Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları dost ölkələr olan Türkmənistan ilə Azərbaycanın ikitərəfli münasibətlərində mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığı yüksək qiymətləndirib və gələcək inkişaf məsələlərini müzakirə ediblər.
Tədbirdən sonra Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” futbol komandası ilə yerli “Sumqayıt” arasında yoldaşlıq oyunu keçirilib. Bu yoldaşlıq görüşündə türkmən futbolçular 4:2 hesabı ilə qalib gəliblər və Azərbaycandakı təlim-məşq toplanışı çərçivəsində yüksək nəticə göstəriblər.
Qeyd edək ki, Azərbaycanda olan türkmən futbolçular yaxın vaxtlarda Türkmənistanda start götürəcək yerli çempionata hazırlaşırlar.
Mənbə: https://azertag.az/