Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, filmlər oktyabrın 31-dək “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.
Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini izləyiblər.
Builki “Visla” çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” ekran əsəri olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsindən bəhs edir.
Festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi olacaq.
Festivalın koordinatoru və layihə meneceri Yanna Neka deyib: Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik. Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirdik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır. Bu işdə bizə dəstək olan Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürümüzü bildirir və qarşıdakı illərdə də əməkdaşlıq etməyi arzulayırıq”.
Mənbə: https://azertag.az/