Blog

  • Arzu HÜSEYN.Yeni şeirlər (X hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Yaxşı ki, o səhər ölmədim,
    O sən gedən səhəri deyirəm.
    Yadındadır, mən topladım
    Əşyalarını hələ?
    Hıçqırıqlar içində pıçıldadım da
    Get, gülə- gülə.
    Yox e, sözüm onda deyil,
    Yaxşı eləyib getdin.
    Qalıb nə edəcəkdin ki ,
    Viranə ürəyimdə?
    Onsuzda əzəl gündən
    Yalançı məhəbbətdin,
    Onsuzda düşmən bıçağı idin
    Kürəyimdə.
    Bax heç zəng etmirəm də,
    Nə də axtarıb,sormuram.
    Həvəsində deyiləm qapalı dəftərin,
    Çoxdan külünü sovurmuşam,
    Lənətə gəlmiş vərəqlərin.
    Sonra demə unuda bilmədin məni,
    Lovğalıq qatma gülüşünə.
    Danışmağı sevmirsən bilirəm,
    Sussmağın da anlam verir
    Gedişinə…

    * * *

    Bizim küçələrdə xəzandı yenə,
    Nə yağış kiriyir, nə bulud susur.
    Hardasa bir nəvə yuxusun deyir,
    Hardasa bir nənə tərsinə yozur,
    O pis yuxunu…

    Sussdum, sükutumda öldü arzular,
    Dondu baxışımda son ümüd, son iz.
    Gözümün yaşına qarışdı sular,
    Qorxdum ağlamasam quruyar dəniz
    Ölər balıqlar…

    Mən ki bu payıza, qışa alışdım,
    Kim deyir əllərim hələ bahardı?
    Bilmirəm nə zaman alnım qırışdı,
    Bilmirəm haçandan saçım ağardı.
    Bəlkə o gündən…

    Bizim gecələrin ayı bulanıq,
    Bahar qış ömrünə çatandan bəri.
    Görən ad günümə kim göndəribdir,
    Bu matəm qoxulu qərənfilləri?
    Dedilər Atandı…

  • 29 Dekabr-Görkəmli Azərbaycan şairi Nüsrət KƏSƏMƏNLİnin doğum günüdü

    Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946Ağstafa rayonu – 16 oktyabr 2003Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

    1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

    Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.

    Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    1.Sevirsənsə, B., 1971;
    2.Gözlərimin qarası,B., 1975;
    3.Özümə bənzədiyim günlər, 1979;
    4.Gümüş yuxular, B., 1981;
    5.Təklikdə danışaq, B., 1983.

    Məşhur şeirləri[redaktə | mənbəni redaktə et]

    • Daha nağıllara inanmıram mən
    • Biri vardı, biri yox…
    • Səni unutsam…
    • Vətən alov etsin odunu sənin
    • Mənsiz qalacaqdır bu dünya bir gün
    • Oğru olmaq istəyirəm
    • Ağacın altında kölgə
    • Qoyunlar yeyəcək canavarları…
    • Məhəbbətdən küsəndə
    • Yoxdusa
    • Mənim o ağaca yazığım gəlir…
    • Mənə inanmırsan bir yuxu kimi
    • İnanma əzizim, inan əzizim

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    1. Afroditanın qolları (film, 1987)(qısametrajlı bədii film)
    2. Azərbaycana səyahət (film, 1988)
    3. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
    4. Doğma sahillər (film, 1989)
    5. Dünyada yeganə (film, 1989)
    6. Əmbizlərin keşiyində (film, 1988)
    7. Goranboy – oğuz eli (film, 1989)
    8. Kəndlərin harayı (film, 1987)
    9. Qurultaydan qurultaya (film, 1985)
    10. Lətifə (film, 1989)
    11. Monoloq (film, 1987)
    12. Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
    13. “Neftçi”-87 (film, 1987)
    14. Şerəli və Aybərçin (film, 1989)
    15. Şeytan göz qabağında (film, 1987)

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

    Kateqoriyalar

  • Zərifə və Heydər Əliyevlər – Əbədiyyətə bərabər sevgi

    Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən ta kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.

    Təqdimat mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva və digərləri çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.

    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin sevimli xalq mahnıları onun öz ifasında səsləndirilib. Heydər və Zərifə Əliyevlərin qeyri-adi yaradıcılıq istedadının, musiqini düzgün qavrama qabiliyyətinin onların övladlarına – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ictimai xadim Sevil xanım Əliyevaya da sirayət etməsi vurğulanıb.

    Təqdimatda dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın bəstələdiyi mahnılar səsləndirilib.

    Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.

    Mənbə: https://azertag.az

  • “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində…

    Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Fövqəl” rubrikasında Anton Çexovun “Qara rahib” əsəri, “Azərbaycan ədəbiyyatı” rubrikasında Əli Kərimin şeirləri yer alıb.

    Nəşrin digər rubrikalarında oxucular Cerom Selincerin “Yazıçı, kitabına imza atmaz…” müsahibəsi, Andre Moruanın “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Frans” esseləri, Vilayət Quliyevin “Macarları özlərinə tanıdan alim” tarixi əsəri, Besik Xaranaulinin şeirləri, Tarey Vesosun “Qışın son günləri” hekayəsi, Fyodor Dostoyevskinin “Zavallılar” romanı, Kolm Toybinin “Bruklin” romanının ardı və dünyanın məşhur yazarlarının yazıçı sənəti, istedad və dahilik, kitab və mütaliə haqqında fikirləri ilə tanış ola biləcəklər.

    Mənbə: https://azertag.az

  • Autizm sindromlu uşaqlar üçün bayram tədbiri keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqlar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Millət vəkilləri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

    Tədbir zamanı çıxış edənlər autizm sindromlu uşaqların və ailələrin cəmiyyətin həssas qrupuna aid olduğunu və onlara xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd ediblər. Sonra il ərzində fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizm sindromlu idmançılara hədiyyələr verilib.

    Bədii hissədə ifa olunan sevilən  mahnılar və rəqslər həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

    Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://culture.gov.az/

  • “Türk dünyasından Şuşaya 

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir.

    Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq.

    Adıçəkilən kitabın Azərbaycanın Bakı şəhərində, Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunacaq.

    Bundan əlavə layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər,

    Bakı şəhərində müxtəlif tədbirlər və görüşlər təşkil olunacaq.

    Həmçinin, Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələrinin Şuşa şəhərinə səfəri baş tutacaq.

    Mənbə: https://bizimyazi.az/

  • Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in üçüncü hissəsində işıq üzü görüb

    Gülnarə Sadiq və Aysel Nəsirzadənin birgə layihəsi – Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in 3-cü sayı Şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Azərbaycan Qadını öz mükəmməlliyi ilə hər zaman fərqlənib, bu gün də fərqlənir. Layihə iştirakçılarının tək və ən müqəddəs amalı şəhidlərimizin xatirəsini hər zaman yad etmək və onları qəlblərdə yaşatmaqdır.Layihənin bu sayında müasir dövrümüzün ən tanınmış imzalarıyla yanaşı,yenicə ədəbiyyatda sözünü deməyə başlayan gənc xanımların da şeirlərinə rast gəlmək olar. Qeyd edək ki,digər saylardan fərqli olaraq bu sayın bütün maliyyəsini həyatın bütün sferalarında qadınlardan öz dəstəyini əsirgəməyən NLP master, psixoloq Həmidə xanım Yaqubova qarşılayıb.

    Layihə iştirakçıları:

    Layihə iştirakçıları:

    Aysel Nəsirzadə
    Gülnarə Sadiq
    Arzu Göytürk
    Aygül Özüvətən
    Aynurə İnci
    Aysel Xanlarqızı
    Bahar Cavadova
    Cəmilə Təvəkkülqızı
    Əfsanə Rəvan
    Əsmər Hüseyn Xan
    Əzizə Həsənova
    İlahə Heydərli
    Gülər Natiq İsaq
    Gülnar Səma
    Gültəkin Ramiz
    Gülsadə
    Günay Ələkbərzadə
    Günəş Məmmədli
    Lalə Sadıqova
    Məlahət Kərimqızı
    Mələk Yazar
    Mətanət Duyğulu
    Nazlı Hacılı
    Nazilə Rahibqızı
    Nailə Şamilqızı
    Muşfiqə Baladdinqızı
    Mirvari Coşqun
    Minayə Abdullayeva
    Nəcibə İlkin
    Nəzakət Cavadova
    Pərvanə Bayramqızı
    Qərənfil Arifqızı
    Səadət Qərib
    Şəlalə Şəfəq
    Sevil Gül Nur
    Turanə Şamaxlı
    Ülviyyə İbrahimova
    Vüsalə Vətənxan Mehri
    Xalidə Abdullayeva
    Xalidə Hicran Seyidova
    Xatirə Həsrət
    Xatirə Səfərova
    Xavər Şəfiyeva
    Xəyalə Sevil
    Xəzangül
    Yeganə
    Zemfira Salmanova
    Zeynəb Ədalət qızı
    Zülfiyyə Yaqubova

    Xatırladaq ki, “Zərif kölgələr” antologiyası 2019-cu ildən bəri artıq 3-cü sayı nəşr olunan yalnız xanım yazarların yazılarından ibarət yeganə antologiyadır.

    Layihənin rəsmi informasiya dəstəyi edebiyyat-az.com saytıdır.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİLin şeirləri “Zərif kölgələr“in üçüncü hissəsində işıq üzü görüb

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə SEVİLin şeirləri Rəşadətli AZƏRBAYCAN Milli Ordusunun Qəhrəman Hərbi Qulluqçularının, Müqəddəs VƏTƏN torpağı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinə həsr olunan Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in üçüncü hissəsində işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər Məmmədqızının “Mənim” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.

    “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın şeiri “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın “İstəmirəm Yerlə Səma mənim olsun” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.

    “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeiri “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc xanım yazar Sona İntizarın şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 30-cu sayında dərc olunub.

    “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc xanım yazar Bənövşə MAHMUDQIZI saytda Baş məsləhətçisi təyin edildi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 28 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Bənövşə MAHMUDQIZI Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi təyin edildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZAMANIN YANAN KÖRPÜLƏRİ”

    İşı çalxanmaqdı qədim nehrənin,
    Ürəkdən gələn yaş gözü göynədir,
    Geriyə yol yoxdu, zaman nəhrinin
    Yanan körpüləri bizi göynədir …

    Könlüm viranədir, dağılıb huşum,
    Nələr qazanmışam mən yetmiş ilə?
    Şəkilə çevrilib əllim, atmışım,
    Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

    Dadmışıq taleyin ömür payından,
    Arzular beşiyi olub qəlbimiz.
    Adlayıb zamanın neçə çayından
    Üzü gələcəyə can atmışiq biz…

    İçimdə bir körpə uşaq ağlayır,
    İnsanın xoş günü keçmişindədi.
    Zamanın çayları, coşur çağlayır,
    Ömür dəyirmanı öz işindədi…

    Həsrət ayazında bir sazaq idim,
    Bu da son, indidən dərd məni alıb…
    50-dən, 60-dan 100 uzaq idi,
    70-dən üç addım məsafə qalıb…

    Geriyə dönərmi ömrün axarı,
    Meydan oxusaq da biz dağa, daşa?
    Onsuz da dünyanın yoxdu axırı,
    İstər əlli yaşa, istər yüz yaşa!

    Dərd abıra salıb neçə arsızı,
    Xoşbəxt günlərimiz arxada qalıb.
    Anamın gözündə qalan arzusu
    Qəlbimi ağrıda-ağrıda qalıb…

    Vətənsiz bir ömür ömür-gün deyil,
    Zaman arzumuzu verdi yellərə…
    Dönmək istəsək də, bu mümkün deyil.
    Atalı, analı xoşbəxt illərə…

    Özüm tək qaçqındı könül dincliyim,
    Hələ də ürəyim dərd közündədi…
    Dəcəl uşaqlığım, qaynar gəncliyim
    Yanan körpülərin o üzündədi…

    Ağrı elə ağrı, dərd elə dərddi,
    Onun qocamanı, körpəsi yoxdu.
    Zamanın dəyişməz qanunu sərtdi,
    Həsrət sellərinin körpüsü yoxdu…

    27.12.2019

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”XİFFƏT BURULĞANI”

    Bir ayağı burda,
    bir ayağı görda olan qocaları
    gələcək yamanca üşüdür,
    yamanca qorxudur…
    Ötən günlər isə
    onlar üçün əlçatmaz,
    ünyetməz,
    şirin bir yuxudur…
    Yaxamızı vermişik
    içimizi güvə kimi yeyən
    xiffətin əlinə,
    itirdiyimiz doğmaların, əzizlərin
    yanına qayıtmaq üçün
    arabir özümüzü vurmaq istəyirik
    xatirələr selinə…
    Zamanın isə
    geriyə yolu yoxdu;
    qalmışıq həsrət burulğanında
    devikə-devikə,
    yana-yana,
    alışa-alışa…
    Keçmişin nə ayağı var
    yanımıza gələ,
    nə qulağı var bizi eşidə,
    nə dili var danışa…
    Xəyallar dünyası
    qocalar üçün
    şipşirindi,
    şəkərdi,
    baldı…
    Ah çəkə-çəkə deyirlər ki,
    nə qaldı keçmişdə qaldı…
    Keçmişin isə
    ayaqları şikəst,
    qulaqları kar,
    gözləri kor,
    dili laldı…
    27.12.2020
    Rafiq Yusifo]lu

  • Sevinc HƏMZƏYEVA.”Məni, bizi var edənim”

    Məni, bizi var edənim
    Səmamıza günəş ay,
    Ömrümüzə yar edənim!
    Sinəsilə sipər olan,
    şimşək kimi çaxanım
    İldırım tək yandıranım
    Bir andaca yaxanım…
    Tale oxum, tək məhvərim
    Doğma yurdun eşqi üçün
    Kül olmağı gözə olan
    Sevgi pərvanələrim!!!
    ŞƏHİDİM!!!
    Qürur yerim!
    Şərəfim!
    Qurumayan göz yaşımsan!
    Silinməyən yaddaşımsan!
    Sənin fəda olduğun yer
    Mənim bizim – and yerimiz!
    Sən – mənim ürəyimin
    Şah damarı, parasısan!
    Vətənimin Haqq nəğməsi
    Azadlığın carçısısan!

  • Sevinc HƏMZƏYEVA.”Sənin kəsilmiş qolun”

    Sənin kəsilmiş qolun
    Ayağın olam
    İzn versən
    ayaqların altında uyuyam
    Vətən oğlu!
    Böyük qəlbin dərd görməsin!
    Sənin Vətən sevginə
    Kaş ki mən də qurban olam…

  • Firəngiz SABİRQIZI.”Niyə qayıtdın?”

     Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri

    Yaram qaysaq bağladı ta,
    Anam məni ağladı ta,
    Dərd əlini saxladı ta,
    Niyə qayıtdın???

    Ulduzlarım közərdi ta,
    Göy qurşağım gözəldi ta,
    Tərs işlərim düzəldi ta..
    Niyə qayıtdın???

    Sükut dindi sözlə dolu,
    Sönən külüm közlə dolu…
    OT yollarım izlə dolu…
    Niyə qayıtdın???

    Boş ürəyim dolub-daşdı,
    Şeh qondu ta ömür yaşdı
    Bax …Firəngiz yenə çaşdı,
    Niyə qayıtdın???

    18.12.2022

  • Firəngiz SABİRQIZI.”Niyə getdin?”

     Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri

    Qara-qara gecələrin,
    Bir telincə gələrdimi?
    Anam baxıb gözlərimə,
    Bu dərdimi bilərdimi?
    Niyə getdin??

    Uçan Durna qatarları,
    Həsrətini aparmadı.
    Neçə-Neçə gözəl gəldi,
    Ürəyimi qoparmadı..
    Niyə getdin???

    Ən müqəddəs yolum idin,
    İzlərinə nəzir dedim.
    Doğma, isti qolum idin,
    Gəlişinə “xızır” dedim..
    Niyə getdin???

    Nə dedinsə ,nə etdinsə,
    Susdum,içim dəniz oldu.
    Sənin adın bu dünyada,
    Mənə nə çox əziz oldu,
    Niyə getdin…??

    18.12.2022

  • Bənövşə MAHMUDQIZI.”Səliqəli yalnızlıq”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi
    Mənim səliqəli yalnızlığım…
    Sən necə həm rahatlıq,
    Həm narahatlıq ola bilirsən?
    İşini yaxşı bilirsən…
    Bəzən ən məğlub,
    Bezən ən qalıb hiss etdirir,
    Depresiyada boğub,
    Sonra xilas edirsən.
    Yuxusuz gecə və gündüzdən sonra
    Axşam 9 – a yatırdır,
    Səhər dağınıq evə oyadır,
    Sonra evin kimi
    həyatını yığ deyirsən.
    Bilirsən,
    Nə gələn var, nə gedən,
    Nə duyan, nə eşidən.
    Evdə tək olanda
    Gələn taqqıltı səsləri kimidir
    Həyatımda insanlar.
    Sanki kimlərsə var,
    Əslində isə kimsə yox.
    Mənim səliqəli yalnızlığım…

  • Bənövşə MAHMUDQIZI.”Pis Əmilər”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi

    Mənim gözəl donum var,
    Üstündə çiçəkləri
    Hərəsi başqa cürə
    Fərqli idi rəngləri
    İndi donum bulaşıb
    Toz olub, torpaq olub
    İndi donum bulaşıb
    Qan olub, çirkab olub.
    O əmi bulaştırdı
    Məni əlimdən tutdu
    Uzaqlara apardı
    Hər gizləndiyim zaman
    Məni anam tapardı
    Bu dəfə tapammadı
    Dadıma çatammadı
    Orda heç kəs yox idi
    Bir mən bir əmi idi
    Dedi ki gəl oynayaq
    Oynamaq istəmədim,
    O əmi pis əmidir
    Məni döydü ,ay ana
    Ağzım da tutmuşdu
    Qoymadı ki çığıram
    Mən anamı çağıram.
    Donum bütün qan olub
    Məni bağışla ana
    Allah baba yorulub
    Çatammadı dadıma
    Yolma o saçlarını,
    Yolma ay mənim anam,
    Söz verirəm sənə mən
    Daha pis əmilərlə
    Oynamaram, ay ana.
    Allah baba dedi ki
    Qorxma daha sən burda
    Pis əmilər qaldı anan olan dünyada.

  • Coşqun XƏLİLOĞLUnu doğum günü münasibətilə təbrik edirik! (27 Dekabr)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Yazıçılar Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Elnarə Qaragözovanın “Yunus Oğuz həyatı və yaradıcılığı” kitabı işıq üzü görüb

            Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Yunus Oğuz həyatı və yaradıcılığı” kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu seriyası”nın 36-cı nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 iyun 2022-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

            Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

            Monoqrafiya Yunus Oğuzun həyat və yaradıcılığına həsr edilib. Giriş, “Həyatı”, “Yunus Oğuzun poetik dünyası”, “Nəsr yaradıcılığı”, “Müstəqillik dövrü tarixi romanının yaradıcısı” və nəticə hissələrindən ibarət olan araşdırmada Yunus Oğuzun yaradıcılığı bütün aspektləri ilə araşdırılmış, onun yazıçı kimliyi və Azərbaycan ədəbiyyatında mövqeyi işıqlandırılmışdır. “İstifadə edilmiş ədəbiyyat”da Yunus Oğuzun əsərləri və haqqında yazılmış yazılar sistemləşdirilib.

             “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiya 118 səhifədən ibarətdir.

     Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərdə ilk könüllü batalyon yaradanlar, haradasız?!”

    Tahir  Yusif oğlu Mehtiyev 
                     ömrünü-gününü  Kəlbəcərinə həsr eləsə də...

