Jurnalist təşkilatının sədri “Sözün sehri” qəzetinin yaradıcı kollektivini təbrik etdi

rafiq-oday

Bizi sözlə sehrləyənlərin beş yaşı tamam oldu

Çoxsaylı informasiya vasitələri arasından boy göstərən, mən də varam demək istəyən «Sözün sehri» qəzetinin 5 yaşı tamam oldu. Çox mübarək!
Əslində hər dəfə yeni qəzet və ya jurnal təsis olunanda bir təşkilat rəhbəri kimi sevincqarışıq bir narahatçılıq gəzdirirəm ürəyimdə. Təbii ki, bu da səbəbsiz deyil. Hər bir mətbu orqan öz gəlişiylə dünyaya yeni ruh, yeni nəfəs gətirir. Onlarla, yüzlərlə insanın tribunasına çevrilir və insanlar bu tribunadan öz sözlərini deyə, ürəklərini boşalda bilirlər. Eyni zamanda qəzetə dövrün, zamanın güzgüsü konteksindən yanaşsaq, sevincimin hədər olmadığı bəlli olar. Narahatçılığımın kökündə isə bu yaranan qəzetlərin qısa ömürlü olmaları dayanır. Redaksiyalarda ilk bir neçə ay ərzində gur yanan işıqlar zaman-zaman öləziməyə və tədricən sönməyə başlayır.
Təəssüflər olsun ki, bu gün respublikamızda qeydiyyata alınıb illərlə işıq üzü görməyən və ya ildə bir-iki dəfə görüntü üçün nəşr olunan qəzetlərin sayı yüzlərcədir. Bunun da bir neçə səbəbi var: birincisi, bu qəzetlərin təsisçi və baş redaktorlarının əksəriyyəti qəzet işindən xəbəri olmayan, təsadüfi adamlardır. İkincisi, belə qəzetləri yaradanların çoxu qarşılarına sözə xidmət, insanları maarifləndirmək məramını yox, başqa məqsədlər qoyurlar. Üçüncüsü isə əsl jurnalistin barmaqla sayılan halətdə olması, jurnalistikadan xəbərsizlərin isə tüğyan eləmələridir.
Unutmaq olmaz ki, sözlə oynamaq, odla oynamaqdan çətindir. Milli mətbuatımız 141 illik şərəfli bir yol keçib. Bu şərəfə şərəf qatmaq istəyənlərin meydanıdır söz meydanı – ona xələl gətirənlərin yox!
Sözün müqəddəs olduğunu, haqdan gəldiyini, «Qurani-Kərim»də «Qələm» surəsinin mövcudluğunu bilənlər buyursun bu meydana! Sözdən qara niyyətlər üçün istifadə etmək istəyənlər yox!
Bu il «Sözün sehri» qəzetinin nəşrə başlamasından 5 il ötür. Bu 5 il ərzində «Sözün sehri» sözün müstəqim mənasında oxucuların ürəyinə yol tapmağa çalışıb, əksər hallarda da buna nail olub. Qəzetçilikdə əsas söz oxucunundur. Çünki bu gün qəzetlərin bir nömrəli problemi oxucu problemidir. Qəzetin oxucusu nə qədər çox olarsa, ömrü də bir o qədər uzun olar.
«Sözün sehri»ni araya-ərsəyə gətirənlər sırasında mənim yaxşı tanıdığım, qələmlərinə və intellektlərinə güvəndiyim Qafqaz Əvəzoğlu başda olmaqla, yaradıcılıqlarına sayğı göstərdiyim insanlar var. Bu baxımdan deyə bilərəm ki, «Sözün sehri» 5 il ərzində oxucuların ürəyinə körpü sala, onları öz sehirli dünyasına çəkib apara bilib.
Bu yubiley həm də Qubadlı rayon S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yubileyidir. Çünki həm ədəbi-ictimai birlik, həm də “Sözün sehri” qəzeti eyni gündə dünyaya vəsiqə qazanıblar. Yarandığı gündən bu günə qədər ədəbi-ictimai birlik öz ətrafında onlarla ziyalını, alimi, yazıçını, şairi, həmçinin gənc istedadı toplayıb. Ötən dövr ərzində neçə-neçə qələm sahibinin, ictimai-siyasi xadimin yubileyləri, yaradıcı ziyalıların yeni işıq üzü görmüş kitablarının təqdimatları keçirilib, həmçinin gənc istedadlara yaşıl işıq yandırılaraq onlara dəyərli məsləhətlər verilmiş, ilk yaradıcılıq nümunələri “Sözün sehri” qəzertində dərc olunmuş, ilk kitablarının işıq üzü görməsinə maddi və mənəvi dəstək göstərilmişdir. Həmçinin dünyasını dəyişmiş dəyərli insanların anım günləri və xatirə tədbirləri keçirilmişdir.
Təvəllüd gününüz mübarək olsun, əziz S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yaradıcıları və üzvləri, dəyərli “Sözün sehri”çiləri. Qələminiz bax beləcə həmişə iti, sözünüz kəsərli, ruhunuz oyaq olsun! Sizlərə bundan sonra da dəmir iradə, dönməzlik, aydın zəka, sağlam düşüncə, ağı-qaradan seçə bilmək bacarığı, dövlətimizin və dövlətçiliyimizin mənafeyini həmişə ön planda saxlamağı arzu edirəm.

Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti