Halına görüntü etməklə məni
Rəzillik nə imiş, gördüm sayəndə.
Demirəm səhv etdim sənə uymaqda,
Səhv, düz, bu dostluğu gömdüm sayəndə,
Nə şəbədə qoşsan xası özünsən,
Utancdır, keçdiyin ömrü gəzinsən.
Elə yosma-yosma sevgi gəzdin sən,
Sevgidən soyudum, söndüm sayəndə.
Ölç, öz arşınınla ölçməyində ol,
Keç, gülünc yollardan keçməyində ol,
Get, ayrı görüntü seçməyində ol,
Dinmirdim, ilişdin, dindim sayəndə.
***
İndi mən necə anım,
nə cür düşünüm səni?
Necə dilə gətirim
ürəyimdən keçəni?
Səsin gəldi, sandım ki,
qeybdən gələn sədadı.
Bu bir soyuq həsrətmi,
yoxsa,
sevgidir adı?
Ürəyimi qoparıb,
apardı yenə bu səs.
Düşünməyə bilmirəm,
de, necə unudum, bəs?
Nə unutmaq, nə də ki,
qayıtmaq olmur daha.
Eh, sən… eh, sən… eh, səni…
batdın, eləcə batdın
sevgi adlı günaha.