarında yerləşdirib.
Treylerdə yarasa adamdan başqa, Selina Kaylı (pişik adam), pinqvin və tapmaca deyən obrazlarını da görmək olar.
Mett Rivzin rejissorluğu ilə çəkilən “Yarasa adam”da, həmçinin Zoy Kravits, Pol Dano, Kolin Farrell, Ceffri Rayt, Con Turturro, Endi Serkis və başqaları rol alıb.
Noyabrın 6-da Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə təşkil olunacaq.
Xətai Sənət Mərkəzində açılacaq sərgidə 100 əsər nümayiş ediləcək. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif olunacaqlar.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcəkdir. Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcəkdir.
Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müstəqilliyimizin bərpası ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə oktyabrın 20-dən 23-dək bu ölkənin Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihəyə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə bu vilayətlərin rəhbərlikləri dəstək göstərir.
İlk olaraq Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nukus şəhərindəki Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında rəsmi açılış mərasimi keçiriləcək, Azərbaycan sənətçilərinin iştirakı ilə bədii proqram təqdim olunacaq. Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı da nəzərdə tutulub.
Tədbir çərçivəsində Nukus Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, Azərbaycan milli geyimlərinin təqdimatı, kitab sərgisi, yeni Azərbaycan filmlərinin nümayişi olacaq.
Özbəkistanın Xarəzm vilayətinin Xivə və Urgənc şəhərlərində də Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.
Urgənc Dövlət Musiqi və Dram Teatrında Azərbaycan – Özbəkistan Dostluq Konserti təşkil olunacaq, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın, saz ustalarının, Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.
Urgənc Dövlət Universitetində “Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələr: perspektivlər” mövzusunda konfrans, AMM-nin layihəsi ilə Özbəkistanda Azərbaycana dair özbək dilində nəşr olunan kitabların sərgisi təşkil olunacaq.
Tədbirlər çərçivəsində Nukus və Xivə şəhərlərində Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığına həsr edilən “Oltin koprik: Qızıl körpü” adlı sənədli film və “Dostluğun mədhi” musiqi klipinin nümayişi baş tutacaq.
Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunacaq.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevanın iştirakı nəzərdə tutulub.
Tədbirlərdə Qənirə Paşayevanın Özbəkistana səfərlərini əks etdirən “Addım -addım Özbəkistan” kitabının təqdimatı keçiriləcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Caz Dərnəyinin təşkilatçılığı ilə Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın builki mövzusu “Cazda davamlılıq”dır.
Yerli sənətçilərlə yanaşı 4 ölkədən olan musiqiçilərin də qatıldığı festivalın açılış mərasimi Hərbi Hava Qüvvələri Komandanlığının Qartal Caz Orkestrinin konsert proqramı ilə gerçəkləşib. Konsertdən əvvəl Türkiyə Caz Dərnəyinin 25-ci il xüsusi mükafatı məşhur caz sənətçisi Tuna Ötenelə təqdim olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rolları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikov ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Oktyabrın 22-də Ankaranın Konqres və Sərgi Mərkəzində “Bir millət –iki dövlət” adlı vizual tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu təqdimat tamaşaçılara unudulmaz anlar yaşadacaq. Beş il sürən məşq sayəsində ərsəyə gələn ikihissəli (hərəsi 45 dəqiqə) layihə 12 fərqli səhnə performansını əhatə edəcək.
Bu barədə layihənin Azərbaycandan olan iştirakçısı Turxan Nəcəfxanlı məlumat verib. O bildirib ki, layihənin rəhbəri Serhat Turak məşhur “Anadolu atəşi” qrupunun rəqqası kimi illərdir bütün dünyanı dolaşaraq türklüyü, türk mədəniyyətini təbliğ edir. Bu gün isə uzun müddətdir üzərində çalışdığı və xəyalını qurduğu layihəni gerçəkləşdirir.
Qeyd olunub ki, rəqs şousu Türkiyə və Azərbaycanın keçmişdən bu günə ən önəmli hadisələrini, Nizami Gəncəvi, Mövlanə, Mehmet Akif Ərsoy, Əhməd Cavad və s. görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirəcək. Müzikldə hadisələr Dədə Qorqudun dili ilə nəql olunur.
Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da təqdim edilməsi nəzərdə tutulur.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.
Nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur.
721 səhifədən ibarət kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, bir-birinə bənzəyən şəxsi keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.
Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.
Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri facilər, vəhşiliklər haqqında müfəssəl məlumat verilib.
Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır.
“Təki Vətən sağ olsun!” – deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını bütün əsər boyu diqqət mərkəzində saxlayan müəllifin gənc nəslin “Torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolu oxucuya təqdim olunub.
“Ölümü ömür seçənlər” kitabı hər bir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.
AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub.
Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.
Dəyərli toplama əsəri olan “Dalğına tor quran dünya” Zaqatala aşıq mühitinin tanınmış simalarından olan Cahangir Dalğının yaradıcılığının əvəzsiz nümunələrini özündə əks etdirir.
Bəhmənli kəndi Zaqatala aşıq mühitində özünəməxsus yer tutur. Belə ki, adıçəkilən aşıq mühitinin önəmli simaları – Aşıq Məhəmməd, Aşıq Cuma, Aşıq Mədət, Aşıq Səaddəddin Bəhmənli kəndində anadan olub, yaşayıb-yaradıblar.
Dosent Zümrüd Mənsimovanın kitabın “Ön söz”ündə vurğuladığı kimi, klassik xalq dastanlarımızı dərindən bilən aşıq Cahangir şeirlərini “Şəms”, “Dalğın”, “Coşğun”, “Qəmgin”, “Tənhalı”, “Cahangir” kimi təxəllüslərlə “Zaqatala” və “Şəlalə” qəzetlərində dərc etdirib.
Kitabda aşığın gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, divaniləri, müxəmməsləri, həmçinin müxtəlif yarımçıq şeirləri toplanıb.
Əsrarəngiz vətən təbiətinin təsviri aşıq Dalğın yaradıcılığını daha da zənginləşdirib, ona füsunkar çalarlar bəxş edib. Aşıq təbiət gözəlliklərini insan ruhu ilə sıx əlaqədə tərənnüm edir.
Z.Mənsimovanın fikrincə, Cahangir Dalğının təcnisləri ideya, bədii təsvir vasitələrinin, eləcə də məcazlar sisteminin zənginliyi ilə xüsusi diqqət çəkir.
Qeyd edək ki, aşıq Cahangir Dalğının həyat yolu, acı taleyi, yaradıcılığının bəzi qiymətli inciləri daha əvvəl dosent Z.Mənsimovanın “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri”, həmçinin “Zaqatala aşıq mühiti” monoqrafiyalarında da yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub. Vəsait Ədəbiyyat İnstitutunun Elmi şurasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə işıq üzü görüb.
“Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsləhətçisi Xalq yazıçısı Anar, redaktoru filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır. Redaksiya Heyətinə Anar, akademik İsa Həbibbəyli, Qənirə Paşayeva, Elxan Zal, Səlim Babullaoğlu, Vaqif Əlixanlı, Bəsirə Əzizəliyeva, Xəyal Rza, İbrahim İlyaslı, Əkbər Qoşalı, Əfqan Nəsirli daxildir.
Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun “İRS” seriyası çərçivəsində çap olunub. Seriyanın rəhbəri, tərcümə edəni və şərhlərin müəllifi Elxan Zal Qaraxanlıdır.
Kitabda Pakistan şairi Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsi yer alıb. Həmin şeirlər əsasən müəllifin “Karvan zınqırovunun səsi” və “Şərqin ismarıcı” kitablarından seçmələrdir. Həmçinin şairin “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” nəsri tərcümə edilərək kitaba daxil edilib.
Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi münasibətilə Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Cari ildə respublikamızda müxtəlif tədbirlər, layihələr həyata keçirilib, yeni nəşrlər işıq üzü görüb. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də “Nizami ili” çərçivəsində tədbirlər keçirilib və ilin sonuna qədər daha bir neçə layihələr reallaşdırılacaq. Bu əlamətdar hadisə münasibətilə muzey əməkdaşlarının müxtəlif əsərləri – məqalə və kitabları da çapdan çıxıb.
Növbəti belə bir əsər isə muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” adlı monoqrafiyasıdır. Müəllif əsərini vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edib. Muzeyin Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur. Akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova monoqrafiyaya rəy veriblər.
Monoqrafiya giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Vəsaitdə Nizami əsərlərində akustik obrazlar, yəni poetik mətndə insan və təbiətlə əlaqədar səs və ahəng ifadə edən səs məfhumlu sözlər, onların yaratdığı obrazlar leksik-semantik və üslubi cəhətdən araşdırılıb. “Xəmsə” mətninin orijinalının linqvopoetik tədqiqi zamanı səs semantikalı söz təbəqəsinin zəngin bir sistem təşkil etdiyi müəyyən olunur. Nizami əsərlərində səs semantikalı leksika dini-mifik və bədii obrazları, musiqiçilərin adlarından ibarət olan antroponimləri, musiqi alətlərinin adlarını, musiqi terminlərini, zoonimləri, müəyyən əşya adlarını, səs və ahəng bildirən felləri, səstəqlidi sözləri əhatə edir. Qeyd olunan istiqamətdə aparılan tədqiqat şairin məhz orijinalda mövcud olan, tərcümədə öz əksini tapa bilməyən fərdi üslubunun bir sıra özəl məqamlarını üzə çıxarır.
Kitabdan farsdilli klassik ədəbiyyat, linqvistik üslubiyyat sahəsində hazırlanan proqram və dərs vəsaitlərinin tərtibində istifadə etmək olar.
Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.
Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.
AZƏRTAC xəbər verir ki, teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno-muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 88-ci ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.
Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) “Nizaminin poetikası” mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş və respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.
Akademik Nərgiz Paşayeva yazır: “…Mənim atam Bertelsi şəxsən tanıyırdı. Babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evində qonaq etmişdi”.
Böyük alimin böyük oğlu Akademik Arif Paşayev də evlərində, süfrə ətrafındakı həmin görüşü (1947-ci ildə Arif müəllimin on üç yaşı var idi – H.N.) belə xatırlayır: “…Nurani bir insan idi. Balaca saqqalı var idi, o da ona yaraşırdı”.
Bu zaman artıq görkəmli alim Sufizm və sufi ədəbiyyatı tarixi, eləcə də fars, tacik xalqları ədəbiyyatı sahəsində elmi tədqiqatların müəllifi kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sevgisini təkcə alimin maraq dairəsinin deyil, həm də dostlarına, həmkarlarına yazdığı məktublardan da görür və indi onun xatirəsinə hörmət hissilə oxuyuruq.
1943-cü illərdə Özbəkistanda yaşadığı vaxtlarda, akademik Heydər Hüseynova yazdığı məktublarda Nizami Gəncəvinin əsərlərilə yanaşı, otuz beş yaşlı yazıçı Mir Cəlalın da “Füzulinin sənətkarlığı” monoqrafiyasını göndərməsini xahiş edirdi.
Mir Cəlal hələ 1940-cı ildə “Füzulinin poetikası” mövzusunda dissertasiya müdafiə etmiş və onu sonralar ayrıca kitab halında buraxdırmışdı.
Yeri gəlmişkən deyim ki, uzunmüddətli elmi axtarışların yekunu olan bu əsər, o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi qarşılanıb və ədəbi hadisə kimi qiymətlənibdi.
Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün hər dəfə bu mənəvi proqresə “qayıdışın” özü də yeni elmi axtarışlara səbəb olur. Azərbaycan intibahından söhbət gedir.
Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının məhsulu olan “Nizami və Füzuli” adlı ensiklopedik əsəri də yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.
Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyi əlamətdar günlərdə bu dostluq və elmi-ədəbi yaradıcılıq əlaqələri daha dərin köklərə gedib çıxır, daha geniş məna kəsb etmiş olur.
Yaradıcılıqda zaman-zaman milli məfkurəni, xalq ruhunu ana xəttə çevirən isimlər olub və belə isimlər bu gün də var. Bəlkə bu da sözün taleyidir ki, ondan Vətən də, irs də, sərhəd də keçir. Elə müsahibimiz də məhz o ilahi missiyalı imzalardan olan, Prezident təqaüdçüsü, araşdırmaçı, jurnalist və şair-publisist Namiq Hacıheydərlidir.
– Öncə uşaqlıq illərinizdən başlayaq. O illəri necə xatırlayırsız?
– Yaxşı olan, xoş olan çox az şey yadıma gəlir. Nədən ki, çətin və ağır uşaqlıq illəri yaşamışam. Uşaqlıq illərim 20-ci yüzilliyin 80-ci illərinə düşüb. O illəri düşünəndə sovet nostalgiyası ilə yaşayanları anlaya bilmirəm. Yaz fəslində, doğulduğum bölgədə kəndin qız-gəlinini “Sovxoz”un pambıq tarlalarına pambığı alaqlardan təmizləməyə çıxarardılar. Ailələr arasında bölgü aparardılar. Yəni pambıq əkilib-becərilməsi üçün ailələr arasında bölünərdi. Alağın təmizlənməsinin ardınca pambıq şitillərinin seyrədilməsi işi başlardı. Sentyabr ayına qədər kəndin yüzlərlə sakini pambıq tarlalarında çalışardı. Burada briqadalar şəklində çalışan işçiləri briqadirlər idarə edərdi. Qızmar yay günlərində işçilərə cəmi 2 saat – günorta saat 12-dən saat 14-ə qədər fasilə verilərdi. Sentyabrda pambıq yığımı başlardı. Pambığın 1 kiloqramını 5 qəpikdən yığdırardılar. Oktyabrda yığım qiyməti 10-15 qəpiyə olardı. Biz 4-cü sinfi bitirib, yenicə 5-ci sinfə keçdiyimiz vaxt, yəni 10-11 yaşımızda pambıq yığımına cəlb olunurduq. 40, bəzən 45 dərəcə istidə kilosu 5 qəpiyə pambıq yığırdıq. Bu proses o qədər çətin və əzablı olurdu ki, bəzən bir neçə uşaqla sözləşib, cəza müəssisəsindən qaçırmış kimi pambıq yığımından qaçırdıq. Həm də sabah buna görə bizə cəza veriləcəyini bilə-bilə. Pambıq yığımı zamanı kəndin giriş-çıxışında bir milis işçisi dayanardı. Bu aylarda kənddən çıxmaq cinayətmiş kimi, üzrsüz səbəbdən kənddən çıxmaq istəyənləri geri qaytarırdı. Bu aylarda toy etmək üçün qurd ürəyi yeməli idin. Bir dəfə bu aylarda toy etdiyi üçün bir kolxoz sədri toy karvanını saxlayıb, yol kənarındakı pambıq tarlasından bəylə gəlinə pambıq yığdırmışdı ki, bu, başqalarına da dərs olsun… Sonralar xalq hərəkatı, soydaşlarımızın əzəli torpaqlarından deportasiyası, qiymətlərin durmadan artması və 20 yanvar faciəsi də uşaqlıq illərimizə düşdü. Mənə elə gəlir ki, 20 yanvar faciəsi ilə bizim uşaqlıq dövrümüz də bitdi.
– Və gənclik illəri başladı…
– Əyər həmin illərə doğrudan da gənclik illəri demək olarsa… Doğrusu, gənclik illərimiz də ürəkaçan olmadı. Hərdən mənə elə gəlir ki, heç gənc olmamışam. Elə uşaqlıqdan birbaşa orta yaş dönəminə adlamışam. 20 yanvar faciəsinin ardınca Qarabağ hadisələri, hər gün gələn şəhid xəbəri, torpaq itkisi, siyasi qarşıdurmalar, tez-tez baş verən hakimiyyət dəyişikliyi, sosial durumun günü-gündən ağırlaşması, saatlarla çörək növbəsi və digər bu kimi acı xatirələr yaddaşımda silinməz iz buraxıb. Belə bir ağır zamanda – 1992-ci ildə orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Hamı problemlərin məngənəsində əzilirdi. Qardaşım 1991-ci ilin sonunda Rusiyadan hərbi xidmətdən geri döndü, 1992-ci ilin yazında Qarabağa – ərazi bütünlüyü uğrunda gedən döyüşlərə yollandı. Hər gün cəbhədən acı xəbərlər gəlirdi. Yaşam şərtləri günü-gündən ağırlaşırdı. Durum o qədər ağır idi ki, oxumaq arxa plana keçmişdi. Millət ölüm-qalım savaşında idi. Orta məktəbi belə bir ağır dönəmdə bitirdim. İndi uşaqlar repetitor yanına gedir, onlara hər cür şərait yaradılır ki, oxusunlar. Amma o dönəmdə elə deyildi. Mən ali məktəbə sənəd vermək istəyəndə valideynlərim bu istəyimə qarşı çıxdılar. Əlbəttə, onları da başa düşürdüm. Onsuz da gündəlik ruzini güc-bəla qazanırdıq. Şərtlər diqtə edirdi ki, oxumayım, onsuz da çətinliklə dolanan ailəyə kömək edim. Amma oxumaq fikrimdə israrlı olduğum üçün sənədlərimi aidiyyatı quruma verdim. Allah rəhmət eləsin Vurğun Əyyuba və can sağlığı versin dəyərli alim Firudin Ağasıoğluna, nə yaxşı ki, onlar test üsulunu Azərbaycana gətirdilər. Süründürməçilik olmadı. Çox böyük çətinliklər, ciddi maddi sıxıntılar olsa da universiteti oxuyub bitirdim.