    Təəssüf ki, bu günü görə bilmədi, çünki şərəfsizlər ömrünə qənim kəsilmişdi, onu da terrora məruz qoydular illər öncə…
    Vətənə vətəndaş olmaq üçün əsas şərt o deyil ki, orada yaşayasan, onun havasını udub, təşnələnmiş sinəni suyu ilə soyudasan, yağışında, tufanında, boranında donasan, dağlarının gədiklərində, qayalar başında heykələ dönəsən. Bunlar onsuz da hər kəsə həmişə nəsib olmayan (amma bir zamanlar yaşanmış) bəxtəvərlikdir. Çünki Vətənin hər daş-qayasını, çöl-çəmənini od baxışlarınla oxşayırsan. Deməli, Vətən daşının, qayasının mamırı olmaq qürbət həsrətini yaşamamaq deməkdir. Sevimli şairimiz Məmməd Araz məhz bu baxımdan Azərbaycan təbiətinin hər qarışını, gülünü-çiçəyini, çölünü-çəmənini misralarında çələngə çevirmişdir. Məmməd Aslan isə özünü «təbiətin süd qardaşı» saymışdır.
    Elin çoxşaxəli söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayanlar həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.
    İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
    Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
    Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
    Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
    KƏLBƏCƏR – sərvət yatağı
    Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
    Hələ 1996-cı il aprel ayının 1-də bir qrup kəlbəcərli ziyalılarla görüşündə Ulu Öndər bildirdi ki, Kəlbəcərin nəinki təbiəti, insanları da sərvətdir. Bu, elə-belə, ötəri yerə nitqinə gəlməmişdi Ümummilli Lider Heydər Əliyevin. Doğrudan da Kəlbəcər torpağında boy atanlar vətənpərvərlikləri ilə də tarix boyu seçiliblər. Bu yerlərin igid, cəsur oğulları, düşmənə sipər qəhrəmanları da az olmayıb. Məhz buna görə zaman-zaman Kəlbəcərə diş qıcayan ermənilər bu dərəyə – dağların qoynuna girə bilməmişdi, ta satqınların el-obalarımızı perik saldıqları o günlərə kimi…
    Tarixi və əlamətdar günlərimiz az olmayıb. Bunların sırasına yazılanlardan (əslində, mənim baxışımla) biri də11 dekabrdır. Əlbəttə, bu tarixi gün hər kəsin həyatında bir iz buraxıb gedib: kimisi dönüb ötən və itən illərinə boylanır – sevinib, yaxud heyfsilənməyindən asılı olmayaraq, kimi də gələcəyinin məhz bəlkə də bu gündən başlandığını güman edir.
    Mənim həyatımda həmin gün iki şəxsiyyətin özəl ömür səhifələrində mənalıdır. Bunlardan biri Ulu Öndərimiz Heydər Əliyev, o birisi isə Kəlbəcərdə dünyaya məhz bu gün gəlmiş, həyatını sevdiyi xalqına bəxş eləmiş, millətinin milli müstəqilliyinə qovuşmaq üçün mücadilə yoluna çıxmış və qəfildən yarıyolda qalmış Tahir Yusif oğlu Mehtiyevdir.
    Hər iki şəxsiyyətin adını ona görə qoşa çəkdim ki, onlar ömürlərini və yaşadıqları mənalı həyatlarını xalqına həsr etdilər, biri xalqının ümummilli lideri, Ulu öndəri kimi, o birisi isə…
    11 dekabr tarixi bəlkə də bəşəriyyətdə çox hadisələrin şahidi olub. Mən isə onlardan yalnız ikisinin üzərində dayanmaq istərdim. Birincisi, ulu öndərin qərib ellərdən Vətəninə, canı qədər sevdiyi xalqına verilən qara xəbər olmuşdu. Digərinin isə düz 60 il öncə dağlar qoynunda, böyük və ulu bir nəslin ocağında türk çocuğunun dünyaya gəlişindən sevinmişdilər…
    Bu, Kəlbəcərin Otaqlı kəndinin yubileylərini təmtəraqlı keçirə bilmədiyimiz Tahir Yusif oğlu Mehtiyev idi. 1954-cü il dekabrın 11-də Kəlbəcərin Otaqlı kəndində anadan olmuş, uşaqlıq və gənclik illərini Dikyurdda, Şirinbulaqda, Şişqayada, Bulanda, Göyçə gədiyində, Yaz yurdunda, Çanaqdaşda, Xəndəklərdə, Daşbulaqda, Ağbulaqda, Qazxanlıda, Qaraqayada, Yeddibulaqlarda, Alagöllərdə… saymaqla qurtarmayan yaylaqlarda, bulaqlar başında keçən Tahir Yusif oğlunun sonrakı ömür-günü barədə adi sözlərlə nəsə yaza bilmirəm.
    Qısa tanışlıq:
    Tərcümeyihalından sətirlər: Metiyev Tahir Yusif oğlu 11 dekabr1954-cü ildəKəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1972–ci ildə Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Neft və Kimya İnstitunda başa vurub.
    Gənc mütəxəssis kimi təyinatını Bakı Kondinsioner zavoduna veriblər. O vaxtlar institutda hərbi kafedra olduğu üçün oranı bitirənləri hərbi xidmətə aparmırdılar. Tahir Mehtiyev SSSRİ Müdafiə nazirinə müraciət edərək könüllü hərbi xidmətə yazılır. 1980-82-ci illərdə Rusiyanın İrkutsk vilayətinin Serçenko rayonunda hərbi xidmətdə olur və Vətənə baş leytenan hərbi rütbəsi ilə dönür. Sanki nə vaxtsa Vətəninə ixtisaslı hərbçi lazım olacağını bilirdi…
    O vaxtlar Bakıda gənc mütəxəssis kimi çalışmaq və ev növbəsinə yazılmaq hər adama nəsib olmurdu. Amma Tahir Mehtiyev Kəlbəcərə o qədər bağlı idi ki, Bakıdakı bu imkanları yox, doğulduğu torpağa qayıtmağı seçir.
    1983-90-cı illərdə o, “İstisu” mineral sudoldurma zavodunda, Kəlbəcər Rayon Elektrik şəbəkəsində, Kəlbəcər Rayon Sovetinin, və Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışır.
    Birinci Qarabağ müharibəsi başlayan gündən “Könüllülər” batalyonunu yaradır və Kəlbəcərin müdafiəsində fəal iştirak edir. 1993-cü ildən 1996-cı ilə qədər o, Kəlbəcər rayon hərbi komissarı, Şamaxı rayonunda hərbi komissarın müavini və nəhayət, Samux rayon hərbi komissarı vəzifələrində şərəflə xidmət göstərdi…
    TAHİR, istərdik dönək o illərə…
    Onunla uşaqlıq illərini keçirən dostları və tələbə yoldaşları, həmfikirləri belə həyacansız danışa bilməzlər. İstərdim dönək o illərə.
    … Dikyurdda yaylaqdayıq. Tahirgilən eyni məhəllədə (Çökək məhlədə) alaçıq qurmuşduq. Səhər, günorta, axşam dana-buzov qovurduq. Biçənəklərdəki min bir ləçəkli çül-çiçək zəmisini ayaqyalın-başaçıq dolaşırdıq. Ayrımın biçənək qoruqçuları bizim “nəfəsimizi kəsir” – dana-buzov “Düz bulağ”a enən kimi gəlib “atdöşü edərək” kəndə aparardılar. Biz də arxasınca 10-12 km yolu qaranəfəs qaçar və hətta şallaq yeyib, yalvarıb-yaxarıb geri qaytarardıq.
    Bu işlədə yolgöstərənimiz, hazırcavabımız, baməzəmiz, qaynayıb-qarışanımız Tahir olardı. Necə də bəxtəvərlər imişik, Allah! Atası, dili quran kəlməli Yusif dayının qonaq-qarası ocağının başından əskik olmazdı. Azərbaycanın, hətta Göyçəmizin hər yerindən dostları-qonaqçıları olardı. Bu ailə həm ziyalılığı, həm ağsaqqallığı, həm də səxavətliliyi ilə seçilərdi. Yusif dayının atası Mehti kişinin də adının gələndə arvad-uşağın özünü yığışdırmaları barədə az eşitməmişdik. Amma bu ocaqda sonradan dünyaya gələn uşaqlarda həmin zəhm hiss olunmurdu. Onlar kasıb kənd uşaqlarına özlərini elə sevdirmişdilər ki, hamımız onları çox istəyirdik. Böyükləri mənim gəlinbacım (əmim Əlinin ömür-gün dostu ) Şükufə xanım idi. Bacısı Şüşən, qardaşı, Zakir, Məhəmmədəli (sonradan eşitdik ki, adı Zahid imiş), Əbülfəs və sonbeşik Zərqələm idi. Anaları Gülzar xala xalq təbabətinin bilicisi kimi tanınırdı.
    Tahir Mehtiyev Azərbaycan Neft-Kimya İnstitunu bitirdikdən sonra hərbi xidmətdə zabit kimi qulluq etdi. İxtisasına uyğun Kəlbəcər Elektrik Şəbəkəsində (“İşıq İdarəsi” deyərdik) çalışırdı.
    Zaman və dövran dəyişdi. Bu yerdəyişmələrdə qanlı hadisələr qaçılmaz oldu. 70 illik sovet rejimindən qurtulmaq, azadlığın şirinliyini dadmaq üçün milli istiqlaliyyət uğrunda mübarizə başlayanda Tahir Mehtiyev də öndə gedənlərdən biri kimi sinəsini irəli verdi. Xalq Cəbhəsinin Kəlbəcər rayon şöbəsində 3-4 nəfərdən biri kimi tanındı. Bu, sadəcə, tanınmaq demək deyildi, Tahir Mehtiyev azadlıq aşiqi olduğunu hiss etdirir, stereotiplərə qarşı barışmazlığını ortaya qoyurdu.
    TAHİR doğulduğu yurdun, el-obanın müdafiəsinə qalxdı!
    Bu, həmin günlər idi ki, Kəlbəcər keçmiş imperiyanın işğalçılıq siyasəti nəticəsində təklənmişdi, yolları bağlı, sinəsi dağlı dağlarda hamı vahimə və qorxu içərisində idi. Məhz həmin günlərdə o, əyninə hərbi paltar geyinərək, silaha sarılaraq ermənilərin Kəlbəcərə hücumlarının qarşısının alınması üçün yaradılan yerli özünümüdafiə dəstəsində doğulduğu yurdun, el-obanın müdafiəsinə qalxdı!
    …Bu da Kəlbəcərin işğala məruz qaldığı günlər – 2-3 aprel 1993-cü il. Murovdağdan aşan yol da erməni vertolyotlarının nəzarəti altındadır. Kəlbəcərlilərin sonuncu ümid və nicat yolu da bağlanmaq üzrədir. Aşağı Qılınclı kəndində ev-eşiyini tərgidib, canını qaçırmaq istəyənlərin karvanının qarşısı kəsilib! Bakıdan intizar dolu ümid gözləyənlərin də ah-naləsi Tərtər çayına qarışıb axır. Tərtər daha nəğmə oxumur, namusunu erməni vəhşilərindən qurtarmaq üçün özlərini qayadan çaya atan kəlbəcərli qız-gəlinin dilindən söylənilən ağılar qulaqlarda uğuldayırdı. Birdən Tahir Mehtiyev haradansa peyda oldu və qışqırdı:
    -Satqınlar, alçaqlar, kəlbəcərliləri aldadan nadanlar bizi təklədi!!! Buraxın bu yazıq, yesir insanları, barı əsir düşməsinlər, girov aparılmasınlar!
    Lakin gec idi, çox gec… O, özü də inana bilmirdi ki, bu günə kimi “gözləyin, Bakıdan kömək gəlir, yerinizdə möhkəm dayanın!”,- deyənlər kəlbəcərliləri çıxılmaz vəziyyətdə qoysunlar. Axı, o, özü də camaata hər gün ürək-dirək verənlərdən biri idi. Həm də ona daha çox inanırdılar.
    Kəlbəcər Ərazi Müdafiə batalyonunun yaradıcılarından biri olduğu üçün ona daha çox inanırdıq. Baş-leytenant rütbəsi ilə oktyabr 1991-ci il tarixdən Azərbaycan Ordusunun ilk bölmələrindən olan Kəlbəcər Batalyonunun ilk qərərgah rəisi vəzifəsində fəaliyyətə başlamış, onun təşkilinə rəhbərlik etmiş Tahir Mehtiyev Ağdərə və Kəlbəcər bölgələrində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdi. 1992-ci ildən hərbi komissarlıqda xidmət göstərirdi.
    …İllər keüçdi, amma yel və quş qanadında yox…
    Kəlbəcərlilərin didərginlik illərinin uzunömürlülüyünü o görmədi… Nə yaxşı ki, görmədi. Ona görə “nə yaxşı” ki, biz çəkdiyimiz müsibətləri o çəkəmməzdi, dözəmməzdi!!!
    TAHİR üçün üzlər şırım-şırım, yanaqlar qan rəngli idi…
    Bu da 1996-cı il. Tahir Mehtiyevin 42 yaşının işığı… 60 yaş! Az yaş deyil! Amma, O, bu 60-ı yaşadımı?! Hiss etdikmi Tahiri ağsaqqal, müdrik yaşını?!
    Birdən işıqlar söndü. Hamı dəydi bir-birinə:
    -Ay aman, noldu? Ermənilər Ağdərədən söndürdü?!
    -Ə, yox eyyy, bu sönən işıq Tahirin qəlbininkiydi. Söndürdülər. Həmişə el-obaya işıq payladan, haradasa xəttə nasazlıq olsa özünü ora birinci yetirən Tahirin bu dəfə köksündən işıq yox, qan seli axırdı. Gəncə başdan-başa onun qanına bələnmişdi dedilər. İşıq yandırmaq olardı? Yusif dayının beli bükülmüşdü. Gülzar xala, çaş-baş qalmışdı. Qardaş-bacılar baxırdı evin başçısının üzünə. Həmişə ondan ağsaqqal sözü eşitmişdilər. Bu dəfə də hamının qara qanı axıb Tahir Mehtiyevin qıpqırmızı qanına qarışırdı: üzlər şırım-şırım, yanaqlar qan rəngli.
    Həmin günün gecəsiydi. Goranboyun Qızılhacılı kəndində Ayna xalamın da ürəyi dayandı. Bu, Tahirə sevgidən idi. Qızı Esmira Tahirin qardaşı Məhəmmədəlinin ömür-gün yoldaşı idi. Tahir özünü qohum-əqrabaya elə sevdirmişdi ki, həmin günlər kəlbəcərlilər mərsiyə deyir, sinə döyürdülər. Göygöl şəhərinin yenicə salınan Şəhidlər xiyabanında Tahir üçün son mənzil hazırlanmışdı. Onun tabutu Samuxdan Gəncəyə, oradan isə Göygöldəki Şəhidlər xiyabanına çiyinlərdə aparılırdı. Onda cüt balası Turalla Zülfiyənin ağlı hələ kəsmirdi nələr baş verdiyindən. Nə biləydilər ki, ataları birdəfəlik gedir, həm də ruha dönüb Kəlbəcərinə qovuşmaq üçün…
    Ömür-gün yoldaşın Südabə müəllimə sənin təsəllini onlardan və bir də qazanıb qoyub getdiyin xatir-hörmətdən alır, qardaş! Elə bildim ki, bu misraları Südabə müəllimə pıçıldayır, hamının eşitməməsi üçün. Axı, büküm-büküm olmuş ürəyinin yarasını kimsə görmürdü. Nə olmuşdusa ona olmuşdu. Bir də bu evin qapısını açmayacaqdın, könülləri oxşayan gülüşlərinə həsrət qalmışdı.
    Onda bu misralar gecə məni dara çəkirdi:
    Qınamayın məni, ellər,
    Bulaq tək gözüm ağlayır.
    Neçə ildir tapdaqdakı
    Dərəm, həm düzüm ağlayır.
    Nəsibimiz ağrı-acı,
    Tahir idi nəslin tacı.
    İllərdir ki, acı-acı
    Səbrlə dözüm ağlayır.
    Dərdim olub büküm-büküm,
    Budur qəlbimdəki yüküm.
    Necə yıxım, necə söküm,
    Dilimdə sözüm ağlayır.
    Yurdun sönən çırağına,
    Tarixin bu varağına,
    Paslanan yas-yarağına
    Ocağım, közüm ağlayır.
    Hanı Famil, ya Mirzəli,
    Bu yuxunun yox əzəli.
    Kəlbəcər dünya gözəli,-
    Tapdanan izim ağlayır.
    …İstəyirdim deyim ki, yaşasaydı 60 illik yubileyinə yığışardı qohumlar, dostlar… Təəssüf, amma, “yaşasaydı” kəlməsini dilimə gətirə bilmirəm. O, yaşayır! Tahir Mehtiyev daim yaşayacaq, həm də qürurla, bizi kimi – ölə-ölə, can çəkə-çəkə yox!!! O, düşməndən qisasını alıb getdi!
    Bir dəfə mənə qayıtdı ki, düşmənə nifrətimizi şeirnən necə deyə bilərsən? Mən şeir yazmadığımı deyəndə, həmişəki kimi, elə güldü, yanaqları batdı:
    -Bilmirəm ki, yazırsan-yazmırsan? Bax mən birini deyim, sən sonrasını düzəldərsən:
    Dönüb gözlərimdə yaşa,
    Axam Kəlbəcərdən ötrü.
    Övlad ola bilmədimsə,
    Yoxam Kəlbəcərdən ötrü!
    Allahım! Sanki şair deyirdi sinədən. Amma sonrasını demədi. Bilmədim ki, o birisi bəndləri də deyəcək, ya deyib. Sonrasını mənə tapşırdı. İllər keçəndən sonra həmin yarımçıq şeir belə alındı:
    Yığmışam dərdi ürəyə,
    Qəmnən əriyə-əriyə.
    Dönsəm də sümük-dəriyə,
    Toxam Kəlbəcərdən ötrü?
    Qurbanam dərə-düzünə,
    Döyməsin bizsiz dizinə.
    Düşməninin sağ gözünə
    Oxam Kəlbəcərdən ötrü.
    Bu gün – 11 dekabr 2014-cü il tarixində vətənpərvər igid, qorxmaz, cəsur kəlbəcərli zabitimizin, bir vaxtlar güvəndiyimiz Tahir Mehtiyevin 60 yaşı tamam oldu. Kim bildi, Allah!? Biz ki, belə laqeyd olmamışdıq! Yox, Tahir Mehtiyevi yaxından tanıyanlar üçün o, həmişəyaşar qardaşdır, sirdaşdır, dostdur, atadır, babadır…
    Ruhu narahat qardaş, mən də gecikdim sənin harayına! Bu dəfə də gecikdim. Dünən bu yazını yazıb qurtara bilmədim, ürək imkan vermədi. Bəlkə də bu, sonuncu yazımdır, bilmirəm. Amma yazmalıydım, yazdım! Yaza bilmədim, yazmaq istədiklərimin mində birini. Sənin dəfn günündə atan, rəhmətlik Yusif dayı hamımıza təsəlli verib deyirdi ki, oğul doğulur el-oba, Vətən üçün! Ağlamayın, Allaha xoş getmir! Sənin amansız, vaxtsız əcəlinin necə və haradan gəldiyini də bilmədik. Sən bir şəhid ailəsinə dayaq durmaq üçün tələsirdin, ya da əbədi yaşamaq üçün cənnətə qovuşmağa? Bu sualın cavabını kimsə verə bilməz…
    Bu da 27 sentyabr 2020-ci il!
    Vətən müharibəsinin başlandığı tarix!
    Və 8 noyabr 2020-ci il – Şuşamızın qala qapısında üçrəngli bayrağımızın dalğalandığı gün!
    Bu günü hamıdan, hər kəsdən (o dövr üçün) öncə sən istəyirdin, qardaşım! Ona görə də könüllülərdən ibarət batalyon yaratdınız. Sən də batalyonun qərargah rəisi idin! Kəlbəcərin 5 il mühasirədə qaldığı müddətdə ev-ailə, balalarının üzünə həsrət qaldın! Cəbhədaşlarından fərqli olaraq, Kəlbəcərin 1993-cü ilin qarlı-qanlı aprel aynın ilk günlərindən, hətta mart ayının ortalarından vəziyyətin ağır olğdunu görür və çıxış yolları axtarsan da, tapa bilmir, ikiəlli başınızı Aşağı Qılınclı kənd məktəbinin yaxınlığında, Kəlbəcərdən əli üzülən yurddaşlarının əliqoynunda qalan ağlargözlü karvanın qarşısında nə dayana bilirdin, nə də çəkilə, yol verə. Bakıya bağlanan ümidlərin də qırılmışdı. Murovdağın zirvəsində köməyə gəlmək istəyənlərin harayına yetə bilmirdi!
    Hirsin-hikkən qəlbini parçalayır, yumruqların düyünlənmişdi. Anlayırdı səni kəlbəcərlilərin: tək qalmışdın meydanda!
    …O günlərdən bizi 30 ilə yaxın vaxt ayırır, Tahir!
    Bu gün Kəlbəcər də azaddır, kəlbəcərlilər də. Çünki uşaq vaxtı ayaqyalın dolaşdığın yerlərdə sənin ayaq izlərini axtarır Tural balan! Şirinbulaqda əmin Yəhya dayının əlləriylə düzəltdiyi, 28 il quruyan, suyu kəsilən bulağın gözünü doğmaların açanda bizim də gözlərimizdən axdı həmin su. İndi Şirinbulağın qonaq-qarası doğmalarıdır – Elman, Elnur, Elməddin Vaqif oğlular, Müzəffər, Seyfəli, Habil, Əfsəl, Qoşqar – bacın oğlanları, Seyfəli – əmin oğlu… Bircə Mirzəli yoxdu. Hələ də gözləyirik ki, qeybdən bir səs gələcək: “mən hələ də əsirəm, girovam, xilas edin məni”.
    Samaya anasının gözləri yollara dikili qaldı, ötən ilə kimi. Elə bilirdi ki, Kəlbəcərdədir Mirzəlisi… Təəssüf… bax beləcə, itirə-itirə gedirik.
    Yamanca ağır dərddir, qardaş! Amma, artıq şükr edirik ki, şərəfimizi erməni daşnaklarının tapdağından xilas etdik. Ruhun, bilirik, Kəlbəcərin səmasındadır, məzarın Göygöldəki Şəhidlər xiyabanında olsa da…

  • Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərdə mayası sözdən yoğrulanlar”

