Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Əl yelləmə arzuların xam çağı,
Qəmi ölüm çiçəyitək qoxlama.
Səndən yaxın, səndən uzaq kimi var?
Məni, hicran üşüdəndə, yoxlama.

Sən bilməzsən əzab nədir, zülüm nə,
Yağış evin daşın döyür, ya damın…
Kölgəm baxır, küçəmizdən qəfil keç,
Şeytanı var, Allahı var adamın.

Külək çölün qız vaxtında ulamaz,
Duman susar axşam üstü təpədə.
Ürəyini əzrayıla verən qız
Çarə tapar sahil öpən ləpədə.

Divanəsən, gözlərindən od yağır?
Nədən səndə iman azdı, səbir yox?
Bəlkə quru təsəllidi bu həyat?
Adamların sayı qədər qəbir yox.

Edam günü qabaqdadı bu canın,
Yad adamı yad baxışla oxlama.
Səndən yaxın, səndən uzaq kimi var?
Məni, hicran üşüdəndə, yoxlama.