Oktyabrın 17-də Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Nəbi Borçalının anadan olmasının 150 illik yubiley tədbiri keçirilib. Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aparıcılığı ilə keçən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Borçalı aşıq mühtinin yetşdirdiyi görkəmli ədəbi simalardan olan şair Nəbi Borçalının həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, bu böyük söz ustadının şeirlərinin vaxtilə ölməz Xalq şairi Səməd Vurğunun da diqqətini çəkdiyini və məhz onun tövsiyəsi ilə mərhum folklorşünas alim Hüseynqulu Məmmədli, sonralar isə onun oğlu – tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli tərəfəindən əsərlərinin toplanıb nəşr etdirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Nəbi Borçalının şeirləri təkcə Borçalı aşıqlarının deyil, digər aşıq mühitlərindən olan sənətkarların repertuarında da mühüm yer tutur.
Sonra söz “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşova verilib. Ə.Amaşov son illərdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan, Azərbaycan Aşıqlar Birliyinin bu istiqamətdə həyat keçirdiyi tədbirlərin əhəmiyyətindən və Nəbi Borçalı kimi böyük saz-söz ustadlarının daim diqqətdə saxlanılmasının vacibliyindən danışıb.
Tədbirin bədii hissəsində aşıqlardan Cahangir Quliyev, İmran Xəlilov, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Ramin Qarayev, Avdı Musayev, Əşrəf Qəriboğlu, Əli Pənahoğlu, Sahil Laçınlı, Qabil Abduyev, Nüsrət Nəsiboğlu və Fikrət Borçalı “Göyçəgülü”, “Məmmədbağırı”, “Naxçıvanı”, “Ovşarı”, “Yurd yeri”, “Bayramı”, “Dərvişi”, Dilqəmi” və digər aşıq havaları üsttündə şair Nəbi Borçalının şeirlərini ifa ediblər. Aşıqları balaban ustası Ələkbər Ələkbərov müşayiət edib. Bədii qiraətçilər – pedaqogika üzrə fəlsəfə doktoru, şairə Aynur Qafarlı və Azər İqrar şairin şeirlərini səsləndiriblər.
Sonda ağsaqqal ziyalı, iqisad elmləri namizədi Əmirxan Babaşov yubilyarın yaxınları və doğmaları adından tədbirin təşkilatçılarına təşəkkür edib.
Mənbə: https://azerab.az/