    ŞADMANOVLAR
    Kəlbəcərdə mayası sözdən yoğrulanlar
    Klassiklərimiz etiraf ediblər ki, Söz adamı barədə yazmaq həm çətindir, həm də asan. Onların adi həyatdan kənarda bir özgə dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə nə isə deməyə bir çox hallarda cəsarət etmir…
    Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa – çeşməyə bənzədənlər də səhv etməyiblər. Bulaq yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsil və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən süzülüb, qaynayıb-daşır.
    Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına daha tez tanıdır və oxudur.
    Bununla yanaşı, təəssüf ki, bəzən ədəbi aləmdə hiss olunan pərakəndəlikdən girəvəbazlar “məharətlə” istifadə edir, söz yığınından ibarət mədhiyyələr yazır, hətta, qalın-qalın kitablar da buraxırlar. Bu, ilk baxışdan o qədər də qəbahət sayılmır. Çünki illərlə xalqımızın istedadlıları senzuraların paslı qıfılı altında saxlanıb və sıxılıblar. Amma o da var ki, həmin “bolluğun” içərisində baş Sözün yanında boş sözlər də az olmayıb. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsər”lərin “müəllif”ləri xalqımızın Söz salnaməsini yaratmaq və qorumaq məsuliyyətində və qabiliyyətində deyillər.
    Onu da bəri başdan deyək ki, Kəlbəcərdə doğulanların şeir yazmasına, qafiyəli danışmasına təəccüblə baxmayıblar. Bu mənada haqqında söz açmaq istədiyimiz Şadmanovlar ailəsində də istedad tanrıdan gəlmə, ilahi vergi kimi qəbul edilib.
    Ailənin ağsaqqalı Yunis müəllimdir. Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsində 1940-cı ildə anadan olub. 1961-1966-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. 1988-ci ilə kimi Kəlbəcər rayonunun Zivel kənd orta məktəbində çalışıb. Bədii yaradıcılığa hələ erkən yaşlarından, əslində, tələbəlik illərindən başlayan Yunis müəllimin şeirləri “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” antalogiyasında dərc edilib.
    Yunis müəllimin 5 övladı var. O, dörd oğlundan ikisinin (Əkrəm və Nəsimi) Vətənin keşiyində zabit kimi dayanmasından qürur duyur. Yaradıcılığı əsasən klassik aşıq şeirlərindən (divani, qoşma, gəraylı və s.) ibarət olan Yunis müəllimin və oğlanları Bəxtiyarla Nəsiminin könül duyğularından səhifələnən bir toplu var qənşərimdə: “Yoğrulmuşam Kəlbəcərdə”. Kitabın bütünlüklə məziyyətlərindən söz açmaq fikrində deyiləm. Lakin nümunə çəkəcəyimiz şeirlərin fəlsəfi yükünün altına çiyinlərimizi verməyə çalışacam.
    Öncə xatırladım ki, buradakı şeirlər basmaqəlib deyillər, baxmayaraq ki, klassik janra daha çox yer ayrılıb. Çox hallarda müəlliflər düşünməyiblər ki, hansısa beyt və ya misra qəlibə sığmayır. Qəlibə sığmayan azad Söz isə fikri daha aydın və rəvandır, müxtəlif yozumlar daşıyır ki, bu da oxucunu düşündürür, fikrinin yüz yerə haçalanmasının fərqinə varmağa məcbur olur. Deməli, əsl qələm sahibləri oxucusunu düşündürməyi və məna ilə məzmunun bir-biri tamamlamasının fərqində olmasını bacarır. Yunis müəllimin “Heyf” rədifli qoşmasına diqqət yetirsək, fikrimizi aydınlaya bilərik:
    Dərdlərin böyüyü mənimdir, mənim,
    Qoyuldum hədəfsiz kamana, heyf.
    Özümdən kəsildi özümə qənim,
    Canlar həsrət qaldı canana, heyf.
    Nə qədər yurdumdan yoxdu xoş soraq,
    Yüklənir çiynimə qəm qalaq-qalaq.
    Cansıza can verən loğmana bir bax,
    Möhtacdır bir udum dərmana, heyf.
    Şimşəklər oynadı başımın üstə,
    Mənasz il gəldi yaşımın üstə.
    Yunusam, qayıtsam daşımın üstə,
    Yuvama demərəm viranə, heyf!
    Göründüyü kimi, şair bu qoşması ilə dərdlərini, yurd ağrılarını – kəlbəcərsizlik həsrətini qoşalaşdırıb. Demək, bədii yaradıcılıq nümunələri, əslində, milli-mənəvi dəyərlərdəndir. Çünki, heç bir əsər təsadüfdən yarana bilməz. O, yarandığı dövrün ictimai hadisəsinin ifadəsidir. Burada da şair yağılar tərəfindən yağmalanan yurdunun həsrətini dilə gətirir və əgər o yerlərə dönəcəksə, dağıdılmış, tar-mar edilmiş, külü göylərə sovrulmuş yurdunu viranə adlandırmayacağını dilə gətirir. Yunis müəllimin adıçəkilən kitabda yer alan lirik ağrıları janr etibarı ilə də fərqlənir. Bir gəraylıya da diqqət yetirək:
    İnsan oğlu al-qumaşa
    İstəyir ki, bükə dostu.
    Gəda gəlib keçsə başa,
    Hesab etməz tükə dostu.
    Əfsanədir dövlət-var da,
    Sınaşasan boran, qarda.
    Səni qoyub qaçar darda,
    Şirin loxma, tikə dostu.
    Şəmiloğlu üzə gülməz,
    Qəddin əyməz qədirbilməz.
    Dil desə də, ürək gəlməz,
    İmtahana çəkə dostu.
    Əlbəttə, məqsədim yalnız Yunis müəllimin yaradıcılığından ətraflı söz açmaq deyil, bu ailənin timsalında kəlbəcərlilərin ilahi vergili olmasını bir daha dilə gətirməkdir. Bu ailədə ikinci qələm adamı kimi tanınan Bəxtiyardır. Bəxtiyarı digər ailə üzvlərindən fərqləndirən xüsusiyyətlər azdır. Kəlbəcərə, doğma ailəsinə (ata-anası başda olmaqla, qardaşlarına və bacısına, eləcə də əmisigilə, Kamran müəllimin balalarına) olan sədaqəti ilə seçilir. Hərdənbir səbirsizliliyini də hiss etmək mümkündür ki, bu da onun haqsızlığa dözümsüzlüyüdür. Bütün bunlarla yanaşı, Bəxtiyar söz və könül adamıdır, duyğusaldır, hissi güclüdür. 1977-ci ildə müəllim ailəsində Kəlbəcərdə anadan olub. 1984-cü ildə Kəlbəcərdə 1-ci sinfə getsə də, orta məktəbi doğulduğu doğma yurdda deyil, didərgin düşdüyü 1993-cü ildə Murovun bu üzündə bitirib. Uzun müddətdir ki, Xırdalan Pivə Zavodunda çalışır. İctimaiyyətçidir. Kəlbəcərlə bağlı bütün ictimai, bədii-kütləvi tədbirlərdə iştirak edir. Onun da şeirləri ”Kəlbəcər dünyası: yüz şairin bir kitabı”nda dərc edilib.
    Atası kimi, oğulun da əzəli-əbədi dərdi, dilinin acılı-şirinli kəlməsi doğma yurd-yuvadan perik düşməsindən, o yerlərin həsrətindən boylanan qəm-möhnətdən yoğrulub. Bunu hiss eləmək o qədər də çətin deyil, Tanrısına xitabən yazdığı “Kəlbəcərə göndər məni” qoşmasında olduğu kimi:
    Dünyanı yaradan Tanrı,
    Kəlbəcərə göndər məni.
    Dəlidağın zirvəsində
    Bir qayaya döndər məni,
    Kəlbəcərə göndər məni.
    Orda yoxluqdan qorxmuram,
    Burda toxluqdan qorxuram.
    Qartal üçün darıxıram,
    Ağlat məni, güldür məni,
    Kəlbəcərə göndər məni.
    Vurğun dolaşan dağlara,
    Ötən-itən o çağlara.
    Yetir məni bulaqlara,
    Dirilt məni, öldür məni,
    Kəlbəcərə göndər məni.
    Bəxtiyara olub zülüm,
    Yolları kəsibdi zalım.
    Mamır olub daşda qalım,
    Sən yuvama endir məni,
    Kəlbəcərə göndər məni.
    Bəxtiyar Yunusoğlunun şeirləri sadə dildə yazılsa da belə, onun hər sətrinin altında bir fəlsəfə yatır. O, sözü bir-birinə söz xatirinə calamır, qafiyə qovmur, çox güman ki, qələminə gələnlər xəyalının dolmuş buludundan damanlardır – dumdurudur, çünki göylərin göz yaşıdır. O, əslində, şeir yazmaq üçün oturub dirsəyini dizinə söykək eləmir, gözləri yol çəkdimi, dumanlı xəyalında səfi pozulmuş durna qatarına bənzər misralarını görür. Əl uzadıb onları bir sıraya düzür, elə bilir ki, bu durnaqanadlı qatarla doğma yerlərə yollanacaq:
    Eli köçmüş yurda bənzər,
    O haldayam, ağrın alım.
    Ruhum hər an yurdu gəzər,
    Xəyaldayam, ağrın alım.
    Ləl yatağım Kəlbəcərdi,
    Vətənsizlik dərd, kədərdi.
    İndi yuvam Biləcərdi,
    Gör hardayam, ağrın alım!
    Fəna dünya dəyirmanı,
    Üyüdüb çox pəhləvanı.
    Bəxtiyaram, hər bir anı
    Zavaldayam, ağrın alım.
    Günah olardı xatırlamasaq ki, qardaşların hər birinin saza-sözə mehr-məhəbbəti çoxlarına nümunədir. Əslində, qardaşların hər bir keyfiyyəti örnəkdir. Bəxtiyarın qardaşlarından biri də sazı sinəsinə basanda din-imana qovuşan Cavanşirdir. Məlahətli səsiylə incə zərif barmaqları pərdələrlə eyni ruha köklənəndə telli saz zilli-bəmli yandırıb-yaxır. Elə Bəxtiyarın da kövrələn anlarında ona poeziya diliylə müraciəti bundan irəli gəlir. Bax, bu da bir ailənin musiqili dünyasıdır: yazan, saz çalan və ifa edən bir ailə. Gözdən-nəzərdən uzaq olsunlar… Bəxtiyar yazır:
    Cavanşir, qardaşım, bir “Dilqəmi” çal,
    Ömrüm körpəlikdən qəm içindədi.
    Gen düşəndən ellərimdən, obamdan,
    O gündən gözlərim nəm içindədi.
    Gün-gündən əriyir qəlbimin yağı,
    Sinəmə çəkibdi namərdlər dağı.
    Bir də geri dönməz ömrün gənc çağı,
    Elə bil varlığım şəm içindədi.
    Bəxtiyaram, sinəm hədəf, dərdim ox,
    Nə yerdəyəm, nə göydəyəm, məkan yox.
    Müəmmadı, mənzil yaxın, kirə çox,
    Amalım sirli sitəm içindədi.
    Vətənə zabit kimi qulluq edən mayor Nəsimi Şadmanov isə mayor qardaşı Əkrəmdən bir qədər fərqli mövqeyi ilə seçilir, baxmayaraq ki, qulluq göstərdiyi hərbi xidmətdə də o, üzərinə düşən Vətənə xidmət borcunu layiqincə, şərəflə yerinə yetirdiyi üçün saylıb-seçilir (Əkrəm Şadmaov kimi) və komandanlıq tərəfindən dəyərləndirilir. Az-az hərbçi tapmaq olar ki, ruhunda poeziya yuva qursun.
    Tanıyaqmı cənab şair-zabitimizi? 1981-ci ildə Kəlbəcərin Zivel kəndində dünyaya göz açıb. 1987-ci ildə Ziveldə orta məktəbə getsə də, həmin doğma məktəbin məzunu olmaq çoxları kimi, ona da Nəsimiyə də nəsib olmayıb. Kəlbəcər erməni-rus qoşun birləşmələri tərəfindən 1993-cü ildə işğal ediləndə onların da ailəsi doğma yurd-yuvadan perik düşüb. Bir müddət Göygöl rayonu ərazisində sığınacaq tapıblar. Sonralar Xırdalana köçüblər. Nəsimi də Xırdalanda sığınacaq tapan Kəlbəcər 20 saylı orta məktəbin səkkizinci sinfini 1994-cü ildə, C. Naxçıvanski adına hərbi liseyi 1998-ci ildə, H. Əliyev adına Ali Hərbi Məktəbi isə 2002-ci ildə bitirərək Hərbi Akademiyada təhsilini davam etdirib. Nəhayət, o, cəbhə bölgəsində Vətənə xidmətə yollanıb. Hazırda Vətənə zabit kimi qulluq göstərən Nəsiminin də qələmindən şeir-sənət nümunələrinin süzülməsi ilk növbədə gendən, soy-kökdən gəlmə ilahi vergisidir. Nümunə üçün Nəsimi Şadmanovun qardaşı Bəxtiyara ünvanladığı bir qoşma-məktuba nəzər salmaq kifayətdir deyək ki, o, əsl söz adamıdır – qəlbi poetik duyğularla silədir, bulaqdır:
    Mən sənlə həmişə fəxr eyləmişəm,
    Yalan niyə deyim düzə, qardaşım?!
    Qohum yüz olsa da, bunu bilmişəm,
    Dəyərsən əlliyə, yüzə, qardaşım.
    Acı günlər gördük şirin həyatda,
    Şirin loxma yedik kasıb büsatda.
    Acılı-şirinli bu kainatda
    Acı yedirmədin bizə, qardaşım.
    Sınmadın zamanın məngənəsində,
    Gəzərkən tayların eşq həvəsində.
    İtirib-tapsan da hər dəfəsində,
    Döymədin heç zaman dizə, qardaşım!
    Qibtəylə baxırlar çoxları bizə,
    Gəlməsin ailəmiz nəzərə, gözə.
    Nəsimi, deyilən acı, düz sözə
    Hər kəsə gərəkdir dözə, qardaşım.
    Nəsiminin Bəhmən Vətənoğluya ünvanlı bir qoşmasına da diqqət yetirək:
    Bəhmən əmi, niyə elə deyirsən,
    Hamıya bəllidir, bil, sənin ağlın.
    Bir aləmdi, bir şeirdi, bir də sən,
    Salır ürəklərə xal sənin ağlın.
    Sən arifsən, sən alimsən, sən loğman,
    Sözlərin hər kəsə olubdu dərman.
    Ürəklər odlara qalanan zaman
    Qaynayan bulaqdır, sel sənin ağlın.
    Nəsimi söyləyir səndə gördüyün,
    Bu nə ahdı, bu nə ufdu, bu nə ün?!
    Söz mülkündən bürcü-qala hördüyün
    Dilsizə gətirər dil sənin ağlın.
    … Məncə, əlavə şərhə ehtiyac yox. Şairlik iddiası olmayan bir ailənin üç nəfərinin şeir-sənət nümunələrindən kiçik bir sovqat ərmağan eləmək istədik…
    Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların payına və qismətinə düşüb. Bu, əlbəttə, şərəfli missiyadır. Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlara yazılıblar, klassikləşiblər. Onlara qısaca belə ad vermək olar: ədəbi söz mülkünün sahibləri. Şairlər ailəsi kimi tanınan Şadmanovlar da məhz belələrindəndir – barmaqla sayılanlardandır. Ata və iki oğul yalnız başçısı olduqları ailədə deyil, ədəbi mühitdə də Söz sahibi kimi tanınırlar.
    Əlbəttə, bir məqalədə üç el şairinin yaradıcılıq nümunələri sayılacaq şeirlərini təhlil etmək imkanımız xaricindədir. Yunis müəllim başda olmaqla (necə ki, bu gün nəslin başbiləni kimi sayılıb-seçilir, qədir-qiyməti bilinir, qulluğunda dururlar), bu ailənin qələm və söz adamlarına yaradıcılıq uğurları və doğma yurda qovuşmalarını diləyək.
    Məhəmməd NƏRİMANOĞLU

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.Yeni şeirlər

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    İR YORĞUN YOLÇUYAM

    Taleyin yolları çox yorur məni,
    Seçə də bilmirəm ağı qaradan.
    Dünyaya gələndən dərd yumağıyam,
    Neynirdi yaradıb məni Yaradan?!

    Dərdlərin ilməsin ha sökürəmsə,
    Deyən yox hansını istəsən seç, get.
    Allaha üz tutub yüz arzu dilə,
    Tale sən deyəni demirsə keç, get.

    Bu dünya mənimçün bir qəm yuxusu,
    Alıb qucağında yelləyir məni.
    Deyəsən yerin də açıq yaxası,
    Şum edib min yerdən belləyir məni.

    Çatdıra bilmirəm fikirlərimi,
    Qalıram yer ilə göy arasında.
    Kağız da, qələm də durub qəsdimə,
    Məni bişirirlər söz yarasında.

    Bir yorğun yolçuyam, xurcunumsa boş,
    Əlimdə balaca söz çomağım var.
    Mənim kipriyimdə tale yüklü daş,
    Mənim can çuxamda dərd yamağım var.

    Ay ötən günlərim…

    Bilmirəm haraya uçub getdiniz,
    Yanımdan gizlicə keçib getdiniz,
    Bir uzaq mənzilə köçüb grtdiniz,
    Hərdən harayıma yetən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    İndi qırov düşüb iziniz üstə,
    Kimsə qovrularmı közünüz üstə,
    Niyə durmadınız sözünüz üstə,
    Ömrümdən tökülüb itən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Həsrətli baxışım soraqlar sizi,
    Üşüdər hardasa sazaq, qar sizi,
    Ürəyim həmişə arzular sizi,
    Sinəmdə dərd kimi bitən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Saçıma qar kimi yağıb getdiniz,
    Hansı bir ömrəsə sığıb getdiniz,
    Nəcibə nə dedi, çıxıb getdiniz,
    Məni tərk eyləyib atan günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    2014……

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    * * *

    Şirin ümidiylə, aldanışıyla,
    Bir sevgi qapımı döyür yenə də.
    İndidən görürəm saçda ağ dəni,
    Qərib harayı var yenə sinədə.

    Hicran oyanmasın, ümid sönməsin,
    Qəm xəbər tutmasın,kədər dönməsin,
    Dözərəm, mənim də anam ölməsin,
    Qorxmaram bu yolda olan tənədən.


    Nimdaş təsəllidir şirin sözlərin,
    tavanı sökülmüş uçuq bir damam.
    Elə qalayıb ki, oda gözlərin,
    Qorxuram əriyib ovcuna damam.

    Üzümə bağlanıb xatirə qapım,
    Öləm-ürəyimdən keçməz bu sitəm.
    Keç get, atam oğlu, mən gül deyiləm,
    Hər bahar bir çəmən qoynunda bitəm.


  • “Bəlkə də, elə tək çarə yazmaqdı….” – Nargis 

    Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

    İsmayılova Nərgiz Rəfail qızı (Nargis)

    Tanrılogiya

    Acınacaqlı çığırtı səsləri ilə dolub daşan kabusları Qaianı yuxu üzünə həsrət qoymuşdu. Yuxularındakı çığırtının haradan gəldiyini anlaya bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi. Altı gün idi ki, mərhələ-mərhələ bir anlayış yaranırdı beynində. 6 gün idi ki, yuxularında yasəmən meşələrində gəzişirdi.

    Meşənin dərinliklərinə doğru irəlilədikcə çığırtı səsləri getdikcə çoxalırdı. Yıxılırdı, diz çökürdü Qaia. Ruhunu sarmaşıqvari burulğanlar sıxırdı… Bütün beyin hüceyrələrini uşaqkən kəndlərindəki ala kərdilərdə gördüyü sarı alaq otları basırdı sanki… Həmin alaq otları getdikcə sıxırdı təfəkkürünü… Düşüncələrinin bütün şirəsini sorurdu… Düşüncələri inkişafsız qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan qırıq-qırıq həyat kadrlarından ibarət idi, bir anda içinə dığırlandığı bu tanış olmayan dünya.

    O gün də belə oldu. Azərlə danışanda yenə özünü bu yeni dünyanın ağuşunda hiss etdi.  Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq cümlələrlə ona da çatdırmağa çalışdı. Danışmağı sevmirdi. Əslində hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək, müzakirələr aparmaq doğrudan da çox çətin idi…

    Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq kimi önəmli idi. Bu zaman insanın ciyərlərinə, düşüncələrinə, ruhuna oksigen dolur… Həmin gün də tələsik şəkildə düşüncələrini yönləndirirdi ona. Azər onun da eynilə buna bənzər hislər yaşadığını və bunu mütləq yazmalı olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik asmışdı. Niyə yazmalı idi? Çünki bəlkə də, elə tək çarə yazmaqdı…. Daha nəhəng çoxluğa, multi qatlara, bəlkə də elə meta yoxluğa meydan oxumaqdı yazmaq… Qaia bir zamanlar tramvalarını yazan əsgərləri xatırladı. Yazmaq insanı rahatladırdı. Bir növ, terapiya idi yazmaq… Bununla bağlı bir neçə elmi araşdırma oxumuşdu zamanında…

    Yazmağa elə bu zərif tramvasından başlayacaqdı.

    İlk öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan yuxularını yazmaq istəyirdi… Yasəmənli meşədən başlayacaq idi yazmağa… Nə idi onu meşəyə sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O çığırtı nə idi bəs? Gerçək idi elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə bağırırmışlar kimi hiss edirdi… Bilirdi ki, araşdırmalar 180 desibelin raket atılarkən raketin verdiyi səs gücündə olmasını müəyyən edib. Buna məruz qalmaq isə sadəcə dəhşətdir…

    Bu, yasəmənlərin çığırtısı idi? Yasəmən ağaclarını kəsirdilər?

    Qaia bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq. Qan, tər içində qalırdı yuxularında. Ağlayırdı. “Kəsməyin, yasəmən ağaclarını!” deyərək yalvarırdı… Yasəmənlər kəsilirdi… Hun çayının suları bənövşəyi rəngə boyanırdı… Qaia  gah çaya, gah da meşəyə çırpırdı özünü. Heç kim əl saxlamırdı. Torpağın ürəyi səksəkədə idi, az qalırdı köksü çıxsın yerindən. İy və dad bilməsini itirirdi Qaia. Günəşin yanıq qoxusunu, yasəmənlərin qanının iyini  hiss etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə isə dəyişirdi. Paralel dünyayamı sıçramışdı ruhu?

    Hun çayı getdikcə özünə deltalar yaradırdı… Bu yeni dünya daha Hakslinin dediyi kimi cəsur deyildi… Bu dünya başını itirmişdi, qudurmuşdu.

    Yasəmənlər kəsilirdi…

    Hun çayının rəngi artıq hər zaman yasəmən rəngində olacaq – deyirdi gümüş saçlı adam. Gözlərimi qamaşdıran bir nur qüzehli qişa əzələlərimi yığaraq bəbəyimi daraldırdı.

    Kim idi bunlar? Adlarını xəbər almaq üçün ağzımı güclə açdım… Hamısının adı eyni idi… Onları sadəcə rəqəmlər fərqləndirirdi…

    Gümüş 1, Gümüş 2, Gümüş 3…

    Robotlaşmış təxəyyülün məhsulu bu sistem məni ürküdürdü…

    Gümüş 1 içlərində ən zəhmli olanı idi… Ağacları eyni sürətdə kəssələr də, o sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.

