QƏZƏL

Ömrün sonrasını çərxi-fələkdən soruşun,
Allahın buyruğunu, gəlsə mələkdən soruşun.

Quşların nəğməsini duysa buludlar dayanar.
Bağbanın söhbətini bağda çiçəkdən soruşun.

Fərhadın dağ aşıran qəlbini dağlar bürüyüb,
Məcnunun ahlarını çöldə küləkdən soruşun.

Nədir tənhalıq onu hər kəsə sormaq nə üçün?
Çəkiniz təkliyə tənhalığı təkdən soruşun.

Dünənin haqlısı haqsız olur heyrət eləmə,
Bu günün haqlısı kimdir, gələcəkdən soruşun.

Elşəni çox güləyən görüncə, arsız deməyin.
Çəkdiyi qəmləri köksündə ürəkdən soruşun.

* * *

Tək qalmaq istəyirəm.
Ağlamaq istəyirəm,
Hardadır göz yaşlarım?
Mən özümdə deyiləm,
Siz allah,bağışlayın.
Çığırmaq istəyirəm
İçimdə batır səsim.
Meylə dolu piyaləm,
İçməyə yox həvəsim.
Göylərə yetmir əlim
Yerdə canım üzülür.
Qələmə yatmır əlim
Ürəyimdə söz ölür.
Gün olur bir kəlmə də
Dinib danışmıram mən.
Məni inandırın ki,
Bu dünyada varam mən.
Tək qalmaq istəyirəm,
Bəzən tamam tək-tənha.
Tənhalıq mümküm deyil,
Qismət olub Allaha.