Çağırdıq qadir Allahı,
Yazıldı qismәt Mәkkәdә.
Çәkdi bizi ziyarәtә,
Ulu bir qüdrәt Mәkkәdә.
Hәftәlәr aya qovuşdu,
Çeşmәlәr çaya qovuşdu.
Damla dәryaya qovuşdu,
Yox oldu hәsrәt Mәkkәdә.
Şәkәr imiş sözdәn ötrü,
İşıq imiş gözdәn ötrü,
Zәmzәm suyu bizdәn ötrü,
Oldu bir şәrbәt Mәkkәdә.
Fikir fikrә heyran oldu,
Sәsimizi yayan oldu.
Baxanlara әyan oldu,
Əsil hәqiqәt Mәkkәdә.
Yerdәn göyә mәhәbbәt var,
Göydәn yerә mәrhәmәt var.
Haqqa doğru hәrәkәt var,
Bircәdi sifәt Mәkkәdә.
Nur yaranıb, zor doğulub,
İmam, peyğәmbәr doğulub.
Əli kimi әr doğulub,
Kәbәsi Hikmәt Mәkkәdә.
Dilindә Quran ayәsi,
Üstündә haqqın sayәsi.
Allahdandı sәrmayәsi,
Tükәnmәz sәrvәt Mәkkәdә.
Geyindik ehram paltarı,
Ağlığı dağların qarı.
Yeridik qiblәyә sarı,
Qıldıq ibadәt Mәkkәdә.
Sevgi çәlәngi, gül toxuduq,
Ətir daddıq, gül qoxuduq.
İmama rәhmәt oxuduq,
Yezidә lәnәt Mәkkәdә.
Aydınlığı haqqın nuru,
Tәmizliyi sudan duru.
Bu şöhrәti, bu uğuru,
Yaradıb qeyrәt Mәkkәdә.
Əl vuranda qara daşa,
Az qalır ki, ağlın çaşa.
Nә gördüksә başdan-başa,
Heyrәtdi, heyrәt, Mәkkәdә.
Nahaq yerә ürәk yarma,
Haqq olmasan, haqqa varma.
Ey insan, cәnnәt axtarma,
Gәzdiyin cәnnәt Mәkkәdә.
Baxışlardan nur tökülür,
Dodaqlardan dürr tökülür.
Hәr yerdәn şükür tökülür,
Yoxdu şikayәt Mәkkәdә.
Tarix qәdim, dәrgah ulu,
Torpaq odlu, çeşmә sulu.
Kim olsa Allahın qulu,
Çәkmәz xәcalәt Mәkkәdә.
Baxın Kәbәnin yaşına,
Dünya dolanır başına.
Toz qonsa bircә daşına,
Qopar qiyamәt Mәkkәdә.
Ən uca dövlәt kimidir,
Ən dadlı qismәt kimidir,
Allaha xidmәt kimdir,
Kәbәyә xidmәt Mәkkәdә.
Hәr ürәk bir dolu camdı,
Hәr könül bir yanan şamdı.
Sabaha bir ehtiramdı,
Dünәnә diqqәt Mәkkәdә.
Bir tanış ol, yaxşı tanış,
Qәlәmim, yaz, dilim, danış.
Allah әli toxunmamış,
Yoxdu bir sәnәt Mәkkәdә.
Ər demişik әrәnlәrә,
Haqqa könül verәnlәrә.
Mәhәmmәdi görәnlәrә,
Var bir şәrafәt Mәkkәdә.
Yaxın gәlmәz ağrı-acı,
İman olsa başın tacı.
Zәlimxan da oldu Hacı,
Tapdı sәadәt Mәkkәdә!
Mәkkә, 1994, iyul