    -Çiçəklər insanlığın düşmənidir – dedi Gümüş 1…Gözlərində zəhmqarışıq biclik bərq vurdu.

    -Gümüş 2: Bəli, ilk olaraq  gözəl qoxu anlayışı deyiləndə çiçəklər, bitkilər yada düşür…

    -Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl edir… İnsanlıq tənbəlliyin daşını atmalıdır… Günəş yanır… Vaxta az qalır. Birazdan tamamilə yanıb kül olacaq… Yeni günəşlər tapmalıyıq…

    -Gümüş 1: Ulduzları yandırmağın zamanı çatıb… Bunun üçün bütün dünyadakı şəffaflıq yox edilməlidir… İlk olaraq sular boyanmalıdır… Bütün yasəmən ağacları kəsilməlidir.

    Qışqırmağa başladım…

    -Bunları kəssəniz tamlıq və vəhdət itəcək…

    -Gümüş 1: Hahahaha…Sentimental, melanxolik düşüncə yağışı…Yasəmənlər və vəhdət anlayışı? Gözəllik nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə çevrilib?

    -“Gözəllik ayrı -ayrı elementlərdə deyil, birinin digərinə, yəni ələ görə bütün barmaqlarının, biləyə görə əlin, bütün qola görə ön qolun və sonda bütün hissələrin digərlərin görə ahəngdar nisbətində olmalıdır”- deyib Eko…

    -Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər –Bubululular üçün doğrudurmu?

    -Bu nə soyuqqanlılıqdır? Gözəllik nə vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik xilas edəcək… Gözəl qoxular, rahiyələr, dadlar…Qadınlar…

    Gözəllik tanrıçası Afroditaya əsaslanan Hesiod, o kəs ki, eramızdan əvvəl VIII əsrdə yaşayıb, gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir.Hesiodun fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var idi. Xaosun qızı Nyks və oğlu Erebosdan (yəni Yeraltı) və Eros (yəni Eşq) dünyaya gəldilər və xaosu gözəllik  əvəz etdi. Buna görə kainat gözəlliyin təcəssümüdür.

    -Gümüş 3: Yas və Minin faciəsini unutmusunuz deyəsən?

    -Elə  bir faciə yoxdu… Kim yazıb onu? Esxil? Sofokl? Evripid? Jan Rasin?

    -Gəl sənə bunu danışım… Sonrasına özün qərar ver… Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et…

    Mifologiyaya görə Küknar meşəsinin ən gözəl xanımları Yas və Minin şöhrəti bütün Bibl və Ya ellərində dillərdə dastan imiş. Bir gün Ya elinin kralı Qrenyun Küknar meşəsində ova çıxır. Nağıl edilir ki, Qrenyun bütün heyvanların dilini bilirmiş və ovda ikən dincəlmək üçün söykəndiyi xarabalıqda bayquşlardan iki gözəlin hekayətini eşidir.  Kral ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin sorağına çıxacağına and içir.

    Bəşəriyyətin tarix boyu axtardığı şey həmişə gözəlliyi tapmaq və onun arxasınca qaçmaq olub. Ancaq gözəlliyi, gözəli tapmaq təəssüf ki, heç kim üçün kifayət etməyib və hər zaman ən gözəlinə çatmaq hədəflənib.

    Bu səbəbdən də, ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib Bibl elinə tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir almazlarını da Hermes markalı çantasında özü ilə götürür. “Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni “ruhların bələdçisi” adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur”.

    Bibl elinə varid olduqda, günəşlə yarışacaq parlaqlıqdakı almazları satmağa başlayır. Öncədən öyrətdiyi adamlar şaiyə yayırlar ki, bəs Bibl kralının sarayında heç belə almazlar yoxdur. Bu almazlar Bibl kralının bütün  xəzinəsinə bərabərdir. Almazların şöhrəti və söz-söhbət krala çatır. Əyan-əşrəfə söz verir ki, o almazları günü bu gün xəzinəsinə daxil edəcək. Bibl Kralı İsgəndər, Qrenyunu hüzuruna dəvət edir. Nə and-aman edirsə, tacir almazları satmır ki, satmır. Nəhayət kral kor-peşman soruşur ki, almazlara qarşılıq nə istəyir? Nə istəsə, söz verir ki, verəcək.

    Çünki artıq Bibl kralının sözü yerə düşürdü. Əyan-əşrəf kralın sözünə etimad göstərməyib, fısın-fısın danışır, onu lağa qoyub, xısın-xısın gülürdülər. Kral hər şeyi görürdü… Verdiyi sözdən peşman olsa da, “Sonrakı peşmançılıq fayda vermir”…

    Ya Kralı Qrenyun da belə fürsəti əldən verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini  deyir. Bu, kralı qəhərləndirir. Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən birini vermişdi… Bu dəfə isə bu sözü Ağ saraydakı böyük məclisdə əyan-əşrəfə vermişdi…

    Beləliklə Yas və Min Ya elinin tacirinə (əslində kralına) hədiyyə olunur. Qrenyun bic-bic gülür. Artıq bu iki gözəl xanım sayəsində Ya elinin gözəlliyi analarına, igidliyi atalarına bənzəyən dillərə dastan oğul və qızları doğulacaq idi. Qrenyun  Yas və Mini karetasına əyləşdirib Ya elinə doğru getməkdə olsun. İndi sizə xəbər verim Yas və Mindən. Ata-analarından, sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə zorla qopardılan qızlar xiffət çəkirdilər. Yol boyu gözlərindən damlayan yaşlar hər yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün gül-çiçək solurdu. Bu bənövşəyi göz yaşları bütün sevgini, gözəlliyi, xoş rahiyələri yuyub yer üzündən silirdi. Keçdikləri hər oylağı quru çölə çevirən göz yaşları yavaş-yavaş bütün insanların mənəvi keyfiyyətlərini də özü ilə qeybə doğru çəkib aparırdı…

    Qrenyun keçdiyi ellərin zümrüd yaşılı oylaqlarını boş, çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan çalışırdı. Mal-mülk toplamaq həvəsi, hərislik yağırdı bütün insanlardan. Bu yaxşıdırmı? – Düşündü Qrenyun… Bibl ellərinin torpaqları Qrenyuna cəhənnəmi xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə bunları görməmişdi? Bunun səbəbini öncəliklə hədəfinə çatmağa konsantre olmasında görürdü. Artıq hər şeyi əldə etmişdi. Bəlkə də ona görə, Bibl elləri ona belə sıxıcı gəlirdi. Bəlkə bu iki gözələ görə gözünə gözəl gəlmişdi, ya da diqqətindən yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə çatanda kral qızları hərəm ağasına tapşıracaq, özü isə qalibiyyətini qutlayacaqdı. Onun göstərişi ilə qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə çatan kimi kral düşündüklərini icra etdi…

    Hərəm ağası gözlərindən bənövşəyi rəngdə incilər tökülən Yas və Mini görəndə, öncə bu gözəlliklər qarşısında bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya döndü. Yas və Minin ayaq qoyduğu hər torpaq, könül səhralaşırdı. Adətə görə Yas və Min kralla görüşdən öncə 7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə uyğun təlimləndirilməli idilər. Bu 7 gün içində vaxtını eyş-işrətdə keçirən kral  fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa başlayıb. Artıq söz-söhbət hər yeri bürümüşdü. Bibl elinin iki gözəli gecə-gündüz inci kimi göz yaşları tökürdü. Bütün güllər solurdu, quşlar bala çıxarmır, bülbüllər cəh-cəh vurmurdu. Xalq ayağa qalxmışdı. Qrenyundan onları geri göndərməyi, ya da öldürməyi tələb edirdilər. Bibl elində də vəziyyət eyni idi. İnsanlıq getdikcə məhv olurdu. Qrenyun bütün bunlara o qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.

    Qrenyun gecə olanda hərəm ağasını yanına çağırdı:

    -Mənə qızları gətir – dedi.

    Hərəm ağasının sir-sifəti eybəcər hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan narahat olmağa başladı. Bəlkə də bu qızlar həqiqətən də cadugər idilər?

    Sonra bu düşüncəsini özündən uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm ağasının qapını taqqıldatması Qrenyunu gerçək dünyaya qaytardı.

    Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət göz bəbəkləri ağrıdan sızıldadı. Yavaş-yavaş gözlərini açdı. Qarşısında elə bil iki pəri qızı dayanmışdı. Bunlar, nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər. Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rahiyəsi bütün qoxuları əsir edirdi. Gözəllikləri bütün gözəllikləri  qurudurdu. Qrenyun tez boynundakı ametist daşını sığalladı. Bunu ona atası hədiyyə etmişdi. Bu daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə idi ki, belə yaraşıqlı kişi görürdülər. Qul və kəniz kimi gətirildiklərini düşünən gözəllər kralın sevimlisi olacaqlarını gördükdə, bütün qadınlarda olduğu kimi, onların da kralla birgə olduqda üzlərində güllər açmağa başladı.Təklikdə isə yenə qan-yaş tökməyə davam etdilər.

    Qrenyun qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu yeddi ildə 14 övladı oldu. Hər biri elə bil bir ay parçası idi. Qrenyun 7 ilin sonunda saraydan çıxanda Ya elini viran qalmış gördü. Elə bil şəhəri qurdlar yemişdi. Hər yer deşik-deşik idi. İnsanlar xəstəliklərdən əziyyət çəkirdilər. Bir-birlərinə gülmür, danışmır, xeyirxahlıq etmirdilər. Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti qalmayıb. Xarabalıqlar içində qalan Ya elinin xalqı Qrenyunu söyüb, daş-qalaq edirdi. Atılan bozumturaq kasıb daşlarının təsirindən, bahalı Ametist ovulub yerə tökülmüşdü…

    Canını zorla xilas edən kral atasına, elinə xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə sürükləyən gözəlliklərdə gördü. Yas və Mini öldürməyi qərara aldı. Bütün Ya eli kimi kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, “cadugərlərə ölüm!” deyə-deyə küçədə böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur. Kral onları məhv edəcək… Gözlərindən qan, yaş tökməyə başladılar. Göz yaşları sel, su olub, tonqalı söndürdü. Bütün Ya eli su altında qaldı. Qrenyun daxil, bütün Ya əhalisi tələf oldu. Övladlarını və Qrenyunu itirən Yas və Min özlərini selə buraxdılar.

    Ya elinin məhv xəbəri Bibl elinə çatdıqda, özlərini tələsik kömək üçün ora çatdıran xalq təəccübdən yerindəcə donub qaldı. Ya elinin yerində xoş rahiyəli bənövşəyi güllərlə dolu ağaclar ucalmışdı. Bu güllər elə gözəl idilər ki, qoxuları elə möhtəşəm idi ki, Bibl eli bir də yurd-yuvasına qayıtmadı. Ömürlərini bu ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə başladılar. Bütün gün o ağacların altında oturub, uzaqlara zillədilər gözlərini. Əkin-biçin olmadı. Evlərdə yemək bişmədi. Kotanlar işləmədi, mal-qara sağılmadı… Nəhayət, Bibl və Ya yox oldu…

    “Ey ölü – Osiris, keşişin açdığı gözünə,

    Horusun gözünün nurunu qoyuram. Ey ölü – Osiris, saçlarına Horusun gözünün işığını qoyuram…»

    -Yasəmən lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!

    -Bu nə cəhalətdir belə? Necə yəni, ya sən, ya mən? Bu inancdır axı, özü də batil… Bunun heç bir elmi sübutu yoxdur.

    -Gümüş 1: Bəli, elə düşünürsən. Ona görə ki, o, sənə mifologiyadan danışdı. Əslində Bubu planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə, ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən sübut ediblər. Hər gün ortalama  neçə qadın öz gözəlliyinə vaxt ayırır, bilirsənmi? Buna həm vaxt, həm də maliyyə gedir. Gözəllik sadəcə hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.

    -Belə düşünmürəm, gözəllik ruhu qidalandırır. Auranı kamilləşdirir…

    -Gümüş 1: Harada yazılıb bu?

    -“Misirin ölülər kitabında”…

    -Gümüş 1: Ölülər, ehhh… ölülər? Kimə lazımdır axı ölülər…Yox olmuş əzgin ruhlar…

    -Gümüş 2: Bəs bunu kim deyib sənə? Gözəlliyin ruhu qidalandırdığını? Yasəmən ağacının seksuallığı nəhəngləşdirən ətrinin zəhərindən xəbərdarsan bəlkə də…

    -Müqəddəs kitablar… Hansı seksuallıq?

    –Gümüş 2: Sizin yaradllışınızın qaranlıq səbəbi. Acınacaqlı… Və sizin zəifliyiniz, hahaha….

    -Gümüş 1: Bax insan, biz artıq öz kitablarımızı yaratmışıq.

    -Hansı kitablardır onlar?

    -Gümüş 1: “Transhumanologiya”, “Tanrılogiya”…

    -Anlayıram… Tanrı da yasəməni yaradıb…

    -Gümüş 3: Hansı Tanrı? Sən hər şeyi qarışdırırsan ey dost!

    -Mən sizin dostunuz deyiləm… Siz qəddarsınız…

    –Gümüş 3: Əslində siz insanlar daha da qəddarsınız! Bizdən qat-qat daha çox…

    -Gümüş 1: Anlaya bilmərsən bizi və kitablarımızı. Bunu bilmək üçün gizli Gümüş əlifbasını öyrənməli, kitabı xüsusi kodlarla beyninə ötürməlisən. Bu isə sizin kimi insanlara açıqlanmayıb.

    -Bizim kimi? İnsanları məncə çox aşağı görürsünüz…

    -Gümüş 1: Görmürük. Sadəcə, artıq kainat dəyişib…

    -Bəs Tanrılogiya nədir?

    -Gümüş 1: Bunu mən izah edə bilmərəm… Bu, Tanrının əlindən tanrılığını almaq elmidir. Bir növü öz planetlərimizin tanrısına çevrilmək amalıdır. Nəyə görə öz evimizin ağalığını başqasının əlinə verək? Niyə başqasının qanunları ilə idarə olunaq? Onun verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda sürüklənək?

    -Tanrıya qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan olunub.

    -Gümüş 1: Öz müqəddəs kitablarımızın varlığından danışdım axı… Görürsənmi, gözəllik vaxt itkisidir? Bayaqdan sənə nələrisə izah etməyə saatlar ayırmışam. Sənsə heç nə anlamamısan… Beynini məşğul edən bircə məsələ var, o da yasəmənlərdir…

    -Saatlar? Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik…

    -Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan artıqdır. Siz köhnə nizamın insanları zaman anlayışının əks olunmalarını duyursunuz. Biz isə zamanın özünü idarə edirik.

    Tələsik saata baxdım. Doğurdan da, 10 saata yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki, halsızlaşıram… Yüz faiz aclıqdan təzyiqim düşmüşdü…

    ***

    “…Ancaq Paraklet gələndə səni bütün həqiqətə yönəldəcək. Çünki öz-özünə danışmayacaq. O, nə eşitsə, deyəcək və gələcəkdən xəbər verəcəkdir”. (Yuhanna, Bab16, ayə: 13)

    Günəşin şüaları gözlərimi qızdırırdı… Nədənsə oyanmaq istəmirdim. Yuxularıma qayıtmağı arzulayırdım. Dünyada yaşadıqlarım ürəyimə, beynimə, ruhuma ağır təsir etmişdi. Ağzıma qədər dolmuşdum. Hər an daşacaqdım. Bəzən intihar ən doğru seçimdir deyirdim. Nəsə olsa intihar edərəm deyirdim öz-özümə. Bunu belə unudulmamaq  üçün etmək istəyirdim bəlkə də. Bəzən “Alacaqaranlıq”dakı kimi adrenalinli şeylər etmək keçirdi könlümdən, bəlkə də itmiş məni, görərərəm deyə düşünürdüm. İtirmək… itirə-itirə yüksəlmək, böyümək, ölmək… İtirmənin ağrısı, uzaqlaşana doğru böyüyən istəmə daha çox arzulama ehtirası… Bir vaxtlar sənin olana qarşı duyulan darıxmaq hissi…

    Yasəmən ağaclarının çığırtıları ilə dolub daşan yuxularım, ağrılı röyalarım məni özünə tərəf amansızca dartırdı. Ağlar antidepresantlar, sedativ tərkibli dərmanlar qəbul edib yatmaq istəyirdim. Dünyanın, dünyamın dəyişən nizamını dərk etmirdim. Məişət qayığlarım, sosial rifahımı təmin edəcək uydurmalarımla keçən saatlarım… Hər dəfə qarşıma qoyduğum məqsədlərim, aşdığım dağlarım… Hər çatdığım məqsədin, reallaşan arzumun ardında gizlənən daxili sızıltılarım. Xoşbəxt ola bilməmələrim. Bilirdim, artıq hər şey dəyişəcəkdi. Bundan sonrası bundàn əvvələ qətiyyən bənzəməyəcəkdi. Yuxularımdan dünyaya uzanan körpünün üzərində dolaşan başıpozuq ruhumun rahatlığa qovuşması lazım idi. Ya o tərəflik, ya da bu tərəflik olmalı idim. Bilirdim ki, hər gün dəyişirəm. Texnologiyanın hər zərrəmə hakim olduğu dünyada mən sentimental abdal kimi dolanırdım. Tutmuşdum yuxularımın gümüşü kəndirindən, sürünürdüm daxilimdəki boşluğu dolduracaq ümidin arxasına.

    İnsan kimdi? Mən kiməm? Bir gün insan dərk edəcəkdi əslində nə üçün dünyaya göndərildiyini… Dünya ilğımvari ekzotikası ilə ruhumuzu əsirlərdir əsir özünə əsir edir. Keçici gözəlliklərə alüdə ruhumuz xəstələnib. Süstləşib ruhumuz. Gözlərimiz çuxurunda böyüyüb. Rəngimiz avazıyıb. Dizlərimiz taqətdən düşüb. Qulaqlarımızın biri durmadan cingildəyir. Biri bizi çağırır… Tanrımı? Bubulularmı? Şeytanmı? Xaronmu?

    Xaronu da bezdirmişdi bəlkə də Tanrı…

    Tanrı kifayət qədər hakimiyyət sürməyibmi? Sıra bizdə idi bəlkə də.. Boşunamı yaradılmışıq? Doğulub, yetkinləşib, yeyib, sekslə məşğul olub, çoxalmaq və ölmək üçünmü?

    Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da  körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?

    “Nə bəxtiyardır sülh carçıları!

    Çünki onlar Tanrının  oğulları adlanacaqlar”.

    Maqdalalı Məryəmlə tər içində sevişdikdən sonramı söyləmişdi bunu İsa?….Niyə katoliklər sevilməyə layiqlik nəzəriyyəsini fahişə və həyat yoldaşı kimi iki kateqoriyaya bölürdülər? Biri xəyanət, digəri sədaqət, biri zəfər digəri məğlubiyyətmi?

    Yuxuma girirdi hər gün İsa… Elə hey Çobanla danışırdılar…Ortaq yol yox idi… Mən idimmi meraca gedən, yoxsa İsa idimi mənə gələn?

    “İsa: “Tanrı təkdir”!

    Çoban: “Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün”.

    Yuxularımla beynimə bir nəqqaş ustalığı ilə işlənən kodlar məni zəhərləyirdimi?

    Bubulularla keçirdiyim ekzotik dəqiqələr (yaxud saatlar) məni tanımadığım, iyini, dadını, əhval-ruhiyyəsini bilmədiyim bir boyutamı aparırdı?

    Kim idi bu Bubulular?

    Bubu planetin sakinləri idilərmi?

    Yoxsa bir yığın mutantmı? Yoxsa bir beyin ilğımı, halüsünasıyamı… Çox gerçək idi yaşadıqlarım. Bunu hiss edirdim.

    “Paskalın qumarı”ı nəzəriyyəsini  tətbiq edəcəyəm yuxularıma… Nəzəriyyəyə görə Allaha inanmaq inanmamaqdan daha sərfəlidir. Allah həqiqətən var olsa, sonsuz mükafatlar qazanacaq, mövcud olmadığı təqdirdə isə heç bir itkimiz olmayacaq. Real dünyadan qopuşlar yaşayırdım. Daxilən mənəviyyata, gözəlliyə olan meylim və həm də Tanrıya içimdəki qırğınlığım, qəzəbim… Yeni Tanrımı yaradılacaqdı? Tanrını insanmı yaradacaqdır? Bu dəfə oyun tərsinəmi olacaqdı?

    Tanrımı insanı yaratdı, insanmı Tanrını?

    Bubulular hansı idi? Tanrımı, insanmı, mutantmı?

    Mən kim idim? Niyə mən? Mən də Xaron idimmi? Ruhların keçidində dayanan bədbəxt Xaronmu?

    Yox mən icra edə bilməzdim bu amansız vəzifəni… Xəyallarım var mənim…Doğrudan, hardadı indi onlar? Niyə artıq xəyal qura bilmirəm. Xəyal qurduğum hər şeyə axtarış çubuğu ilə asanca çatmırammı? Nəyə lazımdı artıq xəyallar? İnsan da, Tanrı da, Bubulular da gülmürdümü xəyallara? İnsan olmaq həm də xəyal qurmaq, darıxmaq, sevmək də deyildimi? Niyə getdikcə utanırdıq hislərimizdən?

    Yoxsa texnologiyanın belə sürətli inkişafı dünyanı, mənəviyyatı mədəniyyəti çıxmaz girdaba sürükləyir?

    Yoxsa xilas doğrudan da yüksək elmi naliyyətlərdə, nanotexnologiya, metatexnalogiyalarla gələcəkdi?

