Bu günlərdə veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin Fəxri üzvü, “Müqəddəs qələm” media mükafatı laureatı, bu gün də gənclik eşqi ilə yazıb yaradan Zümrüd xanım Baloğlanovanı evində ziyarət etdik (“Möhtəşəm Azərbaycan” qəzetinin texniki redaktoru Ərşad Nihadla birgə).
Bu ziyarəti də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri kimi özümə borc bildim və qələm dostlarımızın, birlik üzvlərinin salamını Zümrüd xanıma çatdırdım.
Çay süfrəsi arxasında jurnalistikamızın dünənindən, bugünündən danışdıq, dünyasını dəyişmiş tanınmış jurnalistləri xatırladıq, həmçinin “Dəlidağ” (rəhbəri tanınmış şair-jurnalist Namiq Dəlidağlı), “Dan yeri” (rəhbəri şair-publisist Nisə Heydərli) Ədəbi Birlikləri, “Çeşmə” (rəhbəri şairə Lilpar Cəmşidqızı) Ədəbi Məclisi ilə birgə Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində keçirdiyimiz bir-birindən maraqlı və əhəmiyyətli silsilə tədbirlər üçün darıxdığımızı dilə gətirdik.
Sonra koronavirus pandemiyası ilə bağlı fikir mübadiləsi apardıq, respublikamızda həyata keçirilən önləyici tədbirləri müzakirə etdik, karantin rejimi şəraitində fəaliyyət göstərən jurnalistlərin üzərinə düşən məsuliyyətli məsələləri önə çəkdik.
Vurğuladıq ki, inşallah tezliklə respublikamızda həyat normallaşar və biz də Milli Mətbuatımızın bu il tamam olacaq 145 illik yubileyi ilə bağlı müəyyən layihələrin icrasına start verərik.
Zümrüd xanım həmçinin qeyd etdi ki, dostlar davamlı olaraq mənimlə əlaqə saxlayır, hal-əhval tutur və darıxmağa qoymurlar. Belə günlərdə Namiq Dəlidağlının yaratdığı “Yaradıcı dostlar qrupu” çox köməyimizə çatır. Bu qrup vasitəsilə, demək olar ki, hər gün Sevinc Qərib, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Natiq Ismayıloğlu, Nisə Heydərli, Aygun Hacıyeva, Ruhiyyə Bahar, Şərbətəli müəllim, Lilpar Cəmşidqızı, Mərcan Sabirqızı, Qənirə Mehdixanlı, Rahile Veyselli və digərləri ilə əlaqə qurur və maraqlı paylaşmalarla bir-birimizə mənəvi dəstək oluruq.
Güman edirəm ki, Zümrüd xanım Baloğlanovanı Sumqayıtda, o cümlədən respublikamızda tanıyan yetərincə insan var. Bununla belə, tanımayanlar üçün veteran jurnalistimizin həyat və fəaliyyəti haqqında qısaca da olsa məlumat vermək istəyirəm.
*
Zümrüd Nöhbala qızı Baloğlanova 1946-cı il avqustun 23-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsindəki 187 saylı eksperimental orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində müxtəlif məlumat səciyyəli xəbərlərlə, yığcam yazılarla çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gələrək “Sosialist Sumqayıtı” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlamış, mətbuatda müntəzəm olaraq çıxış etmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini qiyabi davam etdirmiş və 1972-ci ildə təhsilini başa vuraraq, jurnalistlik ixtisasına yiyələnmişdir.
“Sosialist şəhərlərinin yaranmasında mətbuatın rolu” mövzusundakı diplom işi müdafiə vaxtı Dövlət komissiyası tərəfindən yüksək qiymətlndirilərək elmı iş kimi davam etdirilməsi tövsiyə olunmuşdur. Sonradan Zümrüd xanım bu mövzu ətrafında axtarışlarını genişləndirməklə elmi iş müdafiə edərək alimlik dərəcəsi almışdır.
Ötən illər ərzində yerli və mərkəzi mətbuatda müxtəlif səpkili və janrlı yazılarla çıxış etmiş, yüzlərlə operativ yazı, oçerk, reportaj, zarisovka, felyetonların müəlluifi olmuşdur. Hələ 1972-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilmişdir.
1975-78-ci illərdə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin “Kimyaçi” qəzetində məsul katib işləyən Zümrüd Baloğlanova 1978-ci ildə köçürmə yolu ilə “Kirpi” siyasi satira jurnalına işə keçərək felyeton şöbəsinin redaktoru kimi jurnalistlik fəaliyyətini davam etdirmiş, cəmiyyətdəki və gündəlik həyatdakı nöqsanları öz yazıları ilə ciddi şəkildə tənqid etmişdir. 15 il fasiləsiz bu jurnalda işləmişdir.
1993-ildə “Möhür” kiçik müəssisəsini yaradan Zümrüd xanım Baloğlanova, hazırda özəl nəşriyyat kimi bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərir, eyni zamanda dövri mətbuatda – “Manevr.az”, “Sumqayitfakt.az”, “Azpress.az”, “SİA.az” və digər saytlarda, “Azad Azərbaycan” və “Möhtəşəm Azırbaycan” qəzetlərində vaxtaşırı publisistik yazılarla jurnalistlik fəaliyyətimi davam etdirir.
Dəfələrlə respublika və şəhər səviyyəsində fəxri fərmanlara, diplomlara layiq görülmüş, Respublika Komsomol təşkilatının və “Bilik” Cəmiyyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
5 çağırış Sumqayıt şəhər Xalq Məhkəməsinin iclasçısı və “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Partiya Komitəsi Plenumunun üzvü olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zümrüd Baloğlanova “Müqəddəs qələm” media mükafatı laureatıdır.
Rafiq Oday,
Azərbaycan Junalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti.