Dünyanı çiynində daşıyan şair,
Bir könül qırmadı,qəlb dağlamadı.
Özgə ürəklərdə yaşayan şair,
Özünə bir gün də gün ağlamadı!
Abdulla Memmed
Mərhum ürək dostum,şair qardaşım Adil Mirseyidin əziz xatirəsinə
YEDİRMƏ ÜRƏYİ ŞEİRLƏRİNƏ.
Ayağın altında Vətən yanğısı,
Başının üstündə zaman-hörümcək.
Köksünün altında qürbət ağrısı,
Gözünün içində qərib bir istək.
Yığmısan gözünə bəyaz yolları,
Gəzib-aradığın bəşər oğlu yox.
Özündən qabağa qaçan yolların
Üzünə açılan çıxış yolu yox.
Bu qərıb yollarda hər günün qəılb,
Sabahın hər gecə dərdə satılır.
Sözü qəribliyə salana-qərib
Gözündə həsrətdən ocaq çatılır.
Sözünü salsalar ayaq altına,
Tanrı dərgahından əlini üzmə,
Uzadib əlini əcəl atına,
Sözünü arama özündə-gəzmə…
Gizlət gözlərində gül açan qəmi,
Ölümü özünə güldürmə,qardaş.
Kağız üzərində dil açan qəmi.
Kökləyib özünü öldürmə, qardaş.
Gözləri nəmlənən ümidin baha
Dərdini bələyib şeirlərinə.
Ürəkdə ürəklik qalmayib daha.
Yedirmə ürəyi şeirlərinə!
Azərbaycan.Quba.
14.02.2000.
DALĞIN BAXIŞINA BAXA BİLMİRƏM!
Dalğın baxışına baxa bilmirəm,
Sənin ki, gözlərin dan işığıydı.
Dünən gözlərində dinən sözlərin,
Sevən ürəyinin danışığıydı.
Daha düz oxumur özündə sözün,
Sözündə məhəbbət dağım-dağımmış.
Nifrətin gözündə peşiman qüssə,
Dilinin riyası röya dağımmış.
Sən demə susarmış gözündə sözün,
Gözümün dünyası sözümün canı.
Çətin kimsə sevə mənim tək səni,
Salma qəribliyə sözümü, canım.
Çılğın dəniz kimi coşqun dalğalı,
Sevdalı qəlbimdə qədərim sənsən.
Yapışıb yaddaşın yaş yaxasından
Sızlayan sözümdə qəhərim sənsən.
Sən demə bu sevda alın yazısı,
Qüssəsi ölüncə bəs edər mənə.
Ümidim üzülməz nazilsə belə
Qədər toy tutsa da bəs qədər mənə.
Gülüm, üz çevirib o gül üzündən
Tale gül üzünü səndən, sən məndən.
Bəlkə bağışlayım günəşi sənə,
Barı uzaq olsun çisən,çən səndən.
Dalğın baxışınla baxsam dünyaya,
Başını itirər bu dünya belə.
Səni sevəcəyəm son nəfəsəcən,
İçimi göynədən nisgilin ilə!
Bülbül yuvasıyam kövrək budaqda,
Sevdalı ürəyim bübülə həsrət,
Qənim kəsildiyin göz yaşlarınla
Dərdim çiçəkləyir tər gülə həsrət…
Dalğın baxışına baxa bilmirəm,
Sənin ki gözlərin yar işığıydı.
Dünən gözlərində dinən sözlərin
Sevdalı qəlbimin yaraşığıydı.
Azərbaycan.Quba.
23.05.2016.