– Bəs gələcəkdə bu gününüz haqqında danışanda ürək dolusu xoş günlərinizdən danışa biləcəksizmi?
– Şəxsi həyatımla bağlı, güman ki, yox. Ümumiyyətlə bu illər ərzində ilk dəfədir ki, çətinliklərimi, çəkdiyim əzabları, yaşantılarımı dilə gətirirəm. Həmişə dərdimi başqalarından gizlətmişəm. Yəni düşünmüşəm ki, əynimdəki köynək mənim olduğu kimi acılarım, əzablarım, dərdlərim də mənimdi. Onu başqalarına yükləmək kimi bir haqqım yoxdu. Həmişə dərdimi, sıxıntılarımı, ehtiyaclarımı gizlətib, sevincimi bölüşmüşəm ətrafımla. Olub ki, yaxınlarımdan kimləsə görüşəndə mənə dərdini danışıb, gileylənib, problemlərdən boğaza yığıldığını deyib. Diqqətlə dinləyəndən sonra Aqil Abbas demişkən, “ver dərdini kef edim”- demək istəmişəm, amma ürəyini qırmamışam, təsəlli vermişəm, ümidli, inamlı olmasına çalışmışam. Ətrafımdakı insanların çoxu məni qayğısı, sıxıntısı, dərdi olmayan və normal yaşamaq üçün hər şeylə təmin olunmuş biri kimi tanıyıb. Bu səbəbdən bəzən, hətta uzaqdan tanıdığım, Facebookdan tanıdığım bəzi adamlar zəng edib, görüşmək istədiyini bildirir. Görüşüncə də maddi dəstəyə ehtiyacı olduğunu bildirirlər. Belə görüşlər işsiz qaldığım, çox ciddi sıxıntılar içində olduğum dönəmlərdə də olub. Onların çoxunun maddi durumunun, yaşam səviyyəsinin mənimkindən üstün olduğuna əminəm. Amma bunu onlara deyə bilmirəm. Üstəlik kömək edə bilmədiyimə görə əzab çəkirəm. Rəhmətlik Xudu Məmmədovun gözəl bir sözü var:
Özüm dərdli ikən dərman gəzirəm,
Dərdi mənimkindən az olanlara.
Arada xeyli müddət işsiz qaldım. Ayrı-ayrı saytlar üçün qonorar qarşılığında yazılar yazdım, başqalarının yazılarını və kitablarını redaktə etdim. Həmin ərəfədə FB dostlarımdan biri mənə yazdı ki, “Sizi başa düşmürəm, hər şeyiniz, eviniz, imkanınız var, niyə özünüzə əziyyət verib qonorar üçün yazılar yazırsız”? Necə deyərlər, içim özümü yandırdı, çölüm özgəni. İlk dəfə sizə açıqlayıram, hələ də yaxın dostlarımın belə çoxu bilmir ki, mən 5 nəfərlik ailə üzvümlə birgə Qaraçuxurda ailə yataqxanasında yaşayıram. Bunu məni tanıyanların çoxu bilmir. Nədən ki, heç vaxt heç yerdə bu barədə danışmamışam, gileylənməmişəm, şikayət etməmişəm. Şikayət etmək mənim təbiətimə yaddır. Ancaq rəhmətlik İlhamə Quliyeva demişkən, “Daş deyil, ürəkdi bu”, hərdən yorulduğum, usandığım anlar da olur. Bu, bəlkə də yaş dövrü ilə bağlıdır, artıq, 46 yaşım var. İndi mən istəsəm də 26 və ya 36 yaşımda olduğu qədər enerjili, dözümlü və döyüşkən ola bilmərəm.
– 25 ildən artıqdır, yaradıcılıqla məşğulsuz. 12 kitabınız, Azərbaycanda və Azərbaycandan kənarda 200-ə qədər araşdırma və publisistik məqalələriniz yayımlanıb. Uğurlu yaradıcılığa görə ayrı-ayrı nüfuzlu qurumların “Diplom” və “Fəxri Fərman”larını almısız. Dəfələrlə ölkəmizi xaricdə təmsil etmisiz və s. Niyə dövlətin rəhbərliyinə müraciət etmirsiz, ən azından siz də başqaları kimi ev istəmirsiz?
-Bəlkə də bu, mənim yanlışımdı. İstəmək anadolular demişkən, yapımda yoxdu. Daha doğrusunu desəm, bacarmıram. General Əliağa Şıxlıniskini sovet hökuməti həbs etmişdi. Məhkəmədə ona: “özünüzü müdafiə üçün nə deyə bilərsiz”? – deyə sual verirlər. General: “Mən ömrüm boyu yalnız vətənimin və dövlətin müdafiəsi haqqında düşünmüşəm. Heç vaxt öz müdafiəm haqqında heç nə düşünməmişəm. Bu səbəbdən indi öz müdafiəm haqqında heç nə deyə bilmərəm”- deyir. Mən hərbçi deyiləm. Ancaq yazıçı üçün yazı masası da bir səngərdir. Masa arxasında özünü və ailəni gözardı edib, vətənin və dövlətin gələcəyini düşünərək də yaza bilərsən, şəxsi karyeranın yüksəlişini düşünərək də. Pafoslu səslənə bilər, amma həqiqətdir ki, bu illər ərzində özümü gözardı edib, dövlətimi düşünənlərdən oldum hər zaman. Yetər ki, dövlətim var olsun, millətimin Hadi demişkən, millətlər içində imzası olsun- düşüncəsində oldum hər zaman. Ola bilsin, bu səbəbdəndir ki, mənimlə eyni dönəmdə ədəbiyyata gələnlər ora-bura ağız açmaqla, xahiş etdirməklə özlərinə bir çox şəraiti qurdular, evlə, torpaqla və bəziləri yaxşı işlə təmin olundular, məişət problemlərini həll etdilər. Hesab edirəm ki, dövlət nəinki, hər bir yaradıcı adamı, hər bir vətəndaşını görməlidi, qayğısını, ehtiyacını, ağrı-acısını bilməlidi. Ayrı-ayrı fərdlərin problemləri artdıqca, bu, sonda kütləviləşir və sosial aqressiyaya çevrilir. Dövlətin gücü vətəndaşın gücü və rifahı ilə ölçülür. Mən vətəndaş olaraq gücləndikcə dövlətim də güclənir. Evlə və normal yaşam şərtləri ilə təmin olunmaq hər bir yaradıcı insanın, eləcə də hər bir vətəndaşın təməl haqqıdır. Bu gün bu ölkədə 46 yaşlı qələm adamının normal bir evi yoxdusa, bu, öncə dövləti yönətən güclərin suçudur.
– Heç nə zamansa yaşam durumunuza görə sıxılırsızmı, utanc hissi keçirirsizmi?
– Əlbəttə. Evimdə 3 övlad – dövlətim və millətim üçün dövlətinə, bayrağına və yurduna son dərəcə sayğılı olan 3 vətəndaş yetişdirirəm. Onların istək və arzularını yetərincə gerçəkləşdirə bilmədiyimə və layiq olduqları normal həyatı verə bilmədiyimə görə bəzən dövlətim və hökumətim adına utanc hissi keçirirəm.
– Bir az da yaradıcılıqdan danışaq. Yaradıcılıq işləri nə yerdədi?
– Son zamanlar az yazıram. Mətbuatda çalışan dostlarım, zəng edib, niyə son zamanlar mətbuatda görünmürsən, yazı göndər, yayımlayım – deyəndə, zarafatla “yaradıcılığa fasilə vermişəm, istedadımı dəmə qoymuşam” – deyirəm. Əslində isə məişət qayğıları son zamanlar məni çox məşğul edir, bütün vaxtımı alır. Hər üç uşaq təhsil alır, onların oxuması və digər təminatı üçün özümü yaddan çıxarmışam. Sanki bilərəkdən bizi yurdun aydın sabahları uğrunda vuruşma meydanından məişət küncünə sıxışdırıblar.
– Belə demək mümkünsə, ədəbiyyatla sizin aranızda bir ilahi məsafə yaranıb. Onu boşluq da adlandırmaq olar. O məsafənin yaranma səbəbini ilahi keçiddə, təbiət prosesində görürsüz, yoxsa tam olaraq, mühit və şəraitdə. Bu, bəlkə də genetik kodun diktəsi ola bilərmi?
– Maraqlı və yaradıcı sualdı. Lakin bu suala daha öncəki cavablarımda qismən də olsa açıqlama gətirmişəm. Ədəbi yaradıcılıq şəxsi istəklərdən qaynaqlanan məsələ deyil. İlahidən süzülmürsə, içindən gəlmirsə və mövzu səni rahatsız etmirsə, ortada yaradıcılıq da olmayacaq. Əslində sizin dediyiniz məsafə elə sadaladığınız bütün səbəblərdən ola bilir. Burada mühit və şərait daha çox rol oynayır məncə. Ədəbiyyat tarixinə nəzər salsanız, görəcəksiniz ki, böyük ədəbiyyat hər zaman saraylarda və onun ətrafında yaranıb. İqtisadiyyatın aşağı səviyyədə olduğu bir yerdə yüksək mədəniyyətin ortaya çıxması mümkünsüzdür. Bir dövlətin mədəniyyətinin, ədəbiyyatının yüksəlişi onun iqtisadiyyatından keçir. Mən bununla ölkəmizin iqtisadi durumunun yaxşı olmadığını demək fikrindən uzağam. Sadəcə olaraq, o iqtisadi yüksəliş yazarın həyatında da özünü göstərməlidir ki, bu da sonucda ədəbiyyatımızın və mədəniyyətimizin yüksəlişinə təminatçı olacaq.
Genetik kodun diktəsi isə başqa şey deyir. Toparlanmağı və mütləq yazmalı olduqlarımı yazmağa hazırlaşmağı diqtə edir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, araşdırma yazılarımda daha çox o mövzulardan yazmışam və yazmağa çalışıram ki, həmin mövzular ya indiyə qədər işlənməyib, ya da çox az araşdırılıb. Hazırda Ağ Hunlar mövzusu üzərində düşünürəm. 5-ci yüzilliyin başlanğıcında Xəzər dənizinin gündoğarında qurulan Ağ Hun dövlətinin rəsmi dili türk dili idi. İndi İran adlanan ərazi və ətrafı bu dövlətin nüfuz dairəsinə daxil idi. Hətta, Ağ Hun dövləti o qədər güclü idi ki, Sasani imperiyası yolundan sapanda bu imperiyanın başçısını dəyişib, yenisi ilə əvəz edə bilirdi. Sizin ifadənizlə desəm, ötəri olaraq ədəbiyyatla aramda yaranan “ilahi məsafə” sonlanınca Ağ Hun dövləti haqqında yazacam. Bu, bir araşdırma yazısı da ola bilər, roman da.
