rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Başımız qovğada, qalda,
Yaxamız namərd əlində.
Talanır cümlə varımız,
Yoxumuz namərd əlində.

Boşalan yer zorla dolur,
Düzü-dünya gorla dolu.
Yatağımız qorla dolu,
Yuxumuz namərd əlində.

Yerlər qılınc, göylər qalxan,
Qan ağlayır düşüb – qalxan.
Sinəmizi deşib qalxan,
Ahımız namərd əlində.

Ha bu qədər zəncir gəmir,
Qanqal dəmir, zəncir dəmir.
«Yazı»mızdan yox səs-səmir,
«Oxu»muz namərd əlində.

Sökülür yurdun hasarı,
Qurd oğlu qurdun hasarı.
Tuşlanan yurduma sarı,
Oxumuz namərd əlində.

Gördük qalxıb enənləri,
Gördük ötən dünənləri.
Bada verdik dinənləri,
Çoxumuz namərd əlində.