    Tanrının taxtını fəth etmək istəyənlərə ağuşunu açacaqdımı o? Qəbul edəcəkdimi məğlubiyyəti?

    Yoxsa onları yenəmi cəzalandıracaqdı?

    Bircə qiyamətdəmi görünəcəkdi gözlərə? Onda da ən nəhəng dağıntı üçünmü? İnsanın qiyaməti nə zaman başlayır? Bütün bunlar əslində domino təsiri deyilmi?

    “Yaxın Şərqdə İslam ölkələrində ərəb baharı adlanan siyasi-ictimai hərəkatlar buna gözəl nümunədir. 2010-cu ildə Tunisdə xalq üsyanı şəklində başlayan ərəb baharı bir çox ölkədə xalqın hökumətlərə qarşı üsyanı ilə inkişaf edərək Misir, Liviya, Yəmən, Suriya kimi ölkələrə də sirayət edib”.

    Bubuluarın yaratdığı yeni sistem Tanrının milyonlarca əsrdir qurduğu nizamı pozacaq, dəyişdirəcək, metanəzəriyyəyə çevirib, idarə olunan edəcəkdi.

    …Daxilimdəki böyük qaranlığı oyadırdı bu yuxular və mən hər gün bir az daha sürüklənirdim ona doğru. Yatmaq istəyirdim… Onları görmək onlarla dolaşmaq, onlardan öyrənmək…Amma bircə yasəmənlərə dəyməyəydilər kaş…

    Yasəmənlər mənim uşaqlığım idi…İlk şilləsini  it laləsi deyilən, yanağında iri qara xal daşıyan o çöl çiçəyini dərdiyi üçün yemişdi Şəbnəm. Mən ilk dəfə onda qorxmuşdum. Gücsüz tək hiss etmişdim. Evdə danışmamışdıq bu məsələni… Zəif görünəcəkdik. Mən idim ən böyükləri. “Balıq başdan qoxar” deyəcəkdi yenidən  “atalar”…

    Lənətləmişdim o kişini… Həmin il ağır əzabla ölmüşdü. Sevinmişdim. Ölümə sevinmişdim. Hələ də ona nifrət edirəm bir yabani çiçək üçün körpəyə qalxan əllərinə…Bəlkə də elə it laləsi lənətləmişdi onu… Mən inanırdım lənətlərə…

    Qabil Habilin qardaşı olduğu kimi Osirisin də düşməni və qardaşıdır.  Ra ilk dəfə Misir torpağını işıqlandırandan bəri Xeyir və Şər bir-birinə meydan oxuyur.

    Bir gül üçün nifaq, müharibə, nifrət yaranırdı…

    Bəlkə də bütün gözəlliklərin məhvinə dair düşünclərində haqlı idi Bubulular… Tanrı da belə etmirdimi? Mələklərin ən gözəlini lənətləmədimi? Bəs Liliti?

    “Səndə heç bir  təqsir yoxdu, allahlardır bunu edən.

    Fəlakətli hərbə onlar göndərmişlər axeyləri”.

     “Ədəbiyyat və incəsənət”

    (23.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    SİZİ

    Verin dərdi dərd üstündən,
    Gülüb yandıracam sizi,
    Qanlı yaşı gözlərimdən
    Silib yandıracam sizi.

    Həm savab, həm suçum ilə,
    Gedirəm qəm köçüm ilə,
    Dərdimi öz içim ilə
    Bölüb yandıracam sizi.

    Şər işləri nə danmadız,
    Nə pislikdən usanmadız,
    Yaşadım, mənə yanmadız,
    Ölüb yandıracam sizi.

    QƏLƏMƏ DƏYMƏ

    Təmiz qəlbin, saf niyyətin yoxdusa,
    Zəhmətin az, umacağın çoxdusa,
    Tamahın bol, nəfsin iti oxdusa,
    Qələmə toxunma,
    Qələmə dəymə!

    Daşlı yollar, aşırımlar keçməmiş,
    Yurd dərdini şərbət kimi içməmiş,
    Bərəkətə, torpağa and içməmiş
    Qələmə toxunma,
    Qələmə dəymə!

    Yolunda qıymasan öz ürəyini,
    Nə incit, nə də ki üz ürəyini.
    Didib-dağıtmırsa söz ürəyini,
    Qələmə toxunma,
    Qələmə dəymə!

    XEYRİNƏ

    Bir eşqin odundan əriməkdəyəm,
    Yaşasam, fayda yox, ölsəm, xeyri nə?!
    Əl götürdüm bu dünyanın varından,
    Qəmi seçdim bir sevdanın xeyrinə.

    Dünya körpü, gəlmisən ki, keçəsən,
    İcazə yox taleyini seçəsən.
    Köçəndə də şəhid kimi köçəsən,
    Can verəsən min insanın xeyrinə.

    Kimsə qalmaz dünya adlı daxılda,
    Açılacaq bütün sirr də, paxır da,
    Ay Namiq, ha çalış, vuruş, axırda
    Bir-sıfırdı bu dünyanın xeyrinə.

    ÜSTÜNDƏN

    Yanına bir yol çəkirəm
    Çəkdiyim ahın üstündən.
    Yol gedirəm axşamların,
    Min-min sabahın üstündən.

    Ahdan qala hörə-hörə
    Ruhum ucalır göylərə,
    Adladım da sənə görə
    Nəfsin, tamahın üstündən.

    Enməzmisən bir yol mənə,
    Həsrətinə şükür yenə.
    Ucalmısan göy üzünə,
    Savab günahın üstündən.

    Sən kimsən, nəsənmiş, ey vah!
    Əfv et məni, əfv et, Allah!
    …Sənə gələ bilmərəm, ah,
    Keçib Allahın üstündən…

    TİKƏMİZİN DUZU YOX

    Tikəmizin duzu yox,
    Şitlikdən yorulmuruq.
    Çalxalandıq yüz kərə,
    Arınıb durulmuruq.

    Ömür yolumuz ağ qar,
    Həyatımız lal axar.
    Döyməli başımız var,
    Başımıza vurmuruq.

    Namiq, söz demək artıq,
    Söz kara gəlmir artıq.
    Yatsaydıq, oyanardıq,
    Ölmüşük ki, durmuruq.

    ALLAH

    Sən qurduğun dünyanı,
    Bir kimsə yapmaz, Allah!
    Sənin düz yaratdığın
    Yolundan sapmaz, Allah!

    Körpə durmaz qucaqda,
    Bir gül bitməz torpaqda,
    “Hə” deməsən, yarpaq da
    Budaqdan qopmaz, Allah!

    Namiq heç başa yetməz,
    “Ol”! – desən, necə bitməz?!
    Səni tapan itirməz,
    İtirən tapmaz, Allah!

    AYAQ ÜSTÜNDƏ

    Nələr çəkdiyimi bir Tanrı bilir,
    Durmuş başımızın oyaq üstündə.
    Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
    Dayanıb bircə cüt dayaq üstündə.

    Mənliyi, qüruru qoru həyatda,
    Əfəli, acizi sevmir həyat da.
    Yad qızıl axtarır yurdumun altda,
    Biz də günümüzü sayaq üstündə.

    Ay Namiq, bu dünya gəlməz amana,
    Meydan vermə, meydan oxu yamana.
    Sürünə-sürünə gəldim cahana,
    Ölümə gedirəm ayaq üstündə.

    NƏ YAXŞI Kİ…

    Nə yaxşı ki,
    Gözə görünmürsən,
    Nə yaxşı ki, “laməkan”san,
    Əlçatmazsan, İlahi!
    Yoxsa
    Ayağından çəkərdi yaratdıqların.

    YAĞIŞ

    Yağış
    Göylərin göz yaşıdır,
    Bulud dənəsi deyil.
    Göylər
    Göz yaşı tökür
    İnsanın sevinməsi naminə.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XIV hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Anlaya bilirdik bir-birimizi,
    Küssək də,
    Sussaq da duya bilirdik.
    Yıxıb tökdüyümüz,
    Dağıtdığımız
    Hər şeyi yerinə qoya bilirdik.
    Bəs niyə olmadı?
    Nəydi olmayan?
    Daş dediyin ürəyim də
    Gördünmü qırıldı axır?
    Həvəsim qalmayıb
    Qol qaldırmağa,
    Yoruldum axır.
    Pəncərəmdə hirsli külək,
    Ürəyim qorxudan əsir.
    Bəs bir də olmasa…
    Dilim qurusun,
    Günün
    İt ulayan qaranlığında
    Ağlımda bu fikir
    Neynir, nə gəzir?

    * * *

    Səni harda başladım?
    Harda bitirdim səni?
    Çıxdım ürəyimin qapısınacan,
    Ötürdüm səni.
    Yolun yaxın olmasın.
    Nə doğmamsan, nə yadım,
    Əllərini üz, dedin,
    Ümidini kəs, dedin,
    Kəsdim,
    Yeddi qapıya payladım.
    Azın, çoxun qalmasın.
    Ruh deyilsən, can deyilsən,
    Həvəssən, bədəndən çıxdın.
    Elə də sevmədim səni.
    Ürəyimin zirvəsinə
    Hərdən çıxdın…
    Eh! Mənim də gizli-gizli
    Darıxmağım olmasın.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XIII hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Və bir gün qarşına bir adam çıxa

    Və bir gün qarşına bir adam çıxa,
    Elə oyanasan yuxundan elə
    Gördüyün yuxular yadından çıxa.

    Və bir gün qarşına bir adam çıxa,
    Əridəsən hisslərinin qarını.
    Açasan qəlbini bir sərgi kimi,
    Tək – tək göstərəsən duyğularını.

    Və bir gün qarşına bir adam çıxa,
    Bircə baxışından səsini duya.
    Səni bu dünyada bəlkə, bəlkə də,
    Atandan, anandan artıq tanıya.

    Və bir gün qarşına bir adam çıxa…
    Gözlərimdə ürəyimin səsi var.
    Boğazacan yığılmışam, İlahi,
    Səbrimin tükənmək təhlükəsi var.

    * * *

    Nəsə savab iş görmüşəm,
    Sən çıxmısan qarşıma.
    Elə yarımcan qalmışdım,
    Tam çıxmısan qarşıma.
    Sən yüz ildi gözlədiyim
    Adsız, bədənsiz ruh ikən,
    Bu boyda, bu biçimdə
    Can çıxmısan qarşıma.
    Bu nə möhtəşəm gəlişdi,
    Ürək qırmızı çadırda,
    Gözlərimdə xeyir işdi-
    Həm düşmüsən ürəyimə,
    Həm çıxmısan qarşıma.
    Nəsə savab iş görmüşəm,
    Sən çıxmısan qarşıma.

  • Arzu HÜSEYN.Yeni şeirlər (IX hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Axırda sən qaldın mənə,
    Gözlərimi zillədiyim
    Yola baxan pəncərə.
    Bu ərköyün payızın,
    Ən ərköyün yalqızı,
    Ən kədərli adamı,
    Elə mənmişəm demə.
    Milyon kərə silmişəm
    Göz yaşımı pərdənə,
    Yola baxan pəncərə…

    * * *

    Elə-belə nə uzağıq, nə yaxın,
    Bu nə nizam, bu nə qayda bilmirəm.
    O hələ də mənim üçün yad axı,
    Mən hələ də onun üç­ün heçkiməm…

  • Arzu HÜSEYN.Yeni şeirlər (VIII hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Günəş tək uzağım, od təki istim,
    İnkarım, olmazım, yetərim, bəsdim,
    Mən sənin ömründə adicə səsdim,
    Sən mənim qəlbimdə həzin şeirdin.

    Bilmədin sirrimi, demədim mən də,
    Eləcə döyündü qəlbim sinəmdə.
    O şahlıq taxtından məni görəndə,
    İlahi, nə gözəl gülümsəyirdin.
    Sən mənim qəlbimdə həzin şeirdin…

    33
    Son yazdığım şeir idi o gecə,
    Təyyarə edib pəncərədən attığım.
    Son xəyal idi səninlə qurduğum,
    Ruhumda yaşattığım.
    Son idi içdiyim o qədəh də,
    Elə o zəng də son idi.
    Saat sabaha işləmişdi,
    Göy üzü dan idi.
    Nə deyim ötüb keçən ömrə,
    Borcumuz yox bir-birimizə.
    Qıfılladım bəxtimin açarın,
    Tulladım mavi dənizə.
    Heç də bədbin deyiləm,
    Fəlsəfəyəm büs-bütün.
    İnanmırsan bax gözlərimə,
    Bədənim külqabıdır,
    Ruhumsa tüstü, tütün…

  • Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI.”Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı”

    Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başladı. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

    Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ümummilli Liderin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

    Bu fikirlər Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

    1969-cu il iyulun 14-də Sovet Azərbaycanının ictimai-siyasi həyatında baş vermiş tarixi dəyişiklik – ömrünü bütünlüklə öz xalqının köklü maraqlarının gerçəkləşməsinə xidmətə həsr etmiş yurdsevər soydaşımız, təşəbbüskar və yüksək enerjili milli kadr Heydər Əliyevin respublikanın ali siyasi rəhbəri vəzifəsinə gəlməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə bağlı elmi və mədəni-təşkilati fəaliyyətin sürətli və genişmiqyaslı canlanmasına səbəb oldu.

    Ana dili, ədəbiyyat, tarix, musiqi, rəssamlıq, memarlıq, xalçaçılıq, xalq yaradıcılığı və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi o vaxtdan ümummilli lider missiyası ilə fəaliyyətə başlayan Heydər Əliyevin ən yüksək qayğı və diqqəti ilə himayə olundu. Aradan keçən yarım əsrlik dövr çoxminillik tariximizə yeni tipli milli-mənəvi intibah kimi daxil oldu.

    Ötən əsrin 70–80-ci illərində müdrik və uzaqgörən bir rəhbər kimi Heydər Əliyevin Azərbaycanda yeritdiyi siyasətin tərkibində xüsusi yer tutan humanitar istiqamət məhz belə bir iqlimin yaranmasına səbəb oldu. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan verdi. O illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərəçarpacaq bir dalğalanma yaratdı. Heydər Əliyevin siyasi himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş uzunmüddətli bir mübarizə və mücadilənin əsasını qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi.

    Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəlki onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları respublikada yaranmış münbit zəmindən nəşət taparaq, elmi toplantılarda, ədəbi-mədəni yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi.

    Mənəvi yaddaşın və milli özümlülüyün bərpası İçərişəhər, Şuşa, Ordubad, Gəncə memarlıq komplekslərinin milli qoruq elan edilməsindən, qədim xalçaların muzey-qoruğa (“Xalça muzeyi”nə) cəmləşdirilməsindən, sazı-sözü, muğam sənətini, xalq mahnılarını və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların (Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Pəri Məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, “Muğam teatrı”, “Dastan teatrı” , “Ozan-Aşıq Muzeyi”) yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyasda təbliğindən (folklor festivalları, saz bayramları, “Bulaq” və “Ozan” verilişləri, qəzet və jurnallarda folklor səhifələri) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi. Artıq 70-ci illərin ortalarından soy-kökə, milli kimlik məsələlərinə, tarixi qaynaqlarla bağlı problemlərə təkcə alim, müəllim və tələbələrə məxsus ixtisas auditoriyalarının yox, bütün ziyalı təbəqələrinin, o cümlədən gənclərin xüsusi həssaslıq göstərdiyi duyulmaqda idi.

    Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1978-ci ildə akademik Həmid Araslının nəşrə hazırladığı “Kitabi-Dədə Qorqud” kitabı böyük tirajla çapdan çıxdıqdan az sonra sürətlə satılıb qurtarmışdı. Eyni sözləri həmin illərin digər elmi və kütləvi folklor nəşrləri (“Koroğlu”, “Azərbaycan dastanları”, “Aşıq Ələsgər” və s.) haqqında da söyləmək mümkündür. Kütləvi informasiya vasitələrində folklor irsimizin təbliğinin xalq tərəfindən böyük maraq və rəğbətlə qarşılanması o illərdə radio və telepoçta gələn məktubların sayından da görünməkdə idi. Belə ki, 1975-ci ildə radionun “Bulaq” verilişinin ünvanına həftə ərzində 100–150 məktub daxil olmuşdur. 1979-cu ildə “Ozan” verilişinin həftəlik poçtu daha yüksək göstərici (150– 200 məktub) nümayiş etdirmişdir.

    “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetlərinin, “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Kənd həyatı” jurnallarının poçtunda da xalq yaradıcılığı ilə bağlı materiallar xeyli yer almışdır. Bütün bunlar 70-ci illərdə folklor işinə ümumxalq miqyasında həssaslığın səviyyəsini müəyyənləşdirmək baxımından böyük tarixi-mədəni əhəmiyyətə malikdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969–1982) folklorun təbliği, nəşri və tədqiqi istiqamətində həyata keçirilən iri miqyaslı tədbirlər bır qayda olaraq onun şəxsi təşəbbüsü, birbaşa sərəncamı və qayğısı sayəsində mümkün olmuşdur.

    Ulu Öndərin respublikaya rəhbərliyini birinci dövrü bir tərəfdən sistemli və sanballı folklor nəşrlərinin vüsət alması ilə səciyyəvidirsə, başqa bir tərəfdən də xalq yaradıcılığı ilə bağlı təşkilati tədbirlərin – aşıqların qurultaylarının çağırılması, “Koroğluya qayıdaq” rubrikası altında silsilə ozan-aşıq tədbirlərinin, dastan axşamlarının təşkil edilməsi, böyük xalq sənətkarlarının yubileylərinin keçirilməsi, xalq istedadlarını üzə çıxaran folklor festivallarının, sonralar ənənə halını alan və Azərbaycan musiqi mədəniyyətinə bir çox istedadlar bəxş edən məşhur “Xan bülbül” müsabiqələrinin təşkil edilməsi və s. ilə əlamətdardır. Azərbaycan Respublikasının mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük əksəriyyətində Heydər Əliyev vaxt taparaq özü şəxsən iştirak etmiş, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən ürək sözlərini söyləmiş, xeyir-duasını vermişdir.

    Şübhəsiz ki, respublikanın başında duran birinci şəxsin belə bir mövqe nümayiş etdirməsi həm bu tədbirlərin təşkilatçı və iştirakçılarını, həm də sözün geniş mənasında, xalqı ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı gücləndirmişdir. O illərdə respublika rəhbəri tərəfindən “Xalqın istedadı, onun yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm tapmışdır” – fikrinin söylənilməsi heç də təsadüfi deyildi. Heydər Əliyevin söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi.

    Həmin illərdən başlayaraq folklor problematikası elm və bədii yaradıcılıq təşkilatlarının fəaliyyətində aktiv şəkildə gündəmə daxil oldu. Elə buna görə də o vaxtdan etibarən elmi idarə və tədris müəssisələrində türk mifologiyası və qədim türk epos mədəniyyəti, xüsusən də “Kitabi-Dədə Qorqud”la bağlı elmi müzakirələr keçirilməyə başlandı, problematik məqalələrdən ibarət toplular nəşr edildi, eposun elmi-tənqidi mətninin hazırlanması ilə əlaqədar vacib elmi-nəzəri işlər görüldü. H.Araslı, M.H.Təhmasib, M.Seyidov, F.Zeynalov, T.Hacıyev, S.Əlizadə, Ş.Cəmşidov, E.Əlibəyzadə, B.Abdulla və başqa tədqiqatçıların bu sahədəki elmi fəaliyyəti gücləndi. Azərbaycan folklorşünaslığının ən mötəbər tədqiqatçılarından olan M.H.Təhmasibin “Azərbaycan xalq dastanları (orta əsrlər)” (Bakı, Elm, 1972) adlı sanballı monoqrafiyası da bu dövrün məhsulu oldu.

    “Qobustan”, “Azərbaycan”, “Ulduz” jurnallarında, “Azərbaycan filologiyası”, “Filologiya məsələləri” məcmuələrində türk mifoloji düşüncə sistemi, tarixi-etnik yaddaş, soykökə qayıdış, milli kimlik probleminin folklor və etnoqrafiya mədəniyyətimizdə inikası məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin ardıcıl şəkildə çap olunması da elmi-mədəni həyatın milli ovqatını əks etdirirdi. 70-ci illərdən start götürən Dədə Qorqud hərəkatı qarşıdan gələn onilliklərin Qorqud elmi məkanına çevrilməsini təmin edə bildi: Azərbaycan qorqudşünaslığı bir-birinin ardınca abidənin kamil mətnlərini nəşr etdi, Dədə Qorqudla bağlı sistemli araşdırmalar ortaya çıxdı.

    Qorqudşünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş Sovetlər İttifaqı miqyasında deyil, beynəlxalq səviyyədə də Azərbaycanda mərkəzləşdi. Qorqudçuluq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltaraşlar, kinematoqrafçılar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu “Dədə Qorqud” filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan bu gözəl kino əsəri Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.

    Qorqud ruhunun, milli ideyaların, oğuz mənəvi-estetik dünyasının yenidən xalqa mənimsədilməsində “Dədə Qorqud” filmi ilə yanaşı, M.Abdullayev, F.Əliyev, M.Avşar və başqa tanınmış rəssamların Dədə Qorqud motivləri əsasında çəkdikləri silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları Qorqud xalçaları, çağdaş heykəltaraşlıqda yer alan çeşidli Qorqud motivləri də əhəmiyyətli iş gördü. Qorqud ruhuna qayıdış İ.Şıxlı, Ə.Cəfərzadə, İ.Hüseynov, Anar, Elçin, M.Süleymanlı, F.Kərimzadə, Ə.Muğanlı, S.Oğuz, V.Nəsib, M.Oruc kimi yazıçıların yaradıcılıq axtarışlarında öz əksini tapdı: onların qələmə aldıqları müxtəlif səpkili nəsr əsərlərinin dil və üslub keyfiyyətlərində “Kitabi-Dədə Qorqud” eposuna məxsus poetik-üslubi maneralar, bədii-estetik cizgilər qabarıq yer aldı.

