Çoxdan bağ-baxçanı basıbdır alaq,
deyirlər ki: “Sonu May ayındadı”,
bilinmir işimiz nə cür olacaq?
hər kəs öz canının harayındadı!
Göydə quşlar azad,yerdə it-pişik,
həyətə düşürsən-Polis ilişir,
sakit dura-dura işə düşmüşük,
hər artıq addıma cərimə düşür.
Nə torpaq şumlanıb,nə dən sərilib,
“Payızlıq əkin də” qorx ki,məhv ola,
qorxuram-buğdanın göyərdiyi də,
elə boşqablarda gördüyüm ola.
Bu hala dünyanı insan çatdırıb,
Çin də,siçovul da bir bəhanədir,
tutaq ki,zavodlar göyü batırıb,
torpaq adamının təqsiri nədir?
Binələr dağılır,çökür tavanlar,
daşıb təbiyəin səbrinin camı,
bu can bilməsə də o canda nə var?
bir telə düzülüb hamının canı!
O qədər millətlər batıbdır yasa,
get-gedə sabaxa ümid əksilir,
hər kəs bu dəfə də ağıllanmasa,
demək–bəşəriyyət uçruma gedir!
Neynim,bağ-baxçanı basıbdır alaq,
deyirlər: “Karantin Mayda bitəcək”,
evdən çıxa bilən bu cürdür ancaq;
üzündə “ağızlıq”,əlində əlcək.
Yenə də silahlar sınaqdan çıxır
bir “Virus” yarımcan edən dünyada,
tamahlar dünyanın evini yıxır,
“Qarın davasıdır” gedən dünyada…