Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən ta kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva və digərləri çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin sevimli xalq mahnıları onun öz ifasında səsləndirilib. Heydər və Zərifə Əliyevlərin qeyri-adi yaradıcılıq istedadının, musiqini düzgün qavrama qabiliyyətinin onların övladlarına – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ictimai xadim Sevil xanım Əliyevaya da sirayət etməsi vurğulanıb.
Təqdimatda dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın bəstələdiyi mahnılar səsləndirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.