    O illərdə R. Rza, O. Sarıvəlli, H. Arif, B. Vahabzadə, N. Xəzri, X.R.Ulutürk, M.Araz, M.Günər, M.İsmayıl, M.Yaqub, N.Həsənzadə, S.Rüstəmxanlı, Dilsuz, A.Abdullazadə kimi istedadlı şairlərin şeirlərində Qorqud motiv və obrazları milli-tarixi özümlüyün poetik ifadəsinə çevrildi. Ötən əsrin 80-ci illərində azadlıq hərəkatının xüsusi bir vüsətlə dalğalanmasında, 90-cı illərin əvvəllərində milli istiqlal mücadiləsi və Vətən torpaqlarının bölünməzliyi, bütövlüyü uğrunda mübarizə prosesində “Qorqud” və qorqudçuluğun müstəsna mənəvi dəstəyi oldu.

    Müstəqilliyin ilk illərində Azərbaycanın üzlədiyi faciəli böhranı xalqın tələbi ilə 1993-cü ilin yayında hakimiyyətə qayıdıb müdriklik və qətiyyətlə aradan qaldıran ümummilli lider Heydər Əliyev yeni şəraitdə milli-mənəvi dəyərlərin qorunub zənginləşdirilməsini suveren dövlətin prioritetləri səviyyəsinə yüksəltdi. Bu mənada 1996-cı ildə Xəzər dənizində müstəqil Azərbaycanın ilk nəhəng üzən qazma qurğusunun “Dədə Qorqud” adı ilə fəaliyyətə başlaması da çox təbii göründü. Nəhəng qurğunun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında “Dədə Qorqud” adının tarixi simvolikasında yer alan müdriklik və uzaqgörənlik anlamlarını xüsusi vurğuladı.

    Ən nəhayət bütün bunların məntiqi nəticəsi kimi 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə tarixi Fərman imzaladı. “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin UNESCO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Prezident Heydər Əliyev qaldırdı və az sonra həmin beynəlxalq qurum yubileylə bağlı təklifi qəbul etdi.

    Ulu öndər klassik irsin, keçmişin ən yaxşı dəyərlərinin çağdaş nəsillərin milli ruhda tərbiyəsində önəmini vurğulayaraq deyirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyim tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.

    Məhz dövlətçilik düşüncəsi kontekstində yanaşma və dəyərləndirmə nəticəsində Heydər Əliyev dünyası “Kitabi-Dədə Qorqud”un bir qəhrəmanlıq eposu olaraq əsas mahiyyətində duran alp-ərənlik, cəngavərlik motivini yeni, özünəməxsus biçimdə şərh edib mənalandırdı: “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir”.

    Tarixi keçmişimizə, əsrlərin daş sınağından keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara həqiqi qədirbilənliklə yanaşdığındandı ki, onun təşəbbüsü və sərəncamı ilə böyük xalq ozanlarımız Aşıq Ələsgərin 150 illik (1972-ci il), Aşıq Alının 180 illik (1981-ci il) yubileyləri böyük təntənə ilə, ümumxalq bayramı səviyyəsində qeyd olunmuşdur. 1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi.

    İstər Bakıda, istərsə də Moskvada keçirilmiş Aşıq Ələsgər yubileyinə keçmiş sovetlər birliyinin bütün respublikalarında ən tanınmış elm, mədəniyyət və incəsənət xadimləri toplanmışdılar. Müxtəlif millətlərdən olan natiqlər Kremlin Qurultaylar Sarayında Aşıq Ələsgərin timsalında Azərbaycan saz-söz sənətinin ecazkar qüdrətindən söz açdılar. Yubiley tədbirlərinin İttifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu. Ermənistan SSR ərazisində olan Göyçə mahalında – Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. 2001-ci ildə isə dövlət başçımızın Sərəncamı əsasında Aşıq Ələsgərin 180 illiyi təntənə ilə qeyd olundu. Aşığın adının əbədiləşdirilməsi, poetik irsinin tədqiq və təbliği istiqamətində irimiqyaslı iş aparıldı.

    1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin respublikamız-da təntənə ilə qeyd olunması da Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi idi. Məhz həmin yubiley qərarından sonra Aşıq Alının poetik irsinin toplanılması, nəşri və təbliği sahəsində geniş miqyaslı elmi-təcrübi işlər aparılmış, böyük el sənətkarının yaratmış olduğu bənzərsiz və zərif söz inciləri itib-batmaqdan qorunmuşdur.

    Ötən əsrin 70-ci illərindən başlayaraq istedadlı el sənətkarlarının yaradıcılıq və ifaçılıq sahəsində qazandıqları uğur və nailiyyətlərə görə bir çox dövlət təltiflərinə layiq görülməsi də Heydər Əliyevin xalq yaradıcılığına, folklora qayğıkeş münasibətinin əyani ifadəsi olmuşdur. Həmin illərdə tanınmış el sənətkarları Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq İmran Həsənov “Əməkdar incəsənət xadimi”, musiqi folklorunun əvəzsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər Şəkili və Əli Kərimov isə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldülər.

    Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu ənənə müstəqillik illərində də davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov kimi qocaman ustadlara fəxri Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və Ədalət Dəlidağlının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi buna sübutdur. İstedadlı saz-söz ifaçıları və folklor kollektivləri ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyevin yaratdığı imkanlar sayəsində dəfələrlə beynəlxalq festivallara göndərilmişdi. Azərbaycan rəhbərliyinin ruh yüksəkliyi ilə uğurladığı xalq istedadları Fransa, İspaniya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Hollandiya, Monqolustan, Çin, Almaniya və Avstriyada keçirilmiş Beynəlxalq Folklor festivallarından respublikamıza laureat adı ilə qayıtmışdılar.

    Qazanılmış uğurlar həmin dövrdə respublikada folklor istedadlarına yaradılmış gözəl şəraitin məntiqi nəticəsi idi. Təkcə belə bir faktı xatırlatmaq yetərlidir ki, 70–80-ci illərdə başqa respublikalarda folklor kollektivləri ictimai əsaslarla fəaliyyət göstərdikləri halda, Azərbaycanda belə qurumlar mədəniyyət sarayları strukturuna yerləşdirilərək büdcədən maliyyələşdirilirdi.

    1980-ci ildə respublika rəhbərliyinin göstərişi ilə Ağstafada “Saz məktəbi”nin açılması, daha sonra Tovuzda Hüseyn Bozalqanlı adına “Ozan–Aşıq Muzeyi”nin yaradılması folklorla bağlı görülən böyük tədbirlər cərgəsindədir. Bu dövrdə folklor işinə maraq o qədər güclənmişdi ki, respublika və rayon qəzetlərində folklor səhifə və guşələrinin verilməsi, ali və orta məktəblərdə folklor mərasimlərinin təşkil edilməsi adi hal almışdı. Hətta bir sıra yerlərdə folklor bayramları – “Qurbani saz bayramı” (Cəbrayıl, 1978), “Bayatı bayramı” (Laçın, 1979), “Dastan gecəsi” (Tovuz, 1980), “Koroğluya qayıdaq” (Bakı, 1982) və s. keçirilirdi. Azərbaycan Dövlət Filarmoniyasında ardıcıl şəkildə Borçalı, Göyçə, Tovuz, Gədəbəy, Şirvan, Gəncə aşıqlarının konsertləri təşkil edilirdi.

    Azərbaycan Respublikası hüdudlarından kənarda – qonşu Gürcüstan və Ermənistan respublikalarında yaşayan Borçalı və Göyçə aşıqları – Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Fətulla Göyçəli, Hacı Bayramov kimi ustad sənətkarlar tez-tez Bakıya dəvət olunur, konsertləri təşkil edilir, repertuarları yazıya alınırdı. Göründüyü kimi, milli mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü.

    Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma işinə xidmət edirdi. Heydər Əliyevin yetmiş-səksəninci illərdə milli-mənəvi sərvətlərimizə verdiyi qiymət, göstərdiyi qayğı və diqqət onun doxsanıncı illərdəki fəaliyyətinin də ayrılmaz tərkib hissəsi olaraq qalırdı. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra o, həyatımızın digər sahələri kimi, mənəvi-mədəni dəyərlər istiqamətini də daim diqqət mərkəzində saxlayaraq, bu sahənin perspektivi üçün sistemli tədbirlər həyata keçirdi.

    Azərbaycanda folklor işinin yüksək səviyyəli təşkilini həyata keçirmək üçün 1994-cü ildə Milli Elmlər Akademiyasında xüsusi elmi statusa malik Folklor Elmi-Mədəni Mərkəzinin yaradılması həmin dövr üçün çox mühüm bir addım idi. Folklorun toplanması, nəşri, tədqiqi və təbliği sahəsindəki fəaliyyətin köklü şəkildə yenidən qurulması və mənəvi quruculuqda aparıcı istiqamətlərdən birinə çevrilməsi ölkə Prezidentinin humanitar sahədəki strateji siyasətinin tələbi idi. 2003-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzinin müstəqil elmi-tədqiqat qurumuna – Folklor İnstitutuna çevrilməsi bu sahəyə qayğı və himayənin nə qədər güclü olduğunu bir daha təsdiqlədi.

    2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində “Folklor haqqında Qanun”un qəbul edilməsi və Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi humanitar həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi. Bu həssas münasibətin nəticəsi olaraq elmi-tədqiqat müəssisələrində, universitetlərdə, konservatoriyada, eləcə də kütləvi informasiya vasitələrində folklor işinə xüsusi maraq göstərilməyə başlandı. Azərbaycan folklor və etnoqrafiya mədəniyyətinin geniş arenada tanıdılması məqsəd ilə “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnalı işıq üzü gördü. Ümummilli Liderin mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanındı. Onun bu sahəyə görsətdiyi böyük diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.

    Vaxtilə yasaqlara məruz qalmış Novruz bayramının Azərbaycanda hər il dövlət səviyyəli tədbir kimi keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. 1979-cu ildə İçərişəhərdə keçirilən Novruz şənlikləri onun göstərişi əsasında Azərbaycan televiziyası ilə birbaşa translyasiya edilmişdir. Bu, həmin dövr üçün böyük cəsarət tələb edən bir hərəkət idi. Şübhəsiz ki, belə bir addımın atılmasında böyük siyasi avtoritet kimi Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdı. XX əsrin 70–80-ci illərində milli-etnoqrafik həyatımızla bağlı bayram mərasimlərinin keçirilməsini mümkün ola biləcək imkanlar daxilin təşkil və himayə edən Heydər Əliyev doxsanıncı illərdə – hakimiyyətinin ikinci dönəmində Novruz bayramının dövlət statuslu bayramlar sırasına daxil edilməsini gerçəkləşdirmişdir.

    Göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz tarixi fenomenliyi onun dünya miqyaslı böyük siyasi xadim olmaqla yanaşı, doğma xalqına məxsus adət-ənənələri dərindən bilməsi, onları öz şəxsi həyatının nümunəsində qoruması və yaşatması amili ilə də çıx bağlı idi. Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi-mədəni abidələrimizə müdrik meyarlar və dəqiq elmi-nəzəri ölçülərlə qiymət verən Heydər Əliyev təkcə Azərbaycan hüdudlarında dəyərləndirmələr aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi, ümumtürk konteksti daxilində təqdim və təhlil edirdi.

    Ulu öndər Heydər Əliyevin təkcə Bakıda yox, dünyanın ən müxtəlif yerlərində, ən mötəbər mədəniyyət və siyasət kürsülərində tarixi keçmişimizlə, mənəvi dəyərlərimizlə bağlı söylədiyi fikir və mülahizələr bu baxımdan öz konseptuallığı ilə seçilirdi. Mənəvi mədəniyyətlərimizin tarixi köklərinin türk xalqlarının ortaq keçmişində – vahid etnik-mədəni sistem daxilində təşəkkül tapması fikrini Heydər Əliyev özünəməxsus məntiq və faktlar əsasında açıqlayırdı. “Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın böyük tarixi mədəniyyəti haqqında danışarkən, birinci növbədə, onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edirik, onları nümunə gətiririk”.

    Heydər Əliyevin nitqinin səlistliyi onun xalqının şifahi və yazılı ədəbiyyata vurğunluğundan irəli gəlirdi. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini onun sevdiyi qədər heç kəs mütaliə etmirdi. Dünyada bütün zamanlar üçün natiqliyin yeganə ustası Demosfen sayılır. O, öz çıxışları ilə Makedoniyalı İsgəndər kimi dünya fatehini qorxuya salırdı. Heydər Əliyev ondan fərqli olaraq iki dildə böyük söz ehtiyatına malik idi, elə bir jurnalist sorğusu və problem yox idi ki, onun qarşısında aciz qalsın. Elmin, incəsənətin, ədəbiyyatın, texnikanın və istehsalın elə bir sahəsini tapmaq mümkün deyildi ki, onun barəsində ən bacarıqlı tədqiqatçı, sənətşünas və mütəxəssis kimi söz açmasın. Natiqliyinə görə Heydər Əliyevi ancaq Siseron və Demosfenlə müqayisə etmək olar. Onun dövlət rəhbərliyindən əvvəl işlədiyi yüksək vəzifələrdə ancaq rus dili işlənirdi. Lakin həmişə xalqla – zəhmət və sənət adamları ilə təmasda olan ölkə başçısı daim ana dilinin inkişafına çalışırdı. O, gülərüzlüyü, səmimiliyi, bir də saf söhbətləri ilə əbədilik yaddaşlara həkk edilib.

    Sevindirici haldır ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Xalqımız öz Ulu Öndərinin anadan olmasının 100-cü ildönümünü fərqli ovqatla qeyd etməyə hazırlaşır. 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

    Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir, Milli Xalça Muzeyi inşa olunub, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

    Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq və toplantılarda tez-tez diqqəti çəkən “Heydər – Xalq” şüarında çox dəqiq ifadə edilmişdir. Xalq öz Ümummilli Liderini ruhunun, varlığının yenilməz ifadəçisi və əvəzolunmaz tərcümanı kimi görür.

    Mənbə: https://azerab.az/

  • Aşıq yaradıcılığı

    Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır

    Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir. Prezident İlham Əliyev müvafiq Sərəncamı əsasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin  qeyd olunması da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bundan başqa, İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.

    Ekspertlərin fikrincə, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı çoxşaxəli tədbirlərin keçirilməsi Azərbaycanda tarixi şəxsiyyətlərə, söz və sənət adamlarının əməyinə verilən yüksək dəyərin göstəricisidirGörülən işləri tarixi şəxsiyyətlərin irsinə və milli yaradıcılığa göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib: “Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin göstərişi ilə Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olundu. Bu il Prezident İlham Əliyevin imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı da Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirmək olar”.

    Ustad aşığın yaradıcılığı ədəbiyyat nümunələri ilə zəngindir

    Professor Məhərrəm Qasımlı bildirib ki, Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar: “Ustad aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələri ilə zəngindir. Onun şeirlərini təhlil etdikdə də bunu görmək olar. Xalqın əxlaq kodeksi, etnoqrafiyasından gələn milli-mənəvi keyfiyyətlər sənətkarın yaradıcılığında öz əksini tapıb. “Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Bu verilişlərdə ustad aşığın dastan və rəvayətləri təqdim olunub, musiqiləri səsləndirilib. Həmin dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Yubiley ili ilə bağlı klassik irsimizin gənclərə mənimsədilməsi məqsədilə “Aşıq Ələsgər və gənclik” mövzusuna həsr olunan işlər də görürük. Aşıq Ələsgər irsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı da işlərimiz olacaq. Biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Şərq ölkələrində, Avropada, Amerikada, tanıdılsın. Bu istiqamətdə artıq işlərə başlamışıq”,- deyə M.Qasımlı vurğulayıb.

    Xalqdan öyrənən və xalqa öyrədən aşıq

    “Aşıq Ələsgər Azərbaycan aşıqlığının sənət pasportudur”,-deyən professor bildirib ki, həm tələbələrə, həm də bu sənətə yönələn gənc aşıqlara Aşıq Ələsgəri bir sənət pasportu kimi sinələrində daşımağı vacib bilir.  “Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli bir şair-aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, övliya kimi heykəlləşmişdi. Xalqdan öyrənən və xalqa öyrədən Aşıq Ələsgər “Olmaz” şeirində deyir:

    Bu dünyada mən təcrübə еlədim,

    Nakəs körpüsündə hеç bünyad olmaz.

    Bir mərd ilə acı yеsən, şirindi,

    Yüz namərdlə şəkər yеsən, dad olmaz”.

    Müşfiqə BAYRAMLI

    /ww.yeniazerbaycan.com/

    Mənbə: https://azerab.az/

  • Şəfa VƏLİYEVA.”Kaçıyor…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Kaçıyor…
    Kaçıyor…
    Bakışlarımdan kaçıyor günahkar gözlerin…
    Kalbimi avutmaya yetmiyor sözcüklerin…
    Kelimelerin beni Tanrıya taşımaz…
    Kapıdışarı eder aşkının cennetinden
    Yüreğime takılıp kalan hırsım…
    Affedebilirmisin?
    Hayır…
    Bırak da yarım kalsın benim Tanrıya yürüyüşüm…
    Ona senden bahesedeceğim... Hekayetim var... Ondan seni dilemeyeceğim…
    Şikayetim var…
    Tanrıçalar günahkar doğuyor…
    Tanrıçalar günahta boğuluyor…
    Ve her Tanrıça yeniden-yeniden
    Hayatı rahminde taşıyıp
    Sevab doğurur-insan adına…
    Kaçıyor…
    Kaçıyor…
    Bakışlarımdan kaçıyor günahkar gözlerin…
    Bırak yarım kalsın benim Tanrıya yürüyüşüm…
    Bırak…
    Dünyayı alt-üst eder Tanrıçaların dönüşü…

    2013

  • Şəfa VƏLİYEVA.”Şu deli gönlümde mevsimi-lale”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Şu deli gönlümde mevsimi-lale,
    Umutlar alışık kırmızı alevlere…
    Ayrılıktan korkmayan gecelerin rengi
    Üzerimde olsa da hala
    Yazdığım her kelime sana sevgiyle…

    Ellerine dokunmadan kavuşmak…
    Gidene DUR, sevene UNUT demek gibi bir şey…
    Boşverebilirim yüz-yüze geldiyimizde,
    Merak etme…
    Uçurumu özlemeyi öğrendim,
    Kimse okuyamaz gözlerimden sevildiğini…

    Ve “tut ellerimden” diyecek kadar güçlü…
    Arkandan bakacak kadar cesaretsiz…
    “boşver” diyecek kadar deliyim belki…
    Neyse…
    Uzun-uzun laflarım işte…
    Ama…Ömrümün sensizliyi ücretsiz…

    2013

  • Şəfa VƏLİYEVA.”Ay qırmızı papaqlı”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Ay qırmızı papaqlı,
    Ay hamıdan küsən qız…
    Əlləri umacaqlı,
    Boy-buxunu süsən qız…

    Yenə kimə inandın?
    Aldadan tapıldımı?
    “Dağ haqqı”ydımı andın,
    Dağlarda haqq qaldımı?

    Yazdığın” son mesaj”la
    Hansı qarğış yol aldı?
    Bir sərçə qayğısıyla
    Keçmədiyin yol qaldı?

    Ay qırmızı papaqlı…
    Saçı daraqtanımaz…
    Eşqi “başı qapazlı”,
    Arzuları gülaçmaz…

    Ömrün önündən çəkil,
    Nə olacaq, olacaq…
    İkimizdən bir şəkil,
    Bir xatirə qalacaq…

    Aç saçını, tök üzə,
    Qocalmaqdan da qorxma…
    Bir bayatı çək bizə,
    Və də, eşqdən oxuma…

    (2022)

  • Şair-publisist İbrahim İLYASLI.”Qalib millətin hünər dastanları”

    Hər zaman qəhrəmanlıq, vətənpərvərlik mövzusu ədəbiyyatımızın aparıcı mövzularından olub. Qarabağda 2016-cı ilin Aprel döyüşləri, digər uğurlu əməliyyatlar, ardından isə 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük   Zəfər yürüşü bu ovqatın paralel olaraq poeziyada sanballı şəkildə əks olunması baxımından əhəmiyyətlidir.    
     