– Əvvəlki yaradıcılıq dinamikasına qayıdışınız hansı yoldan keçir?
Toparlanmaqdan keçir. Bəlkə də bu söhbətləşmə həmin keçidin başlanğıcı olacaq.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Xuraman HÜSEYN, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınPoeziya şöbəsinin Redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb tədricən rəngini dəyişən rəngbərəng yarpaqlardan, çisələyən yağmurdan zövq almasından gözəl nə ola bilər ki? Gözəlliyi görmək, ondan zövq almaq gərəkdir.
Böyük Hüseyn Cavid “Mənim Tanrım” şeirində deyirdi:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir cəllad olsa da,
Sevgi xoşdur sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Gözəllik bir insan zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hankı bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Cəfər Cabbarlının da eyniadlı şeiri gözəllik anlayışının nə demək olduğunu göstərir:
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir Tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazi sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni Tanrım, sevindir!..
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!
Ürəkləri fəth edən gözəl – Afrodita
Göz qamaşdıran gözəlliyə sahib olan Afrodita gözəllik ilahəsidir. Əfsanəyə görə, Afrodita dalğaların köpüyündən yaranıb. Bir bahar sabahı, Kipr adası sahillərində sakit dalğalanan dəniz birdən-birə ağ köpüklü dalğa ilə hərəkətə gəlir, bu dalğa ilə birlikdə bir sədəf qabığı sahilə çırpılır. Sədəfin qapağı açıldığı zaman içindən gözəllər gözəli Afrodita çıxır. Onun yanında eşq Tanrısı olan oğlu Eros da vardı. Afrodita qumsalda yeridikcə ayaqlarının dəydiyi yerlərdə al-əlvan, gözəl qoxulu çiçəklər açırdı…
Zaman tanrıları olan heralar onları qarşıladılar və əvvəl Afroditanı yaxşıca yuyub vücudundakı duzlu dəniz suyunu təmizlədilər. Uzun saçlarını hörüb başını qızıl bir tacla bəzədilər, əyninə tüldən bəzəkli paltarlar geyindirib, boynuna göz qamaşdıran boyunbağı taxdılar. Daha sonra onu və oğlunu götürüb Olimp dağına qaldırdılar. Olimp dağındakı tanrılar bu gözəli görüncə heyranlıqlarını gizlədə bilmədilər.
O gündən sonra Afrodita gözəllik və eşq ilahəsi olaraq Olimpdə digər tanrılarla birlikdə yaşamağa başladı.
Afrodita gözəlliyi ilə sadəcə tanrıların deyil, insanların da ürəyini fəth etmişdi. İnsanların qəlbinə sevgi və eşq toxumları səpir, onlara nəşə və sevinc bəxş edirdi. Digər tərəfdən, çox vaxt bu nəşə və sevinc eşq acısına da dönə bilirdi. Gözəllik ilahəsi gücünü sadəcə insanlar və tanrılar üzərində göstərməzdi. Onun sözü bütün təbiətə keçirdi. Bir baxışıyla quduz dalğaları sakitləşdirir, nəfəsi ilə dəli kimi əsən küləkləri susdururdu. O, yer üzündə hər şeyi dirildir, ona həyat verirdi. Qurumuş çiçəkləri təkrar canlandırır, dünyanı bəzəyir, gözəlləşdirirdi.
Dünya estetiklərinin əksəriyyəti deyir ki, gözəllik estetikanın ən ümumi və universal kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, insanın həyatında əvəzsiz rol oynayır, təbiət və cəmiyyət hadisələrini, incəsənət, əmək, ictimai münasibətlər və digər sahələri əhatə edir. O, insanlara müsbət enerji, pozitivlik, sevinc bəxş edir, fərəh gətirir, həzz, yaşamaq üçün stimul verir, onlarda həyat eşqi yaradır. Elə bu səbəbdən bütün dövrlərin dahiləri heç vaxt gözəlliyə biganə qalmayıb. Gözəllikdən ilham alan dahi şəxsiyyətlər onu təbliğ edib və onun şərəfinə təriflər söyləyiblər. Ümumiyyətlə, şair və yazıçılar həmişə gözəlliyi yaradıcılıqları üçün prioritet mövzu hesab ediblər və etməkdədirlər. Gözəlliyi sabit, metafizik bir ideya kimi qiymətləndirən Yunanıstanın idealist filosofu Platonun sözlərinə qüvvət üçün deyək ki, dünya var olandan yüksək qiymətləndirilən gözəllik bundan sonra da – əbədi olaraq göz oxşayacaq… Platon gözəlliyin mənbəyini fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görürdü. O, hesab edirdi ki, gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə, görünə bilməz.
Gözəlliyi görmək
Yazıçı Ejen İonesko müsahibələrinin birində gözəlliyi görməkdən danışır: “Pessimist bir dostum bizə qonaq gəlmişdi. O vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım. Ondan bir az əvvəl qızım dünyaya gəlmişdi. Evimiz darısqal idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Dostum gəldi və həyatın dəhşətlərindən, dünyanın rəzillik və miskinliklə, bitib-tükənməyən qəmlə, kədərlə dolu olmasından, evimizin darıxdırıcılığından və narahatlığından danışdı. Ona dedim: “Məncə, bura çox gözəldir, otağın ortasından asılmış əskilər belə göz oxşayır.” Dostum təəccüb və nifrətlə üzümə baxdı. Mənsə sözümə davam etdim: “Bəli, gözəldir. Baxmağı bacarsan görərsən ki, dünya başdan-başa möcüzədir, ilahi bir təntənədir.” O an doğrudan da mənə elə gəlirdi ki, zivədən asılmış paltarlar işıq saçır. Sanki dünyaya rəssam gözüylə baxmış və ən dəyərsiz əşyanın belə işıq saçdığını görmüşdüm. “Məsələn, üzbəüz binadakı üçkünc pərdəli, yöndəmsiz evi götürək. O evə məhəbbətlə və ya neqativ fikirləri beynindən çıxararaq baxsan, görərsən ki, necə şəfəq saçır. “Hər kəsin həyatında belə anlar olur. Məişət – əsl həyatın əsrarəngiz gözəlliyini öz arxasında gizlədən bomboz örtüyə bənzəyir. Gündəlik qayğı və vərdişlərin üzündən insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrətlənmək hissi yoxa çıxıb, yaddaşı korşalıb.”
Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi ki, hər şeydə bir gözəllik var. Lakin bunu hamı görmür. Dostoyevski gözəlliyin insanlıq üçün nə qədər önəmli olduğunu, vacib rol oynadığını göstərirdi: “Bilirsinizmi , siz bilirsinizmi ki, bəşəriyyət ingilissiz də yaşaya bilər, almansız da yaşaya bilər, russuz lap yaxşı yaşayar, elmsiz, çörəksiz yaşayar. Yalnız gözəlliksiz yaşaya bilməz, çünki onda həyatda heç nə etməyə lüzum qalmaz! Bütün sirr bundadır!”
İtin dişləri
Azərbaycanın böyük şairi Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə İsa peyğəmbərlə bağlı hekayədə müdrik bir insan surəti yaradır. Bazarın başında bir dəstə adam bir it cəmdəyini qarğa-quzğun kimi dövrəyə alıb onun üfunətindən, xəstəlik mənbəyi olmasından danışır, üzlərini turşudur, ağızlarını büzürlər. Növbə İsa peyğəmbərə çatanda o söyləyir ki, heç inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər cəmdəyin başına yığışan hər kəsi heyran edir, onlar pərt halda başlarını aşağı salıb gedir, düşündüklərinə, danışdıqlarına görə xəcalət çəkirlər.
“Dünyanı gözəllik xilas edəcək”
Böyük rus yazıçısı Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” sözlərini bilməyən yoxdur. Müasir dövrün yeniliklərindən olan estetik müdaxilə gözəllik naminə atılmış uğurlu addım olsa da, bunu qəbul etməyənlər də var. Həkim qarşısına keçən, əməliyyat masasına əyləşən insan bunun nə qədər ağrılı, çətin olmasını bilsə də, gözəllik naminə bu əzaba qatlaşır. Sublimasiya baş verir və insan arzusuna çatır. Əvvəlki dövrlərdən fərqli olaraq müasir insan qocalmaqdan, yaşa dolmaqdan qorxmur. Bilir ki, bunun çarəsi var. Əlbəttə, bütün bunlar gözəllik, göz oxşamaq üçündür.
Özünü sevən entuziastlar eyni zamanda ətrafdakılar üçün də müsbət enerji mənbəyi olur. Gözlər gözəllik görür, həmin gözəlliyə heyranlıqla baxır. Daxili gözəlliyə önəm verənlərin yalnız çirkinlər olduğunu düşünənlər də var. Əsla belə deyil. İslam dünyasında peripatetik fəlsəfənin inkişafında böyük xidmətlər göstərmiş filosof Əbu Turxan deyirdi: “Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur”.
İncəsənət üçün dərin və mistik mövzuların qaynağı olan payız fəslidir. “Son bahar – təbiətin kədərli, hüznlü ayı” deyib keçməyək. Bu gözəllikləri doyunca seyr edək. Hərçənd doymayacağıq, amma yenə də gözəllikdən zövq almağa çalışaq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oktyabrın 10-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.
Sərginin bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.
Qeyd edək ki, beş gün davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.
Həmçinin sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutub. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirib, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olublar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılan bütün kitablara böyük endirimlər edilib. İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığını, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək.
Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümə böyük həvəslə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, teatr oktyabrın 25-də 33-cü mövsümünün açılış günündə teatrsevərlərə Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək və yeni mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla qarşılayacaq.
Dövlət başçımız hələ ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində – pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir.
İşğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişafı ilə bağlı görülən və görüləcək işlərlə bağlı AZƏRTAC-ın sorğusu Dövlət Turizm Agentliyi (DTA) tərəfindən cavablandırılıb.
DTA-dan bildirilib ki, agentlik işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzində fəaliyyət göstərən 5 alt İşçi Qruplarına üzv təyin edilib. İşğaldan azad edilmiş ərazilərin turizm resurslarının qiymətləndirilməsi, turizm nümayiş obyektlərinin uçotunun aparılması, turizm potensialdan səmərəli istifadə edilməsi, sağlamlıq, dağ və mədəni turizm resurslarının araşdırılması ilə bağlı “Turizm resurslarının qiymətləndirilməsi” adlı ilkin metodologiya sənədi hazırlanıb. Agentlik tərəfindən layihə sənədinin genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsi ilə bağlı işlərin aparılması planlaşdırılır: “Qarabağ bölgəsində Füzuli hava limanı dayanıqlı turizmin inkişafı baxımından önəmli layihə hesab edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcəkdir. Bununla yanaşı, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınması nəzərdə tutulmuşdur. Bölgəyə turistlərin əlçatanlığının təmin edilməsi üçün dəmir yol xətlərinin bərpası mühüm hesab edilir və bununla bağlı ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yol xəttinin bərpası üzrə işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı turizmin və turizm klasterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında Qarabağ Turizm Strategiya layihə sənədi hazırlanıb”.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərin geniş turizm potensialını nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən “Yolumuz Qarabağa” konseptual turizm marşrutlarının layihələri təqdim edilib. Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında “Yolumuz Ağdama” turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən “Şahbulaq Qalası”na dair ilkin memarlıq və turizm inkişaf konsepsiyası hazırlanıb.
