Oktyabrın 20-də Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyi tədbirləri çərçivəsində konsert olub.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bayram konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Rus evi tərəfindən təşkil edilib.
Konsertdən əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov tamaşaçılar qarşısında çıxış edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina böyük yazıçının yaradıcılığının xüsusiyyətləri, onun əsərlərinin musiqi sahəsində rolu haqqında danışıb. O qeyd edib ki, konsertin proqramı da Ostrovskinin əsərlərinin musiqi fenomeni kimi təsirini ehtiva edib. Təsadüfi deyil ki, onun özü də musiqi əsərlərini öz yaradıcılığına daxil edib.
Konsertdə yazıçının yaşadığı dövrə aid klassik əsərlər səsləndirilib. Onları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının solistləri ifa ediblər.
Tədbir çərçivəsində “Yaşlek” tatar gənclər təşkilatının gənc istedadları Ostrovskinin əsərlərindən parçaları, habelə müasir müəlliflərin böyük yazıçının üslubunda yaratdıqları şeirləri təqdim ediblər.
Anşlaqla keçən tədbirin qonaqları qismində xarici diplomatik korpusların nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, yaradıcı və elmi ziyalılar iştirak ediblər.
Mənbə: https://azertag.az/