    AYB-nin son qurultayı üçün “Poeziya” bölməsi üzrə məruzə hazırlamaq şərəfi mənə nəsib olmuşdu. Həmin çalışmamda əsas hissələrdən birini şanlı Zəfər günlərimizin tərənnümü təşkil edirdi. Xüsusi vurğulamağı lazım bildim ki, erməni işğalı, torpaqlarımızın ərazi bütövlüyü kontekstində cərəyan edən bütün hadisələr, nə yaxşı ki, bütövlükdə şeirin diskursunu dəyişdi. “Məzlum xalq” obrazı döyüşkən xalq obrazı ilə əvəz edildi, qalib ordu, qalib əsgər, qalib xalq ifadələri şeirimizdə önə keçdi. Müzəffər Ali Baş Komandan obrazı yarandı, qaçqınlıq, köçkünlük kimi mövzular  bir növ yaddaş faktına çevrildi.     
    Əlbəttə, məğlub ölkənin şairi olaraq coşğulu intonasiyaya köklənmək bir qədər çətin idi. Buna baxmayaraq, poeziyamızın çiyninə düşən vətənpərvərlik ruhunun yüksəldilməsi işi Nəriman Həsənzadə, Füruzə Məmmədli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Vaqif ­Bəhmənli, Barat Vüsal, Musa Ələkbərli, Ramiz Duyğun, Şahin Musaoğlu, Ramiz Qusarçaylının və başqa şairlərin şeirlərində qorunmuşdur. Məlum aprel hadisələrindən sonra Qarabağ məsələsi, ordudakı qalibiyyətlə bağlı poeziyada da qürur əzmi millətin gizli emosiyası kimi üzə çıxdı. Böyük Zəfərimizdən sonra isə poeziya özünü bütünlükdə qələbə intonasiyasına köklədi. Nəriman Həsənzadənin “İlhamın zəfər yolu”, Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Abuzər ­Turanın “Zəfər çələngi” poemaları, Məmməd İsmayılın “Azərbaycan əsgəri”, Vahid Əzizin “Param-parça illər”, Vaqif Bəhmənlinin “Vətən əsgəri”, Rafiq Yusifoğlunun “Zəfər dastanı”, Ramiz Duyğunun “Qalibiyyət dastanı”, Zeynal Vəfanın “Bu vuruşdan dönən deyil ordum mənim”, Qulu Ağsəsin “Ağdam”, İlqar Fəhminin “Balaca kişilər”, Əyyub Qiyasın “Diriliş marşı”, Gəray Göyyurdun “Dövlətim var, ordum var”,  Adilə Nəzərin “Bu zəfərin mübarəkdir, ey Vətən”, “İki can”,  Bəsti Əlibəylinin “Qübar və qürur nəğmələri”, Zahid Xəlilin “Dəmir yumruq dastanı”, Dayandur Sevginin “Biri Əliyevdir, biri Ərdoğan” kimi poetik mətnləri, Elşad Baratın silsilə şeirləri qələbədən sonra yaranan ən yeni ədəbiyyata artıq “ərəfə” poeziya nümunəsi qismində daxil oldu.  
    AYB sədri Anarın ideya müəllifi olduğu nəfis şəkildə nəşr edilmiş “Qarabağ Dastanı. Otuz ilin həsrəti – 44 günün zəfəri” kitabı Rəşad Məcidin “Şuşa havasının əritdiyi nisgil” adlı ön sözlə başlayıb, Qarabağın tarixi və taleyi ilə bağlı bir-birindən maraqlı  publisist yazılarla və “Şeir çələngi” bölməsi ilə davam edir və ideya müəllifinin “Ötən günlərin yazıları”, ön söz müəllifinin “Şuşa gör nələr eylər” yazısı ilə sonuclanır. M.Nuri Parmaksızın Türkiyədə nəşr etdirdiyi “Vatan konulu şiirler” toplusunda yüz şairin türk, azərbaycan və ingilis dillərində olmaqla vətənpərvərlik mövzusunda yüz şeiri yer alıb. Dəyanət Osmanlının tərtib etdiyi “Zəfər duyğuları” antologiyasında 50-yədək Azərbaycan və Türkiyə şairinin mübarək zəfərimizi vəsf edən şeirləri toplanılıb. 
    Musa Urudun “Qarabağ balladası”, “Savaş deyir”, Əhməd Qəşəmoğlunun “Tarixin türkü”, “Cavanşir” poemaları, Əsəd Cahangirin “Xarıgülnar”, Abuzər Turanın “Zəfər nəğməsi”, İlham Qəhramanın “Yaddaş”, Dəyanət Osmanlının “İt nəfsi”,   Yusif Nəğməkarın “Çanaqqala”, Elşən Əzimin “Göy üzündə barmaq izi” və “Bir gün sonra”, Balayar Sadiqin  “Zəfər simfoniyası”, Əlirza Xələflinin “Ayrılıq” və “Dönməzlik yolu”,   Şahnaz Şahinin “Zəfər nəğmələri”, Sevinc Nuruqızının “Çanaqqala keçilməz”, Zərəngiz Dəmirçi Qayalının “Cavab ver”, Rəfael Tağızadənin “Qara-qırmızı Xocalı”,  Vaqif İsaqoğlunun “Bizim general”,  Asif Asimanın “Qayıdış” və “Torpaq harayı”, Elnur Uğurun “Hadrut fatehi”, Şəfəq Sahiblinin “Səs” 
    və s. poemaları Azərbaycan hərbçisinin qəhrəmanlıq əzmini layiqincə, poetik ustalıqla vəsf edən dəyərli əsərlərdir. 
    İstedadlı qazi-şairlərimiz Emin Pirinin, Elvin İntiqamoğlunun adlarını çəkməyin də öz yeri var. 44 günlük Vətən müharibəsinin şəhid zabiti, tank tağım komandiri, istedadlı gənc şair Murad Nağıyevin Türkiyə türkcəsində yazdığı şeiri böyük maraqla qarşılanıb. Qələmlərini silaha, süngüyə çevirən həmkarlarımız müharibənin canlı şahidləri kimi duyğu və düşüncələrini bacarıqla ədəbiyyata daşıya biliblər. 
    Bu gün də qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin tarixi hünəri qələmə alınıb tarixə ərməğan edilməkdədir. Barıt qoxulu həmin əsərlərin çoxunun yüz illər sonra qəhrəmanlığımızın parlaq səhifələrinə çevriləcəyinə ümid edirik.   

    İbrahim İLYASLI,
    Türk Ədəbiyyatı Vakfının fəxri üzvü, şair
    ,

    Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbəri

    Mənbə: https://xalqqazeti.com/

  • Şair-publisist İbrahim İLYASLI.”Əlizadə Nuri – 60: Ədəbi nəslimiz və ədəbi əslimiz”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

    Ədəbi camiəni nəsillər üzrə təsnif etmək yeni bir şey deyil. Bunu gərəksiz bilənlər də var. Amma buna alternativ olan bir fikir irəli sürən də yoxdur hələ ki. Görünür, bu təsnifat ədəbi prosesin müəyyən dövrlərini ayrıca öyrənmək ehtiyacından irəli gəlir. Həm də, axı zaman elə bir məfhumdur ki, bütün ədəbi əsərlərə öz möhürünü vurur, öz damğasını basır. Mənimlə eyni ədəbi nəslin, səksənincilər ədəbi nəslinin nümayəndəsi olan dəyərli qələm dostum, tanınmış şairimiz Əlizadə Nurinin 60 illik yubileyi münasibətilə qələmə aldığım bu yazını da elə ordan başlamaq istəyirəm.

    Bizim ədəbiyyata gəlmək üzrə olduğumuz 80-ci illərin sonlarını xatırlayıram. Postsovet məkanında “aşkarlıq və yenidənqurma” dalğası ədəbiyyatda anlaşılmaz bir halə yaratmışdı. Yazarlarımız əvvəlcə bu dalğanı alqışlayan müsahibələr verməyə başlamışdı, qismən cəsarətli əsərlər yazılmaqdaydı. Mühit siyasiləşmiş, milliyyətçi düşüncə qabarmış, yazıçı və şairlərimiz inqilabçılara, tərəddüd edənlərə və kommunist olaraq qalanlara bölünmüşdü. Qarşıda millətimizi gözləyən faciələrdən isə hələ xəbərsiz idik.

    Ədəbi gənclik qaynar bir qazana düşmüşdü sanki. Bir yandan sovet rejiminin ədəbiyyat adamları, yazarlar üçün yaratdığı münbit şərait əldən çıxır, ədəbi qəzet və jurnallar maliyyə çətinliyi ucbatından fasilələrlə çıxır, kitabların nəşrinə yiyə durulmur, Əkrəm Əylislinin direktoru olduğu “Yazıçı” nəşriyyatı isə gənc şairlərin “papka”larını qoltuğuna verib yola salır, bir yandan da azadlığa təşnə olan ədəbi gənclik inqilabi ruhla yazıb-yaradır, sovet rejiminə öz etiraz səslərini ucaldırdı.

    Bu məqamda ustad şairimiz Məmməd İsmayılın rəhbərlik etdiyi “Gənclik” Ədəbi Birliyi, tərtib etdiyi “Yaşıl budaqlar” almanaxı, daha sonra onun baş redaktoru olduğu “Gənclik” jurnalı bizi bu basqıların cəngindən alır, istedadlı gəncliyə yaşıl işıq yandırırdı. Bizim ədəbi nəsil belə qarmaqarışıq bir ictimai-siyasi mühitin övladı idi. 

    Əlizadə Nuri yaşıdlarımızın içərisində həmən diqqət çəkən imzalardan, istedadı ilə fərqlənənlərdən idi. Poetik tapıntıları, orijinal bənzətmələri, şeirlərinin bədii yükü ilə ustad şairlərimizin də diqqətini çəkmişdi, haqqında ürək dolusu uğurlamalar yazılırdı. Müəyyən çətinliklərlə başa gəlsə də ilk kitabı nəşr olunmuşdu. Kitab ədəbi tənqid və oxucular tərəfindən maraqla qarşılanmışdı. Buna rəğmən Əlizadə ədəbi mühitdə özünəməxsus təmkinlə davranırdı.

    Xalq yazıçısı Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunun Yazıçılar İttifaqının Şüvəlandakı Yaradıcılıq Evində düzənlədiyi tədbirdə ölkənin gənc yazarları, gənc rəssam və heykəltəraşları, gənc rejissor və aktyorları, gənc müğənniləri, bir sözlə, bütün gənc sənətçilər bir araya gətirilmişdi. Üç gün orada yerləşəcək, müxtəlif ədəbi-bədii, musiqili tədbirlərə qatılacaq, ustad dərslərində iştirak edəcək, ilk dəfə təntənəli şəkildə Novruz bayramını qarşılayacaqdıq. Mərhum aktyorumuz Telman Adıgözəlov, gənc şairlər Əlizadə Nuri və mən bir odada qalırdıq. Bu cür ünsiyyət bizim daha yaxından tanış olmağımıza, bir-birimizin yazdıqlarına daha yaxından bələd olmağımıza vəsilə oldu. Tədbirlərdən sonra odalarda bir araya gəlir, ədəbi müzakirələr açır, mübahisələr edirdik. Hər ikimiz hecada yazsaq da ədəbiyyata fərqli baxış bucaqlarımız, fərqli özünüifadə tərzimiz, fərqli nəfəslərimiz var idi. Amma bu fərqlilik bizim dostluğumuza qətiyyən mane olmur, əksinə, bir-birimizi anlamağa çalışırdıq.

    Şüvəlandan başlayan dostluğumuz öz axarı ilə bu günə kimi davam edir, bir-birimizi oxuyur və yazdıqlarımıza münasibət bildiririk. İndi əli 60-ın yaxasında olan şair Əlizadə Nuri tanınmış bir ədib olaraq ədəbiyyatdakı ömrünü şərəf və ləyaqətlə yaşayır. Sözə sədaqətlə qulluq edir. 

    Mən həmişə düşünmüşəm ki, şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir, fərqli bir ömür yaşamaqdır. Ədibliyi həyat tərzinə çevirənlər ədəbiyyatda qalmaq haqqı qazanır. Əlizadə məhz həmin şairlərdəndir ki, ömrünü şairanə yaşayır və mənsub olduğu ədəbi nəslin öncüllərindən biri olaraq həmişə oxunacaq, seviləcək və təqdir olunacaq.  

    Əlizadə Nurinin ən böyük göstəricilərindən biri çağdaş ədəbi prosesə təsir gücünün olmasında, gənc şairlərin onu ustad gözündə görmələrində, ədəbi tənqidin daim diqqətində olmasında və böyük bir oxucu auditoriyasına malik olmasındadır. Bir şairin 60 yaşda bundan artıq qazanacağı bir şey yoxdur, zatən.

    Bu yazıda şair dostumun şeirlərini incələmək, onları təhlil etmək fikrindən tamamilə uzağam. Çünki bu işin öz peşəkarları var və əvvəldə də qeyd etdiyim kimi onlar Əlizadənin yaradıcılığını yetərincə incələyib, ədəbi uğurlarını təqdir edən ədəbi-tənqidi məqalələr yazıb, oxucuların ixtiyarına veriblər. Mən onun yaradıcılığına bütöv bir poeziya çələngi kimi baxıram, yazdıqlarını sevərək oxuduğumu, şəxsinə böyük sayqı duyduğumu diqqətə çatdırmaq istəyirəm.

    Təbii ki, yazdıqlarımın hamısının arxasında Əlizadənin zəngin poeziyası və şəxsiyyəti dayanır. Onun yaradıcılığı bizim ədəbi nəslimizin və ədəbi əslimizin ən böyük göstəricilərindən biridir.   

    Sonda dəyərli dostum, poeziyamıza həmişə üzağlığı, başucalığı gətirən böyük hərflərlə şair Əlizadə Nurini 60 illik yubileyi münasibətilə həm öz adımdan, həm də Azərbaycan Yazıçılar Birliyinin “Poeziya seksiyası” olaraq təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və davamlı yaradıcılıq uğurları diləyirəm!

  • F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                     

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 26 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb

    Rumıniyanın Sibiu şəhərində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.

    Tədbirdə Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.

    Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.

    Açılış mərasiminin davamında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.

    Qeyd edək ki,  Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da təqdim olunur.

    Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.

    Mənbə: https://culture.gov.az/

  • “Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb

    “Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb. Nəşrin dördüncü sayı Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra baş tutmuş “Xarıbülbül” festivallarındakı son çıxışları və Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi sərəncamı ilə başlayır. Jurnalda Şuşanın milli mədəniyyətimizdəki müstəsna yeri, təkrarsız rolu, tarixi Qələbəmizin istisna və dönüş nöqtəsi olmasından bəhs edilir.

    Daha sonra xüsusi buraxılışda 2022-ci ilin 12-14 may tarixlərində Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, qonaqların və bütün festival iştirakçılarının, musiqi tənqidçilərinin festival tədbirləri, həm də musiqimizdə, təsviri sənətimizdə, mifologiyamızda və folklorumuzda Xarıbülbül anlayışı ilə bağlı məqamlara həsr olunan məqalələri dərc olunub.

    Jurnalın növbəti səhifələrində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün gedişatı təsvir olunub, hər bir iştirakçının fikri, qonaqların təəssüratları qeyd edilib.

    Yaradıcı heyət jurnalın bu sayının kulturoloji mənbə olaraq gələcəkdə araşdırmaçıların masaüstü vəsaitinə çevrilə biləcəyindən əminlik ifadə edir.

    Jurnalın elektron səhifəsi burada: www.medeniyyetculture.com

    Xüsusi buraxılışın QR kodunu skan edib bu sayı yükləyə bilərsiniz

    Mənbə: https://culture.gov.az/

  • Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb

    Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgisinin açılış mərasimi keçirilib.

    Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, “Media FM”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə reallaşan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digərləri sərgi ilə bağlı xoş diləklərini çatdırıblar.

    Sərgidə Arif Əzizin təsviri sənətimizdə orijinal yol kəşf edərək öz üslubunu müəyyən etdiyi, zəngin və özünəməxsus yaradıcılığı ilə nəinki ölkəmizin, eyni zamanda Türk dünyasının sərhədlərini çoxdan aşdığı qeyd edilib.

    Tədbirdə sənətkara “Dədə Qorqud” mükafatı təqdim edilib. Xalq rəssamı yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib. Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

    Məlumat üçün nəzərinizə çatdıraq ki, Arif Əziz 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqı, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqı, 1997-ci ildən Vaşinqtonda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvüdür.

    Qeyd edək ki, Xalq rəssamının “Bəyaz” adlı sərgisi 2023-cü il yanvarın 24-dək ziyarət üçün açıq olacaq.

    Mənbə: https://culture.gov.az/

  • Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib

    23-24 dekabr tarixlərində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib.

    Sessiyanı giriş sözü ilə açan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik son dövrlərdə təşkilatın bütün əsas göstəricilər üzrə inkişafda olduğunu, yeni strategiya üzrə fəaliyyətin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.

    Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.

    Qeyd edək ki, sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 211-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsindəyeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc xanım yazar Sona İntizarın “Sən hardan biləsən məhəbbət nədir?!”, “Əksin gözlərimin önündə durub”, “Məndən qaçdığını anladım bu gün” adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 211-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-ədəbiyyatşünas Vüqar Əhməd AMEA-nın “Fəxri Fərmanı” ilə təltif olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi “Şuşa ili”ndə QARABAĞ-ŞUŞA mövzusunda apardığı tədqiqatlarına görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd AMEA-nın “Fəxri Fərmanı” ilə təltif olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair Rüfət Axundlu “Fəxri Fərman” ilə təltif olunub

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlu “Mədəni-kütləvi tədbirlərin təşkilində səmərəli fəaliyyətinə və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Fəxri Fərman” ilə təltif olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Sona İNTİZAR.”MƏN DÜNYAYA DƏYİŞMƏRƏM”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    Gözlərində gizlət məni,
    Heç kim bilməsin yerimi,
    Sənli olan günlərimi
    Mən dünyaya dəyişmərəm.

    Nəfəsinin hərarətin,
    Sözlərinin kəramətin,
    Mənə olan məhəbbəti,
    Mən dünyaya dəyişmərəm.

    Gözündəki baxışları,
    Üzündəki çat qaşları,
    Təbəssümdən qırışları,
    Mən dünyaya dəyişmərəm.

    Əlinin qabarını da,
    Dərd, sərini, qadanı da,
    Dilimdəki adını da,
    Mən dünyaya dəyişmərəm.

    Duamdasan hər gün mənim,
    Ay ƏZİZİM, Ay SEVDİYİM,
    Sən mənim özümsən , özüm,
    Səni dünyaya dəyişmərəm.

  • Sona İNTİZAR.”İNSAN NƏDİR Kİ, VƏTƏNSİZ”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    Vətənimə canım qurban,
    Daşı, qayası da əziz.
    Mənim elim, obam, doğmam.
    İnsan nədir ki, Vətənsiz?!

    Gülü, çiçəyi ətirli,
    Hər naxışı, hər ləçəyi,
    Bir tamaşa hər səhəri,
    İnsan nədir ki, Vətənsiz?!

    Torpağının qoxusunu,
    Özlətdirir çoxusunu,
    Qarışdırır yuxusunu,
    İnsan nədir ki, Vətənsiz.

    Sevgili bir yarsan mənə
    VƏTƏN-uca dağsan mənə,
    Sən qiblə, dərgahsan mənə,
    İnsan nədir ki, Vətənsiz?!

    İntizaram, Vətən ruhlu,
    Bir qayayam, daş-çınqıllı,
    Uzaq getmə, ay eloğlu,
    İnsan nədir ki, VƏTƏNSİZ?!

  • ALMAXANIM ƏHMƏDLİ VƏ SƏNƏT DOSTLARI İSVEÇDƏ KONSERT VERİB

      31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib. İsveçdə yaşayan həmvətənlərimizdən aldığımız məlumat əsasında xəbər veririk ki, tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəynin rəhbəri Aya Coşğun olub. Tədbirdə  İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan  soydaşlarımız,  İsveçin müxtəlif şəhərlərindən gələn  qonaqlar, eləcə də səfirlik əməkdaşlarımız iştirak edib. 
             Qeyd etdiyimiz kimi ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasim dövlət himnimizin səslənməsi ilə başlayıb.

    Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

              Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan Malmödəki Vahid Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir.
            Aztv- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, “Qran- Pri” mükafatçısı Almaxanım Əhmədli və xanəndə Abgül Mirzəliyev  muğam, təsnif, bəstəkar və xalq mahnılarlndan ibarət musiqi çələngi ilə tədbirdə  çıxış ediblər. Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb. Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət ediblər.

  • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

    Duyğuların zirvəsinə baş vurub,
    Uca sözün ucasından gəlirəm.
    Gör nələr var üçcə hərfin canında,
    “Söz”ün bircə hecasından gəlirəm.

    Ömür üzən, gün qocaldan, yaş yoran,
    Dincəlməyə aman verə, kaş, yoran.
    Sualların saç ağardan, baş yoran,
    “Neyçün”ündən, “necə”sindən gəlirəm.

    Danışdırdım hər pərdəni, hər simi,
    Dərk eylədim avandımı, tərsimi.
    Məktəb açdı, Tanrı verdi dərsimi,
    Ustadından, xocasından gəlirəm.

    Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
    Hünərin var qapısından gir ömrün.
    Yuxusuna haram qatmış bir ömrün,
    Min yuxusuz gecəsindən gəlirəm.

    Süzülmüşəm tarixlərin ruhundan,
    Od almışam yananların ahından.
    İnsanların Adəmindən, Nuhundan,
    Cavanından, qocasından gəlirəm.

    Qorxusu yox nə amanın, nə ahın,
    Günəşi var hər açılan sabahın.
    Qapısında xidmətçiyəm Allahın,
    Qapısından, bacasından gəlirəm.

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLUnu doğum günü münasibətilə təbik edirik! (26 Dekabr 1958-ci il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”TƏKİ SAĞLIQ OLSUN!”

    Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, – Ələddin müəllim!

    …Sonuncu görüşümüzdən iyirmi il keçir. Bu iyirmi ildə çox şeylər dəyişib – həm ölkəmizin həyatında, həm də şəxsi həyatımızda. Yaşımızın üstə yaş gəlib. Amma Ələddin müəllimin səsindəki əvvəlki şirinlik də yerindədir, həlimlik və mehribanlıq da. 

    Borçalıdan pərvazlanmış xalis türk kişisi kimi həmişə böyük hörmət bəslədiyim Ələddin müəllimin bu zəngi məni hədsiz sevindirmişdi. Bir-birimizlə hal-əhval tutub, qərarlaşdıq ki, ən yaxın günlərdə görüşək.

    …Və görüşdük. Yaş səksəni haqlasa da, zahirən çox da dəyişməyib. Əvvəlki əzəmət də yerindədir, əvvəlki mərdanə duruş da. Bir az da bəyazlaşmış saçları isə Borçalının başıqarlı dağlarını xatırlatdı mənə. İyirmi ildən sonrakı ilk görüşümüz o qədər səmimi, o qədər isti keçdi ki, vaxtın necə ötdüyünü də bilmədik. Bizi bir-birimizə bağlayan o qədər müqəddəs dəyərlər var ki, günlərlə danışsaq da, qurtarmaz. Bununla belə, nədən danışsaq da, istər-istəməz söhbətmiz fırlanıb Borçalı mövzusuna gəlirdi. Borçalının hər səhifəsi qürur mənbəyi olan tarixi keçmişindən, bu qədim Türk yurdunun bu gün səsi-sorağı dünyaya yayılmış görkəmli ictimai-siyasi xadimlərindən, dövlət, elm və mədəniyyət adamlarından, eləcə də, qəhrəmanlıq tariximizdən – Qarapapaq Borçalı igidlərindən tutmuş ən son İkinci Qarabağ müharibəsində böyük şücaətlə döyüşmüş gənclərimizdən söhbət açdıq. Ələddin müəllimin bu qədər şirin və səmimi söhbəti mənə filosoflardan birinin sözlərini xatırlatdı: «Сян даныш, ся­нин неъя адам олдуьуну дейим».