“Turizm və rekreasiya zonalarının yaradılması üçün Qarabağ regionunun müxtəlif ərazilərində mühüm turizm potensialı mövcuddur. Şuşanın zəngin təbiət ətrafında yerləşməsi, tarix-mədəni turizm obyektlərinə yaxınlığı, turizm fəaliyyətlərinin mümkünlüyü və əsas magistral yola yaxınlığı baxımından imkanları yüksək qiymətləndirilir. Qarabağ turizm və rekreasiya zonası üçün Kəlbəcərdə İstisu bölgəsinin böyük imkanları mövcuddur. Uzun müddət İstisu bulağından sağlamlıq və kurort məqsəd üçün istifadə edilməsi ərazinin inkişafına zəmin yaradır. Bununla bağlı, Kəlbəcərdə İstisu, Vəng, Zülfüqarlı kimi təbiət ərazilərində rekreasiya imkanları yüksəkdir. Kəlbəcər, Zəngilan, Xocavənd, Qubadlı və Laçın bölgələrində yaradılması planlaşdırılan turizm və rekreasiya zonalarının əraziləri Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilmişdir. Turizm və rekreasiya zonaları ilə yanaşı, Şuşada Xarıbülbül və Qarabağ mehmanxanaları ən son standartlara uyğun formada təmir edilmişdir”, – deyə məlumat verilib.
Həmçinin vurğulanıb ki, qeyd olunanlar ilə yanaşı, Dubayda “ATM 2021” (Arabian Travel Market 2021) və Moskvada “OTDYKH Leisure” turizm sərgilərində Qarabağın turizm potensialı təqdim edilib: “Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq strateji inkişaf, turizmin inkişafı və təşviq olunması, turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulub”.
Oktyabrın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “44 günlük Vətən Müharibəsində Azərbaycan Türkiyə birliyi” adlı onlayn tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı çıxış edən kitabxananın əməkdaşı Ü.Zeynalova tarix boyu Azərbaycan Türkiyə dostluğundan, bu iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat verib və Vətən müharibəsinin 15-ci günü baş vermiş önəmli hadisələrin qısa icmalını dinləyicilərə təqdim edib.
Oktyabrın 11-də “Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.
Heydər Əliyev Mərkəzi təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu qeyd edib. O bildirib ki, 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
Qeyd edək ki, Azərbaycan “Expo 2020 Dubai” beynəlxalq sərgisində “Gələcəyin toxumları” tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.
Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Turizm həftəsi çərçivəsində “Yarım səhradan sıx meşələrə” başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, “Ən aşağı nöqtədən ən yüksəklərə” başlıqlı Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, “Qədim izlər, heyrətamiz mənzərələr” başlıqlı Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, “Müalicəvi təbiət, ilhamverici tarix” başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialı nümayiş etdirən təqdimatlar keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən start götürən sərgi 2022-ci ilin mart ayının 31-dək davam edəcək.
Tanınmış şair publisist, Qubadlı rayonunun ” Bərgüşad” ictimai-siyasi qəzetinin baş redaktoru, “Sözün sehri” qəzetinin təsisçisi, Süleyman Rəhimov adına ədəbi-ictimai birliyinin təsisçisi və sədr, “Müqəddəs qələm” və “Qızıl kitab” media mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu dünən “Qafqaz-Mediya” İctimai birliyi tərəfindən təşkil edilən “Vicdanlı qələm” layihəsinin qaliblərindən biri kimi “Vicdanlı qələm!” medalına layiq görülmüşdür.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir çox nüfuzlu nəşriyyat təmsil olunur. Belə yarmarkalar oxucu, naşir, yazar münasibətlərinin stabilləşməsi, möhkəmlənməsinə xidmət edir.” Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, “Metakədər” kitabı ilə sevilən Nərgiz İsmayılova söyləyib. Tədbirin əhəmiyyətindən danışan N.İsmayılova deyib: “Sərgi-yarmarkada kitabçılığın inkişafına xidmət məqsədilə tədbirlər, yazarlarla görüşlər, imza günləri keçirilir. Endirimli qiymətlərlə ictimaiyyətə təqdim olunan əsərlər mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafına böyük xidmət göstərəcək”.
Şuşa Dövlət Musiqili Dram Teatrı 148–ci mövsümü oktyabrın 9–da uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, həmin gün Altay Məmmədovun “Dəli Domrul” tamaşası da oynanılacaq.
“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.
“Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.
Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilərlər.
Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.
Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.
Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.
İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.
Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.
Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.
Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.Tel: 050 202 88 87
“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, “Eurovision 2022” mahnı müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.
Şoular, biletlər və müsabiqə ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə və aylarda açıqlanacaq.
Qeyd edək ki, 2021-ci ildə 190 milyonadək izləyicinin istər televiziya ekranlarında, istərsə də onlayn formada izlədiyi dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi yarışdı.
“Eurovision” müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub.
İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Bu günlərdə Bakı Dövlət Sirkinin miniatür kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, miniatür kitab Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illik yubileyinə həsr olunub. Kitabda Bakı Dövlət Sirkinin tarixi inkişaf mərhələlərinə aid mövzulara yer verilib. Bundan başqa, miniatür kitabda Azərbaycan sirkinin bir çox korifeyləri haqqında bioqrafik məqalələr də yer alıb. Həmçinin miniatür kitabda Bakı Dövlət Sirkinin 2021-ci ildə həyata keçirdiyi yeni layihələr haqqında da bilgilər işıq üzü görüb.
Qeyd edək ki, kitab Miniatür Kitab Muzeyinə də təqdim ediləcək.