Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı “Madlena Art Palace”da tanınmış dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim edilib.
Üç gün ərzində təqdim olunan ekspozisiya tədbir qonaqlarının və KİV-lərin böyük marağına səbəb olub.
“Qonaqlar Azərbaycanın mədəniyyəti və ənənələri ilə yaxından maraqlanırdılar. Qarabağ geyiminin Azərbaycanın zəngin mədəni irsində xüsusi yeri var. Qarabağ geyim mədəniyyəti milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Kolleksiyanın hər bir nümunəsi öz xüsusi ornamentləri və naxışları, bədii xüsusiyyətləri əks etdirən xüsusi elementləri ilə Qarabağın ayrı-ayrı regionunu təcəssüm etdirir. Eyni zamanda, kolleksiya müasir tələblərə uyğun olaraq stilize edilib”, – deyə dizayner bildirib.
Azərbaycan Mədəniyyət Günləri çərçivəsində incəsənət ustalarının milli musiqi, muğam və rəqslərlə konsert proqramları təqdim olunub, xalçalar, qurama və sənət əsərləri nümayiş etdirilib. Ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.
Mənbə: https://azertag.az/