    Doğrudan da, sanki Ələddin müəllimi özüm üçün yenidən kəşf etmişdim. Onun simasında Borçalının ağırtaxtalı kişiləri yenidən gözlərim önündə canlandı. O kişilər ki, bir kəlməsi küsülülər barışdırar, qan düşmənçiliyini aradan qaldırar, öyüd-nəsihət dolu hər məsləhəti gənclərin yoluna işıq saçar. O kişilər ki, sifətinin nuru bir məclisi işıqlandırar, bir elin daim yanar çırağına çevrilər. Və o kişilər ki, bizim onlara hər zaman böyük ehtiyacımız var. Təəssüf ki, sıraları getdikcə seyrəlir.

    Bu el ağsaqqalını əlavə təqdimata ehtiyac olmasa da, xatırladım ki, bu gün hamının daha çox Ələddin Borçalı kimi tanıdığı Ələddin Məhərrəm oğlu Həsənov 1942-ci il yanvar ayının 6-da Gürcüstanda – o zamankı Borçalı (indiki Marneuli) rayonunun Yuxarı Saral kəndində anadan olub. Uşaqlığı ikinci dünya müharibəsinin ağrılı-acılı illərinə təsadüf etdiyindən ailədə dördüncü uşaq olan Ələddin yaşıdlarının çoxundan fərqli olaraq maddi çətinlik ucbatından orta təhsilini də vaxtında ala bilməyib – 12 yaşında birinci sinfə gedib. Doğma kəndində ibtidai təhsil alıb, sonra qonşu Aşağı Saral kəndindəki məktəbdə oxuyub. Qasımlı kənd orta məktəbini bitirdikdən sonra isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika fakültəsinin axşam şöbəsində davam etdirib. Ömrünü pedaqoji işə həsr edib – gənclik illərindən başlayaraq təqaüdə çıxana kimi Bakıdakı Mədəni-maarif texnikumunda (indiki Bakı Humanitar kollecində) çalışaraq müəllim adını şərəflə daşıyıb.

    Bəzən rüzgarın sərt əsən yelləri də onu dəyişə bilməyib. Haqqın yolundan və dürüstlüyündən heç zaman dönməyib, sözün yaxşı mənasında inadkar, haqsızlığa qarşı barışmaz olub, kimsəyə quyu qazmayıb, vədinə əməl edib, əhdini pozmayıb, bir dərdli görəndə qəminə şərik olub, sevinci bölüşüb.

    Bir müəllim kimi yetirmələrinə daim örnək olan Ələddin Borçalı həm də nümunəvi ailə başçısı kimi tanınıb – özü kimi pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Müşrəvan İslam qızı ilə bərabər Səbinə, Samirə, Mehriban, Sevda və Elxan kimi ləyaqətli övladlar böyüdüb. Qəşəm, Ərsan, Nərgiz, Aysel, Hüseyn, Şəhrizad, Bəhmən, Müşrəvan və Mehin kimi gülüzlü nəvələrin sevimli babasıdır.

    Ələddin müəllim görüşə əliboş gəlməmişdi. İki şeirlər kitabını təqdim etdi mənə: 2012-ci ildə işıq üzü görmüş “Külli nemətlərdən yüksəkdir Vətən” və 2022-ci ilin əvvəlində nəşr olunmuş “Qanana rəhmətdir qalan”.

    Sazlı-sözlü Borçalıda dünyaya göz açıb, həyatda ilk addımlarını da burda atasan və şeirə-sənətə biganə olasan – heç ağlabatan deyil. Əslində Ələddin müəllimin şeir yazdığını bilirdim. Amma onu da bilirdim ki, bəziləri kimi, yazdıqlarının mürəkkəbi qurumamış redaksiya və nəşriyyatların qapısını yağır edənlərdən deyil. Yazmaq xətrinə yazanlardan da deyil. Şeirlərində həyata baxışını ifadə edir, düşündüklərini və onu düşündürənləri sözün poetik qüdrətinə güvənərək qələmə alır, oxucusunun ürəyinə yol tapmağı, onu düşündürməyi bacarır. Kitablarının on illik faislə ilə (2012 və 2022-ci illərdə – anadan olmasının 70 və 80 illik yubileyləri ərəfəsində) işıq üzü görməsi də  Ələddin müəllimin sözə qarşı məsuliyyətindən xəbər verir və hər iki kitabı onun həm də uğurlu yaradıcılıq hesabatı saymaq olar. Onun üçün əsas olan çox yazmaq, tez-tez nəşr olunmaq deyil, nə yazmaq, indiki yazarlar və kitab bolluğunda oxucuya necə kkitab təqdim etməkdir. Xalq şairi Zəlimxan Yaqubun təbirincə demiş olsaq, istəyi odur ki, kitabları qalın yox, qalandan olsun.

    Ələddin müəllimin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Gündəlik həyatda necədirsə, gənclərə hansı öyüd-nəsihəti verir, hansı yolu göstərirsə, onun şeirlərində də biz bunun şahidi oluruq. İnsanları bir-birinə qarğış etməməyə, kişi kimi söhbət aparmağa, arxasıza kömək olmağa çağırır. “Yüz fikir bir borcu ödəyə bilməz” kimi məşhur atalar sözünə söykənib “qaşınmayan yerdən qan çıxarma”, “ara qarışdırıb, evləri yıxma”, “kiminsə varına həsədlə baxma” kimi ağsaqqal məsləhəti verir:

    Ələddin göstərdi yolu-ərkanı,

    Səbr etsən, hər şeyin gələr zamanı.

    Sən özünlə bitmiş bilmə dövranı,

    Qoru məsləkini, qandırar səni.

    Böyük türk şairi N.F.Qısakürək yazırdı: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu mənada, Ələddin Borçalı da “yarandığı gündən hey çalxanan” dünyada bu gün baş verənlərə bir şair kimi biganə qala bilmir, dünyanı “kainat mülkündə bir möcüzə” adlandırır.

    Yuxarıda da qeyd etdiyimiz kimi, bu il Ələddin müəllimin 80 yaşı tamam olub. Ömrünün müdriklik çağlarını yaşayır, yazıb-yaradır. Doğrudur, şeirlərinin birində sağlıq durumu ilə bağlı giley-güzar da eləyir, arada “əcəl cəhd etdi ki, tutsun yaxamdan”, – deyir. Amma şükürlər olsun ki, artıq bu problem arxada qalıb. Özünün də dediyi kimi, qarşıda hələ diyar-diyar gəzməyi, bir el ağsaqqalı kimi elin xeyirində-şərində iştirak etməyi, məclislərdə xeyir-dua verməyi var. Bunu özü bədii dillə daha yaxşı ifadə edir:

    Nə yerdən, nə göydən doymamışam mən,

    Dünyanın sehrini çözməyim qalıb.

    Mən də söhbətindən doymadığım dəyərli ağsaqqalımız Ələddin müəllimə bundan sonra da sağlıqlı və uzun ömür arzulayır və deyirəm, qarşıda hələ çox görüşlərimiz, çox söhbətlərimiz var, təki sağlıq olsun, Ələddin müəllim!

    Musa NƏBİOĞLU

    Əməkdar mədəniyyət işçisi

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”ŞEİRLƏRİNDƏN KƏNDİN QOXUSU GƏLƏN ŞAİR”

    Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan olmağımızdır. Hər görüşümüzdə nə qədər sazdan-sözdən danışsaq da, sonda söhbətimiz mütləq fırlanıb Borçalının üzərinə gəlir. Bu qədim Türk yurdunun dünəni ilə nə qədər öyünsək də, bu günkü durmuna biganə qalmır, sabahını daha parlaq görmək arzumuzu ifadə edirik.

    Şakir dağlar oğludur. Başkeçidin ucqar Lök-Candar kəndində dünyaya gəlib. Orta təhsilini doğma yurdda başa vurduqdan sonra çoxlarımız kimi, o da Bakıya gəlib, burada ali təhsil alıb, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə, yuxarıda da qeyd etdiyim kimi, İctimai televiziyada çalışır. Onunla kiçik bir söhbət belə kifayətdir ki, xalqımızın adət-ənənəsinə, aşıq sənətinə və bütövlükdə zəngin folklorumuza nə qədər dərindən bələd olduğunun şahidi olasan.

    Şakir Nadiroğlu olduqca təvazökar və səmimidir. Hay-küydən uzaqdır, yeri gəldi-gəlmədi etdiyini gözə soxmağa çalışanlardan deyil. Özünün varlığını əməlləri ilə təsdiq edən ziyalıdır.

    Şakir Nadiroğlu özünün və sözünün yerini bilən, düşündüyü hər şeyi danışan yox, danışdığı hər şeyi əvvəlcə düşünəndir.

    Şakir Nadiroğlu həm də şairdir! Sözü hər şeydən uca tutan və urvatdan salmayan şair. Sonradan şairlik həvəsinə düşənlərdən yox, şair doğulanlardandır. Yazdığının mürəkkəbi qurumamış nəşriyyat və redaksiyaların qapısını yağır etməyən, özünün və sözünün abırını qoruyan, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şair!

    Professor Nizaməddin Şəmsizadənin çox haqlı olaraq qeyd etdiyi kimi,  “şair üçün birinci və dəyişməz şərt istedadın ifadəsi sayılan ilhamın olmasıdır” ki, bunlar da Şakir Nadiroğlunda var. O, “öz şəxsiyyətindən doğulan, qəlbindən pərvazlanan lal duyğunu hər yetən sözə təslim” etmir,  sözün ona yaraşanını seçməyi bacarır.                         

    Tez-tez kitab nəşr etdirməyə meyilli olmayan (buna həm də maddi imkanı olmayan) və indiyədək cəmisi bir neçə kitabı işıq üzü görən Şakir Nadiroğlu bəziləri kimi bu kitablara təmtəraqlı təqdimatlar da keçirməyib. Düşünüb ki, yazdıqları oxucunun zövqünü oxşayıb, qəlbinə yol tapacaqsa, bundan böyük təqdimat olmaz. Qənaətində yanılmayıb da. Şeirləri nəinki oxucuların, eyni zamanda respublikamızın dəyərli elm adamlarının, görkəmli ədəbiyyatşünas alimlərin də diqqətini çəkib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər elm adamları onun yaradıcılığı haqqında qiymətli fikirlər söyləyib, kitablarına ön söz yazıblar.

    Şakir Nadiroğlunun yaradıcılığında diqqəti daha çox çəkən bu gün poeziyada o qədər də rastlaşmadığımız alliterasiyaların mühüm yer tutmasıdır. Onun şeirlərində alliterasiya mətnə daha həssas və ifadəli güc verməklə yanaşı, eyni zamanda bu səslilik elementi nitqi bəzəyir və biz burada dinamizm, özünəməxsusluq və yeni yaradıcılıq keyfiyyətlərini görürük. Müəllifin bir hərf üstündə (bir şeirdə işlənən bütün sözlərin eyni hərflə başlaması) yaratdığı gəraylıları, dodaqdəyməzləri var. Təcniz yazmağın – yaratmağın şairdən böyük ustalıq, zəngin söz ehtiyatı və dilin incəliklərini mükəmməl bilmək tələb etdiyini bilməyən yoxdur. Üstəlik bu janrda yeni söz demək ikiqat məsuliyyət tələb edir. Şakir Nadiroğlu  bu janrda da qələmini sınayır və gözəl poetik nümunələr yarada bilir. Görünür, burada onun aşıq sənətinin incəliklərinə dərindən bələd olması da mühüm rol oynayır. Və onun özəlliyi bir də odur ki, bir hərf üstə də təcnislər – dodaqdəyməz təcnislə yanaşı, ilk dəfə olaraq dodaqbüzən-dodaqdəyməz təcnislər də yaradıb:

    Gözəl gözlər gözəllikdi güləndə,

    Görən görür: gül gözəldi güləndə…

    Gözəllikdə gül gəzən də, gülən də,

    Gördülər güllükdə gözəl də güldü.

    Bu barədə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə belə yazır: “Təcnis lirik növün, heca şeirinin, aşıq poeziyasının əsas janrlarından biridir. Bu janrda söz oynatmaq, yeni ifadə tərzləri tapmaq sayəsində cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis şeirimizdə mövcud idi.

    Bir hərf üstə dodaqdəyməz təcnisi Şakir Nadiroğlu yaradıb. Onun bu janrda gətirdiyi daha bir yenilik var: dodaqbüzən-dodaqdəyməz təcnis!”

    Bütün söz adamları kimi, Şakir Nadiroğlu da “Həyat nədir?” sualına cavab axtarır və bu qənaətə gəlir ki, “bu fani dünyaya uymağa dəyməz”, həyat “olumnan ölümə qədərdi”, bu dünyaya bir gün gələn bir gün də köçəcək:

    Şakir, bu dünyada olsan da xaqan,

    Uyma var-dövlətə, qəflətdən oyan.

    Üryan gələn üryan gedər dünyadan,

    Bir anlıq sevincdi, kədərdi dünya.

    Pul qazananlardan yox, “pulun qazandığı” adamlardan, sözü üzə deyən dostdan yox, üzə gülüb, ayaq altı qazanlardan qorxmağa çağırır.

    Şakir Nadiroğlunun yaradıcılığında bütöv Azərbaycan və Türk dünyası mövzusu mühüm yer tutur. Əsrlər boyu tarix yaradan Türkün fitnəyə, böhtana qəbir qazaraq düşmənlərin hiyləsini pozub, yenidən tarix yazacağına inanır:

    Bugünkü fidanlar böyüyəcəklər,

    Qardaşlar əl-ələ yürüyəcəklər,

    Düşməni Turandan kürüyəcəklər,

    Axacaq selimiz Turana doğru!

    Azərbaycanın hər guşəsini vəsf etməkdən doymayan Şakir Nadiroğlunun Borçalı və  “dilimin ən şirin sözü Başkeçid” dediyi doğulub boya-başa çatdığı Başkeçidin əsrarəngiz təbiət gözəlliklərinə, bu yerlərdə insanların mərdliyinin, qonaqpərvərliyinin tərənnümünə həsr olunmuş şeirləri xüsusilə diqqəti çəkir. “Borçalı xəritəsi” şeirində ayağı Sınıq Körpü, başı Başkeçid – bütün Borçalını, Qarayazını, Qaraçöp ellərini tərənnüm etməklə, gözlərimiz önündə bu qədim türk yurdunun xəritəsini sözlə yaradır:

    “Sınıq Körpü” yurdun giriş qapısı,

    Tarixin tərpənməz sirri Borçalı.

    Kürüstü kəndləri cənnət qapısı,

    O səkkiz cənnətin biri Borçalı.

    Özünün də dediyi kimi, onun şeirlərindən kənd iyi gəlir. Dağların, çəmənlərin, suyu diş göynədən bulaqların iyi gəlir, motal pendirinin, sac çörəyinin iyi gəlir. Misralarının “biri qulançar, biri quzqulaq, biri dağ çayıdır, biri buz bulaq, biri kərəntidi, biri də oraq”. Çünki “o kənddi Şakirin çörəyi, duzu”:

    Sözüm nəmər alan at belindədi,

    Bulaqdan süzülən dağ gölündədi,

    Yazdığım kəlmələr el dilindədi,

    Mənim şeirimdən kənd iyi gəlir.

    Şəhərdə yaşasa da, könlü daim kənddədir. Onu kəndə bağlayan isə təkcə təbiət gözəlliyinin əsiri olması deyil, həm də kənd adamlarının sədaqəti, qədim adət-ənənənin qorunub yaşadılması, mərifətə, təriqətə, həqiqətə olan inam və hər kəsdə gördüyü kəramətdir.

    Bəs, dostundan istədiyi nədir – Əyriqarın xar qarı, quzqulaq, kəkotu, cincilim kətəsi, turşəng, qazayağı, əvəlik, təzə pendir, nəhrə yağı:  

    Dostum, mənə dağ sovqatı

    Əyqiqardan xar qar ola.

    Quzqulaqla kəklikotu,

    Buzbulaqdan lilpar ola.  

    Ana təbiəti, böyüyüb boya-başa çatdığı doğma Başkeçidin az qala hər dağını, hər daşını, dərəsini, bəndini, bərəsini, gül-çiçəyini vəsf etməkdən doymur və bu mövzuda çox yazmasının səbəbini isə belə izah edir ki, yamacında yatmayanlar, dağda şehə batmayanlar, yağışında islanmayan, Günəşdən tez oyanmayan, quzqulaq, baldırğan, qantəpər yığmayanlar və nəhrə yağ yeməyənlər  dağ həsrəti çəkə bilməz.

    Bəli, Şakir Nadiroğlu şairdir. Özü də şeirlərini tanıtmağa (oxutmağa) çalışan şair yox, şeirləri ilə tanınan şair. Və mən inanıram ki, bu şeirlər bundan sonra onu daha çox tanıdacaq, ona şöhrət qazandırcaq.

    Şakir Naidroğlunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı təəssüratlarımı hələlik burada bitirir və sözlərimi “Kəlilə və Dimnə”dən bu qiymətli kəlamlarla tamamlayıram: “İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düş­mə­­­ni çox olsa da, o, əql və kəlamı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən, o, yüksəyə qalxmağa meyil göstərir”.

  • TƏBRİZ İMAN.Seçmə şeirlər


    YURDSEVƏR BİR KƏS ÜÇÜN

    Elimizin-obamızın ləyaqətli oğlu,
    vətənpərvər, yurd sevər insan
    hörmətli Musa Nəbioğluna

    Səhər tezdən oyadıb, ilhamım söyləyir yaz,
    Yurdsevər bir kəs üçün, el canlı insan üçün.
    Ruhumun istəyinə qəlb edərmi etiraz,
    Necə ki, hüceyrələr dodaq açar qan üçün.

    Sönməz odu-alovu, əridər sal buzları,
    Səsləyər vətəninə, qürbətdən yurdsuzları.
    Gündüzdən rüsxət alıb, yaşadar ulduzları,
    Çün gecələr can verər üfüqlərdə dan üçün.

    Ağlın, zəkan, idrakın dərinlərdən-dərindir,
    Ey hörmətin sahibi, qəlblərimiz yerindir.
    Vətən necə əzizdir, necə də şipşirindir,
    Vətən böyüklüyünü düşünüb duyan üçün.

    Günəş şəfəq saçarsa, çayları sal bürüməz,
    Ürəkdə yer eşqinsə, ürəyi xal bürüməz.
    Yurdu tikan bürüməz, yurdu qanqal bürüməz,
    Yurdunda ocaq olub, yanan, parlayan üçün.

    Darvazlı balasıyam, Darvazdan başlar izim,
    O, möhkəm qayalarda sıyrılıb əlim-dizim.
    Qəhrəmanlıq odur ki, mənim dostum, əzizim,
    Yanır, əriyir şam tək, bir can, milyon can üçün.

    BU YERDƏ

    Bir yz günü kənddə təbiətin qoynunda idim. Cib telefonuma zəng gəldi. Bakıdan Musa Nəbioğlu idi. məndən bir dəstə bənövşə istədi.

    Gözün aydın olsun, ay Musa müəllim,
    Açıb bənövşələr, tərdi bu yerdə.
    Yamaclar bürünüb gözəlliklərə,
    Zirvələr hələ ki, qardı bu yerdə.

    Darvazın meşəsi dərdlərə dəva,
    Sularından içən tez tapar şəfa.
    Qara-çisək tökür, açılmır hava,
    Daşıb, Gəda çayı Kürdü bu yerdə.

    Nərgizlər özünə gəlməmiş, ey dost,
    Arceylə torpağı dəlməmiş, ey dost,
    Mən necə ayrılım ölməmiş, ey dost,
    Qəlbim hər gözəllik gördü bu yerdə.

    Bənövşə istədin, bənövşə dərdim,
    Açdı, çiçəklədi bənövşə dərdim.
    İmkanım olsaydı özüm gələrdim,
    Tənhalıq nə qəddər zordu bu yerdə.

    Tək qoya bilmirəm ata-anamı,
    Tale sovuşdurur başdan xatamı.
    Lap görpə vaxtımnan verdi butamı,
    Ərənlər yuxuma girdi bu yerdə.

    Təbiət dilində olmaz yalanlar,
    Böyükdür Tanrıya səcdə qılanlar.
    Bu varlığı sevməz, duymaz olanlar,
    Vallah, laldı, kardı, kordu bu yerdə.

    Təbriz, sev vətəni, lap doyunca sev,
    Ruhun yaylaqlarda qoy eyləsin kef.
    Hər qaya dibinin ovucu bir ev,
    Hər kaha ocaqdı, pirdi bu yerdə.

    5 aprel 2011

  • AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

    Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

    Kitabda 120-dən çox saz-söz ustadının otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Onu da qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və mübaliğəsiz demək olar ki, ilk uğurlu addımdır.

    Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq ən ümdə məsələlərdən biri kimi uzun illər aşıqşünasların qarşısında durmuşdur.

    Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırmışdır: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir.

    …Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyildir. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözü gedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.

    Yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri ən etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.

    Nəfis tərtibatla və 1000 tirajla nəşr olunmuş “Aşıq təcnisləri” antologiyasının elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar professorlar Məhərrəm Qasımlı və Mahymud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Mənbə: https://azerab.az/