Pedaqogika üzrə elmlər doktoru,
səmimi dostum,mükəmməl poeziya xiridarı
Vidadi ORUCOVA ithaf olunur.

İradəmiz möhkəm oldu dəmirdən,
hey bərkidik,vaxt sındıra bilmədi,
yoğrulmuşduq halal olan xəmirdən,
dövran bizi bulandıra bilmədi.

Yad əllərdə buraxmadıq yaxanı,
mənliyimiz Yurdun qılınc,qalxanı,
qartal kimi zirvələrə çıxanı,
şaxta vurub,Gün yandıra bilmədi.

Hakim gördük–gözləri kor,qəlbi kar,
hökümdarlar nökəriydi qanunlar,
hərdən elə işvəliydi yalanlar;
çoxumuzu inandıra bilmədi.

Hökm eləyən cəllədların inadı
millətlərin taleyiylə oynadı,
qılıncları gücdən salıb,doğradı,
qələmləri dayandıra bilmədi!

Çalxalandıq,durulandıq,bulandıq,
həm alimlə,həm nadanla sınandıq,
Vətən sevdik,el başına dolandıq,
Xan–başına dolandıra bilmədi!

Az qandılar–üsyan edən nə dildir,
gurultusu tük ürpədən nə zildir!?–
Nəsiminin dərisindən Təbildir,
“zahid” ona çırtma vura bilmədi!

Cəhd edəndə-zindanları sındıram,
müstəbitlər bağırdılar;: “Qulduram”!
mən Babəkin ordusundan Şeypuram–
çox mətləbi O,qandıra bilmədi.

Qoç Koroğlu,məzarını yarım,çıx!!
çox işimiz o vaxtlrdan yarımçıq,
“Dəlilərdən” beş-on nəfər qalmışıq,
çoxlarını oyandıra bilmədik…