
Azərbaycan oyun icması türk dünyasının ən böyük “game jam” tədbirinə 70-dən çox iştirakçı ilə qoşuldu.
Türk Dünyası Oyun Geliştiricileri Birliyi (TuGDA) tərəfindən hər il təşkil olunan “Turkic Game Jam” (TGJ) bu il daha da genişlənərək altı ölkəni əhatə etdi. İyunun 5-dən 7-dək keçirilən 48 saatlıq oyun hazırlama marafonu eyni vaxtda Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Şimali Kiprdə baş tutdu və türk dünyasının oyun icmalarını ortaq yaradıcı platformada bir araya gətirdi. Ümumilikdə altı ölkə üzrə 200-dən çox iştirakçı 60-dan artıq oyun layihəsi üzərində çalışdı.
Azərbaycanda tədbir “Gamepons” və “IGDA Azerbaijan” təşkilatçılığı və Yaradıcı Mərkəzin dəstəyi ilə baş tutub. Yerli mərhələdə 20 komanda və 70-dən çox iştirakçı mübarizə apardı. Oyun dizaynerləri, proqramçılar, 3D rəssamlar və ssenari müəllifləri kimi müxtəlif ixtisaslardan olan yaradıcı şəxslər 48 saat ərzində eyni mövzu əsasında öz orijinal oyunlarını hazırladılar.
“Turkic Game Jam” klassik “game jam” formatından fərqlənən beynəlxalq bir modelə malikdir. Tədbirdə iştirak edən hər bir ölkə əvvəlcə öz lokal mərhələsini keçirir və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ən uğurlu komandaları müəyyənləşdirir. Seçilən komandalar daha sonra Böyük Final mərhələsində digər iştirakçı ölkələrin finalçıları ilə yarışır.
2026-cı ilin Böyük Finalı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Finala vəsiqə qazanan komandalar öz oyunlarını beynəlxalq auditoriyaya təqdim etmək, sənaye mütəxəssisləri, investorlar və digər oyun yaradıcıları ilə əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Mənbə: https://culture.gov.az/